Həyat tərzindən doğan xroniki yorğunluq: “Tükənmişlik sindromu”
İnsan həvəslə hansısa işə başlayır, çox fədakarlıqla çalışır, sonra birdən-birə ruhdan düşür. Ətraf onun üçün əhəmiyyətsiz olur, getdikcə özündə passivlik və laqeydlik, daxilində bir boşluq hiss edir, qarşıya qoyulan məqsədlər maraqsız görünür.
Mütəxəssislər həmin prosesi "emosional yanma” və ya "tükənmişlik sindromu” adlandırırlar. "Emosional yanma” sindromu deyəndə insanda emosional, zehni və fiziki yorğunluqla müşahidə olunan psixi proses nəzərdə tutulur.
Həmin sindromun müşahidə edildiyi hallar barədə məlumat verən psixoloq Ruhiyyə RüstəmovaAZƏRTAC-a deyib: "Nəzərə alaq ki, "emosional yanma” sindromu genetik də ola bilər və həyat tərzindən əldə edilmiş xroniki yorğunluq sindromu nəticəsində də yarana bilər. Bu, gündəlik ritmlərin düzgün qurulmaması nəticəsində daha qabarıq şəkildə özünü göstərir. Bu baxımdan insanlar aqressiv olduqları və özlərini depressiyada hiss etdikləri halda mütləq şəkildə onun səbəbini araşdırmalı və orqanizmdə sağlamlıq problemləri yaşadığı halda mütəxəssislərə müraciət etməkdən çəkinməməlidirlər”.
Psixoloqun sözlərinə görə, tükənmə zamanı işin əvvəlində insanı cəlb edən motivasiya artıq ona heç bir təsir göstərmir. Həmin vəziyyətdə orqanizm stresə reaksiya verir və müxtəlif yollarla onun öhdəsindən gəlməyə çalışır: "Yalnız böyüklər arasında deyil, yaş dövrünə uyğun olaraq daha çox 30-35 və 60-65 yaşından sonra qabarıq şəkildə özünü göstərirsə, hazırkı dövrdə ailədən və yaxud cəmiyyətdən qazandığı özünəinam hissinin azlığı və aqressiya nəticəsində azyaşlı uşaqlarda da "emosional tükənmə” sindromu yarana bilər”.
Mütəxəssislər bildirirlər ki, monoton həyat tərzini dəyişməklə "tükənmişlik sindromu”ndan azad olmaq, kinoya getmək, səyahətə çıxmaq, öz xəyallarına vaxt ayırmaq və iş prosesinə rəngarənglik qatmaqla ondan xilas olmaq mümkündür. Bundan başqa neqativ emosiyaların öhdəsindən gəlməklə də həmin sindromdan yaxa qurtarmaq olar.