• çərşənbə axşamı, 16 aprel, 15:29
  • Baku Bakı 19°C

Hər şeyin adını dəyişən misralar

23.12.19 14:00 1246
Hər şeyin adını dəyişən misralar
Bənzətmə
İsadır nar ağacı,
payızda çarmıxa çəkilir.
Yarpaqlar ağacların ruhudur,
Külək göylərə sovurur
İsanın ruhu göyə qayıdan kimi.


"Nar ağacının nəğmələri” konseptual şeirlər toplusudur. Bu nəğmələr Səxavət Sahilin ədəbi yaradıcılığında hələlik ən uğurlu işdir. Nar bütün sevgilərdən doğan sevinc və kədərləri metaforik və metanomik estetika ilə təqdim edir. Nar təşbehi şairi də, lirik məni də, emprik və ilahi təhkiyəçiləri də əvəz edir.
Səxavət Sahil üçün həyat sıxıcıdır. O, "ziyalı” həyatı yaşamaqdan, özünə "yazıçı”, "şair” görkəmi verməkdən təngə gəlib. Ona görə də, "Nar ağacının nəğmələri”ni dinləyib, indi isə bizim həmin nəğmələrin poetik sükut və harmoniyasına qoşulmağımızı istəyir. Heç istəmir də, sadəcə, tövsiyə edir. İddiasız şeirlərdir "Nar ağacının nəğmələri”. Şeir kimi. Səxavət "Nar ağacının nəğmələri”ndə klassik şərq şeiri və antik yunan poeziyasına göndərmələr edir. Eyni zamanda modern şeirə xas plastika, ritm, ahəng və vizuallıq yaradır.
Metaforlar və metonimiyalar həyat, duyğu və ən əsası da nəğmə kimi paralel trayektoriya cızır və bir-birini izləyir. Şəxsiyyət polifonizmi və modern insanın, fərdin tənhalığının nar metonimiyasında proyeksiyası verilir. Yaşamaq lazımdır deyir, - Səxavət Sahil. Necə? Axı insan həmişə başqa biri olmaq istəyir. Başqa birisi olmaq şərt deyil. Nar bir qızın dodağındakı kəmşirin dad və həzz, ətcəbala quş balasının dimdiyindəki natura və həyat elementi, İsanın isə çarmıxıdır.
Gözəllik məfhumu Səxavətin şeirlərində yabanı xarakter daşıyır. Hər şey çılpaqdır, ilkin mənşə və mənbəyindədir. Ancaq xalis mədəniyyət, poeziya və incəsənət burdan – yabanılıqdan başlayır. İnsan kor və duyğusuz bir şəxsə çevriləndə həyat həqiqətləri onun görməyən gözləri qarşısında canlanmır. Nar ağacının nəğmələrini dinləyə və duya bilmir. Çünki transestetik və transseksual bir toplumda korluğun gerçək mahiyyəti üzə çıxa bilməz. Pərdələmək, gizlətmək və həmçinin özünə təsəlli vermək üçün vasitələr çoxdur. Ancaq şeirlə demək mümkün olan nəsnələr isə... Şeir və sənət alqoritmik, quru və mexaniki bir dil, ünsiyyət vasitəsi ilə yer dəyişib. Məhz belə bir mühitdə və zamanda Səxavət Sahil "Nar ağacının nəğmələri” ilə transestetik vəziyyətə estetik etiraz edir. Modern sənət və estetika standartları elitar olanı irəli sürür.
Ülvi Babasoy


banner

Oxşar Xəbərlər