“Heroin cihadı”
"Taliban"
ən gəlirli sahədən imtina edəcək?
"Qəbiristanlıqlar
imperiyası” - bu gün əksər beyin mərkəzləri və nüfuzlu media qurumları tərəfindən Əfqanıstan məhz belə
xarakterizə edilir. Tarix boyu dünyanın heç bir dövləti burada nə öz idarəçiliyini
qura, nə də möhkəmlənə bilib. Və bu uğurun sirri - yerli sakinlərin ağlasığmaz
müqaviməti olub. Son onilliklər ərzində dünya həm də gördü ki, əfqanlar tək
partizan müharibəsində deyil, tiryək istehsalında da "uğurlu” fəaliyyətlə seçiliblər.
Praktiki olaraq, beynəlxalq narkotik bazarına bütün heroin məhz Əfqanıstandan
çıxarılır. Maraqlıdır ki, son vaxtlara kimi narkotik istehsalına nəzarəti həyata
keçirən "taliblər”, indi bəyan edirlər ki, bu gəlirli biznesi dağıtmağa
hazırdırlar. Bəs bu bəyanatların arxasında nə dayanır? Doğrudanmı Əfqanıstanın
yeni hakimiyyəti bu gəlirdən imtina edəcək?
400 min
insan cəlb edilib
2015-2020-ci
illər ərzində dünyada istehsal edilən heroinin 83 faizi əfqan mənşəlidir.
Narkotik istehsalı üçün əsas xammal olan xaş-xaş sahələri, əsasən ölkənin cənubunda,
"Taliban” döyüşçülərinin ən çox təsir etdiyi əyalətlərdə yerləşib. 2017-ci ildə
əfqan heroin biznesinin dövriyyəsi rekord - 6,6 mlrd. dollar təşkil edib. O
zaman ekspertlər hesablamışdılar ki, tiryək istehsalına 400 min – Əfqanıstan
ordusundan çox insan cəlb edilib. Beləliklə, 2021-ci ilin avqustunda "Taliban” əsgərləri
Əfqanıstanın böyük şəhərlərinə müqavimət göstərmədən girdilər.
ABŞ əsgərləri
gəldi, istehsal artdı
Partizan həyat
tərzi sürən "Taliban” məmurlara rüşvət vermək və silah almaq üçün pulu haradan
aldı? Mütəxəssislərin fikrincə, "Taliban” gəlirinin 60 %-ə qədərini heroin
ticarətindən əldə edir. Hər hansı bir qanunsuz psixoaktiv maddənin istehsalı
kimi tiryək əkini də başqa sahələrdə olmayan super qazancı təmin edir. Əfqan kəndliləri
isə gəlirin yalnız dörddə birini alır. Bunun əhəmiyyətli bir hissəsi Avropaya
narkotik gətirən qaçaqmalçılara çatır. Rusiyaya Mərkəzi Asiya ölkələri, Qərbə
isə Türkiyə və Balkan ölkələri vasitəsilə reallaşır. Ölkədə ABŞ əsgərləri
göründükdən və "Taliban” xaş-xaş tarlalarına nəzarət edən əsas qrupa çevrildikdən
sonra istehsal həcmi xeyli artdı. Məsələn, 1990-cı illərin ortalarında
Əfqanıstanda təxminən 50 min hektar tiryək plantasiyası becərilirdisə, 2005-ci
ildə bu ərazi iki dəfə artaraq 100 min hektardan çox oldu, səkkiz il sonra isə
iki dəfə artdı.
"Taliban”ın
"reabilitasiya proqramı"
Narkotik
ticarəti Əfqanıstan iqtisadiyyatının çox əhəmiyyətli bir hissəsinə çevrilib.
2005-ci ildə ölkədə təxminən 200 min tiryək və heroin asılısı var idisə,
2015-ci ildə BMT narkotik aludəçisi olan 1,9-2,4 milyon əfqan vətəndaşı qeydə
alıb. Ölkədə ixtisaslı narkoloq və sosial müdafiə mexanizmləri yoxdur, buna görə
də, "Taliban”, bir növ "reabilitasiya proqramı" yaradır. Narkotik
aludəçilərini öz sıralarına götürür: İslam teoloqları onlarla müəyyən işlər
aparır. Bir neçə həftəlik təbliğatdan sonra normal həyata qayıda bilərlər.
Ancaq yenə də hər iki nəfərdən biri "Taliban”a qoşulmağı və cihad yoluna
başlamağı seçir.
Amerika 8
milyard dollar sərf edib?
Aydındır
ki, "Taliban” bütün Əfqanıstan əhalisini narkotik asılılığından qoruya bilməz –
zatən belə bir məqsəd və hədəfləri də yoxdur. Sənayenin nəinki xaricilərə, həm
də yerli əhaliyə ziyan vurduğuna baxmayaraq, bir gün dozasız dayana bilməyənlər
narkotiklə mübarizənin əleyhinə çıxırlar. Birləşmiş Ştatlar tiryək
iqtisadiyyatına qarşı mübarizədə böyük miqdarda enerji və pul xərcləyib. Rəsmi
mənbələr bu rəqəmin 8 milyard dollar olduğunu bildirir. Ancaq heç bir səy – sahələrin
məhv edilməsi, basqınlar, əsas nöqtələrin bombalanması, amerikalılara məqsədlərinə
çatmağa imkan vermədi. "Taliban”ın sənayeni bitirməklə bağlı yeni vədləri ilə əlaqədar
insanlar 2001-ci ili xatırlayır – məhz həmin il Əfqanıstanda heroin
istehsalında mühüm bir mərhələ idi. 2000-2001-ci illərdə silahlılar ilk dəfə
heroin istehsalını məhdudlaşdırmağa çalışdılar. Sonra ixrac üçün tiryək
yetişdirilməsinə qadağa tətbiq etdilər və əkin sahələrini on dəfədən çox
azaltdılar: 82-dən 8 min hektara qədər.
ABŞ-ın
hücumundan xəbərdar idilər?
Və bu, 11
sentyabr hücumundan bir neçə ay əvvəl baş verdi: terrorçular sanki Amerikanın
hücumunu gözləyirdilər. Tiryəkin qiyməti kəskin artırıldı. Məhsul azaldıqca
qiymət rekord həddə yüksəldi: bölgədə, təxminən 95 dollara satılan bir kiloqram
tiryəkin qiyməti 746 dollara çıxdı. Eyni zamanda, əsas xammal ehtiyatları hələ
də "Taliban” tərəfindən idarə olunurdu. Ehtimal olunur ki, o anda da özlərinə
"maliyyə yastığı" qazandılar. "Brookings Institution” analitik mərkəzindən
Felbsb-Braun Vanda hesab edir ki, o dövrdə "Taliban”ın addımları tiryək fermerləri
arasında geniş qəzəbə səbəb oldu. 2002-ci ildə xaş-xaş tarlaları 74 min hektar ərazini
tuturdusa, 2004-cü ildə amerikalıların gəlişindən əvvəlki dövrü keçdi və böyüməkdə
davam etdi.
İstehsal
azalmayacaq, əksinə...
İyirmi il əvvəlki
təcrübə göstərir ki, "Taliban” narkotik istehsalına qarşı qətiyyətli addımlar
ata bilər, lakin bunda o qədər də maraqlı deyil və heç həvəs də göstərmir.
BMT-nin Narkotiklər və cinayətkarlıqla mübarizə idarəsinin rəhbəri Sezar
Qudesin sözlərinə görə, Kabildə narkotik aludəçiləri onun məhsullarından asılı
olduğu kimi "Taliban” da bu sənayedən asılıdır. Tiryək əkinləri üçün xarici
subsidiyalar, istehsalı dayandıra biləcək zəmanətli tədbir olaraq göstərilir:
"Taliban” İran, Rusiya və digər dövlətlərin xaşxaş əvəzinə tiryək yetişdirməyə
başlayacaqları təqdirdə, on minlərlə əfqanıstanlı kəndlinin itkilərinin
kompensasiya edilməsini gözləyir. Onların istəklərinin əksinə, əks proses
müşahidə olunur: Əfqanıstan iqtisadiyyatının maliyyə infuziyasından asılı olduğu
ölkələr "Taliban”la əməkdaşlığa tələsmir və maliyyəni dondururlar. "Taliban”ın
ölkədə asayişi qoruya biləcəyi də şübhələr yaradır: avqustun 26-da Kabildə törədilən
terror aktları fonunda silahlıların gücü kövrək görünür. Xaos ölkədəki iqtisadi
böhranı daha da şiddətləndirəcək. Bu o deməkdir ki, narkotikdən gəlir əldə etmək
ehtiyacı da artacaq və narkotik trafiki kəsilməyəcək, əksinə, daha da güclənəcək.
Azər
NURİYEV