• şənbə, 20 Aprel, 04:50
  • Baku Bakı 15°C

Həsən Ruhaninin prezidentliyindən böyük gözləntilər

25.06.13 08:30 1909
Həsən Ruhaninin prezidentliyindən böyük gözləntilər
İranda keçirilən prezident seçkilərində liberal yönümlü siyasətçi Həsən Ruhaninin qələbəsi dünya ölkələrində ruh yüksəkliyi ilə qəbul edilməkdədir. Qərb dövlətləri ümidvardır ki, Tehran nüvə obyektləri məsələsində bir sıra güzəştlərə gedəcək. Onların bu qənaətə gəlməsinə əsas da var. İndiyə qədər hakimiyyətdə liberal baxışlı prezidentlərin olması İranın atom proqramı üzərində işləri uzatması ilə nəticələnib. İndi də analoji vəziyyət yaranıb. İslahatçı baxışları ilə tanınan şəxs prezident kürsüsünə yiyələnib. Qərb daha dörd il müddətinə İranın nüvə silahı əldə etməyəcəyindən rahat nəfəs ala bilər.
İran isə ölkəsinin beynəlxalq aləmdən izolə edilməsi siyasətinə son qoyulması və nəticədə iqtisadi, siyasi vəziyyətini yaxşılaşdırmaq şansını əldə edə bilər. Lakin bir şərtlə ki o, beynəlxalq aləmin nüvə silahı ilə bağlı narahatlıqlarına son qoymuş olacaq. Əksəriyyət bu qənaətdədir ki, Həsən Ruhaninin prezident seçilməsi ilə fikir ayrılıqları aradan qalxa və beynəlxalq təşkilatlarla kompromislər yarana bilər. 64 yaşlı yeni prezidentin və sabiq məmurun prezident seçkilərinin birinci turunda qalibiyyətinə “böyük səkkiz”liyə daxil olan dövlətlərin liderləri son sammitlərində dərhal reaksiya verdilər. Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra ABŞ prezidenti Barak Obama açıq şəkildə bildirib ki, İran seçkilərinin nəticələri onda optimizm doğurur. Bu tip bəyanatlar bütün fövqəldövlətlərin paytaxtlarından, o cümlədən Moskvadan da səslənib.
Dünya ictimaiyyətinin Həsən Ruhaninin qələbəsindən yana səsləndirdiyi ehtiyatlı bəyanat tam başa düşüləndir: Ondan əvvəlki dövlət başçısı, mühafizəkar baxışlı Mahmud Əhmədinejad öz bəyanatları ilə çoxlarını özündən çıxarırdı. İki dəfə prezident seçilən indiki prezident MAQATE ilə əməkdaşlıqdan imtina etməsi, Amerikanı açıq şəkildə hədələməsi, Xolokostu inkar etməsi və İsraili bir dövlət kimi məhv edəcəyi ilə məşhurlaşıb. Bu çıxışlarına görə də Qərbdə persona-non-qrata elan edilmişdi. ABŞ-da dəfələrlə belə bir məsələ qaldırılıb - ümumiyyətlə, Mahmud Əhmədinejadı BMT Baş Assambleyasının iclaslarının keçirildiyi Nyu-Yorka buraxmağa dəyərmi?
Mahmud Əhmədinejad heç İranın özündə də populyar prezidentə çevrilə bilmədi. 2005-ci ildə ali dini lider Əli Xameneyinin və İslam İnqilabı Keşikçiləri Şurasının (Əmədinejad onun tərkibində 1980-cı illərdə İran-İraq müharibəsi zamanı xidmət edib) dəstəyi ilə seçkilərdə asanlıqla qələbə çalan Əhmədinejad az keçmir ki, ali dini liderlə münaqişəyə girir. Bu münaqişə də sonda onun mövqelərinin itirilməsinə gətirib çıxarır. 2009-cu ildə onun təkrarən prezident seçilməsi isə az qala İranda «yaşıl inqilab»a gətirib çıxaracaqdı. Ölkədə qanlı proseslər yaşandı. Prezidentliyinin ikinci müddətinin sonunda isə hətta müttəfiqi İslam İnqilabı Keşikçiləri Şurası da ondan üz döndərdi.
Ruhaninin qalib gəldiyi xəbəri bəlli olandan sonra isə İran küçələrini “Əhmədinejad, əlvida” şüarları bürüdü. Həsən Ruhani ilk baxışdan özündən əvvəlki prezidentinin tam əksi kimi görünür. Seçki kampaniyasına buraxılan səkkiz namizəddən fərqli olaraq, o, açıq şəkildə Qərblə dialoqun bərpasına çağırışlar edib. İlk mətbuat konfransında Ruhani bildirib ki, bu kursu davam etdirəcək. Avqustun 3-də inauqurasiya mərasimini keçirəcək Ruhani bildirib ki, “biz münasibətləri normallaşdırmağa və beynəlxalq ictimaiyyətini etibarını geri qaytarmağa hazırıq”. Onun sözlərinə görə, İranın nüvə proqramı tam şəffafdır: “Lakin biz daha şəffaf olmağa hazırıq və bütün dünyaya göstərmək istəyirik ki, islam respublikası üzərinə götürdüyü beynəlxalq öhdəliklər çərçivəsində addımlar atmağa hazırdır”. O deyib ki, ölkəsi dünya ictimaiyyəti ilə aktiv şəkildə əməkdaşlıq etməkdə davam edəcək. Bir şərtlə, İranın dinc nüvə əldə etmək hüququ tanınsın və ölkəyə qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılsın.
Ruhani ayrıca olaraq ABŞ və Səudiyyə Ərəbistanı üzərində dayanıb. Onları “köhnə yara” adlandıraraq, tam şəkildə sağaldılmalı olduğunu deyib. Ruhaninin sözlərinə görə, qonşularla, ilk növbədə Ər-Riyadla sıx münasibətlərin qurulması (Vikiliksin məlumatlarına görə, Səudiyyə kralı Abdulla dəfələrlə Vaşinqtonu ayətullah rejiminə son qoymağa çağırıb) Tehranın diplomatik vəzifəsi olaraq qalacaq. Bu bəyanatlar da Qərbdə ruh yüksəkliyi ilə qarşılanıb.
Ekspertlər qeyd edir ki, seçkilərin favoriti olmayan Ruhaninin qələbəsi analitikləri bir sıra düşüncələrə dalmağa vadar edib. Onlar prosesin belə nəticələnməsi üzərində baş sındırmalı olublar. Ekspertlərin əksəriyyəti bunu kompleks faktorlarla izah edirlər. Onlar - liberal əhval-ruhiyyəli elektoratın mobilləşməsi, mühafizəkar kursdan əhalinin böyük bir qisminin yorulması, eləcə də Ruhaninin namizədliklərini geri götürən iki islahatçı namizəd, həmçinin keçmiş prezidentlər Rəfsəncani və Xatəmi tərəfindən dəstəklənməsidir. Rəfsəncaninin dəstəyi isə çox vacib idi. Bu şəxs İranın ən varlı adamı olmaqla yanaşı, böyük nüfuz sahibidir. O özü də əvvəl namizəd olmaq istəyirdi, lakin sonradan onun namizədliyinə hakimiyyət icazə vermədi. Bütün bunlarla yanaşı, gəlinən yekun qənaət budur ki, Ruhaniyə Xameneyi dəstək verməsəydi, o, qələbə qazana bilməzdi.
Yeri gəlmişkən, Ruhani təbliğat kampaniyası zamanı azərbaycanlılara müəyyən vədlər də verib. Məsələn, Ruhani hazırladığı 10 maddədən ibarət planında azərbaycanlılar da daxil olmaqla, başqa etnik azlıqların ana dilində təhsilinə imkan verəcəyini vəd edib. Həsən Ruhaninin planında Urmiyə gölündəki ekoloji vəziyyətin düzəldilməsi də var. Ruhani prezident seçkisindən iki gün öncə Təbrizdə çıxış edərək bu şəhərdə “Azəri mədəniyyət evi” təsis ediləcəyini də bildirib. Ancaq bu vədlərə inanmayanlar da var. Çünki əvvəllər də belə vədlər verilib, ancaq heç biri yerinə yetirilməyib. Bu kimi vədlərin sadəcə, azərbaycanlıların səslərini qazanmaq üçün olduğunu düşünürlər. Məsələn, o, Təbrizdəki çıxışında tez-tez “Azərbaycan İranın başıdır”, “Azərbaycan İranın mədəniyyət beşiyidir”, “Azərbaycan qeyrət simvoludur” və s. kimi fikirlər səsləndirib. Ancaq onun elə həmin çıxışında azərbaycanlıları “azəri” adlandırması iştirakçıların etirazına səbəb olub.
Bəs yeni prezidentin regionun digər ölkələri ilə münasibətləri necə olacaq? Əvvəlki xətt qalacaq, yaxud dəyişikliklərə məruz qalacaq? Çox böyük ehtimalla İranın Ermənistanla mehriban, strateji önəm alan münasibətləri qalmaqda davam edəcək. Ermənistanın xilaskarı rolunda çıxış edən İran rejimi hər zaman bu ölkəyə yardımlarını əsirgəməyib. Çox güman ki, bu siyasət indiki prezidentin dövründə də davam edəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər