AZE | RUS | ENG |

Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir

Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir
Millət vəkili Aydın Hüseynov: "1969-cu ilin 14 iyulu Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafının başlanğıc tarixidir"

Azərbaycan xalqının dünyaya bəxş etdiyi nadir şəxsiyyət, böyük dövlət xadimi, xalqını böyük xalqların, dövlətini böyük dövlətlərin cərgəsinə çıxaran müdrik rəhbər, ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 ili tamam olur. Tarixdə elə şəxsiyyətlər var ki, onların həyat yolundan danışmaq üçün bütöv bir xalqın, bütöv bir ölkənin tarixindən danışmaq lazımdır. Ulu öndər Heydər Əliyev belə şəxsiyyətlərdəndir. Onun mənalı həyatı müstəqil Azərbaycanın siyasi bioqrafiyasına çevrilib. Bu gün Azərbaycan deyərkən Heydər Əliyev, Heydər Əliyev deyərkən Azərbaycan düşünürük. Bu, səbəbsiz deyil. Azərbaycanın 50 illik dövrünü əhatə edən tarixi və siyasi taleyi, bu illər ərzində ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində baş vermiş dirçəliş, inkişaf və tərəqqi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP siyasi şurasının üzvü Aydın Hüseynov bildirib.

Deputat qeyd edib ki, Ulu Öndərimiz Azərbaycan naminə, bütöv, müstəqil Azərbaycan və azərbaycançılıq uğrunda çalışıb, mübarizə aparıb və qalib gəlib. Böyük ömrün Azərbaycan naminə fəaliyyətinin birinci mərhələsi ötən əsrin 40-cı illərindən 1969-cu ilə qədərki dövrü əhatə edir. Bu dövrdə Heydər Əliyev xalq üçün xidməti hər şeydən uca tutan, dövlət təhlükəsizliyi maraqlarını milli maraqlara tabe etdirməyi bacaran istedadlı hərbi xadim kimi parlayıb. Təhlükəsizlik xidməti leytenantından həmin xidmətin general-mayoru ali hərbi rütbəsinədək böyük bir yol keçən xalqımızın böyük oğlu 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə həmin Komitənin sədri təyin olunub. Azərbaycan tarixində həmin dövrədək bu idarəyə azərbaycanlı başçılıq etməmişdi. Heydər Əliyev təhlükəsizlik sisteminin generalı və rəhbəri vəzifəsinə yüksələn ilk azərbaycanlı idi.

Aydın Hüseynov bildirib ki, Azərbaycanın iyirminci əsrdəki inkişafının əsası 1969-cu ilin 14 iyulunda qoyulub. Həmin tarixdə siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev, sözün həqiqi mənasında, böyük bir xalqın həyatında möhtəşəm dəyişikliyə nail olub, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görüb. 1969-cu ilə qədər SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan bir diyara çevrilib. Ona görə də 1969-cu ilin 14 iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir. Heydər Əliyev öz xidmətləri ilə hər bir azərbaycanlıya Vətən üçün, Azərbaycan üçün qurub-yaratmaq, yorulmadan xidmət etmək fəlsəfəsini aşılayıb, Azərbaycanı 1969-1982-ci illərdə inkişaf etmiş sənaye-aqrar respublikasına çevirərək, bugünkü müstəqilliyimizin təməlini qoyub. 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illərdə Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artıb. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bütün bunlar Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin bəhrələri idi. Sonralar həmin dövrdə həyata keçirilən tədbirlərdən danışan Ulu Öndər deyib: "Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”.

Deputat deyib ki, 70-ci illərdə Bakıda, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri istifadəyə verilib. 1970-1982-ci illərdə Azərbaycanda tikilib istifadəyə verilmiş fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox idi. Azərbaycanda milli dəyərlərin qorunması, xalqın milli düşüncə tərzinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirləri yalnız Heydər Əliyev kimi Vətəninə, xalqına bağlı, cəsarətli bir dövlət xadimi, siyasi lider reallaşdıra bilərdi. Bu istiqamətdə o dövrdə görülən işlərin bəhrəsini biz indi daha aydın dərk edirik. Həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycandakı memarlıq abidələrində bərpa işləri aparılıb, tarix və mədəniyyət abidələrinin pasportu hazırlanıb, görkəmli şair və yazıçıların yubileyləri keçirilib, tarixi şəxsiyyətlərin və xalq qəhrəmanlarının abidələri ucaldılıb, onların adlarını daşıyan yaşayış məntəqələri salınıb, milli varlığımızın, dəyərlərimizin və adət-ənənələrimizin təbliğinə xidmət edən filmlər çəkilib.

A.Hüseynov qeyd edib ki, 1969-1982-ci illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdır. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər.

Deputat bildirib ki, 1993-cü ilin yayında ölkədə qardaş qanı töküldüyü və milli dövlətçiliyimiz ikinci dəfə məhvolma təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalq yenidən nicatını Ulu Öndərin hakimiyyətə qayıdışında gördü, dahi rəhbəri Naxçıvandan Bakıya dəvət etdi. Vətəninin və xalqının taleyinə biganə qala bilməyən Ümummilli Lider 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya qayıtdı və bu qayıdış Vətənin xilası, xalqın qurtuluş tarixinə çevrildi, Azərbaycan 1969-cu ildən başlanan quruculuq yoluna döndü. Torpaqlarımızın işğalının qarşısı alındı, milli ordu yaradıldı, sabitlik təmin olundu. Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, "Əsrin müqaviləsi”nin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilməsi Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verdi. Bir sözlə, 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi hərtərəfli inkişaf edən, dünyada söz sahibinə çevrilən müstəqil Azərbaycan dövlətinin daha da güclənməsinə səbəb oldu. Azərbaycanın müasir tarixinin fenomen şəxsiyyəti kimi ümummilli lider Heydər Əliyev xalqın qəlbində özünə möhtəşəm abidə ucaldıb. O, müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, əbədi müstəqillik tarixini yaratmışdır. Ümummilli Liderin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946