• cümə, 19 Aprel, 22:19
  • Baku Bakı 24°C

Hikmət Babaoğlu: “Azərbaycanı mühüm nəqliyyat qovşağına çevrilir”

24.09.19 13:08 576
Hikmət Babaoğlu: “Azərbaycanı mühüm nəqliyyat qovşağına çevrilir”
"Azərbaycan "Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin mühüm həlqəsi olmaqla həm iqtisadi, həm də strateji maraqlarını həyata keçirmək üçün dividentlər qazanır”.
Bu barədə Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu "Kaspi” qəzetinə açıqlamasında bildirib.
O qeyd edib ki, "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi olduqca strateji bir layihədir. Millət vəkilinin fikrincə, layihə Azərbaycanı bu istiqamətdə mühüm nəqliyyat qovşağına çevirir: "Diqqət yetirsək görərik ki, mürəkkəb regionda geostrateji qütblər arasında münasibətlərin daha da kəskinləşdiyi bir vaxtda Azərbaycan məhz burada körpü rolunu oynamaqla özünün milli maraqlarını təmin edir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan "Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin mühüm həlqəsi olmaqla, özü üçün həm iqtisadi, həm də strateji maraqlarını həyata keçirmək üçün siyasi dividentlər qazanır: "Hindistanın Mumbai limanından İranın Bəndər-Abbas limanına qədər gələn yolun davamı kimi Qəzvin-Rəşt-Astara yolu ilə daşınan yüklərin Rusiya Federasiyasına, oradan Avropanın şimalındakı ölkələrə qədər ötürülməsi heç şübhəsiz ki, nəqliyyat kommunikasiya tarixində yeni bir hadisə kimi qiymətləndiriləcək. "Şimal-Cənub” nəqliyyat dəhlizi istiqamətində çox böyük həcmdə yük daşımaları var. Amma bu yükdaşımaları əsas etibarilə Süveyş kanalı üzərindən realizə edildiyi üçün 45-60 gün ərzində təyinat nöqtəsinə çatdırıla bilir. Lakin "Şimal-Cənub” nəqliyyat dəhlizi işə düşdükdən sonra bu müddət cəmisi 14-20 gün olacaq ki, bu da yeni nəqliyyat dəhlizini olduqca cəzbedici bir dəhlizə çevirəcəkdir. Çünki bu dəhliz sadəcə müddət baxımından deyil, həm də onun ətrafında olan siyasi-inzibati coğrafiyada ümumi təhlükəsizliyinin təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır”.
H.Babaoğlu bildirib ki, Azərbaycan 2005-ci ildən bu layihəyə qoşulduqdan sonra onun çox fəal iştirakçısına çevrilib: "Qəzvin-Rəşt-Astara avtomobil yolunun çəkilməsi ilə bağlı kredit ayrılıb. 2018-ci ildə İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfərindən sonra bir daha Azərbaycan və İran prezidentləri arasında bu məsələnin müzakirə olunaraq təqdir edilməsi onu göstərir ki, layihə təkcə nəqliyyat kommunikasiya layihəsi deyil, həm də qonşu dövlətlə ikitərəfli münasibətlərin inkişafına yeni impulslar verəcək bir layihədir”.
Millət vəkili qeyd edib ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı "Şərq-Qərb” nəqliyyat dəhlizindən sonra Azərbaycanın "Şimal-Cənub” nəqliyyat dəhlizi üzərində mühüm qovşağa çevrilməsi ölkəmizin mürəkkəb strateji regionda nüfuzunu artırmaqla yanaşı, həm də iqtisadi maraqlarını təmin etmiş olacaq”.
Kaspi.az
banner

Oxşar Xəbərlər