• cümə, 26 Aprel, 14:27
  • Baku Bakı 23°C

Həyatımızı xilas edir, yoxsa öldürür? - HƏKİM RƏYLƏRİ

18.09.21 11:15 754
Həyatımızı xilas edir, yoxsa öldürür? - HƏKİM RƏYLƏRİ
"Bütün koronavirusa yoluxan xəstələrdə tromb əmələ gəlmir, lakin şəkər, ürək xəstəliyi, ürək çatışmazlığı və ya əvvəl ürək əməliyyatı keçirmiş xəstələrdə belə hallar olur”
Son illər vaxtsız və qəflətən baş verən ölümlərin bir çoxu tromblarla əlaqələndirilir. Ürək, ağciyər damarlarının trombları daha təhlükəli sayılır. Artıq çəkili, az hərəkətli, ayaqlarına daha çox yük düşən, aşağı ətraflarda ortopedik, travmatoloji cərrahiyyə əməliyyatı keçirən insanlar tromb əmələ gəlməsi baxımından risk qrupuna daxildirlər. Trombların yaranması irsi faktordan deyil, daha çox şərait, həyat tərzindən asılıdır. 2 ilə yaxındır dünyanı cənginə alan COVID-19 virusunun da tromb əmələ gətirmək xüsusiyyəti olduğu bildirilir.
İstər-istəməz həyəcanlanmalı olurlar
Qeyd olunur ki, koronavirus trombun cəmi iki gün ərzində yaranmasına və qəfil ölümə səbəb ola bilir. Tromblar insanın immun sisteminin koronavirusa ifrat reaksiyası nəticəsində inkişaf edir. Tromblaşma xəstələrin uzun müddət süni tənəffüs aparatına qoşulu qalmasına səbəb olur və s. Bu kimi məlumatları oxuyan virusa yoluxan insanlar da istər-istəməz həyəcanlanmalı olurlar: Məndə tromb yaranıbmı? Bu, ölümə səbəb ola bilərmi? Yaxud tromb olmaması üçün nələrə diqqət etməliyəm?
Dünya ölkələrinin araşdırmaları
Niderland və Fransada həkimlərin apardıqları araşdırmalardan sonra məlum olub ki, koronavirus xəstələrinin az qala hər iki nəfərdən biri trombotik fəsadlarla qarşılaşıb. Ağır xəstələrin 70 faizindən çoxunda tromblar inkişaf edir. Tromboz bir çox pasiyentlərdə hissiyyatın itməsinin, həzm sisteminin pozulmasının və qan-damar sisteminin işində problem yaranmasının əsas səbəbidir.
Bəs tromb nədir?
Kardioloq Şəmşir Vəliyevdeyir ki, trombun orqanizmdəki funksiyası olduqca vacibdir: "Bədənimizin hər hansı hissəsi kəsildiyi zaman həmin yer qanayır. Lakin bir müddət sonra qanaxma öz-özünə dayanır. Qanaxmanın dayanmasına səbəb trombun yaranmasıdır. Bir sözlə, tromb orqanizmin müdafiə sistemidir. Lakin bu sistem həmişə bizim üçün faydalı olmur”.
Laxtalanmanın pozulması
Ş.Vəliyevin sözlərinə görə, laxtalanmanın pozulması, sadəcə koronavirus zamanı baş vermir: "Təkcə koronavirus yox, başqa virus infeksiyaları da orqanizmimizdə qanın laxtalanmasını pozur. Əslində, koronavirusa yoluxduğumuz zaman tromblaşma artmır, sadəcə, qanın laxtalanma sistemində balans pozulur. Bu səbəbdən də, aşağı ətraflardakı dərin damarlarda və venoz damarlarımızda tromb əmələ gəlir”.
Xüsusi xəstəliklər və tromb
Həkim bildirir ki, tromba koronavirusa yoluxan hər kəsdə yox, bəzi xüsusi xəstəlikləri olan insanlarda daha çox rast gəlinir: "Bütün koronavirusa yoluxan xəstələrdə tromb əmələ gəlmir. Lakin şəkər, ürək xəstəliyi, ürək çatışmazlığı və ya əvvəl ürək əməliyyatı keçirmiş xəstələrdə olur. Qadınlarda - xüsusən də, artıq çəkili xanımlarda venoz sistemində ləngimə baş verdiyi üçün tromb əmələ gəlir”.
Müalicə sistemi
Kardioloq vurğulayır ki, risk qrupunda olan şəxslər koronavirusa yoluxanda onlar üçün qanı durulaşdıran dərmanlar təyin edilir: "Bizdə COVID-19 üçün tətbiq edilən müalicə üsulları Avropa və Amerika kardiologiya cəmiyyətinin tətbiq etdiyi müalicə sistemi ilə eynidir. Biz də xüsusi xəstə qruplarına müalicə təyin edərkən, onların problemlərini də nəzərə alaraq qandurulducu preparatlar təyin edirik. Məsələn, ürək problemi olan, stend qoyulmuş, açıq ürək əməliyyatı keçirmiş xəstələrə bu cür dərman yazırıq. Bundan başqa, tromb əmələ gəlməsinin qarşısını alan dərmanlar təyin olunur”.
Xəstələrin ölüm səbəbi
İnfeksionist Mərdan Əliyev deyir ki, koronavirus damarları zədələyir və laxtalanma mexanizminə təsir göstərir: "Ağır koronavirus xəstələrini daha çox qanda trombun yaranmasından və trombemboliyadan (damar tutulmasından) itiririk. COVID-19 virusu angiotenzin çevirici ferment reseptorlarına bağlanır və xəstəliyi törədir. Angiotenzin çevirici ferment sistemi isə birbaşa damarın daxili və qan laxtalanması ilə əlaqəlidir. Damarın daxili qatı düz, hamar olmalıdır. Virus damarların daxili qatını zədələyir və qanın laxtalanma mexanizmini pozur”.
Müalicə zamanı böyük səhv
Mərdan Əliyevin sözlərinə görə, tromblaşmanın müalicəsi zamanı qan duruluğu olan xəstələrdə dozanın aşılması böyük fəsadlara gətirib çıxara bilər: "Koronavirus müalicəsi alan şəxslərdə problem olmasın deyə, profilaktik məqsədli xüsusi dərmanlar verilir ki, tromblaşma əmələ gəlməsin. Bu dərmanlar qanı duruldur. Ancaq bəzi xəstələr var ki, onlarda qan duruluğu var və qanaxmaya meyillidirlər. Bu zaman artıq o dərmanların qəbulu qanaxmaya gətirib çıxara bilir. Belə şəxslərdə bu dərmanların verilməsi zamanı diqqətli olmaq lazımdır”.
Həkimlərin sözlərinə əməl edərək özünüzü, ailənizi və ətrafınızdakı insanları mühafizə etmək üçün, virusdan qorunmaq üçün tövsiyə olunan qaydalara riayət edin.
Zərif Salmanlı
banner

Oxşar Xəbərlər