• şənbə, 20 Aprel, 03:34
  • Baku Bakı 15°C

Heydər Əliyev müstəqil Azərbaycanın banisi və qurucusudur - Fotolar

12.12.18 09:08 5958
Heydər Əliyev müstəqil Azərbaycanın banisi və qurucusudur - Fotolar
12 dekabr ulu öndər Heydər Əliyevin anım günüdür. Müstəqil Azərbaycanın memarı və qurucusu sayılan Heydər Əliyevin əziz xatirəsi xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir. Dünya şöhrətli siyasətçinin həyat və fəaliyyəti, Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri daim hörmətlə xatırlanır, onun zəngin irsinin gələcək nəsillərə çatdırılması üçün əməli tədbirlər görülür. 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevi Bakıya səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atan, Yeni Azərbaycan Partiyasının "qızıl fondu” elan olunan 91 nəfər tanınmış ziyalıdan biri – Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,Əməkdar elm xadimi, "Şöhrət” ordenli professor, ictimai-siyasi xadim Şahlar Əsgərovla söhbətləşib ulu öndərlə bağlı xatirələrini dinlədik.

- Şahlar müəllim, xalqların və dövlətlərin taleyində lider fenomeni və liderlik faktoru mühüm yerə malikdir. Bu baxımdan ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin taleyində oynadığı rolu necə dəyərləndirirsiniz?
- Əslində bu sualın özündə cavab da verilib. 1993-cü ili gözlərimiz önünə gətirsək, o zaman Azərbaycanda vəziyyətin olduqca gərgin olduğunu aydın təsəvvür edə bilərik. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi, ölkə daxilində ictimai-siyasi sabitliyin olmaması, müxtəlif siyasi qüvvələrin bu gərginlikdən sui-istifadə etmək cəhdləri ölkəni parçalanmaq, müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycanda ağır iqtisadi, siyasi böhran hökm sürməkdə idi. Ölkəni üzləşdiyi bu acınacaqlı durumdan xilas etmək üçün güclü liderə ehtiyac duyulurdu. Belə bir vaxtda 91 nəfər ziyalı Naxçıvan Muxtar Respublikasına üz tutdu. Həmin vaxt Ali Məclisin sədri işləyən Heydər Əliyevlə görüş keçirildi, o, paytaxt Bakıya dəvət edildi. 91 nəfər ziyalı xalqın düşdüyü ağır vəziyyətdən çıxış yolunu Heydər Əliyevin ölkə rəhbərliyinə gətirilməsində gördü.
Bununla bağlı müraciət o dövrdə 91 nəfər ziyalının imzası ilə mətbuatda da dərc olundu. Sözügedən müraciət mətbuatda dərc olunandan və məktub formasında ünvanına çatdırılandan 8 gün sonra cavab alındı. Cavabda Heydər Əliyev bildirdi ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi öz üzərinə götürməyə razıdır. Heydər Əliyev o zaman belə bir cümlə də işlətmişdi: Əgər bir ölkənin xalqları öz hüquqlarını anlayar və qoruya bilərsə, o zaman ən kiçik məmləkətlər belə, böyük dövlətlər qədər qüdrətli olar. Heydər Əliyev bildirdi ki, o, Azərbaycanın da qüdrətlənməsi naminə təklifi qəbul edir, ümumi işlərə kömək etmək istəyir. O dövrdəki, gərgin vəziyyəti, Heydər Əliyevin ölkəmizdə təkrar siyasi hakimiyyətə gətirilməsini, bundan sonra həyata keçirilən tədbirləri, görülən işləri ümumiləşdirərək belə qeyd etmək olar ki, ulu öndər Azərbaycanın həm banisidir, həm də qurucusu. Banilik onun öndərliyindən, iradəsindən, ideyalarından, quruculuq isə uzun illər boyu topladığı biliklərdən, qazandığı idarəçilik təcrübəsindən irəli gəlirdi.

- Şübhəsiz ki, sizin də ulu öndərlə bağlı xatirələriniz var. Onunla ilk görüşünüzü və münasibətlərinizi necə xatırlayırsınız?
- Heydər Əliyevlə mənim ilk görüşüm Bakı Dövlət Universitetinin sovetlər birliyi dövründə qeyd olunan 50 illik yubiley tədbirinə təsadüf edir. 1969-cu ildə Heydər Əliyev Azərbaycanda Mərkəzi Komitənin birinci katibi idi. Elə həmin il də universitetin 50 illiyi qeyd olunurdu. Bu münasibətlə o, universitetə gəlmişdi. Azərbaycan Dövlət Universitetinin o dövrdə rektoru Mehdi Əliyev idi. Mehdi Əliyev fizik olduğu üçün fizika fakültəsinə tapşırmışdı ki, ola bilsin Heydər Əliyev fakültənin laboratoriyasına da baş çəksin, tanış olsun. Fakültənin dekanı da hər kəsə tapşırmışdı ki, hər bir kəs laboratoriyada öz qurğusunun yanında olsun. Mənim də öz maraqlı qurğum var idi. Həmin qurğunu çalışdıranda işıq saçır, sonra da şüa əmələ gəlirdi. Sözügedən qurğunu çalışdırırdım ki, Heydər Əliyev içəri daxil oldu və qurğu barədə məlumat soruşdu. Mənə bir-iki sual verib məlumat xarakterli qısa söhbət etdikdən sonra uğurlar arzuladı və laboratoriyanı tərk etdi. Heydər Əliyevlə həyatda ilk görüşüm belə oldu. Onunla ikinci görüşüm Naxçıvanda oldu. Birinci sualınıza cavab olaraq bildirdiyim kimi, 91 nəfər ziyalı o zaman Yeni Azərbaycan Partiyasının təsis olunması üçün Naxçıvana getmişdi. Həmin heyətdə mən də var idim.
Heydər Əliyev həmin gün gecə saat 12-nin yarısına qədər İrandan gələn nümayəndə heyətini qəbul etdi. Bunun ardınca isə bizimlə görüşdü. Bir-bir hamıya söz verildi və hər kəs öz fikrini bildirdi. Mən də çıxış etdim və fikrimi bir misal çəkməklə bildirdim. Şərq aləmində böyük alim və filosof kimi tanınan Əbdürrəhman Caminin "Baharistan” əsərində məşhur pritça var. Orada qeyd olunur ki, Hindistan şahı Bağdad əmirinə çoxsaylı hədiyyələr, həmçinin əlavə olaraq bir nəfər də həkim göndərir. Məqsəd xəlifənin sağlamlığını qorumaq idi. Bağdad əmiri həkimdən soruşur ki, sən hansı dərdlərin dərmanını bilirsən? Təbib bir-bir müxtəlif dərdlərin dərmanını sadalayır. Sonda vurğulayır ki, mənim bir dərmanım da sizin başınızdakı ağ saçları qaraltmağa xidmət edəcək. Əgər mən deyən dərmanı qəbul etsəniz, ağ saçlarınız dərhal qaralacaq. Bağdad əmiri dərhal əlini masanın üzərinə vurur və deyir ki, həmin dərmanı atmaqdan imtina edir: "Tükün qaralığı zülmət, ağlığı nur əlamətidir, qara rəngdən millətin yoluna işıq düşməz və ona görə də bu dərmandan imtina edirəm”. Bu misalı çəkdikdən sonra ulu öndərə Heydər müəllim deyə xitab etdim və belə bir təklif səsləndirdim: Biz Bakıdan gələn ziyalılar istəyirik ki, sizin ağ saçlarınızın nurundan Azərbaycan xalqı da bəhrələnsin. Gecə saat 2-3 radələrinə qədər Heydər Əliyev hamını dinlədi, öz fikrini bildirdi, ardınca da Yeni Azərbaycan Partiyası yaradıldı, ulu öndər Bakıya gəldi və Azərbaycan rəhbərliyində fəaliyyətini davam etdirdi. Heydər Əliyevlə görüşlərim, təmaslarım belə olub.

- Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik etdiyi dönəm tərəqqi dövrü kimi yadda qaldı. Onun ikinci dəfə Azərbaycanda hakimiyyətə gətirilməsindən sonra ötən dövrü, yəni 1993-2003-cü illəri necə xarakterizə etmək olar?
- Birinci dövr haqqında ən yaxşı qiyməti Heydər Əliyev sağlığında özü verib. Özü də bildirirdi ki, o, ilk dəfə Azərbaycanda hakimiyyətə gələndə Bakı metropolitenində tunellərin ümumi uzunluğu 9,6 kilometr idi. Məhz onun hakimiyyəti illərində bu uzunluq 31,2 kilometrə çatdırıldı. O dövrdə hər bir institut ildə təqribən 600-700 tələbə qəbul edirdi. Heydər Əliyev isə hər il 900-1000 nəfər tələbəni SSRİ-nin məşhur ali təhsil müəssisələrinə oxumağa göndərirdi. O, bunu özünün ikinci ən böyük xidməti, şah əsəri sayırdı. Müstəqillik dönəmində isə Heydər Əliyev üçüncü şah əsəri kimi Yeni Azərbaycan Partiyasını yaratmasını qeyd edirdi. Ən nəhayət, Azərbaycan dövlətini qurmasını özünün dördüncü şah əsəri sayırdı. Bəzən dövlətlə dövlətçiliyi qatışdırırlar. Halbuki, maşınla maşınqayırma müxtəlif olduğu kimi dövlətlə dövlətçilik də müxtəlif məna kəsb edir. Dövləti qurmaq üçün lazım olan detalların heç birini Heydər Əliyev gedib Aydan gətirməyib. Həmin detallar bu ölkənin özündə var idi. Amma Heydər Əliyevə qədər siyasi hakimiyyətdə olanlar bu detallardan dövlət qurmağı bacarmadılar. Heydər Əliyev isə qura bildi və dövlətçiliyi dövlətə çevirdi.
Heydər Əliyev Şimaldan gələn təzyiqləri azaltmaq üçün "Əsrin müqaviləsi”ni imzaladı. Bu müqaviləyə dünyanın güclü dövlətlərinə məxsus şirkətlər də cəlb olundu. Hansı ki, bu müqavilə imzalanmazdan öncə şimal qonşumuzdakı mütəxəssislər davamlı olaraq arqumentlər gətirir, bu borunu doldurmaq üçün Xəzərdə neft ehtiyatının olmadığını əsaslandırmağa çalışırdılar. Yəni, həm ideoloji, həm də digər vasitələrlə Azərbaycana təzyiqlər göstərilirdi. Lakin Heydər Əliyev azərbaycanlı mütəxəssislərin rəyini nəzərə alıb, bu müqavilənin imzalanmasını reallaşdırdı. Ardınca da Rusiya ərazisindən keçən yeganə Bakı-Novorossiysk neft ixrac boru kəmərinə alternativ sayıla biləcək Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisinə start verildi. Bu layihə də Azərbaycana alternativ bazarlara çıxış imkanının əldə edilməsinə, ölkəmizin təhlükəsizliyinə xidmət edirdi. Bu layihələrin reallaşması, Azərbaycan neftinin beynəlxalq bazarlara çıxarılması, iqtisadiyyata daxili və xarici sərmayənin cəlb edilməsi ölkənin intibahını təmin etdi. Paytaxt Bakı tamamilə yenidən quruldu, şəhər simasını dəyişdi, müasirləşdi, regionlarda quruculuq tədbirləri geniş vüsət aldı. Təbii ki, bütün bunlar Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi.
- İndiyə qədər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair çoxsaylı elmi, bədii-publisistik əsərlər yazılıb. Sizcə, onun zəngin irsinin daha da təbliği və öyrənilməsi, gələcək nəsillərə çatdırılması üçün daha hansı işlər görülməlidir?
- Azərbaycana rəhbərlik edənlər çox olub və bundan sonra da olacaq. Rəhbərlər və liderlər çox nadir hallarda filosof olurlar. Misal üçün, Mustafa Kamal Atatürk Türkiyə tarixində böyük filosofdur. Onun öndərliyi də məhz bu filosofluqda gizlənir. Heydər Əliyevin də hədsiz dərəcədə müfəssəl, fəlsəfi fikirləri var. Bu fikirlər ictimai həyat, siyasət, təhsil, elm, iqtisadiyyat və digər sahələri əhatə edir. Onun aforizmləşmiş, bu gün və sabah üçün daim doğru olacaq lakonik fikirləri də var. Hesab edirəm ki, Heydər Əliyevin zəngin irsini öyrətmək, gələcək nəsillərə təbliğ etmək üçün ulu öndərin aforizmlərindən, fəlsəfi fikirlərindən geniş istifadə etmək lazımdır. Misal üçün, yalnız "Təhsil millətin gələcəyidir” fikrindən tutub dayanmaq, yalnız bunu hər yerdə işlətmək olmaz. Axı Heydər Əliyevin təhsillə bağlı dərin məzmunlu, fəlsəfi fikirləri çoxdur. Ulu öndər deyirdi ki, bir millətin gələcək taleyi gənclərə nəyin və necə öyrədilməsindən asılıdır. Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gələndə məktəblərdə dərslər lövhələrə təbaşirlə yazılır öyrədilirdi. İndi isə elektron lövhələrlə, kompüterlər vasitəsilə öyrədilir. Bu və bunun kimi çoxsaylı misallar gətirmək mümkündür. Heydər Əliyev irsini daha çox ali təhsil müəssisələrində öyrətmək, təbliğ etmək lazımdır. Xüsusən də tarixçilərə, jurnalistlərə ali təhsil müəssisələrində Heydər Əliyev irsini, onun fəlsəfi fikirlərinin mahiyyətini, ideyalarını öyrətmək lazımdır.

- Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz yeni nailiyyətlərə imza atır. Azərbaycanın indiki reallıqlarını və perspektivi necə qiymətləndirirsiniz?
- Azərbaycanın reallığı gözlərimiz önündədir. Perspektivə gəlincə, indiki dövrün olduqca mürəkkəb olduğunu qeyd etmək istəyirəm. Heydər Əliyevin zamanında dünya, xüsusən də Avropa qitəsi indikinə nisbətə çox sakit idi. Hazırda isə dünyanın sakit olan hissəsi çox azdır. Dünyanın hər bir yerində müxtəlif proseslər baş verir, mürəkkəb hadisələr, gərginliklər özünü göstərir. Azərbaycan Prezidenti İlham Əliyevə belə bir mürəkkəb dövrdə yalnız və yalnız uğurlar arzulayıram ki, ölkəmizi daha da inkişaf etməsi üçün düzgün qərarlar qəbul etsin.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər