Hər şeydən əvvəl su altında qalmış evlərdəki insanları xilas etmək lazımdır

Hər şeydən əvvəl su altında qalmış evlərdəki insanları xilas etmək lazımdır

Təfsilat
13 Oktyabr 2019, 19:00 97
İlk növbədə, insanlara yardım göstərmək lazımdır. Hər şeydən əvvəl su altında qalmış evlərdəki insanları xilas etmək üçün maksimum çalışmaq lazımdır. İtkin düşənlər tapılmalıdır.
 
AZƏRTAC xəbər verir ki, bu sözləri Yaponiya Baş Nazirinin iqamətgahında təbii fəlakətlə mübarizə ilə əlaqədar yaradılmış qərargahda keçirilən iclasda Şinzo Abe deyib.
Baş nazir bildirib ki, hazırda polis, yanğınsöndürmə bölmələrinin, Sahil Mühafizəsi Xidmətinin və özünümüdafiə qüvvələrinin 110 min əməkdaşı xilasetmə əməliyyatlarına cəlb olunub.
 
Xəbər verdiyimiz kimi, "Hagibis” tufanı zamanı leysan yağışlar nəticəsində çayların daşması böyük ərazini su altında qoyub. Son məlumatlara görə, azı 25 nəfər həlak olub, 15 nəfər itkin düşüb, 170 nəfər isə xəsarət alıb.
 
Xüsusilə Naqano regionunda Çikuma çayının daşmasından sonra blokada vəziyyətinə düşmüş 360 nəfərin xilas olunması üçün əməliyyatlar davam etdirilir.
İnfrastruktur Nazirliyinin məlumatına əsasən, oktyabrın 13-də Tokioda və Yaponiyanın mərkəzi hissəsində təxliyə xəbərdarlığı ləğv olunsa da, tufanın keçdiyi 12 prefekturada 48 torpaq sürüşməsi və sel qeydə alınıb. Doqquz çayın öz məcrasından çıxdığı bildirilir.
 
Reqbi üzrə dünya kubokunun baza gününə təyin edilmiş Namibiya-Kanada görüşü də oyunçuların və azarkeşlərin təhlükəsizliyini təmin etmək məqsədilə təxirə salınıb.
 
Tufanın artıq tropik siklon səviyyəsinə endiyi və Yaponiyanın şimal-şərq sahilləri boyunca hərəkət etdiyi bildirilir.
Bəzi dəmiryol xətlərinin öz işini bərpa etdiyi, "Japan Airlines” və "All Nippon Airways” aviaşirkətlərinin isə uçuşlara oktyabrın 14-də yenidən başlayacağı barədə məlumatlar yayılıb.
 
Sahil Mühafizə Xidmətinin məlumatına əsasən, şənbə günü axşam Tokio körfəzində Panamaya məxsus gəmi batıb. Onun göyərtəsində 12 nəfər olub. Gəminin heyət üzvlərindən dördü bu gün səhər xilas edilsə də, onlardan ikisi ölüb.