• çərşənbə axşamı, 19 mart, 10:35
  • Baku Bakı 8°C

Həyat başqa çıxış yolu qoymursa...

20.05.19 11:00 1416
Həyat başqa çıxış yolu qoymursa...
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi, filologiya elmləri doktoru, professor Əsgər Rəsulovdur. Əsgər müəllimin sevdiyi əsər Əlabbasın "Qaraqovaq çölləri” romanıdır.

– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Əlabbasın "Qaraqovaq çölləri” romanı sizin sevdiyiniz əsərdir?
– Təxminən 10 il əvvəl oxuyub, haqqında geniş məqalə yazdığım roman bəşəriyyəti daima düşündürən və ədəbiyyatın yüzillərdir fəlsəfəsini açmağa çalışdığı müharibə və insan taleyi mövzusunun, SSRİ-nin süqutu ilə dünyanın tamamən yeni və dərki müşkül bir ictimai-siyasi-iqtisadi formasiyaya doğru sürükləndiyi 80-ci illərin sonu 90-cı illərin əvvəlində ölkəmizdə baş verən taleyüklü hadisələr fonunda mənəvi-psixoloji tənəzzülün son dərəcə uğurlu bədii-estetik təqdimatıdır. Romandakı hadisələr məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ərəfəsi və ilk illərində cərəyan edir. Yazıçının sözlərilə desək, bu, o dövr idi ki, "dünya qarışmışdı, ağzını açan millət söhbəti” eləyir, insanların bir qismi "azadlıq” şüarı ilə dildə, digər bir qismi könüllü dəstələrdə döyüşməklə əməldə, bəzi fürsətkeş məmurlar isə kabinetlərdə oturub özünüifadə və özünütəsdiqə çalışırdı. Məhz sözügedən zaman diliminin və məkanın xaotik mühiti yeni nəslin özünüdərk prosesində əvəzsiz rol oynayan əsərin mövzusu və məramını, ideya-məzmun qatını, obrazların danışıq və davranış motivasiyalarını, monoloq və mükalimələrinin mündəricəsini diktə edir. Romanı oxuduqdan sonra Əlabbasın sənətkarlığını bir daha təqdir və təsdiq edirsən ki, bu mürəkkəb dövrün və taleyüklü hadisələrin bədii şərtiliklər çərçivəsində idrakı və mənalandırılması yalnız bu cür ola bilərdi. Ustad nasir konkret zaman və məkanda baş verən faciəvi hadisələrin bədii-estetik inikası üçün mükəmməl süjet formalaşdırıb, romanın kompozisiyası mənəvi-psixoloji təzadların zərgər dəqiqliyi ilə qarşılaşdırılması üzərində qurulub. Bədii üsullar kifayət qədər peşəkar, hadisə və əhvalatların təsviri canlı, obrazların təqdimatı güclü və dolğun, xarakterlərin formalaşması prosesi təbii və məntiqli, mətnin dili və üslubu özünəməxsus, lirik və rəvan, təhkiyə dinamik, axıcı və şairanə, yazıçının məramı aydın və mətləbi lakonikdir.
– Əsərdə yazıçı ailəyə üz vermiş müsibətin həll edilməsi üçün fərqli mübarizə üsullarını Əlibəylilərin oğulları olan İmdad və Əfsunun timsalında göstərir. Siz Əfsunun seçdiyi mübarizə üsulunu düzgün hesab edirsinizmi, belə vəziyyətdə daha başqa cür necə davranmaq olardı?
– Əlabbas bir ailənin və kəndin müsibəti timsalında bir yazıçı kimi onu düşündürən suallara cavab axtarır, ümumbəşəri problemlərin bədii həllinə çalışır. Bu fani dünyada əmin-amanlıq və hüzur içində yaşamaq, sevmək və sevilmək varkən, insanları müharibəyə, ölüb-öldürməyə sövq edən səbəb nədir? Necə olur ki, toyuq başı kəsə bilməyən məxluq, gün gəlir, əlinə silah götürüb insan canı ala bilir; qandan qorxan adam başqası öldürüləndə sakitcə onun tamaşasına durur; Yüzillərdir qonşu kimi öz halalca torpağını, suyunu, çörəyini paylaşdığın bir xalq sənin millətinə düşmən kəsilir; necə olur ki, torpağın düşmən tapdağında, qız-gəlinin namusu ayaqlar altında ikən, bütövlükdə millətin varlığının və dövlətin suverenliyinin itirilməsi təhlükəsinin real olduğu bir şəraitdə, insanlar öz fərdi problemlərini düşünmək qəfləti və cəhaləti içində yaşaya bilirlər? Əlbəttə, mən bütün hallarda, intihara qarşıyam. Amma həyat başqa çıxış yolu qoymursa və əsərdə təsvir edilən hadisələrin sağlam məntiqi bunu deyirsə, Əfsunun seçdiyi mübarizə üsuluna, o cümlədən, intiharına etiraz edə bilmirsən...
– Əsərdə belə bir məqam diqqəti çəkir. Müharibədə iştirak etmək istəmədiyi, döyüşdən boyun qaçırdığı üçün təqibə məruz qalan erməni əsgəri Əfsundan yardım istəyir. Əfsun gəncin dediklərinə inanmayaraq onu öldürür. Daha sonra isə gəncin "Evimizi, anamı istəyirəm. Qarabağ hardadır, yerini də bilmirəm” deməsi fikirlərini alt-üst edir. Əfsun günahsız bir adamı öldürür. Sizcə, Əfsunun başına gələn müsibətlərin, etdiyi bu günahla əlaqəsi varmı?
– Ailələrində qardaşı İmdaddan başqa, demək olar ki, hamı qılıncdan keçirilib. Bacısı Əfruz isə düşmən əlindədir. Müharibənin öz qanunları var. Bu hadisənin bir çox məqamları gerçək olaylara əsaslanır. Müəllifin də ön sözdə yazdığı kimi, Əfsunun prototipi olan igid eloğlumuz Natiq Qasımovun göstərdiyi şücaətlərin bəzi məqamlarını xatırlamaq yerinə düşər ki, sualın cavabı aydınlaşsın.
– Əsərdə, kənd əhalisinin Azərbaycan qadınının şəhid olmağını əsirlikdə qalmaqdan daha üstün tutması, geri qayıtmış qadına birmənalı yanaşılmaması nə dərəcədə doğrudur? Sizcə, Əfruz Əfsunun sağlığında geri qayıtsaydı, qardaşı, kənd camaatının onda yaradacağı fikir ayrılığı nəticəsində bacısını öldürərdimi?
– Əlabbas bu suala romandan 17 il əvvəl, hələ 1992-ci ildə qələmə aldığı "Gözəl” hekayəsində cavab verib. Oxşar situasiya həmin hekayənin əsas qayəsi idi. Bacısı əsirlikdən qayıdan qardaş – Elxan, –nə qədər qəribə görünsə də, onun ölümünü hamıdan çox arzulayır, bir vaxtlar dərdindən dəli-divanə olan və o günəcən məhz ona görə evlənməyən sevgilisi Seymur indi onun salamını belə almağı özünə rəva bilmir... Ehtimal ki, Əfruz Əfsunun sağlığında geri qayıtsaydı, Əfsun romanda olduğu kimi yenə də intihar edər, ya da Əfruzun intiharını görüb, "Gözəl” hekayəsinin finalındakı kimi, "ba-cı!...” deyə bütün kəndi lərzəyə salacaq səslə bağırardı...
– Zülfü müəllimin Əfsuna Əfruzun əsirlikdən qayıdıb gələcəyi təqdirdə hamının onun haqqında fərqli fikirlər düşünə biləcəyini deməsinin əsas səbəbi nə idi? Sizcə, Zülfü müəllim, əslində, bununla Əfsunu, başına açdığı təhlükəli işlərdən uzaq tutmağa çalışırdımı?
– Bəli. Həm də unutmayaq ki, Zülfü müəllim onu dolayısı ilə başa salmaq istəyirdi ki, Əfruzun azad olunması onun, yəni Əfsunun, həm də Əfruzun özünün bəladan qurtulması demək deyil. "Elə bilmə, sabah əsirlikdən azad olunan hər hansı qadına camaatın bəslədiyi məhəbbət əvvəlkinin eyni olacaq. Yox. Əsir düşmək faciədirsə, qayıtmaq ondan beşbetər ağır faciədir. Mən bilən, nə dediyimi yaxşı başa düşürsən...” Zülfü müəllimin anlatmaq istədiyi situasiyanın mürəkkəbliyi də bundadır. Bəs onda Əfsun nə üçün çarpışır? Müəllifin məqsədi də məhz bu məqama işıq tutmaq, müharibənin gətirdiyi fəlakətləri ortaya qoymaq idi. Hansı üzünə döndərsən, bir-birini əvəz edən çıxılmaz fəci olaylarla qarşılaşırsan.
– Əsərdə Əfsunun hiyləyə əl atdığına, başqa bir günahsızın yaralanmasına, əziyyət çəkməsinə səbəb olduğuna şahid oluruq. Sizcə, Əfsunun əl atdığı bütün bu tədbirlər həqiqətən, bacısı üçün idi, yoxsa şüuraltı özünü təsdiq üçün atılmış bir addım?
– Hiss etdiyim qədəri ilə, müəllif Əfsunun özünütəsdiq məqamı üçün əlavə yozumlara qətiyyən əlyeri qoymayıb. Bütün canı, qanı ilə torpağa, vətənə bağlı olan qeyrətli bir övlad haqda bunu hansı əsasla demək olar? Onu sovet ordusundan, xidmət etdiyi uzaq Xabarovskdan çəkib gətirən də yurd-yuva təəssübü idi. Onda Əfsunun nə atasının, nə anasının ölümündən, nə də Əfruzun əsir götürüldüyündən xəbəri vardı.
– Sizcə, bu əsərdə ideal obraz olaraq kimi səciyyələndirmək mümkündür?
– O mürəkkəb dövrün ən ideal obrazlarından biri məhz Əfsun olmalı idi. Əksinə, bu cür xarakterik obrazların olmaması ədəbiyyatımızda miyanə, loyal və qeyri-ciddi tiplərin meydan sulamasına gətirib çıxarır. Ədəbi tənqidçi Vaqif Yusiflinin "Əlabbasın qiyamçı obrazları” rəyi başdan-başa bu məsələyə həsr olunub. Onun problemə dair müşahidələrini məmnuniyyətlə bölüşürəm.
– Əfsunun hər kəsə, xüsusən də dövlət adamlarına üsyankar mövqedə durması, sizcə, nə dərəcədə düzgündür?
– Bu, Əfsunun içində olduğu məkan, zaman və hadisələrin diktəsindən və özünün dəliqanlılığından, ruhundakı üsyankarlığından qaynaqlanır. Bu faktdır ki, bəzi hallarda yerlərdə qazilərə qarşı sayğısızlıq, şəhid ailələrinə layiq olduqları diqqəti göstərməmək, haqq-ədalət mizan-tərəzisinin pozulması kimi hallar baş verib. Səfurə müəllimə ona görə Əfsuna ürək-dirək verir ki, sənin kimilərin qiymətini o, bu yox, zaman özü verəcək. Arxayın ol, mənim balam, o əllərə qandal yox, öpüş yaraşır...
– Müstəntiqi "Elə ab-hava yaratmısınız ki, vətən deyəndə ilk növbədə adam yalnız evini fikirləşir” deyərək ittiham edən Əfsunun, əslində özünün də vətən anlayışının bacısından ibarət olduğunu görürük. Əsərdə vətənin azad olunması üçün deyil, sadəcə bacısını xilas etmək adı ilə özünü sübuta yetirməyə çalışan bu obrazı, sizcə, qəhrəman kimi təqdim etmək nə dərəcədə düzgündür?
– Bu insanın xarakterində barışmazlıq, döyüşkənlik ruhu var. Lazım gəldiyi məqamda isə ölümü azadlıq sayanlardan biridir. Romandakı Əfruz əsirlikdəki qız-gəlinlərin ümumiləşdirilmiş obrazıdır. İşğal altındakı torpaqları geriyə qaytarmaq uğrunda döyüş əzmini bu və ya digər səbəbdən itirənlərin ruh qaynağı və ən müqəddəs and yeri düşmən əlindəki bacılarımızdır...
– Maraqlı məqamlardan biri Əfsunun Mehrinin əsirlikdən qayıtmayan Əfruzla bağlı sualını "Necə bilir, istəyir ki, desin heçdən kosa yaxşıdır? Kaş Əfruz da anası yatan torpaqda yataydı” deməsinə qarşı Mehrinin heç bir fikir bildirməməyidir. Sizcə, Mehri Əfruzla bağlı fərqli bir fikir bildirsəydi, Əfsunun bacısına qarşı fikri dəyişərdimi?
– Hadisələrin içinə, dərininə endikcə sanki onun özündə də Əfruzun qayıdıb gələcəyi günlə, əgər bu, baş verəcəksə, ondan sonrakı həyatı ilə bağlı qəlbində şübhələr cücərməyə başlayıb. Əfsunun intiharı daha çox bacısı ilə görüşməmək üçün müəllifin bilərəkdən etdiyi cəhddir. Çünki intihar onu dilinin ən gödək, dərdinin ən sağalmaz, yarasının ən dərin yeri olan Əfruzla qarşılaşmaqdan xilas edir. Mehrinin susub fikir bildirməməyi Əfsunu hər kəsdən yaxşı tanımasındandır...
– Erməni əsiri olan Arşak müəllimə Əfsunun əvvəldə başqa münasibət, daha sonra isə tam fərqli münasibəti, sizcə, nə ilə bağlı idi?
– Düşdüyü vəziyyətlə. Əfsun hələ məktəbli ikən tanıdığı Arşak müəllimi öldürmək üçün gətirməyib. Məqsədi onun erməni əsirliyində olan bacısı ilə dəyişdirilməsinə nail olmaqdır. Fərqli münasibətlərin yaranmasının yeganə səbəbidir bu.
– Arşak müəllimə, dava bitdikdən sonra Uza gəlib hətta qız almaq fikrində olduğunu bildirən Əfsun üçün, sizcə, düşmən anlayışı necədir?
– O, bunu da Arşak müəllimi şübhəyə salmamaq üçün özündən uydurur. Təbii ki, onun belə bir məqsədi ola bilməzdi.
– Əsərdə xüsusi olaraq qiymətləndirdiyiniz detal, dialoq və ya məqam hansıdır?
– Muradxanlıdan Müqayis müəllimin əsirlikdən qayıdan qızına dediyi sözlər: "Görüm sağ gəldiyin yerdə iki gözündən olaydın. Məni dost-düşmən içində xar eləməyəmi qayıtdın, yaramaz qız? Gəldin ki, papağımı bir də yerə soxasan? Bir parça dərman nə idi, içib ölmədin ki, özünü də, məni də, qohum-qardaşı da bu binamusluqdan qurtarasan. Niyə yarılmırsan, a yer, niyə dağılmırsan, a dünya, niyə bölünüb udmursan məni, ay torpaq”. Başqa bir misal: "Az sonra gün batdı, qaranlıq çökməklə sanki göy üzünün tülünü də dəyişdilər. Sonra toran qovuşdu, şər qarışdı. Elə bil qaranlıqlar birinci dərələrə doldu, təzəcə doğan ay ilk olaraq təpələri işıqlandırdı, biçənəklərdən ilk gələn cırcıramaların səsi oldu. O iki nəfər isə gözəlliyi bədirlənmiş ay işığında birə-on artmış yovşan ətirli Qaraqovaq çölləri ilə hara gəldi gedir, bircə evə dönməyə tələsmirdilər”. Yaxud "Yaramı bağlama, qoy qanım bu torpağa qarışsın” detalını necə unutmaq olar!
– "Qaraqovaq çölləri” romanı da publisistik detallar ilə zəngin romandır. Bu, romanın bədiiliyinə necə təsir edir, mənfi, ya müsbət!
– Bu sualınızın cavabına müəllifin çoxdan oxuduğum hansısa hekayəsinə yazdığı təqdimatdan xatırladığım bir fikirlə başlamaq istərdim. O yazırdı ki, adamlar kimi, bu gün sözün özü də siyasətlə məşğuldur. Məncə, müəllif haqlıdır. Aktuallıq, publisistik detal, fəal ictimai rəy formalaşdırmaq, maarifləndirmək təmayülü əsas qayəsi bədii zövq formalaşdırmaq və estetik həzz vermək olan bədii mətndə də ola bilər. Söhbət, hadisə və əhvalatların publisistikada olduğu kimi, açıq şəkildə, müəllif təqdimatında, yazıçı münasibəti bildirilməklə verilməsindən getmir. Bədii əsərin tip və qəhrəmanları da publisistik düşüncələrini dilə gətirir, günün aktual ictimai-siyasi hadisələrinə, mədəni-mənəvi həyatına fəal münasibət bildirir. Milli azadlıq və müstəqillik, qaçqınlıq və köçkünlük, müharibə və torpaq işğalı, müvəqqəti itirilən Dağlıq Qarabağ və ətraf rayonlarının yoxluğu... Bütün bunlar son otuz ilin tarixi-siyasi-hərbi hadisələrdir və hər kəsi düşündürən ağır problemlərdir. Bu dövrdə ortaya çıxan bədii əsərlərin mövzusu birbaşa bu hadisələrin özü yox, bu hadisələrin doğurduğu fəlakətlər, fərd olaraq mürəkkəb insan psixologiyasında ortaya çıxardığı fəsadlar, ictimai şüurda yaratdığı ruh düşkünlüyü, cəmiyyətin milli-mənəvi dünyasında açdığı sağalması çətin yaralar, əsirlikdəki kişilərimizin dramı, qız-gəlinlərimizin faciəsi, içimizi yeyib-parçalayan çarəsizlik və dövrün ictimai-siyasi ziddiyyətləridir.
Əlabbasın bu romanı yuxarıda əsas konturlarını cızmağa cəhd etdiyimiz ağrılı-sancılı keçid dönəminin sosial sifarişidir. Lakin nə müraciət edilən mövzunun aktuallığı və sosial tələb olması, nə də obrazların dilindən səslənən "publisistik” düşüncələr əsərin bədii-estetik təsir gücün azaltmır. Yazıçı bütün "izm”lərdən azad aparıcı ənənəvi realist üslubuna bu romanında da sadiqdir. Əsərə folklor ruhu, epik dünyaduyumu hakimdir. Qəhrəmanın və yardımçı obrazların düşüncələri, tarixi-milli faciəyə münasibətləri və müharbənin "arxa cəbhə” səhnələri canlı və inandırıcıdır. Əsər öz ritmi, intonasiyası, deyiliş tərzi ilə seçilir. Romanın özünəməxsus poetik sintaksisi, fikrin ifadəsi üçün seçilən münasib söz, ifadə, zərb-məsəl, atalar sözləri və s. ilə diqqəti cəlb edir.
– Əsərin adındakı "Çöl” ifadəsinin mənasında genişlik, nəhayətsizlik çaları var, ancaq baş obraz Əfsun ev üçün kiçik torpaq sahəsi əldə edə bilmir. Bu təzad müəllif təxəyyülünün düşünülmüş əks sədasıdır, yoxsa təsadüfi?
– Bu əsər haqqındakı məqaləmin başlığı "Mənəviyyatın çölləşməsi” idi. "Çölləşmə” təbiət hadisəsi kimi torpağın şoranlaşması, münbitsizləşərək əkinə-biçinə, yaşayışa yararsızlaşması, susuzluq və quraqlıqdan çöl halına düşməsi mənasına gəlir. Əgər doğma torpaqlarımız, bütün Vətən səthi çölləşərsə, yaşanılası yer olmaqdan çıxar. "Mənəviyyatın çölləşməsi” ifadəsini isə mən insani dəyərlərin tənəzzülü, mənəvi-psixoloji aşınma, bəşəri duyğuların heyvaniləşməsi anlamında işlədirəm. Bu cür çölləşmə, birincidən daha ağır fəlakətdir. Çölləşən torpaqlarda yaşamaq çətindir, ancaq mümkündür, mənəviyyatı çölləşmiş kütlə içərisində yaşamaq mümkündür, ancaq dəhşətdir. Mənəviyyatsız insan yığınının məskunlaşdığı yerə torpaq demək olar, ancaq Vətən yox. Romanın adındakı "çölləri” sözü cəm şəklində işləndiyinə görə, ehtimal ki, yuxarıdakı izahların hər ikisini ehtiva edir. Əsərin ideya-məzmun qatının dərinliyi imkan verir deyək ki, yazıçının məramı hər iki qorxunc hadisənin baş verməməsi üçün olayların cərəyan etdiyi illərdə cəmiyyətdə itirilmiş sağlam ictimai-siyasi mühitin bərpa edilməsi, haqqa dayanıqlı idarəçilik sisteminin yenidən formalaşdırılması, "başıpozuq”, pərakəndə könüllü dəstələrin ümidinə qalan qafil ovlanmış xalqımızın aşınmış mənəvi-psixoloji durumunun dirçəlişi, milli-mənəvi dəyərlərin qorunmasının zərurəti, Qarabağ böyüklükdə dərdi olan xalqımızın Vətənin bütövlüyü uğrunda mübarizəyə səfərbərliyi və s. kimi düşüncələri oxucuya ünvanlamaqdır. Yeri gəlmişkən, Qaraqovaq kəndini Qarabağ kimi də, bütöv Vətən torpağı kimi də qəbul etmək olar.
– Məni öz vətənimdə, öz elimdə, düşməndən qoruduğum torpaqda da ev tikməyə qoymadınız! Alçaqlar! Cəlladlar! Qaniçənlər! Bu, İmdadın qisası! Bu, Əfruzun intiqamı! Bu, yerlə yeksan etdiyiniz evimin əvəzi!... Tüpürürəm sizin mənfur simanıza! Siz yalnız buna layiqsiniz!” Bu sözlərdən sonra Əfsun özünü də güllələyir. Güclü, mübariz bir obraz kimi əsərin əvvəlində görünən Əfsunu bu hala gətirən səbəblər hansılardır?
– Üz-üzə dayandığı qüvvələrlə qeyri-bərabər mübarizədə gücsüzlüyünü duyması, axına qarşı getməkdə qüvvəsinin tükənməsi və döyüş əzminin sönməsi... Əlabbas istəsəydi belə, o mühitdə, o zaman dilimində başqa cür xarakter, tipik obraz təqdim edə bilməzdi...
– Əsər dünyada məşhur süjet – evə dönüş – Odissey süjeti üstə qurulur. Baş obraz Əfsun Xabarovskdan vətənə qayıdır, ancaq gördüyü heç nə yerində deyil, yəni zaman dəyişib, hər şey fərqlidir. Əfsunun dünəni ilə bu günü arasındakı sərhəddə 90-cı illərdəki Azərbaycanın taleyi hiss olunurmu?
– Əfsunun Rusiyaya gedişi ilə Vətənə dönüşü arasındakı müddət çox qısa olmasına baxmayaraq, hadisələrin baş vermə sürəti və mürəkkəbliyi doğma torpaqlarda, xüsusən onun ailəsində və ətrafında yaşanan faciələr baxımından "Əsrə bərabər gün” kimidir. Bu obrazın təkamülündə cəmiyyətdə baş verən və ailədaxili dramatik hadisələrin əhəmiyyətli rolu var. Müharibə dövrünün bütün uşaqları kimi, o da tez böyüyür, obrazın təkamül prosesi, onun ümumiləşdirilmiş tipə çevrilməsi, dövrün bütün digər hadisələri kimi, sürətlə, bir neçə il ərzində baş verir. Əfsun 21-28 yaş arasında gəncliyini – xarakterin tamamlanmasına xidmət edən orta məktəb və memarlıq ixtisasına yiyələndiyi tələbəlik illəri, qısamüddətli əsgərlik həyatı romanda epizodik şəkildə, retro ekskurslarla xatırlanır, – yaşamağa fürsət tapmadan kişiləşir, ağsaqqallaşır, müdrikləşir, danışıq, hərəkət və davranışları ilə dastan qəhrəmanları kimi əfsanələşir. Əqidəsi və dünyagörüşü valideynlərindən, əmisi qədər sevdiyi Zülfü müəllimdən aldığı dərslər və tərbiyə sayəsində formalaşır.
Əfsunun cəmisi 50-55 il ömür sürmüş valideynləri – el anası Sürmə müəllimə və kənd ağsaqqalı Qüdsi müəllim ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Böyük bacısı Mahnur atasının razılıq vermədiyi "korazehin” şagirdinə könül verərək uzaq ellərə gedib, lakin atasıgilin dolanışığı da bu "yad oğlu”nda olan bacının göndərdiyi pulun hesabına olub. Doğma yurd-yuvaları ermənilər tərəfindən yerlə-yeksan edilib. Qardaş üçün faciələrin ən ağırı, müsibətlərin ən betəri baş verib: dünya gözəli bacısı Əfruz ermənilərin əlində əsirdir. Canı qədər sevdiyi, onu özünə arxa-dayaq bilən kiçik qardaşı, uşaqlıqdan bir ayağı şikəst İmdad Əfsuna edilən haqsızlıqlara dözməyib, mətbuat işçilərini başına toplayıb, "…bəyəm haqqı deyənin dilini kəsərlər? Qeyrəti olanı dama basarlar?”, – dediyi üçün dəlixanaya salınıb. Nəhayət, uğrunda hər dəqiqə canını verməyə hazır olduğu torpaqda ona və yenicə evləndiyi, bətnində körpəsini daşıyan Mehriyə – ermənilər tərəfindən Sabutay müəllimin sanki dəryazla biçilmiş 18 nəfərlik ailəsinin sonuncu yadigarına isti bir yuva qurmaq üçün bir qarış yer tapılmır...
– Əfsun dəliqanlı obrazdır. "80-cilər” nəsli üçün xarakterik obraz deyil. O, özünə, sözünə güvənir, namus-qeyrət kimi milli hisləri ən ucada tutur, ancaq ədalətsizliklə üzləşir. Əslində, bu hadisə mentalitetin, mənəvi dəyərlərin "səhralaşması” mənasına gəlirmi? Əsərin adınındakı "Qaraqovaq çölü” milli mentalitet nöqteyi-nəzərindən bu cür açıla bilərmi?
– Əfsun məhz dəliqanlılığı, özünə, sözünə güvənən, namus-qeyrət kimi milli hissləri ən ucada tutması ilə romanda hadisələrin cərəyan etdiyi zaman dilimi üçün xarakterik obrazıdır. Onun ədalətsizliyə uğraması hadisəsinin mentalitetin, mənəvi dəyərlərin "səhralaşması” mənasına gəlməsi fikriniz də doğru və maraqlı təsbitdir.
– Sizcə, Qüdsi müəllimin Əfsunu məlum və məşum sondan xilas edə bilməməyinin səbəbi köhnə nəslin nümayəndəsi olmağı idi? Əfsun gənc idi, düzdür, onu narahat edən problemlər, əslində, hamını narahat edirdi, amma, problemlərin əks-sədası onun içində tamam başqa cür səslənirdi. Qüdsi müəllim daha modern bir xarakter olsaydı, Əfsun xilas ola bilərdimi?
– Müəllif elə bir zaman kəsimini götürüb ki, Qüdsi müəllimin modern bir xarakter ola bilməsinin özü suallar doğurardı. Azca fərqli bir münasibət qarşımıza tamam özgə bir mənzərə çıxarardı. Gümanımca, Qüdsi müəllimin sağ olması Əfsunun gücünə güc qatardı. Ata-bala, hər ikisi eyni tərbiyə məktəbini keçmiş insanlar idi.
– Müharibə Əfsunun ailəsini əlindən aldı, qardaşı ruhi xəstəxanada, özü də məlum son. Sanki, müəllif işıq yeri qoymur heç nəyə. Müəllifin ifrat pessimizminin səbəbi nədir?
– Əfsunun qulaqlarında sırğa elədiyi düstur Həzrət Əlinin ”Haqqı həyatınız bahasına olsa belə, müdafiə edin” kəlamı idi. O dərk edir ki, bütün bu baş verənlər "Allahdan gələn bəla deyil”, ikiayaqlı bəndələrin şeytani əməlləridir. Lakin onda belə bir qəti qənaət yaranır ki, vətənin işğalı torpaqdan da əvvəl insanın mənəvi azadlığının istismarından başlanır, müharibədə yalnız torpaqlar əldən getmir, insanlar ölmür, həm də mənəviyyat tənəzzülə uğrayır, bəzən bütövlükdə insanlıq ölür, bəşəri dəyərlər yox olur. Müəllif İmdad obrazını da öz baş qəhrəmanını daha çox idealizə etməmək üçün əsərə daxil edib. Bəzi hallarda Əfsunun deməli olduğu fikirləri qardaşının dilindən səsləndirib. Hadisələrin cərəyan etdiyi məkanda və zaman dilimində bir nəfər də nikbin adam tapmaq mümkün olmadığı halda, Əfsun obrazını yaradan müəllif necə bədbin olmaya bilərdi?
– Əsərdəki məmur obrazları niyə çox zaman mənfi planda verilir?
– Müəllif Əfsunu göydəndüşmə xarakter kimi təqdim etmir. Onun ömür yolunu, dünyaduyumu və dünyagörüşünü alın yazısından çox, təsvir edilən zaman və məkanın kəmfürsət, psevdomillətçi məmurlarının mənfur hökmləri dəyişdirir. Təəssüf ki, bu təbəddülat müsbətdən mənfiyə doğrudur və onun gəldiyi nəticə son dərəcə qorxuncdur. Vaxtilə kənd müəllimləri olan ziyalı ata-anasından əxz etdiyi vətən, vətəndaşlıq və vətənpərvərlik kimi dərslərin ülviyyəti real həyatda öz saflığını, həqiqi dəyərini itirir: ”O da mənə dərs oldu ki, əgər cəbhədən qayıdan hər kəsin son aqibəti bu imişsə, çətin ki, innən belə hansısa ağıllı bu vətən üçün candan keçə”. O, bu qəbildən bir neçə fərdi-psixoloji təkamül mərhələsindən keçərək obraz kimi püxtələşir, əsərin sonuna qədər onun mənəviyyatının dəyişməsini, sıravi insandan fərdi keyfiyyətlərə malik individuma çevrilməsini və nəhayət, ədəbi obraz kimi tipikləşməsini addım-addım izləmək mümkündür. Məhz bəlalı keçid dövründə formalaşan bu xarakter bütövlüyünün sayəsində Əfsunun özünün fərdi-ailəvi fəlakəti, eləcə də bütövlükdə yaşadığı kəndin, camaatın faciəsi iblis xislətli ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərin ümumiləşdirilmiş obrazı və panoramasına çevrilə bilir.
– Əfsun obrazı əsərdə nə qədər qəhrəman təbiətli göstərilsə də, o, həm də hərbidən boyun qaçırıb, xaricə gedib və geri qayıdanda onda vətənpərvərliklə bağlı hisləri coşub. Bu hissin yaranma səbəblərindən biri şəxsidir, – bacısının əsirlikdə olması. Bacısı əsirlikdə olmasaydı, hadisələr necə inkişaf edərdi, Əfsun sonda eyni xarakterik addımı atardımı?
– Barışmaz mövqeyi onun xarakterini ortaya qoyur. Bu da var, Əfruzun əsirlikdə olması onun dil-ağzını bağlayan, əl-qolunu işdən soyudan səbəblərdən yalnız biridir.
– Əfsunun əsas düşməni kimdir? Məmurlar, müharibə, yoxsa dəliqanlı xarakteri, yəni özü?
– Saydıqlarınızın hamısı Əfsunun bu və ya digər dərəcədə "düşməni” olduğuna görə, bu suala daha ətraflı cavab vermək üçün romandan bəzi xarakterik epizod və səhnələri xatırlatmaq məcburiyyətindəyəm. Dəliqanlı olması bir çox məqamlarda ona mane olsa da, müəllifin öz obrazına yüklədiyi məziyyətlər – haqsızlıqla barışmazlıq, mərdlik, heç kimin yanında gözükölgəli olmamaq, yalançı patriotluğa, yaltaqlığa, ikiüzlülüyə dözümsüzlük, xüsusən haqq bildiyi məsələləri uca səslə söyləməkdən çəkinməmək onun bir xarakter kimi bütövlüyünü səciyyələndirən keyfiyyətlərdir. Diqqət edin, Əfsun hələ dağılmamış nəhəng bir dövlətin hərbi hissəsindən öz doğma yurd-yuvası darda olduğu üçün qaçıb kəndə gəlir. Rayon hərbi komissarlığındakı yüksək rütbəli zabit onu fərari kimi damlamaqla hədələyir. O isə qorxmadan məhkəmə salonunda beş il həbsini tələb edən dövlət ittihamçısını ədalətsizlikdə günahlandırır, ondan qisas alacağını deyir.
Yaxud xalq vahimə içərisindədir, hər gün ermənilər tərəfindən silahlı basqınlar edilir, vəhşiliklər törədilir, evlər yandırılır, insanlar öldürülür, cavan-qoca, kişi-qadın demədən əsir götürülür. Əsir aparılan on bir kənd gözəlinin biri də Əfsunun bacısı Əfruzdur. Rayon mərkəzindəki hökumət nümayəndələri isə rus ağalarına xoş görünmək və onların daxili nökərlərinə yarınmaq üçün əhalidən quş tüfənglərini də yığmaqla məşğuldurlar. Bütün rəsmilər, qeyri-rəsmilər, doğmalar-yadlar Əfsunu başa salmağa çalışırlar ki, indi pis zamanadır, "it yiyəsini tanımır”, nə verirlərsə al, hesab elə ki, haqq etdiyin elə sənə verilən qədərdir. Artıq şey tələb eləmə, sənə nə millətin dərdindən, qoy bunu vəzifəlilər fikirləşsin. Əgər kənddə yaşaya bilmirsənsə, digər "kişilər” kimi, köç Bakıya... Bütün bu "tövsiyələrin” qarşılığında Əfsun deyir ki, nizami ordumuz yoxdur, silah verin, könüllülər-fədailər dəstəsi düzəldib, ermənilərə qarşı vuruşaq, bu nankor əclafları torpaqlarımızdan qovaq, törədilən vəhşiliklərin intiqamını, qız-gəlinlərimizin namus qisasını alaq. O, bütün bunları deyərkən, bir an belə şəxsi mənfəət, ucuz qəhrəmanlıq, şan-şöhrət barədə düşünmür...
Əfsun ermənilərin əlində girov olan bacısı Əfruzun xilası üçün –irəlidə əsir düşmüş ermənilərdən birilə dəyişdiriləcəyini ümid edir, – sərhədi gizlicə keçir, özü ilə bərabər Arşak adlı bir ermənini əsir alaraq geri qayıdır. Bic və kəmfürsət vəzifəlilər onu təqsirləndirilər ki, "dövlət ölüb bəyəm, sən quş uçmaz-karvan keçməz” sərhədi hansı cəsarətlə və necə pozubsan?
Ölümün gözünə dik baxmağı bacaran tankçı Əfsun ermənilərlə ölüm-qalım savaşında çoxlu qəlpə yarası alır. Başına pul qoyulmuş canlı əfsanəyə çevrilir. Ordudan tərxis olunub kəndə qayıtdıqda "Sən niyə o biriləri kimi ölməmisən, üç ilə bir güllə yarası almamısan?” kimi cəfəng suallarla qarşılaşır. Onu və döyüşlərdə şəhid düşmüş neçə-neçə silahdaşını çapovulluqda, talançılıq və qarətçilikdə, ermənilərlə sövdələşməkdə ittiham edirlər.
Əlbəttə, faciəvi sonluqdan əvvəl yazıçı "vəziyyəti xilas etmək” üçün ara mərhələlər təsvir edir, çarə axtarır, lakin bədii konfliktin kulminasiya nöqtəsi romanın əvvəllərində Əfsunun məhkəmədə dediyi son sözündən başlayır və dayandırılması mümkün olmayan məcraya yönəlir "…elə ab-hava yaratmısınız, Vətən deyəndə, ilk növbədə adam yalnız evini fikirləşir…”. İşin əsl faciəviliyi həm də burasındadır ki, qəhrəmanın fikirləşəcəyi evi, sakitləşib öz qınına çəkilmək, bu mənfur insanlardan uzaqlaşmaq istəsə belə, sığınacağı daxması da yoxdur. Və tragik son qaçılmazdır. Əfsun əlinə avtomat silah alıb, Vətən adından alver edən yaltaq məmurları biçir, qanun naminə hər cürə qanunsuzluq edən hüquq-mühafizə "dəllallarının” iş yerini qumbara ilə partladır, bəzi idarə binalarını şər yuvaları kimi buldozerin ağzına verib altını üstünə çevirir, nəhayət, gülləni öz gicgahına çaxır... Final səhnəsi romanda cərəyan edən hadisələrin məntiqi yekunudur.

Söhbətləşdi: Fərid Hüseyn

banner

Oxşar Xəbərlər