“Hərbi sahədə baş verən hadisələr heç kim üçün sirr deyil”
"Biz keçən il
əlbəttə ki, hərbi potensialımıza böyük diqqət göstərmişik və bu sahədə böyük
nailiyyətlər var. Bizim
ordumuzun döyüş qabiliyyəti artır və Naxçıvan əməliyyatı bunu əyani şəkildə
sübut edib. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində biz 11 min hektar torpağa
tam nəzarət edirik. Bu, çox uğurlu əməliyyat idi. Eyni zamanda, əldə edilmiş
yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla
birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır”.
"Kaspi.az”
xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin
2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlət başçısının sözlərinə görə, bu
hadisə - Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və
dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla
bərpa edəcək: "Sadəcə, danışıqlara ümid olduğu üçün biz danışıqlar yolunu hələ
ki, əsas vasitə kimi görürük. Ancaq,
eyni zamanda, hərbi gücümüzü də artırırıq. Döyüş qabiliyyətimizlə bağlı keçən
il aparılan işlər əlbəttə ki, çox yüksək qiymətə layiqdir. Uğurlu Naxçıvan
əməliyyatında fərqlənən hərbçilərə dövlət tərəfindən müvafiq mükafatlar
verilmişdir. Biz keçən il ordumuzun maddi-texniki bazasının
möhkəmləndirilməsi ilə bağlı çox böyük işlər gördük. İki dəfə keçirilən hərbi paradda biz
texnikamızın bir hissəsini nümayiş etdirdik. Mən onların arasında əlbəttə ki,
xüsusilə uzaqmənzilli "Polonez” və "LORA” raket sistemlərini qeyd etmək
istərdim. Qarşı tərəfin bu sistemlərə qarşı heç bir müdafiə imkanı yoxdur. Bu
sistemlər 300 kilometr və ondan çox məsafəni qət edərək çox yüksək dəqiqliklə
və böyük dağıdıcı qüvvə ilə istənilən hərbi hədəfi məhv edə bilər. Mən bir daha
demək istəyirəm, düşmənin elə bir hərbi hədəfi yoxdur ki, biz onu dəqiqliklə
məhv edə bilməyək. Bu sistemlərin əldə edilməsi əlbəttə ki, bizim
hərbi gücümüzü daha da artırır. Eyni zamanda, keçən il yeni pilotsuz döyüş uçuş aparatlarının əldə
edilməsi bizim hərbi gücümüzü daha da artırır. Əlbəttə ki, son illər ərzində
hava hücumuna, raket hücumuna qarşı aldığımız sistemlər müdafiə potensialımızı
gücləndirir və digər sistemlər bizim hücum gücümüzü artırır. Bunu hər kəs
bilir. Hərbi sahədə baş verən hadisələr heç kim üçün sirr deyil. Qarşı tərəf də
- düşmən də bilir və bilməlidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında
güclü ordular sırasındadır və bu il bu istiqamətdə əlavə addımlar atılacaqdır.