• cümə, 19 Aprel, 02:42
  • Baku Bakı 18°C

Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublikamız inkişaf mərhələsinə qədəm qoydu

11.07.19 21:30 3881
Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublikamız inkişaf mərhələsinə qədəm qoydu
Əlli il əvvəl ulu öndər Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbər seçilməsi ilə SSRİ-nin mərkəzi hakimiyyət orqanlarının yaratdığı bütün çətinliklərə baxmayaraq, Azərbaycan özünün milli inkişaf mərhələsinə qədəm qoydu. Ölkənin gələcəkdə müstəqil yaşamasının təməli atıldı, Azərbaycanın gələcəyinin, istiqlalının ideoloji eskizləri cızıldı, dövlət idarəçiliyinin dövrün tələblərinə uyğun mexanizmləri yaradıldı.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib. Ekspert qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1969-cu ilin iyulun 14-dən başlayaraq atdığı bütün addımları, qəbul etdiyi bütün qərarları sıralasaq, dərin qatlarda onların bir-biri ilə bağlı olduğunu və vahid bir strategiyaya söykəndiyini müəyyənləşdirə bilərik. Ulu Öndər rəhbərliyə gəlişi ilə, ilk növbədə, Azərbaycanın əsasən aqrar respublikadan sənaye ölkəsinə çevrilməsi istiqamətində addımlar atdı. Azərbaycan üçün ənənəvi olan neft sektoru daha da gücləndirildi, təkcə paytaxt Bakıda deyil, Sumqayıt, Gəncə kimi şəhərlərdə iri sənaye müəssisələri açıldı. Regionlarda da sənaye və emal müəssisələrinin yaradılması istiqamətində ciddi addımlar atıldı, böyük infrastruktur layihələri reallaşdırıldı. Bütövlükdə Azərbaycanın milli iqtisadiyyatının sovet təsərrüfat sistemi çərçivəsində olsa belə, əsası qoyuldu.
E.Mirzəbəyli vurğulayıb ki, dövlətin gələcəkdə müstəqil yaşaması, inkişafı üçün vacib olan amillərdən biri də kadr potensialı ilə bağlı idi. Ümummilli Lider bu istiqamətdə də strateji qərarlar qəbul etdi və uğurlu nəticələr əldə etdi. Əgər 1969-cu ilədək hər il respublikamızdan kənarda təhsil almağa göndərilən gənclərin sayı cəmi 47 nəfər idisə, Ulu Öndərin səyləri nəticəsində bu rəqəm 1000-1400 nəfərə çatdırıldı. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1970-1980-ci illərdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən çox sahəsini əhatə edən və zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc təhsil aldı. Bugünkü müstəqil Azərbaycanın qurulmasında da məhz həmin gənclər aparıcı mövqelərdə dayanıblar.
"Dövlətin çox vacib atributlarından biri də onun silahlı qüvvələridir. Kimsəyə sirr deyil ki, 1969-cu ilədək azərbaycanlıların ali hərbi məktəblərdə oxumasına böyük qısqanclıqla yanaşır, xalqımızın nümayəndələrinin hərbi bilik və vərdişlərə yiyələnməsinə süni maneələr yaradırdılar. Heydər Əliyev bu sahədə də bütün maneələri dəf etdi. Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb, Azərbaycan Pedaqoji İnstitutunda ibtidai hərbi hazırlıq və fiziki təlim fakültəsi yaradıldı. Yüzlərlə azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu ali hərbi məktəblərinə göndərildi. Təkcə 1982-ci ildə 550 azərbaycanlı gəncin SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə göndərildiyini nəzərə alsaq, bu sahədə əldə olunan nəticələrin sərhədlərini müəyyənləşdirmək olar”, - deyə Elçin Mirzəbəyli vurğulayıb.
Ekspert qeyd edib ki, əgər bir xalqın milli şüuru oyanmayıbsa, dövlətçilik yaddaşı bərpa olunmayıbsa, onun içərisindən nə qədər hərbçi, mütəxəssis, alim, mədəniyyət və ədəbiyyat adamı çıxırsa çıxsın, son nəticədə, başqalarının mənafeyinə xidmət edəcəkdi. Ulu Öndər geniş dünyagörüşünə, iti və çevik zəkaya, möhkəm iradəyə malik bir dövlət adamı kimi bunu yaxşı bilirdi və bu səbəbdən də milli şüurun oyanması, dövlətçilik yaddaşının bərpa olunması üçün olduqca incə bir siyasət həyata keçirirdi. Azərbaycan ərazisində mövcud olan dövlətlərin, o cümlədən Azərbaycan Səfəvi dövlətinin tarixi ciddi şəkildə araşdırılırdı. Azərbaycan xalqının qədim dövlətçilik ənənələrinin yer aldığı filmlər çəkilir, əsərlər yazılırdı. Azərbaycanı, azərbaycançılığı, paytaxt Bakını və qədim şəhərlərimizi, milli qəhrəmanlarımızı vəsf edən mahnılar bəstələnir və onların təbliği üçün böyük işlər görülürdü. Azərbaycan xalqının özünəinam hissi özünə qaytarılırdı. 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi qeyd olunması isə Azərbaycan xalqının milli kimliyinin, identikliyinin hüquqi müstəvidə təsdiqi idi.
Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin bərpasına 1967-ci ildən, Milli Təhlükəsizlik Komitəsinin sədri olarkən başladığını deyən siyasi ekspert bildirib ki, o, ilk növbədə, təhlükəsizlik orqanını milliləşmənin qarşısında dayanacaq, maneə yaradacaq xəyanətkarlardan və mərkəzi hakimiyyətin casus şəbəkəsindən təmizləmişdi. 1969-cu ildən etibarən isə o, Azərbaycan dövlətçiliyi strategiyasını addım-addım həyata keçirməyə başladı.
Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gələndə dövlət qurmaqdan daha çox qurduğu dövləti xilas etməyə və dövrün tələblərinə uyğunlaşdırmağa gəldi və buna nail oldu. Bu gün hər kəs Ulu Öndəri böyük hörmət və məhəbbətlə anır. Azərbaycan xalqı və dövləti var olduqca Heydər Əliyevin nəhəng tarixi xidmətləri unudulmayacaq, Azərbaycanın əldə etdiyi bütün uğurlarda onun izi görünəcək.
banner

Oxşar Xəbərlər