• cümə, 29 Mart, 11:22
  • Baku Bakı 5°C

Heydər Əliyevin ideyalarını yaşadan partiya - Fotolar

21.11.18 19:12 3035
Heydər Əliyevin ideyalarını yaşadan partiya - Fotolar
Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Azərbaycan müstəqilliyini əldə etdikdən az müddət sonra ölkədə hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikada vəziyyəti ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırıblar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edib. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış ediblər. Bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşiblər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərilib. Azərbaycanın ən yeni tarixinə "91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə ümummilli lider Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik ulu öndər Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək təşkilatın təsis konfransını orada keçirməyə nail olublar.

Dinc və firavan həyatının təmin edilməsi
Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilib. Təsis konfransı YAP-ın yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul edib. Konfransda ümummilli lider Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilib. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçilib. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən YAP yaranıb. YAP Azərbaycan Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır. YAP-ın Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
Əsas məqsəd və vəzifələr
YAP 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılıb. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunub. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilib, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilib.

Kütləvi siyasi qüvvə
1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri, ümummilli lider Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulub. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişib, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənib, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirib. 1995-ci ilin noyabr ayının 12-də keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti YAP üzvləri olub. Ulu öndər Heydər Əliyev YAP-ın I Qurultayında yenidən partiyanın sədri seçilib. Qurultay habelə Siyasi Şuranın yeni tərkibini, YAP sədrinin təqdimatı ilə onun müavinlərini, İdarə Heyətinin üzvlərini, İcra katibi və onun müavinlərini seçib. YAP-ın 2001-ci ilin noyabr ayının 21-də keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul edib. Partiyanın Nizamnaməsinə dəyişikliklər edilib və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilib.

Azərbaycan beynəlxalq arenaya çıxıb
Qeyd edək ki, 1993-2003-cü illərdə Azərbaycanda diqqətdən kənarda qalan hər hansı sahə olmayıb. Ulu öndər Heydər Əliyev ölkə həyatında baş verən ən xırda problemə belə həssaslıqla yanaşıb və onun həllinə çalışıb. Bir zamanlar xəyal edilən iqtisadi layihələr uğurla həyata keçirilib. "Əsrin müqaviləsi” imzalanıb, ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşıb. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görülüb, Azərbaycan beynəlxalq arenaya çıxıb. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz ulu öndər Heydər Əliyevin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başlayıblar.


Qazanılan parlaq qələbələr
2003-cü ilin oktyabr ayının 15-də keçirilən prezident seçkilərində YAP sədrinin birinci müavini, İlham Əliyev prezident seçilib. YAP-ın 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında İlham Əliyev yekdilliklə YAP-ın sədri seçilib. 2 avqust 2008-ci ildə YAP-ın IV Qurultayı keçirilib. Qurultay tarixi qərar qəbul edərək, partiyanın sədri İlham Əliyevin növbəti müddətdə prezidentliyə namizədliyini irəli sürüb. 2008-ci ilin 15 oktyabrında keçirilən prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq Azərbaycan Prezidenti seçilib. 2013-cü il iyun ayının 7-də YAP-ın V Qurultayı keçirilib. Qurultayda ölkə başçısı İlham Əliyevin növbəti müddətə Azərbaycan Prezidenti postuna namizədliyi irəli sürülüb. V Qurultayın işində partiyanın təşkilatı məsələlərinə baxılıb. İlham Əliyev yenidən YAP-ın sədri seçilib. 2013-cü ilin oktyabrın 9-da keçirilən Prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq Azərbaycan Prezidenti seçilib.

Vətəndaşların mütləq əksəriyyətinin dəstəyi
2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təşəbbüsü keçirilən ümumxalq səsverməsində (referendumda) yüksək qiymətləndirilib, ölkə vətəndaşlarının mütləq əksəriyyəti tərəfindən dəstəklənib. 2018-ci il fevral ayının 8-də YAP-ın VI Qurultayı keçirilib. Qurultayda ölkə başçısı İlham Əliyevin növbəti müddətə Azərbaycan Prezidenti postuna namizədliyi irəli sürülüb. 2018-ci ilin aprelin 11-də keçirilən Prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev parlaq qələbə qazanaraq Azərbaycan Prezidenti seçilib.

Güclü xalq-iqtidar birliyi
Xatırladaq ki, xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gətirilən, 1993-2003-cü illərdə ölkəyə rəhbərlik edən ümummilli lider Heydər Əliyev bu müddətdə Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırlayıb və onu həyata keçirməyin bütün incə yollarını layiqli davamçısı İlham Əliyevə miras kimi qoyub. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir ki, hazırda Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir.
Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın razılığı və iştirakı olmadan regionda heç bir layihə icra olunmur. Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, insanların rifah halı gündən-günə yaxşılaşır. Elə bir sahə yoxdur ki, orda öyünə biləcəyimiz nailiyyətimiz olmasın. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, "Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi, "Yeni Əsrin Müqaviləsi”nin imzalanması iqtisadi sahədə qazanılan uğurlardandır. Əlbəttə ki, bütün bu uğurlar güclü xalq-iqtidar birliyinin sayəsində mümkün olub. Ona görə də tam əminliklə demək olar ki, yaranmasının 26 ilini qeyd etdiyimiz YAP ümumxalq partiyasıdır. Bu partiyanın sıraları hər il durmadan genişlənir. İyirmi altı illik şərəfli tarixə malik YAP bu gün də ulu öndər Heydər Əliyevin ideyaları ilə yaşayır və inkişaf edir.
Alpər TURAN
banner

Oxşar Xəbərlər