Həyatının mövzusunu yazıçıya hədiyyə edən qadın
Mario Varqas Lyosanın "Yaramaz qızın sərgüzəştləri”
romanı üzərinə qeydlər
"Pravda” qəzetinin şərhçisi Natalya Koçetkova Latın Amerikası ədəbiyyatının görkəmli nümayəndəsi Mario Varqas Lyosa ilə söhbəti zamanı ona belə bir sual ünvanlamışdı: "Yaramaz qızın sərgüzəştləri” romanınızın rusiyalı oxucuları əsərin müzakirələri zamanı belə qənaətə gəliblər ki, buradakı məhəbbət süjeti, çox güman, sizin şəxsi təcrübəniz əsasında qurulub. Elədirmi?” Lyosa gülüb belə cavab vermişdi: "Yox, hamısı uydurmadır. Roman həmişə şəxsi yaddaşından, həyatda rast gəldiyin insanlarla təmasdan doğulur. Hibrid kimi bir şeydir və sənin başına gələn hadisələrdən, yaddaşının özündən daha önəmlisi materialı necə işləməkdir. Mən bu kitaba yalnız 1960-cı il Fransası və 1970-ci illər Almaniyası ilə bağlı xatirələrimi daxil etdim. Çünki o ölkələrdə yaşamışam. Amma personajlar təxəyyülümün məhsuludur”.
Varqas Lyosa ötən əsrin 60-70-ci illərində "Latın Amerikası Bumu”
deyilən ədəbi dalğanın yetişdirdiyi simalardandır. Latın Amerikası
mədəniyyətində bu mərhələ qısaca "El Boom” adlanır. Karlos Fuentes, Oktavio
Pas, Varqas Lyosa bu dəstəyə mənsub yazarlar idilər. Lyosa həmin dönəmdə
Perunun demokratikləşməsi yolunda mübarizə aparan intellektual fikir öndərləri
sırasında idi. Baxmayaraq ki, ədəbi fəaliyyətə 50-ci illərin əvvəllərində
başlamışdı, onun yaradıcılığı 60-cı illərin əvvəllərindən yetkin platformaya
qədəm qoydu. Əksər Latın Amerikası yazıçıları kimi onun da ədəbiyyata yolu jurnalistikadan
keçmişdi. Qəzetlərə xəbərlər, reportajlar yazmaqla qələm məşqləri edərək özünü
bədii mətnlər yazmağa hazırlamışdı. Lyosa ona dünya şöhrəti gətirən qalmaqallı
"Şəhər və itlər” romanını da məhz həmin illərdə yazmışdı. Bu roman çap
olunar-olunmaz onun kitablarını Limada nümayişkaranə şəkildə yandırdılar.
Əsərdə Perunun hərbçi zümrəsi istehza hədəfi kimi seçilmişdi və bu da ciddi
narazılığa səbəb olmuşdu. Onun yaradıcılığını magik realizmdən incə bir xətt
ayırır. Lyosa daha çox taleyindən qaça bilməyən, bununla belə qədərə boyun
əyməyən, mübarizə aparmaqdan usanmayan insanların çıxılmazlığını, daxili
iztirablarını təsvir edir. Onun əsərlərində mövzusundan asılı olmayaraq yollar
mütləq siyasətdən gəlib keçir. Yazıçı və vətəndaş mövqeyi. Lyosa bütün zamanlarda
fəal ictimai mövqeyi, mühafizəkarlığa qarşı çıxışlarıyla seçilən yazıçı olub.
Lyosanın ədəbi platforması haqda müəyyən təsəvvür yaratmaq üçün bu fikirləriylə
tanış olmaq kifayət edir: "Gerçəklikdə baş verənlərdən tamamilə izolə olunmuş
ədəbiyyat boz, səthi ədəbiyyatdır. Böyük ədəbiyyatlar həmişə cəmiyyətdə
olanlar, onun əsas problemləri, insanların gözləntiləri barədə şəhadət verir.
Bu mənada, mənə elə gəlir, ədəbiyyat, ümumiyyətlə, incəsənət yalnız yazıçının
təxəyyülünə qapılıb qalmadan, ətraf aləmlə sıx təmasda olmalıdır”.
Varqas Lyosanın ən yaxşı əsərlərindən olan "Yaramaz qızın
sərgüzəştləri” romanını bu günlərdə oxudum. Hadisələr ötən əsrin 60-cı
illərində baş verir. Həmin illər Perunun ictimai-siyasi həyatında gərgin bir
dönəm idi, hərbi əməliyyatlar bütün ölkəni ayağa qaldırmışdı. Az sonra Xuan
Velasko Alvaradonun hərbi xuntası höküməti ələ keçirib ictimai sistemi
dəyişdirəcəkdi. Roman bu mühüm dəyişikliklər ərəfəsində Peruda baş verən qəribə
bir eşq hekayətindən bəhs edir. Günlərin bir günü Peruya Çilili qızlar gəlir və perulu Rikardo bu
yaramaz qızlardan birinə, Liliyə vurulur. Lili gəldiyi kimi də qəfil yoxa çıxır
və bununla da Rikardonun rahatlığı pozulur. O, tərcüməçi kimi YUNESKO-nun
imtahanından keçərək işə dəvət olunur və getdiyi bütün ölkələrdə Lilini
axtarır. Az sonra məlum olur ki, Lili heç Çilidən deyilmiş, o, müxtəlif adlarla
tez-tez yerini dəyişməyə məcbur olan fitnəkar bir qadın imiş. Lili bu dəfə
Rikardonun qarşısına Parisdə onun da tanıdığı bir diplomatın xanımı kimi çıxır.
Amma bu vəziyyət onların aşıb-daşan duyğularına mane olmur. Əslində, onların
arasındakı münasibətlər məhz bu görüşdən sonra dərinləşməyə başlayır. Lili
artıq keçmişdə qalıb, indi o, madam Arnu kimi tanınır və əri nüfuzlu bir
diplomatdır. Onun keçmişi Rikardo üçün sirr kimi qalır, Lilinin həddini aşan
ağlasığmaz şıltaqlıqlarının kökündə onun keçmişi dayanır – heç vaxt xatırlamaq
istəmədiyi ağır, qaranlıq keçmişi. Rikardo tədricən onun avantürist xarakterinə
bələd olur və paradoks da bundadır ki, o, Lilinin bu ramolunmaz
xüsusiyyətlərinə baxmayaraq ona daha artıq dərəcədə bağlanır. Onun həyatının
qaranlıq tərəflərini kəşf etməyə, iç dünyasına yol tapmağa çalışsa da Lilinin
keçmişi sanki qara qutudur. O, heç vaxt sirr verməz. Lili cadugər kimi onu
özünə bağlayır, bir-birini əvəz edən xəyanətlər belə Rikardonun ona olan
sevgisini sarsıtmaqda aciz qalır. Rikardo onu kəşf etməkdən ötrü hətta şeytanla
iş birliyinə də razıdır. Qəribəsi budur ki, Lyosa bu əcaib sevgi macərasını
təsvir edərkən lirik-sentimental ovqat yaratmağa cəhd etmir, soyuqqanlı təhkiyə
tərzini sonadək qoruyub saxlayır.
Lili tez-tez ər dəyişir və hər dəfə də varlı ərlərinin varidatını
oğurlayıb müəmmalı şəkildə yoxa çıxır. Rikardoya sevgi əzabları yaşatmaqdan
həzz alan Lilinin ruhunda hansı fırtınalar qopur? Onu bu xəyanətlərə sövq edən
nədir? Rikardodan savayı yatağını paylaşdığı heç bir kişi onu sevmir, o,
həyatının ən böyük təsəllisini Rikardoda, onun məşuqəsi, geyşası olmaqda tapır.
Bir gün onun da sevgisinin tükənəcəyindən qorxur. Rikardo Lilinin heç vaxt
normal qadın olmayacağını bilirdi, onu məhz azad xarakterinə görə sevirdi. Lili
onu hətta intiharın bir addımlığına qədər sürükləmişdi. Lilini bütün xəyanətkar
qadınlardan fərqləndirən onun aşırı dərəcədə azad ruhudur. Lili Emma Bovari
deyil, Anna Karenina deyil, xanım Renal deyil, Tereza Raken də deyil. O, nə
feministdir, nə anarxist. Onun təbiətində amazonkalıq var, amma bu cəsurluq,
fədakarlıq ictimai deyil, şəxsi rifah üçündür. O, xoşbəxt olmaqdan ötrü bütün
dəyərləri tapdalayıb keçməyə qadirdir. Bu cəsurluq müəyyən bir məqamda
qüvvəsini itirir. O, tabe olmağa meyllidir, amma onun ruhunu əsir etmək
qeyri-mümkündür. Ətalət, bozluq, yeknəsəq həyat onun ölümüdür. Ağır həyat
şərtləri onun təbiətində sadomazoxist meylləri üzə çıxarıb. Lili dünya
ədəbiyyatının ən ziddiyyətli qadın obrazlarındandır. O, yunan ilahələri kimi
dəyişkən, amansız xarakterə malikdir. Belə bir qadın tipi dünya nəsrində nadir
hallarda təsadüf olunur.
Lili Rikardonu tez-tez atıb getməyinin səbəbini bu cür izah edir:
"Mən həmişə səni varlılara görə atmışam, onları isə bir az dərindən
tanıyanda isə hamısının əclaf olduğunu görmüşəm”. Varlılara onun ruhu deyil, bədəni lazım idi və nəhayət, amansız fiziki işgəncələrdən sonra Lili şikəst qalır, yenə, sonuncu dəfə Rikardonun yanına qayıdır. Yaponiyaya qədər gedib çıxan biçarə qadın manyak təbiətli biznesmen Fukudonun ağlasığmaz seksual fantaziyalarının qurbanı olur.
Lyosa hadisələrin arxa fonunda Peruda baş verən ictimai-siyasi hadisələri də təsvir edir. Perunu caynağına alan zorakılıq dalğası Rikardonu daim narahat edir. O, vətənindəki proseslərdən dayısı Ataulfo dayının vasitəsilə xəbər tuta bilir. Boş vaxtlarında A.Çexovun hekayələrini ispan dilinə çevirir. Dostlarından biri onu ispan naşir Mario Muçniklə tanış edir, Rikardo onun nəşriyyatı üçün ədəbi tərcümələr etməyə başlayır. Ədəbi tərcüməçilik fəaliyyəti onun içində yazıçı olmaq istəyini yaradır. Dilmanc dostu "tərcümə yazıçılığa doğru ilk addımdır” deyə onu bir az da həvəsləndirir. Amma Rikardo hələ yazacağı əsərin mövzusunu müəyyənləşdirə bilmirdi.
Lilinin ölüm anında Rikardoya dediyi sözlər oxucunu sarsıdır. Bu
sözlər Lilinin bütün dünyaya pıçıldadığı vəsiyyəti idi:
"Sən yazıçı olmaq istəyirdin, sadəcə olaraq buna cəsarət etmirdin.
İndisə sən yer üzündə tək-tənha qalandan sonra sınaya bilərsən – onda mənə görə
də az kədərlənəcəksən. Nə deyirsən? Sənə roman üçün yaxşı mövzu hədiyyə
elədim?” Varqas Lyosa həmin talesiz qızın hekayətini yazdı.
Kənan Hacı