AZE | RUS | ENG |

Həyatı bir mükafat olaraq qəbul etdi

Həyatı bir mükafat olaraq qəbul etdi
Həyat mükafatının vəkili oldu

Həyat hər bir insana verilmiş mükafatdır. Bu mükafatın müqabilində hər bir kəs özünü, daha doğrusu, həyatını layiqli bir işə həsr etməli, fəaliyyət göstərməli, bütün ömrü boyu əzab-əziyyətdən, çətinlikdən qorxmamalıdır. Əzab-əziyyətin, zəhmətin sonunda insanı mükafat gözləyir. Mükafatı əldə etmək üçün dözmək və yenə də dözmək lazımdır. Ən böyük mükafat sahibləri öz işlərinin peşəkarı olub, bir peşəkar kimi bütün çətinliklərə dözüblər. 

Bax, Nizami Xudiyev də bu həyatı bir mükafat olaraq qəbul etdi, həyat mükafatının vəkili oldu.

İnsan həyatı möcüzələrlə dolu gerçək bir romandır. Həyatın hər bir anı, hər bir dövrü, hər bir mərhələsi böyük bir romanın bölünməz hissəsi və parçasıdır. İnsan həyatının romanı yazılan romanlardan heç də təsirsiz və gücsüz deyil. Əksinə, bəlkə də yazılan romanlardan daha  təsirli, daha güclüdür. İnsanların öz həyat romanlarının müəllifləri özləridir. Əsas mətləbdən uzaqlaşmadan öz həyat romanını yaradan  və yaşadan, ömrünün ixtiyar çağında yaşayan Nizami Manaf oğlu Xudiyevin həyat və yaradıcılıq yoluna, roman ömrünə bir işıq salmaq istərdik. Nizami Manaf oğlu Xudiyev 1949-cu ilin aprel ayının 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda dünyaya gəlib. Onun uşaqlıq illəri, özünün də qeyd etdiyi kimi, görkəmli şairimiz Məhəmmədhüseyn Şəhriyarın keçirdiyi uşaqlıq illərinə bənzəyir. Məhəmmədhüseyn Şəhriyarın duyduqlarını, gördüklərini, yaşadıqlarını hər bir uşaq kimi o da duymuş, görmüş və yaşamışdır. O da uşaqlar kimi ağac budağını at kimi minmiş, "Dirədöymə”, "Yoldaş, səni kim apardı?” oyunlarını oynamış, nənələrin və anaların çaldığı laylaya, nağıla qulaq asmış, beləcə, uşaqlıq illərini yaşamışdır. Onun həyatdakı gələcək uğurlarının təməli, beləcə, uşaqlıqdan başlamışdır. Öz borcunu başa düşmək, məsuliyyətini dərk etmək hissləri uşaqlıqdan onun mənəvi dünyasının kredosu olmuşdur. Fiziki və əqli cəhətdən sağlam olmaqla yanaşı, dünyanın ən gözəl guşələrindən biri olan Şahbuzda anadan olmaq Nizami Xudiyevin mənəvi aləminin zənginləşməsində heç də az rol oynamamışdır. Onun vətənə olan sevgi hissləri Şahbuzun Badamlı kəndindən, onun əsrarəngiz təbiətindən başlayıb. Zaman keçdikcə bu hisslər Azərbaycanın  dilbər və qədim tarixə malik guşələrindən biri olan Naxçıvan adlı məkana, daha sonra Azərbaycana boy verib. Dünyanı sevmək üçün birinci növbədə öz vətənini, ata-baba yurd yerini, dünyaya göz açdığın məkanı sevməlisən. Dünyaya göz açdığın məkanın tarixi, mədəniyyəti, özünəməxsusluğu kainat haqqında fikrin, düşüncənin formalaşmasında mühüm rol oynayır. Nizami Xudiyevin Azərbaycana sevgisi və dünyəviliyi Əshabi-Kəhfin, Nuh Nəbi xatirəli İlandağın, Ağrıdağın, türk-oğuz düşüncəli Gəmiqayanın, Oğlanqalanın, Qorqudların, Babəklərin, Atabəylərin, Əcəmilərin, Nəimilərin ruhu ilə silahlanıbdır. Hüseyn Caviddən, Məmməd Səid Ordubadidən, Cəlil Məmmədquluzadədən, Məmməd Arazdan və digər görkəmli şəxsiyyətlərdən, Ulu öndər Heydər Əliyevdən güc alıbdır.
Nizami Xudiyevin  ailəsi çox sadə, başqalarından o qədər də fərqlənməyən bir həyat tərzi keçirib. Atası  müəllim, anası isə ailəsinə, qohum-əqrəbasına möhkəm tellərlə bağlı olan, kirpiyi ilə qor götürən, əzab-əziyyətə qatlaşan xanım-xatın bir qadın olub. Atası Manaf Xudiyevin İkinci Dünya müharibəsindən qayıtdıqdan sonra "Sosializm maldarlığı” qəzetinə redaktor təyin edilməsi, sonra Bakıda Partiya Məktəbini bitirən kimi Şahbuz rayon partiya komitəsinin ikinci katibi seçilməsi, daha sonra Naxçıvanda çıxan "Şərq qapısı” qəzetinə redaktor təyin olunması onun böyük nüfuza malik olmasından və işgüzarlığından  irəli gəlirdi. Nüfuz və işgüzarlıq Mənaf  Xudiyevi həmişə  etimad sahibi etmişdir. Bu etimadın sayəsində onun evi, ocağı həmişə qonaq-qaralı olmuşdur. Respublikamızın ən görkəmli alimləri, şairləri, yazıçıları, dövlət xadimləri tez-tez onun qonağı olmuş, ocağının başına toplaşmışlar. Nizami Xudiyev qonaq-qaralı bir evdə çox maraqlı söhbətlərin şahidi olmuş, uşaqlıq xatirələrində dərin iz buraxmış hadisələri indiyə qədər qəlbində yaşatmışdır. Onun evlərində gördüyü və qarşılaşdığı insanlardan öyrəndikləri sonradan həyat yoluna işıq salmaqda heç də az rol oynamamışdır. Nizami Xudiyev Rəsul Rzanı, Cəfər Xəndanı, Süleyman Rəhimovu, Əli Vəliyevi, Mehdi Hüseyni, Əbdülhəsəni, Osman Sarıvəllini, İslam Səfərlini, Məmmədsəlim Tahirlini, Fərhad Fərhadovu, Cavad Bağırovu (Mirzə Cavadı) və digərlərini ilk dəfə doğma ata-baba ocağında görmüş, onların söhbətlərinə qulaq asmış, suallarına cavablar vermiş, bir-birindən mənalı xatirələri isə indiyə qədər müqəddəs xatirələr kimi hafizəsində yaşatmışdır. Manaf müəllim oğlunun orta məktəbdə mükəmməl təhsil alması üçün əlindən gələni əsirgəməmişdir. Təsadüfi deyil ki, çox-çox sonralar, 60 yaşı tamam olandan sonra Nizami Xudiyev borclu olduğu atası və orta məktəb müəllimləri barədə demişdir: "Bütün bunlara görə, mən ilk növbədə atama borcluyam, sonra böyük qayğılarını bizdən əsirgəməmiş orta məktəb müəllimlərimə: Əbülhəsən Cəlilova, Camal Məmmədova, Məmməd Nəcəfova, Gülü İbrahimovaya, Elman müəllimə, Leyli Gəncəliyə, Abdulla müəllimə, Rəhim müəllimə, Ceyran müəllimə...”

Ədəbiyyat üzrə Nobel mükafatçısı Uilyam Folkner Nobel nitqində deyirdi: "Mən buna inanıram ki, insan nəinki axıracan dözəcək, o həm də zəfər çalacaq. İnsan ona görə ölümsüz deyil ki, onun səsi heç zaman tükənməyəcək, ona görə ölümsüzdür ki, onun öz təbiəti etibarı ilə acımaya, qurban getməyə, yenilməzliyə qadir qəlbi, ruhu var”.

 Doğrudan da yenilməzliyə qadir qəlb, ruh insanı bütün məqsədlərini çin etməyə doğru aparır. 

Nizami Xudiyev 1966-cı ildə Cəlil Məmmədquluzadə adına Şahbuz qəsəbə orta məktəbini bitirdikdən sonra sənədlərini V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə təqdim edir. O, tələbə adını qazanır.  Qrup komsomol təşkilatının katibi seçilir. 1968-ci ildə fakültə komsomol təşkilatının katibi olur. Əla qiymətlərlə oxuduğu üçün 1969-cu ildə "Nizami” adına təqaüdə layiq görülür. 1970-ci ildə filologiya fakültəsinin məzunu olur. O, tələbəlik illərində görkəmli alim-müəllimlərdən dərs alır, onların gərəkli həyat təcrübələrini, məsləhətlərini əxz edir.  Əbdüləzəl Dəmirçizadədən, Məmmədhüseyn Təhmasibdən, Feyzulla Qasımzadədən, Ağamməd Abdullayevdən, Fərhad Fərhadovdan, Cavad Bağırovdan, Afad Qurbanovdan, İsmayıl Şıxlıdan, Əhəd Hüseynovdan, Azər Hüseynovdan, Əbdül Əlizadədən, Həsən Mirzəyevdən, Paşa Əfəndiyevdən, Xeyrulla Məmmədovdan və digərlərindən aldığı mükəmməl bilik, məsləhət, təcrübə həmişə ona dayaq olur. O, bu görkəmli alimlərin, müəllimlərin ona dərs deməsini bəxtinin gətirməsi, Allahın ona verdiyi şans kimi qəbul edir. Bu müəllimlərin, alimlərin hər biri barədə  onun hafizəsində tələbəlik illərindən xoş xatirələr yaşayır. 

Nizami Xudiyev professor Əbdüləzəl Dəmirçizadədən "Tarixi qrammatika”, "Azərbaycan ədəbi dilinin tarixi” fənlərinin, Feyzulla Qasımzadədən "XIX əsr Azərbaycan ədəbiyyatı” Zeynal Tağızadədən "Müasir Azərbaycan dili” fənninin, Məmmədhüseyn Təhmasibdən folklorun, İsmayıl Şıxlıdan xarici ölkələr ədəbiyyatının sirlərini öyrənmişdir. O, bu görkəmli alim-müəllimlərdən rəftar, davranış, fədakarlıq, prinsipiallıq və digər çoxlu müsbət keyfiyyətlər əxz etmişdir.

Nizami Xudiyev tələbəlik illəri barədə yazır: "Tələbəlik illəri həqiqətən ömrümüzün ən əziz və unudulmaz bir parçasıdır. Bu zaman kəsiyində nə baş verirdisə, hamısı mənim üçün doğmadır. O illəri xatırladıqca, istər-istəməz onları bir daha yaşamağı arzulayırsan. Amma heyf ki, o illəri bir daha geri qaytarmaq olmur. Bu, ilahi təbiətin yazdığı qanundur, onu pozmaq insanın qüvvəsi xaricindədir”. Ancaq yerində saymaq olmur, həyat öz axarında davam edir. Nizami Xudiyevin də axarlı həyatı tələbəlik illərindən sonra elmə, elmi-pedaqoji fəaliyyətə yön alır.

Nizami Xudiyev filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirir. İnstitut Elmi Şurasının qərarı ilə "Azərbaycan dilçiliyi” kafedrasında müəllim vəzifəsində saxlanılır. Hələ tələbəlik dövründən professor Əbdüləzəl Dəmirçizadənin etimadını qazanmış Nizami Xudiyev onun məsləhəti ilə "Qədim türk yazılı abidələri”, "Müasir Azərbaycan dili”,  "Dialektologiya”, "Dilçiliyə giriş”, "Üslubiyyat”, "Azərbaycan ədəbi dil tarixi” fənlərindən dərs deyir. Ancaq qarşıda onu hərbi xidmət gözləyir. O, 1972-1973-cü illərdə Tbilisi və Xankəndində hərbi xidmətdə olur. 1977-ci ildə ailə qurur, 1978-ci ildə "Abdulla Şaiqin nəsr dili” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edir. O, elmi-pedaqoji fəaliyyətinin imkanlarından daha səmərəli istifadə edir. "Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişaf qanunauyğunluqları (Sovet dövrü)” mövzusunda doktorluq dissertasiyası Koordinasiya Şurasında təsdiq olunur. 1979-cu ildə yekdilliklə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) Həmkarlar İttifaqı Komitəsinin sədri seçilir. Bu seçkili vəzifədə 1991-ci ilə kimi fəaliyyət göstərir. 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edir və bir müddətdən sonra professor vəzifəsinə layiq görülür. Doktorluq dissertasiyasının müdafiəsindən sonra onun məsuliyyəti birə-beş artır. O, dilçiliyin az işlənmiş sahələrini, problemlərini tədqiq edir. Müntəzəm olaraq bir-birinin ardınca "Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişafı”, "Azərbaycan ədəbi dilinin zənginləşmə yolları”, "Yazıçı dili və üslubu”, "Azərbaycan ədəbi dilinin sovet dövrü”, "Tərcümə ədəbiyyatı və ədəbi dilimiz”, "Azərbaycan ədəbi dilinin təşəkkülü”, "XIII-XVI əsrlər Azərbaycan ədəbi dili”, "XV-XVI əsrlər Azərbaycan ədəbi dili”, "Azərbaycan milli ədəbi dilinin yaranması və inkişafı”, "XX əsr Azərbaycan ədəbi dili” və s. kitablarını çap etdirir. Moskva, Nalçik, Bişkek, Ufa, Aşqabad, Daşkənd, Alma-Ata, Ankara, İstanbul, İzmir, Adana, Konya və başqa şəhərlərdə keçirilən qurultay və simpoziumlarda iştirak edir, məruzələrlə çıxış edir. Nizami Xudiyev 1991-1994-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (indiki ADPU-nun ) birinci prorektoru, 1994-1996-cı illərdə isə həmin universitetin rektoru vəzifəsində işləyir.

1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi bir zərurət və tələbat kimi tarixi reallığa çevrildi. Ulu öndərin silahdaşı olmaq Nizami Xudiyevin də qisməti, bəxt yazısı oldu. O, 1996-cı ildə Heydər Əliyevin fərmanı ilə məsul bir dövlət vəzifəsinə – Dövlət Teleradio Verilişləri Şirkətinin sədri vəzifəsinə təyin olundu. Düz on il ölkəmizin bir nömrəli ideoloji mərkəzinə rəhbərlik etdi. Onun rəhbərliyi dövründə "Turan”, "Azərbaycan dili”, "Vətəndaş”, "Türk elləri”, "Yallı”, "Qala”, "Karvan”, "Buta”, "Qobustan”, "Səhər” proqramları ən populyar proqramlar olmaqla, geniş ictimaiyyətin maraq dairəsinə çevrildi. 

Nizami Xudiyev 60-dan çox monoqrafiyanın, dərslik və dərs vəsaitinin, 400-dən çox elmi məqalənin, 50-dən çox sənədli televiziya filmlərinin ssenari müəllifidir. Onun elmi-pedaqoji fəaliyyəti ən yüksək mükafatlarla qiymətləndirilib. 

İnsan övladı həqiqəti görməyi bacarmalıdır. Nəzərə almalıdır ki, həyatda zərgər dəqiqliyi ilə ölçüb-biçənlər, siyasətdə də irəli gedə bilirlər. 

Nizami Xudiyev görkəmli mütəfəkkir alim Nəsirəddin Tusinin bu fikrini həyat və fəaliyyətində uca tutub: "İnsanı dörd şey hörmətli edər: doğruçuluq, ədəblilik, elmlilik və xoşxasiyyətlilik”. O bu dörd elementi vəhdət halında həyat və fəaliyyətinin, eləcə də prinsiplərinin kredosuna çeviribdir. Millət vəkili-xalq elçisi adının məsuliyyətini və bunun bütün rütbələrdən, vəzifələrdən, təltiflərdən ən yüksəkdə dayanan bir ad olduğunu yaxşı bilib. 1995-ci ildən 2010-cu ilədək, üç çağırış millət vəkili kimi fəaliyyət göstərib. O, deputatlıq fəaliyyəti dövründə üzərinə düşən çətin, ancaq son dərəcə şərəfli vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışıb. 

Nizami Xudiyev bu gün vaxtilə professor Bəkir Çobanzadənin, professor Əbdüləzəl Dəmirçizadənin, professor Afad Qurbanovun rəhbərlik etdikləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışır. Tələbələrinin elmi biliklərə yiyələnməsində böyük şövqlə işləyir, mühazirə və seminarlarını aparır, doktorant və dissertantlarını yetişdirir. Özünün də etiraf etdiyi kimi, Azərbaycan Dövlət Pedaqoji Universiteti onun üçün ziyarət etdiyi Məkkə, Mədinə və Kərbəladan sonra ikinci qibləgahıdır. Bu qibləgahda o, müəllimlərindən, xalqımızın görkəmli alimlərindən çox şeylər öyrənmiş, öz elmini, təcrübəsini təkmilləşdirmiş və inkişaf etdirmiş, müxtəlif vəzifələrdə çalışmışdır. Nizami Xudiyev üçün Azərbaycan Dövlət Pedaqoji Universiteti həm də ona görə əzizdir ki, onun atası, əmisi, dayısı, bacısı bu universitetin məzunu olmuşlar. Ona, yüz yaşın ərəfəsində olan bu qocaman elm və təhsil ocağında 52 il oxumaq və işləmək səadəti verilibdir. 

Nizami Xudiyevin ictimai-siyasi mövqeyi və fəallığı da əbədidir, dönməzdir. O, ölkəmizin əsas və aparıcı partiyası olan Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Mətbuat və İctimaiyyətlə Əlaqələr Komissiyasının sədridir. Respublikamızın  ictimai-siyasi həyatında fəal iştirak edir. Bir sözlə, həyat davam edir. İnanırıq ki, 70 yaşlı Nizami Xudiyevin gözəl və mənalı günləri hələ qarşıdadır. Hər şey Tanrının əlindədir. Tanrı köməyiniz, 70 yaşınız mübarək olsun.
 
Buludxan Xəlilov, 
filologiya üzrə elmlər doktoru, professor
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN