• çərşənbə axşamı, 16 aprel, 15:21
  • Baku Bakı 19°C

Həyatın ərköyünləşdirdiyi aktyor - Fotolar

03.02.18 11:30 6953
Həyatın ərköyünləşdirdiyi aktyor - Fotolar
Moskva Satira Teatrının kollektivi bu günlərdə Xalq artisti Mixail Derjavini son mənzilə yola saldı. Tanınmış kino və teatr aktyoru bu teatrda 1967-ci ildən, yaxın dostu Aleksandr Şirvintdlə birlikdə işləyib. Aleksandr Anatolyeviç vida mərasimdə Derjavinlə dostluqlarının 72 illik tarixçəsi olduğunu etiraf edib: «Mənə elə gəlir ki, bu rəqəm Ginnesin rekordlar kitabına yazılmalıdır”.
Arbat uşaqları
Mixail Derjavin aktyorların, rəssam və musiqiçilərin yaşadığı Vaxtanqov küçəsində böyümüşdü. "Arbat” adı ilə məşhur olan küçədə yaşayan bütün uşaqlar özlərini başqa dünyanın sakinləri hesab edirdilər. Onların bütün uşaq oyunları axırda teatr tamaşalarının quruluşu kimi alınırdı. Uşaqlar nağıllar hazırlayır, dekorasiyalar düşünürdülər, rollar yaradır, özləri aktyor və tamaşaçı olurdular.

Derjavinlərin ailəsi öz dövrlərinin məşhur insanları olmuşdu. Atası SSRİ xalq artisti idi. Mixail Derjavin artıq uşaq ikən böyüyəndə hansı sənətin sahibi olacağını bilirdi.

Kənardan aktyorun həyatı fasiləsiz bəxti gətirən zolaq kimi görünür. «Mənə elə uşaqlıqdan elə gəlirdi ki, hər şeyin başında sənət dayanır – bu da artistlik sənətidir” – müsahibələrindən birində Derjavin deyib: «Mənim evim Şukin adına Teatr İnstitutunun yaxınlığında yerləşirdi. Sonra isə Vaxtanqov Teatrı gəlirdi ki, orada da atam çalışırdı. Müharibə başlayanda Vaxtanqov Teatrı Omsk şəhərinə evakuasiya olundu. Mən o zaman da atamın oynadığı bütün tamaşalara gedirdim. Xüsusən «Feldmarşal Kutuzov» tamaşası mənim xoşuma gəlirdi. 5 yaşım olarkən Kutuzovun monoloqunu əzbərləmişdim və onu bütün yaralı əsgərlərin qarşısında söyləyirdim”.

Vaxtanqov Teatrı Omska köçəndə anası bacısına hamilə idi. Sonra ailə özü də Omska köçdü. Mixailin Tatyana adlı bacısı həmin şəhərdə doğuldu. 1954-cü ildə Mixail Şukin adına Teatr Məktəbinə daxil oldu. Onun müəllimləri Vaxtanqovun məşhur məzunları idi və Mixail onları uşaqlıqdan evlərində görmüşdü.

"Oxumağa hara getməyim haqda sual yarananda mən heç seçim üzərində düşünmədim. Elə bil ki, bir evin dalanından başqasına keçdim. Atam 48 yaşında vəfat edəndə mənim də qayğısız Arbat uşaqlığım bitdi. Ailəmizə - anama, iki bacıma kömək etmək lazım idi. Ona görə kütləvi səhnələrdə fəal iştirak edirdim. Təhsilimi də axşam məktəbinə dəyişməyə məcbur oldum. Şukin məktəbinin birinci kursunda oxuyanda kinoda ilk debütüm baş tutdu. Məni Georgi Yumatov, Mixail Ulyanov, Mark Bernes kimi aktyorların da çəkildiyi «Onlar birincilər idilər» filminə dəvət etdilər. Ümumiyyətlə, mənim kino ilə təmasım uzun müddət çəkdi”.

Derjavin ümumittifaq şöhrətinə görə teatr və kinoya borclu deyildi, baxmayaraq ki, təkcə Satira Teatrına ömrünün 50 ilini vermişdi. O, televiziyaya minnətdar idi. Aktyor "Kabaçok 13 stulyev” teleşousunda Aparıcı rolunu oynayandan sonra bu, onu əsl superulduzlardan birinə çevirdi. Tamaşaçılar onu görəndə «Stullar gəlir» - deyə qışqırırdılar. «Biz gecə-gündüz işləyir, verilişləri veriliş dalınca yazırdıq”- deyə onun tərəf müqabili Natalya Seleznyova xatırlayır: "Bəzən əsəblərimiz dözmürdü. Mişa isə gülümsəyir, yaxınlaşıb çiyinlərimi qucaqlayırdı. Bununla da vəziyyət düzəlirdi. Onunla işləmək həmişə xoş idi. Onun anadangəlmə mülayimliyi vardı. Derjavin özü isə "Kabaçoku” belə xatırlayırdı: «Bu, yumorlu proqram idi. "Verilişi istənilən an bağlaya bilərlər” söz-söhbəti də gəzirdi. Günlərin birində Leonid İliç Brejnev «Ostankino» binasının açılışına gəldi. Mən də tədbirdə iştirak edirdim. Onu jurnalistlər əhatə etmişdilər: «Leonid İliç, sizin sevimli verilişləriniz hansılardır?” – deyə soruşurdular. Ölkə rəhbəri saymağa başladı: «Əlbəttə, «Zaman» proqramı”. Birdən mənə diqqət çəkdi və «Kabaçok» dedi. Bəlkə bu bəyanata görə, biz bir neçə il də işlədik». M.Derjavin həmçinin dostu Mixail Şirvintdlə birlikdə uzun illər «Səhər poçtu» proqramını aparıb.
Macəralarla dolu həyat

Derjavinin qadınlarla münasibəti həmişə tuturdu. "Mənim macəralarım çox olub» - deyə boynuna alırdı. Mən bu barədə açıq danışa bilərəm. Çünki mənim nikahlarım arasında fasilələr var idi.

Birinci həyat yoldaşı Arkadi Raykinin qızı Yekaterina Raykina ilə teatrda tanış olmuşdu. «Biz onunla iki il nikahda yaşadıq. Sonra bizim teatrlarımızı dəyişdirdilər. Onu Vaxtanqov Teatrına apardılar, mən isə Lenin Komsomolu Teatrında qaldım. Çünki yalnız orada müharibədən bron verirdilər. Münasibətimiz də tədricən bitdi» - Mixail Mixayloviç xatırlayırdı: "Mən Katyanın atası Arkadi İsakoviçlə hətta daha əvvəldən tanış idim. Yaşadığım mənzilin əks tərəfində yaşayan təcrübəli otolarinqoloq bütün artistlərin səsini bərpa edir və onların anginasını müalicə edirdi. Raykin tez-tez həmin həkimin yanına gəlirdi”.

Derjavinin ikinci həyat yoldaşı 60-cı illərdə tanış olduğu əfsanəvi general Semyon Mixayloviç Budyonnının qızı Nina Budyonnı idi. Birinci evliliyindəki təsadüf kimi, Ninanın atası ilə də qızından əvvəl tanış olmuşdu. Budyonnı tez-tez Arbata gəlirdi. Derjavin isə hələ balaca idi və həmişə ona əl yelləyirdi: «Budyonnını heç kimlə dəyişik salmaq olmazdı – onu bığlarından tanıyırdılar. Nina məni atası ilə tanış etməyə aparand, nədənsə məndə heç bir həyəcan yox idi. Ancaq ideya baxımından bir qədər ehtiyat etməli idim. Semyon Mixayloviç qeyri-adi dərəcədə mehriban idi və yüksək yumor hissi vardı. Aktyorlarla, xüsusən də Şura Şirvindtlə şəhər kənarına onun yanına gedib qarmoşka çalanda, çox xoşlanırdı. Biz əvvəlcə Nina ilə ayrı yaşadıq. Sonra isə Semyon Mixayloviçin yaşadığı Qramovski küçəsinə köçdük. Əgər mənim Arbat uşaqlığım aktyorlar arasında keçmişdisə, demək, həm də gözümü açandan özümü ölkə rəhbərlərinin arasında görmüşdüm. Qonşularım Voroşilov, Jukov, Molotov, Kaqanoviç olmuşdu. Onlar məni teatr və kinodan tanıyırdılar. Ümumiyyətlə, bu cür insanlarla şəxsən tanış olmaq çox maraqlı idi”.

Nina Budyonnı ilə onların nikahı 18 il davam edir. Bu nikahdan doğulan Maşa adlı qızları aktyoru iki nəvə ilə sevindirir. «Son illər Budyonnı demək olar ki, kor olmuşdu və oxuya bilmirdi. Mən onun üçün ucadan qiraət edirdim” deyə aktyor əfsanəvi generalın ölümünü həmişə xatırlayırdı: "Budyonnı vəfat edəndə təbii ki, mən ailənin üzvü kimi birinci cərgədə - cənazənin arxasınca gedirdim. Dəfn mərasimi televiziya vasitəsi ilə nümayiş etdirirdilər. Necə oldusa, mən birdən televiziya rəhbərliyinin pıçıltısını eşitdim: "Aktyoru ordan rədd edin. Onun orada nə işi var?” Birdən Brejnev mənə yaxınlaşdı, qucaqladı və məni öpdü. "Derjavini iri planda ekrana gətirin” - deyə televiziya rəhbərliyinin həyəcanlı pıçıltısı yenidən eşidildi”.

Derjavin üçüncü həyat yoldaşı müğənni Raksana Babayanla təyyarədə tanış olmuşdu. "Raksana Mişanın əsil yarısı idi” - onun rəfiqəsi Natalya Seleznyova danışır: «Bir dəfə Mişa qastrolda olarkən zəng vurdu və həyəcanla «Mən füsunkar bir qızla rastlaşdım. O, elə gözəldir ki... Qaraşın və qaragözlüdür. Mən evlənirəm!” dedi. Onların nikahı 37 il davam etdi. Bu, aktyor mühitində rekord göstərici idi. «Biz Mişa ilə mübahisə edirdikmi? Yox. Biz sadəcə həmişə vəziyyət haqqında danışırdıq. Bundan sonra isə o, həmişə təslim olurdu”. Aktyorun axırıncı həyat yoldaşı deyir: «Yalnız o zaman həqiqətən mübahisə edirdik ki, o, dərmanını içməyi unudurdu və təzyiqi qalxırdı. O, bir dəfə dostu Aleksandr Şirvintdlə səhnəyə çıxanda təzyiqi 200-ə qalxmışdı. Onun səhhəti çox pis idi. Mənim qardaşım Yuri Leonidoviç onu müalicə edirdi. Başqa xəstəxanaların həkimləri də onu xilas edirdilər. Sonra bu həkimlərin hamısı onunla dostlaşırdı”.
"İnsanları sevindirməyə çalışıram”

Mixail Mixayloviç həyatın ərköyünləşdirdiyi insanlardan idi. Aktrisa Tatyana Vasilyeva onu belə xarakterizə edir: «Mişa çox problemsiz, münaqişəsiz və yüksək yumora malik idi. Onu qəbul etməyən insanlara qarşı isə qapalı idi, onları ümumiyyətlə həyatına yaxın buraxmırdı. Bu qədər yumşaqlığına və mülayimliyinə baxmayaraq, Mişa kifayət qədər qapalı insan idi. Ancaq ona "bəxti gətirən insan” demək olmazdı. Çünki o, həyatda çoxlu dərd yaşamışdı: sevimli bacısı ağır xəstələnmişdi. 2000-ci ildə Yeni ilə yarım saat qalmış anası qəfildən vəfat etmişdi. Təsəvvür edin, qonaqlar stol arxasında oturub, anası bir fincan kofe istəyir və birdən çarpayıya uzanaraq həyatdan gedir. Buna görə də o, bu cür ağır məqamları heç vaxt həyatından silə bilmirdi və bəzən xiffət edirdi”.

Yaradıcılıq gecələrində tamaşaçılar onu suallara qərq edərək, nə üçün memuar yazmadığını soruşurdular. Axır ki, Derjavin onların istəyinə tabe oldu və «Mən bəxti gətirənəm. Xatırlayıram, gülümsəyirəm və bir az da qüssələnirəm» kitabı ölümündən bir qədər əvvəl çap olundu. "Qoy memuarlar bütün həyatımın metaforası olsun, həmçinin də incəsənətdə» - aktyor deyirdi. Aktyorun pərəstişkarları üçün vəsiyyət xarakterli avtobioqrafik kitabında həyatının əsas 7 qaydası yer alıb. Onlardan ən mühümü bu idi: "Yaxşı əhval-ruhiyyənizi qaçırmayın. İnsanlar daha çox gərginlikdə yaşayırlar. Bir-birinə, cəmiyyətə, dövlətə qarşı gərgindirlər. Əgər bunun da üzərinə yeni bir sarsıntı gəlsə, tamamilə dözülməz olacaq. Ona görə mən insanları sevindirməyə çalışıram».
Derjavin bütün yaradıcılığı boyu insanları sevindirməyə cəhd etdi və bu, onda mükəmməl alındı...
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər