• çərşənbə axşamı, 16 aprel, 14:47
  • Baku Bakı 19°C

Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Macarıstanda tədbir keçirilib

30.05.23 16:00 974
Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Macarıstanda tədbir keçirilib

Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən 28 May - Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Budapeştdə ziyafət təşkil olunub.
Tədbirdə Macarıstan Milli Assambleyasının, Xarici İşlər və Ticarət Nazirliyinin, Müdafiə Nazirliyinin, digər dövlət qurumlarının və Budapeştdə akkreditə olunmuş diplomatik korpusun rəhbər və nümayəndələri, Azərbaycan diasporunun üzvləri, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Tahir Tağızadə Macarıstan tarixində inqilabçı kimi yaddaqalan Baş nazir Layoş Koşut və islahatçı Baş nazir Gyula Andrassinin adlarını qeyd edərək Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra  Ümummilli Lider Heydər Əliyev kimi böyük bir şəxsiyyətin rəhbərliyi ilə hər iki yanaşmanı özündə birləşdirən uzaqgörən siyasət sayəsində böhrandan, həmin dövrdəki siyasi, təhlükəsizlik və iqtisadi çağırışlardan daha güclü çıxdığını vurğulayıb. Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli əsasda uğurla inkişaf etdiyini bildirən T.Tağızadə Azərbaycan Prezidentinin bu il Macarıstana rəsmi səfərinin bu istiqamətdə mühüm addım və gələcək faydalı əməkdaşlıq üçün təməl olduğunu deyib.
Ziyafətdə Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejak (Sandor Lezsak), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov çıxış ediblər.
Şandor Lejak Azərbaycanı Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik edib. O, Azərbaycan ilə Macarıstan arasındakı əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. Şandor Lejak bu yaxınlarda Azərbaycana səfəri ilə bağlı müsbət təəssüratlarını bölüşüb.
Fərqan Novruzov çıxışında Heydər Əliyev Fondunun ölkə daxilində və xaricində çoxşaxəli fəaliyyəti barədə məlumat verib. Fondun prezidenti, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bir sıra Avropa ölkələrində həyata keçirilən bərpa işlərini, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan quruculuq proseslərini diqqətə çatdırıb. F. Novruzov Heydər Əliyev Fondunun Ulu Öndərin siyasi irsinin təbliğində böyük rol oynadığını vurğulayıb.
Günay Əfəndiyeva Heydər Əliyevin Azərbaycan və Türk Dünyası tarixindəki əvəzsiz rolundan danışıb. Ulu Öndərin Azərbaycan dövlətçiliyinin yaradılması və inkişafındakı mühüm xidmətlərindən bəhs edib. Fondun prezidenti 28 may 1918-ci ildə Şərqin ilk demokratik, dünyəvi və parlamentli dövlətinin, Azərbaycan Xalq Cumhuriyyətinin yaradımasını ölkənin tarixində şanlı səhifə adlandırıb. O, rəhbərlik etdiyi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Çıxışlardan sonra Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” xalq musiqisi qrupu Azərbaycan mahnılarını ifa edib. Eyni zamanda, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan və türk dövlətlərini təmsil edən, Əməkdar artist, dirijor, bəstəkar və pianoçu Turan Manafzadənin rəhbərlik etdiyi “Yeddi gözəl” musiqi qrupunun ifaları dinlənilib.
Rəsmi açılışın ardından qonaqlara milli mətbəxin nümunələri təqdim olunub.

 

banner

Oxşar Xəbərlər