• cümə, 19 Aprel, 02:34
  • Baku Bakı 18°C

Heydər Əliyevlə əbədilik qazanan müstəqillik

15.06.21 16:00 682
Heydər Əliyevlə əbədilik qazanan müstəqillik
Tarixboyu bir çox xalqlar müstəqil yaşamaq, bu arzuya qovuşmaq üçün səy göstərib mübarizəyə qalxsalar da, bu xoşbəxtliyi tale hər kəsə qismət etməyib. Yaxud da tarixin keşməkeşli yollarında azad yaşamaq haqqı qazanan bir çox xalqlar müstəqillik əldə etsələr də, müəyyən mərhələdən sonra onu qoruyub saxlaya bilməyiblər. Nahaq deyilməyib ki, müstəqilliyi yaşatmaq, qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir.
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan da qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üz-üzə qaldı. Lakin Azərbaycanın bəxti onda gətirdi ki, Heydər Əliyev kimi müdrik lideri var idi və ən çətin tarixi-siyasi şəraitdə hakimiyyət sükanı arxasına keçərək müstəqilliyimizi əbədi və dönməz etdi.
Bu fikirləriAZƏRTAC-a açıqlamasınada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
M.Vəliyeva bildirib ki, müstəqilliyimizin ilk illərində ölkədə hakimiyyət böhranı kulminasiya həddinə çatmışdı. Xaos, anarxiya baş alıb gedirdi. Qütbləşmə, qarşıdurma getdikcə kəskinləşirdi. 1993-cü ilin iyununda qarşıdurmalar artıq vətəndaş müharibəsi həddinə qədər gəlib çatmışdı. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqları ard-arda işğal olunur, əhalinin sosial durumu gündən-günə ağırlaşır, ölkə uçuruma yuvarlanırdı. Xocalı faciəsi, Şuşa və Laçının işğalı məhz bu xəyanətkar qarşıdurmanın nəticəsi idi. Belə bir vəziyyət müstəqilliyimizlə bərabər milli varlığımızı da hədəfə almışdı. Təbii ki, bütün bunları önləmək liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət verməyi bacarmayan, gələcəyi görmək imkanlarından məhrum olan şəxslərin öhdəsindən gələ biləcəyi iş deyildi: "Ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac vardı. Əslində hər kəsin ağlında, fikrində yeganə bir insan var idi - böyük şəxsiyyət Heydər Əliyev. Hər kəs, cəmiyyətin bütün təbəqələri yaxşı bilirdi və əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü bu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Beləliklə, 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev Bakıya gəldi, iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. O gün həqiqətən də Azərbaycanın taleyində dönüş günü idi, böyük qurtuluşa doğru atılan mühüm addım idi. 28 il əvvəl, 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi xalqımızın şanlı tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu”.
O dövrdəki çətin və ağrılı günlərin canlı şahidləri, o hadisələri öz gözləri ilə görən insanlar yaxşı bilir ki, qurtuluş tarixinin yaranması heç də asan başa gələn bir iş deyildi. Çoxsaylı siyasi, hərbi və iqtisadi təlatümlərin sınağından üzüağ çıxaraq daha da möhkəmlənmiş Heydər Əliyev siyasəti ölkədəki durumu qısa bir zamanda sabitləşdirməyi bacardı.
Mehriban Vəliyeva vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada əldə edilmiş böyük nailiyyətlər gələcək müstəqilliyimiz üçün möhkəm iqtisadi, mənəvi və siyasi zəmin yaratmışdı. Məhz Ulu Öndərin gərgin əməyi sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin olundu, müstəqil dövlətimizin ilk Konstitusiyası yaradıldı, milli ordu formalaşdırılmağa başlandı, qanunverici, icraedici və məhkəmə hakimiyyətinin fəaliyyəti üçün əsaslı zəmin yaradıldı. Bir sözlə, Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləməyə başladı.
Yaşananlar göstərdi ki, xalq öz inamında və seçimində yanılmadı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hər kəs ölkədə baş verən sosial-iqtisadi və siyasi inkişafa şahidlik edirdi. Bu inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında, xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Respublikamızın beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, bayrağımızın ən uca, yüksək və mötəbər tədbirlərdə dalğalandırılması Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidməti oldu. Ümummilli Liderin həyata keçirdiyi xilaskarlıq missiyası xalqımızın, eləcə də bütün dünyanın gözü qarşısında baş verirdi. Beləliklə, Azərbaycan gələcəyə inamla baxan güclü bir dövlətə çevrildi.
Heydər Əliyevin xalqımız, millətimiz qarşısındakı ən böyük xidmətlərindən biri də məhz müstəqil Azərbaycanın gələcəyi naminə siyasi davamlılığı təmin etməsi oldu. Ulu Öndər 2003-cü ildə xalqa müraciətində deyirdi: "Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son 10 ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Heydər Əliyev uzaqgörən siyasətində bu dəfə də yanılmadı. Onun siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev bu gün qalib ölkənin qalib lideri kimi dünyada tanınır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 illik həsrətimizə son qoydu. Bu gün Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan ictimai, siyasi, iqtisadi və hüquqi islahatlar həm ayrı-ayrı sahələrin davamlı inkişafını təmin edir, həm də Azərbaycanın qüdrətli dövlət kimi tərəqqisini şərtləndirir.
"Ümummilli liderin siyasi, iqtisadi, hərbi və digər sahələrdə olduğu kimi, təhsil sahəsində uğurlu islahatları sonrakı illərdə öz bəhrəsini verdi. Müstəqilliyin ilk illərində Heydər Əliyevin təhsillə bağlı imzaladığı mühüm fərman və sərəncamlar ölkədə müasir təhsil sisteminin inkişafında vacib amillər, təhsil sahəsində atılan tarixi addımlar idi. Bu tarixi sənədlər ümumi təhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaratdı. Təsadüfi deyil ki, bu gün ölkəmizin təhsil göstəriciləri ilbəil yaxşılaşmaqda, islahatlar daha da dərinləşməkdədir.
Müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Dünənin təməlləri üzərində yüksələn Azərbaycan artıq dünyada inkişaf, sabitlik, tolerantlıq, ədalət, bərabərlik və humanizm nümunəsi kimi qəbul olunur”, - deyə Mehriban Vəliyeva qeyd edib.
banner

Oxşar Xəbərlər