• cümə, 29 Mart, 19:04
  • Baku Bakı 14°C

“Həyatımın məqsədi Azərbaycan dövləti və vətəndaşıdır” - Fotolar

12.12.19 00:01 3443
“Həyatımın məqsədi Azərbaycan dövləti və vətəndaşıdır” - Fotolar
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət, onun ideya və idarəçilik məktəbi bu gün də Azərbaycana xidmət edir
Azərbaycanın tarixi və taleyi ümummilli lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. İstər sovetlər birliyi dövründə, istərsə də müstəqillik əldə etdikdən sonrakı illərdə məhz onun uzaqgörən siyasəti sayəsində Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş baş verib. Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, böyük siyasət və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti sadəcə ölkə daxilində deyil, dünya mətbuatında geniş işıqlandırılıb.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib. Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

Heydər Əliyev 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib. 1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd olub.

Yaşlı və orta nəsil ziyalıların, o cümlədən ictimai-siyasi xadimlərin vurğuladığı kimi, SSRİ dövründə iqtisadi tənəzzül yaşayan Azərbaycan məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə intibah dövrünə qədəm qoyub. Belə ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi seçilib. Bu, Azərbaycanın yeni tarixində güclü lider və rəhbər kimi yer tutacaq, Azərbaycanın inkişafı naminə saysız xidmətlər göstərəcək şəxsiyyətin hakimiyyətə və böyük siyasətə gəlişi idi. Ümummilli liderin 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması istiqamətində tədbirlər görülüb. Bunun nəticəsində ölkədə iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edilib. Müqayisə üçün qeyd edək ki, əgər 1969-cu ildə Heydər Əliyev rəhbər seçiləndə, Azərbaycan o zamankı SSRİ-nin ən geridə qalmış respublikası sayılırdısa, artıq iki il sonra, yəni 1971-ci ildə Azərbaycan inkişafın sürətinə görə SSRİ-də ən qabaqcıl bir respublikaya çevrilib.

1982-ci ilin dekabrında Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib. Azərbaycan xalqı öz milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar edib. Xalqının dar gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıdıb. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılayaraq, həmin günü Milli Qurtuluş günü kimi müstəqil Azərbaycanın tarixinə yazıb. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb. 2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub. Qədirbilən xalqımız Azərbaycan qarşısında böyük xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini hər zaman hörmətlə yad edir. Hər ilin 12 dekabr tarixində - ümummilli lider Heydər Əliyevin anım günündə Azərbaycan ictimaiyyəti Fəxri Xiyabana axışır, dünyaşöhrətli siyasətçinin məzarını ziyarət edərək ona sonsuz hörmət və ehtiramını ifadə edir.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaradıb. 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyevin mükəmməl idarəçilik məktəbi sayəsində ölkəmiz keçid dövrünün çətin labirintlərindən uğurla çıxıb. 1996-cı ildən Azərbaycan yenidən dirçəliş mərhələsinə qədəm qoyub. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artıb, ölkədə 3 min yeni sənaye müəssisəsi yaradılıb.


2003-cü ilin dekabrında cismən bizlərdən ayrılan ümummilli lider Heydər Əliyev ruhən daim bizlərlə bir yerdədir. Heydər Əliyevin əsasını qoyduğu yol, onun tərəfindən müəyyənləşdirilən siyasət, ulu öndərin ideya və idarəçilik məktəbi 2003-cü ildən sonra da Azərbaycana xidmət etməkdədir. Dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı Heydər Əliyev yolu ilə apararaq regionun lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevirib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli ulu öndər Heydər Əliyevin böyük zəka və iradə ilə zamanı sadəcə idarə etmədiyini, onu qabaqlayaraq irəli apardığını söyləyib. Bildirib ki, Heydər Əliyevin simasında şəxsiyyətin miqyası mövcud cəmiyyətin səviyyəsindən yuxarıda dayanıb və onun inkişaf yollarına işıq salıb: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin tarixində öz epoxasını yaratmış qüdrətli tarixi şəxsiyyətdir. Ölkəyə rəhbərlik etdiyi 1969-1982 və 1993-2003-cü illər çoxəsrlik Azərbaycan tarixinin Heydər Əliyev epoxası dövrüdür. Heydər Əliyevin dönməz dövlətçilik mövqeyi, şəxsiyyətindəki qətiyyət, uzaqgörənlik və zəngin təcrübəsi onun gənc Azərbaycanda xilaskarlıq missiyasını uğurla həyata keçirməsinə imkan yaradıb. Müstəqilliyin başlanğıc illərində ayrı-ayrı məkrli qüvvələr tərəfindən törədilmiş dövlət çevrilişi cəhdləri zamanı ölkə başçısı Heydər Əliyevin müraciətinə bütünlüklə qoşulan Azərbaycan xalqı, sözün əsl mənasında, şəxsiyyətin ətrafında birlik və mütəşəkkillik nümayiş etdirib. Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyi bütün mümkün təhlükələrdən xilas edib, ölkədə ictimai-siyasi sabitlik yaradıb və gələcək böyük inkişafın möhkəm təməllərini formalaşdırıb. Onun müstəqil Azərbaycana rəhbərlik etdiyi on il ərzində, Azərbaycan normal inkişaf templərinə malik olan və dünyada öz sözü ilə seçilən müstəqil bir dövlət kimi qəbul olunub.Bu gün bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyev yorulmaz və məqsədyönlü fəaliyyəti ilə böyük sürətlə və hərtərəfli şəkildə inkişaf edən müstəqil dövlətimizin, xalqımızın inkişaf yollarına yeni, parlaq və qiymətli səhifələr əlavə edir”.


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad etdiyini dilə gətirib. Qeyd edib ki, ulu öndərin müdrik və uzaqgörən idarəçiliyi sayəsində bu gün Azərbaycan xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda mətin addımlarla irəliləyən, demokratik təsisatların təşəkkül tapdığı müasir ölkədir: "Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan müstəqilliyə qovuşub. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, - deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, milli dövlətçiliyin konsepsiyasını yaradıb. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub”.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev deyib ki, ulu öndər Heydər Əliyev fədakar əməyi, xalqına, vətəninə sonsuz məhəbbəti, sivil dövlət quruculuğu istəyi və yüksək peşəkarlığı, uzaqgörənliyi sayəsində Azərbaycan tarixində özünə əbədiyaşar heykəl qoyub. Onun sözlərinə görə, Azərbaycanın bütün uğurlarında Heydər Əliyevin qoyduğu təməl görünür: "Ulu öndər Heydər Əliyev, sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaradıb. Bəlkə Tanrının da əlini üzdüyü bir dövləti dağılmaqdan, xırda xanlıqlara parçalanmaqdan qurtarıb. Əsl demokratik, vətəndaş cəmiyyətinin əsasını qoyub və inkişaf istiqamətinə yönəldib. O, bizə təkcə müasir, əbədiyaşar dövlət əmanət etməyib. Həm də zərgər dəqiqliyi ilə qurduğu dövlətimizi gələcəyə inamla apara biləcək davamçı bəxş edib. Bu, Prezident İlham Əliyevdir. Onun rəhbərliyi altında Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub”.
Alpər TURAN

banner

Oxşar Xəbərlər