• cümə, 19 Aprel, 12:57
  • Baku Bakı 25°C

Heydər Əliyevin siyasi fəaliyyəti hər zaman milli ideallara bağlı olub

06.05.21 22:45 595
Heydər Əliyevin siyasi fəaliyyəti hər zaman milli ideallara bağlı olub
Tarixdə elə şəxsiyyətlər var ki, adı və əməlləri dünya durduqca yaşayacaq, gələcək nəsillərə örnək olmaqla, onların yolunda əbədi məşələ çevriləcəkdir. Adı müasir bəşər tarixinə qızıl hərflərlə həkk olunmuş xalqımızın böyük oğlu, Ümummilli Liderimiz Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur.
Kaspi.az xəbər verir ki, millət vəkili Tamam Cəfərova belə deyib.
Millət vəkili qeyd edib ki, Ümummilli Liderin builki doğum günü onun ən böyük arzusunun həyata keçməsi ilə əlamətdardır. Prezident cənab İlham Əliyev "ata vəsiyyətini” yerinə yetirdi, işğal edilmiş torpaqlarımız düşmən tapdağımdan azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Ulu Öndər müstəqil Azərbaycanın memarı, Prezident İlham Əliyev isə bütöv Azərbaycanın memarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar.
Ulu Öndər bütün fəaliyyəti dövründə elm və təhsil inkişafına xüsusi qayğı ilə yanaşırdı və bu sahələrin inkişafında onun xidmətləri misilsizdir. Bu da təsadüfi deyildi. Çünki dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Ümummilli Liderimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Dahi rəhbər deyirdi: "Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.
Tamam Cəfərova bildirmişdir ki, istər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə Ümummilli Lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, vətənin, xalqın tərəqqisində onların roluna yüksək qiymət vermişdir. "Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, - deyən müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görmüşdür. Dahi liderimiz təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmamış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu önə çəkmişdir. Heydər Əliyevin rəhbərliyi dövründəki illər Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil olmuşdur.
Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, respublika elmlər akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaratmışdır. Ulu Öndər yaxşı bilirdi ki, yüksək ixtisaslı mütəxəssislər yetişdirilməsi istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən ən mühüm amillərdən biridir. Keçmiş sovetlər dövründə Ulu Öndər Azərbaycan təhsilinin tərəqqisinə mane olan bir sıra amilləri aradan qaldırmış, mövcud potensialı ölkənin gələcək inkişafının elmi əsaslar üzərində qurulmasına, respublikanın mədəni intellektual resurslarının gücləndirilməsinə, Azərbaycan üçün layiqli vətəndaşların yetişdirilməsi işinə səfərbər etmişdir. Məhz həmin illərdə respublikada məktəblərin, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət almış, təhsil infrastrukturu tamamilə yeniləşdirilmiş, ixtisaslı kadrlar hazırlayan ali və orta ixtisas məktəbləri açılmışdır.
O illərdə Azərbaycanın əldə etldiyi mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasıdır. Dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir. SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır. Millət vəkili xüsusi olaraq vurğuladı ki, o da Azərbaycandan kənar təhsil proqramının məzunu olduğu üçün çox xoşbəxtdir.
Ulu Öndər Heydər Əliyev müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. Ulu öndər müstəqil dövlətimizin təhsil sisteminin qarşısında duran böyük işlərə diqqəti yönəldərək deyirdi: "Bu gün biz Azərbaycanda bütün təhsilin – orta, texniki peşə, orta ixtisas məktəblərinin və ali məktəblərin işinin yaxşılaşdırılması sahəsində ciddi tədbirlər görməliyik. Mən hesab edirəm ki, bunlar həm qəbul olunacaq təhsil qanununda, həm də təhsil islahatı ilə əlaqədar qəbul ediləcək qanunda və qərarlarda öz əksini tapacaqdır”.
Ümummilli Lider haqlı olaraq vurğulayırdı ki: "İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına yönəldilsin”. Müstəqil Azərbaycanda həyata keçirilən təhsil islahatlarının, əsaslı yenidənqurmanın məram, məqsəd və vəzifələri ilə bağlı dahi rəhbərin qiymətli, konseptual fikirləri vardır: "Təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemini dünya təhsil sisteminin standartlarına uyğunlaşdırsın... On illərlə əldə etdiyimiz təhsil prinsipləri gözlənilməli və inkişaf etdirilməlidir. Əgər biz bu yolla gedəriksə, qısa bir zamanda Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdıra bilərik
Əsası Ümummilli Liderimiz tərəfindən qoyulan elm və təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır. Azərbaycan elm və təhsili özünün yüksək inkişaf dövrünü yaşayır. Bu gün Azərbaycanın kosmos ölkəsi olması dövlətimizin apardığı siyasətin bilik iqtisadiyyatına əsaslanan, gələcəyə hesablanmış uğurlu strateji siyasət olduğuna bariz nümunədir. Belə praqmatik, uğurlu siyasətin müəllifi isə Heydər Əliyev məktəbinin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevdir.
banner

Oxşar Xəbərlər