AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Heydər Əliyev hər bir azərbaycanlının qəlbində gördüyü nəhəng işlərlə yaşayacaq

Heydər Əliyev hər bir azərbaycanlının qəlbində gördüyü nəhəng işlərlə yaşayacaq

Siyasət
07 May 2013, 12:49 1527
Trend-in məlumatına görə, bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Amnistiya aktı haqqında qanunun müzakirəsi zamanı çıxışında deyib.

Birinci xanım bildirib ki, bir neçə gündən sonra Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin 90 illik yubileyini qeyd edəcək:

"Böyük siyasətçi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaq. Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və əyilməz iradəyə malik olan bir insan idi. Eyni zamanda, onun ailə üzvü olaraq demək istərdim ki, Heydər Əliyev çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanlarla münasibətdə o çox sadə və ədalətli idi. Baxmayaraq ki, ömrünün müxtəlif çağlarında Heydər Əliyev ədalətsizlik, satqınlıq, xəyanətlə üzləşmişdir. Elə bu salonda onun vaxtilə irəli çəkdiyi insanlar ona qarşı əsassız hücumlar etmişlər. Lakin o, 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilərək həmin adamların böyük əksəriyyətini bağışladı və bu bağışlamaq qabiliyyəti ilə bir daha öz böyüklüyünü təsdiqlədi".

Birinci xanım çıxışında qeyd edib ki, bu gün müzakirə edilən Amnistiya aktı əslində bağışlama aktıdır və belə bir qanunun Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində qəbul edilməsi böyük rəmzi xarakter daşıyır:

"Əziz dostlar, mən inanıram ki, bağışlamaqla, xoş niyyətlə, mərhəmətlə bu dünyada doğrudan da bir çox şeyləri yaxşılığa doğru dəyişdirmək mümkündür. Əsrlər boyu insanda insanlığı qoruyub saxlayan məhz humanizm ideyaları, humanizm prinsipləri olub. Diqqətinizə təqdim olunan qərarda təqribən 9 min şəxsin Amnistiya aktının təsiri altına düşməsi nəzərdə tutulub. Onlardan 2 mindən artıq məhkumun azad olunması gözlənilir".