Hər kəsin dostu olacaq “DOST” - Fotolar
Azərbaycanda hər bir
vətəndaşın həyat səviyyəsinin daim yüksəlməsinə xidmət edən uğurlu
sosial-iqtisadi siyasət həyata keçirilməkdədir. Əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyev tərəfindən davam
etdirilən bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məhz bu
səbəbdən də Prezident İlham Əliyev sosial sahədə atılacaq addımlara xüsusi
diqqət və həssaslıq nümayiş etdirir. O, sosial sahədə islahatlar aparıldığını
xatırladaraq, dövlət qurumlarının rəhbərlərinə çox ciddi tapşırıqlar verildiyini,
sosial ədaləti pozanlara qarşı sərt tədbirlər görüləcəyini dəfələrlə vurğulayıb.
Prezident bildirib ki, bu sahədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə
aparılmalıdır və hazırda aparılır, şəffaflıq təmin edilir, yol verilmiş
pozuntular aradan qaldırılır. Dövlət başçısı onu da əlavə edib ki, şəffaflıq və
ədalətin tam təmin edilməsi üçün inzibati və institusional yollarla sosial
sahədə də ən müasir elektron texnologiyalar tətbiq olunmalıdır.
"Bir pəncərə”dən şəffaf xidmət
Prezident İlham Əliyevin
vurğuladığı belə yeniliklərə nümunə kimi "ASAN xidmət”in analoqu sayıla biləcək
- Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzlərinin yaradılması
istiqamətində görülən işləri xatırlatmaq yerinə düşər. Azərbaycan Prezidentinin
9 avqust 2018-ci il tarixli "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və
təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında” Fərmanına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin (ƏƏSMN) tabeliyində DOST Agentliyinin və mərkəzlərinin, habelə
ölkə başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə "e-sosial” internet
portalının yaradılması nəzərdə tutulub. DOST Agentliyi və mərkəzlərinin
fəaliyyətini təmin etmək məqsədilə bir sıra normativ hüquqi aktların
layihələri, habelə müvafiq təkliflərin hazırlanması işləri qısa zamanda başa
çatdırılaraq aidiyyəti üzrə təqdim edilib. Noyabrın 20-də DOST Agentliyinin
konsepsiyasının, "e-sosial” internet portalının təqdimat mərasimi keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri
Sahil Babayevin bu barədə verdiyi məlumata görə, artıq ilin sonunadək
Bakının Yasamal rayonunda ilk "DOST” mərkəzi yaradılacaq. Onun sözlərinə görə,
Mərkəz Yasamal və Səbail rayonlarının əhalisinə xidmət edəcək. S.Babayev qeyd
edib ki, agentliyin və mərkəzlərin təşkilatı strukturu, ştat vahidləri və sayı,
kadrların seçimi və hazırlığı, işə qəbulu mexanizmi, iş rejiminin müəyyən
olunması, "DOST” mərkəzlərində göstəriləcək xidmətlərin siyahısı və qaydaları
da hazırlanıb. Nazir deyib ki, mərkəzlərdə həmin xidmətlər sistemləşdirilmiş
formada "bir pəncərə” prinsipi üzrə şəffaf, operativ şəkildə vətəndaşlarla açıq
iş şəraitində təqdim olunacaq. Həmin xidmətlərin siyahısında əmək, məşğulluq,
sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta
və digər aidiyyəti sahələrdə 126 xidmət əhatə olunur. Bununla yanaşı, mərkəzlərin
fəaliyyətinə yardımçı xidmətlər, o cümlədən cari bank hesablarının açılması,
dövlət rüsumlarının və xidmət haqlarının qəbulu, daşınmaz əmlakın sığortası,
inzibati xətalara dair cərimələrin qəbulu və sair də daxildir. S.Babayevin
sözlərinə görə, mərkəzlərin iş mexanizmi elə qurulacaq ki, xidmətlərdən
istifadə prosedurları sadəliyi, çevikliyi, müraciət edən vətəndaş üçün
rahatlığı, tam şəffaflığı ilə ictimai məmnunluğa səbəb olsun.
6 ildə 31 "DOST” mərkəzi yaradılacaq
Dövlət sosial xidmətləri
sahəsində vətəndaş məmnunluğuna nail olunmasının Prezident İlham Əliyevin
sosial sahə ilə bağlı islahatlar proqramının başlıca xətti olduğunu vurğulayan
nazir S.Babayev onu da əlavə edib ki, "DOST” layihəsinin təşəbbüskarı Birinci
vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır: "DOST”
layihəsinin həyata keçirilməsi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və
təminat sahələri üzrə xidmətlərin bir pəncərədən, tam şəffaf, vətəndaşlarla
açıq iş şəraitində, nəzakətli şəkildə, sadə və əlçatan prosedurlarla təqdim
edilməsinə imkan verməklə, ölkəmizin bu sahə üzrə yeni brendini
formalaşdıracaq. 2019-2025-ci illərdə Bakıda və respublikanın regionlarında 31 "DOST”
mərkəzi yaradılacaq. "DOST”-un əsas missiyası ölkə əhalisinin müasir
texnologiyaların tətbiqi ilə əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə
rahat çıxışına imkan yaratmaqdır”.
Sosial xidmətlərin elektronlaşdırılması
Sosial sahədə tətbiq
ediləcək bu yeniliklə bağlı fikirlərini bölüşən Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyevbildirib ki, "DOST” mərkəzlərində vətəndaşların bütün sosial problemləri qısa
müddət ərzində həll olunacaq. Millət vəkili qeyd edib ki, əhalinin xidmət
sahələrində məmnunluğunun təmin edilməsi üçün məmur-vətəndaş münasibətinin
minimuma endirilməsi, vətəndaşların müraciətlərinə yüksək mədəniyyətlə və
şəfqətlə yanaşılması, eyni zamanda bu müraciətlərin qısa müddət ərzində
baxılması və təmin olunması vətəndaşın dövlətə olan inamını, sevgisini artıran
amillərdir. Onun fikrincə, məhz buna görə, Prezidentİlham
Əliyevsosial sahələrdə uzun müddət qalan problemlərin həlli üçün çox
ciddi islahatların aparılmasına start verib. Deputat vurğulayıb ki, ƏƏSMN-ə
yeni rəhbər təyin olunandan sonra bu qurumda çox ciddi islahatların aparılması
diqqət çəkir: "Xüsusən də, əhaliyə göstərilən sosial xidmətlərin elektronlaşdırılması,
operativləşdirilməsi və bu sahədə vətəndaşlara dəstək verilməsi istiqamətində
dünyanın ən qabaqcıl təcrübələri öyrənilir və tətbiq edilir. Bunlardan da biri "DOST”
mərkəzlərinin yaradılmasıdır. Dövlət qurumlarına tapşırıqlar verilib ki,
mərkəzlərin qısa müddət ərzində qurulması, işə düşməsi və əhaliyə xidmət
göstərməsi təmin olunsun. "DOST” mərkəzlərinin mahiyyəti vətəndaşa layiqli,
qısa müddət ərzində mədəni xidmət göstərmək, onların sosial ehtiyaclarını
öyrənmək və bu ehtiyacların təmin olunması istiqamətində işlər görməkdir.Prezident
çox doğru olaraq vurğulayır ki, "DOST” sosial sahədə "ASAN xidmət”in
analoqudur. Bu, ən yeni yanaşma üsuludur, dünyada heç bir yerdə yoxdur. "DOST”
mərkəzlərinin yaradılması ilə qısa müddətdə Azərbaycan vətəndaşları müsbət
dəyişiklikləri hiss edəcəklər”.
Müraciətlər operativ həll olunacaq
M.Quliyev xatırladıb ki,
indiyədək vətəndaşlar hər bir problem üçün, o cümlədən məşğulluq, sosial
təminat və əlilliklə bağlı ayrı-ayrı idarələrə müraciət ediblər. Millət vəkili
bildirib ki, yaxın gələcəkdə fəaliyyətə başlayacaq mərkəzlərdə bütün bu
xidmətlər bir binada və elektron qaydada həyata keçiriləcək. Onun sözlərinə
görə, vətəndaşların müraciətləri qısa müddət ərzində həll olunacaq. Beləliklə, həm
vətəndaşların vaxtı itməyəcək, həm də müxtəlif yerlərə müraciət etməyə ehtiyac
qalmayacaq.
İctimai narazılıq aradan qalxacaq
İqtisadçı
ekspert Rəşad Həsənov da hesab edir ki, "DOST” mərkəzləri ƏƏSMN və onun
tabeliyindəki qurumların əhaliyə göstərdiyi xidmətləri daha sadələşdirilmiş
formada çatdıracaq, vətəndaş məmnunluğunu təmin edəcək. O, qəzetimizə
açıqlamasında deyib ki, ƏƏSMN Azərbaycanda əhali ilə işləyən ən böyük dövlət
qurumlarından biridir: "Bu nazirlik çox geniş tərkibli sosial qruplarla
işləyir. Bura əmək bazarının iştirakçıları, təqaüdçülər, ünvanlı sosial yardım
alanlar, əlilliyi olan şəxslər, veteranlar da daxil olmaqla təxminən 4 milyona
yaxın insan aiddir. Sözügedən nazirlik bu sayda vətəndaşa xidmət təklif edir.
Lakin keçmiş dövrlərdə baş verən nöqsanlar nazirliyin tabeliyindəki müvafiq
qurumların imicinə mənfi təsir göstərib. Həmin qurumların xidmətlərinin
keyfiyyəti də ötən dövrlərdə qənaətbəxş olmayıb. Belə bir vaxtda "DOST” mərkəzlərinin
yaradılması sadalanan istiqamətlərdə irəliyə doğru atılan addım kimi
dəyərləndirilə bilər. Burada əsas prinsiplər şəffaflıq, operativlik və sairdir.
Prezident İlham Əliyev də bu mərkəzlərin yaradılması məsələsini nəzarətdə
saxlayır. O, oktyabrın 9-daNazirlər Kabinetinin2018-ci ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan iclasında "DOST” mərkəzlərininfəaliyyətinə xüsusilə toxunub. Bəyan
edib ki, hazırda islahatların birinci mərhələsi gedir və bu sahədə vətəndaşlar
yaxın gələcəkdə müsbət dəyişiklikləri görəcəklər. Bu baxımdan hesab edirəm ki, "DOST”
mərkəzlərinin fəaliyyətə başlamasından sonrakı mərhələdə əmək və əhalinin
sosial müdafiəsi nazirliyinin və onun tərkibində olan qurumların xidmətlərindən
narazılıqların sayı əhəmiyyətli dərəcədə azalacaq, bu istiqamətdə yol verilən
nöqsanlar aradan qaldırılacaq. Eyni zamanda bu, dövlət vəsaitlərinin səmərəli
idarə olunmasına da təsir göstərəcək. Çünki indiyə qədər təqaüdlərin təyin
olunmasında, əlilliyin müəyyən edilməsində ciddi nöqsanlar olub, bu istiqamətdə
ayrılan dövlət vəsaiti aidiyyəti olmayan şəxslərin istifadəsinə verilib.
Ünvanlı sosial yardımın müəyyənləşdirilməsi istiqamətində yol verilən nöqsanlar
da deyilənlərə bir misaldır. Bəzi hallarda bu yardımlar hədəf qruplara deyil,
digər insanlara yönəldilirdi. Ümumilikdə, sosial sahədə özünü göstərən bu kimi
problemlərin aradan qalxması son nəticədə sosial-müdafiə mexanizmlərinin
effektivliyini artıracaq, sosial ədalət təmin ediləcək, ictimai narazılıq
aradan qalxacaq”.
Sosial siyasətin prioritetləri
Ekspert
Azər Həsrət də bizimlə söhbətində bildirib ki, Azərbaycanda vətəndaşlara
xidmətin yüksək səviyyəyə qaldırılması və asanlaşdırılması, xüsusən də
problemlərlə üz-üzə qalan, süni maneələrdən, süründürməçilikdən əziyyət çəkən
insanların bu çətinliklərdən qurtulması ölkədə həyata keçirilən sosial
siyasətin prioritetləridir. Onun sözlərinə görə, Prezident İlham Əliyev şəxsən
özü mümkün olan hər şeyi edir ki, vətəndaşlarla məmurlar arasında təmas minimuma
ensin, xidmətlərin keyfiyyəti artsın: "Dövlət başçısı çalışır ki, vətəndaşlar
hər hansı xidmətdən istifadə edərkən gərəksiz maneələrlə, sənədləşmələrlə
üzləşməsinlər. Bütün bunları həyata keçirmək yeni texnologiyalar vasitəsilə
mümkündür. Müsbət haldır ki, Azərbaycan Prezidenti yeni texnologiyaların
rolunu, gücünü və yerini hər kəsdən yaxşı bilir, onların həyatımıza tətbiqi
üçün lazım olan addımları atır. "DOST” mərkəzlərinin yaradılması da bu
qəbildəndir. Yəni bu mərkəzlərin yaradılmasında başlıca məqsəd vətəndaş
məmnunluğunu təmin etmək, xidmətlərin keyfiyyətini artırmaq, vətəndaş-məmur
təmasını minimum həddə çatdırmaqdır”.
Vətəndaş məmnunluğuna xidmət
Sonda bir daha vurğulayaq
ki, "DOST” mərkəzlərində dövlət sosial xidmətlərinin geniş bir hissəsi, o
cümlədən əmək və məşğulluq, sosial təminat növləri, əlillik, pensiya, sosial
sığorta üzrə xidmətlər "bir pəncərə”dən operativ, sadələşdirilmiş
prosedurlarla, şəffaf və vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunacaq.
Bu mərkəzlərdə çalışacaq əməkdaşlar müraciət edən vətəndaşlarla mədəni, səmimi
rəftar edəcək, keyfiyyətli xidmət göstərəcək, onların məmnun qala biləcəyi
nəzakətli davranış tərzinə malik olacaqlar. Bir sözlə "DOST” hər kəsin dostu
olmağa iddialıdır. Əlbəttə ki, bütün bunlar ölkədə həyata keçirilən sosial
siyasətdə daha bir yenilik olmaqla, vətəndaş məmnunluğuna xidmət edəcək.
Bəxtiyar MƏMMƏDLİ
Yazı
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları
müsabiqəsinə təqdim olunur