• cümə axşamı, 18 aprel, 19:02
  • Baku Bakı 21°C

Hər dövrün adamı

16.04.20 09:25 1288
Hər dövrün adamı
Adətən, teatrla bağlı hər hansı fikri bildirəndə mütləq ondan sitat gətirirəm: "Teatr cəmiyyəti öz arxasınca apara bilən böyük bir mədəniyyət ocağıdır. Bu mədəniyyətin bir parçası olmaq isə hər kəsə nəsib deyil".
Onunla tanışlığım 12 il bundan əvvələ təsadüf edir. 2008-ci il... İlk dəfə tələbə adını qazanıb ali təhsil ocağına qədəm qoymuşduq. O gün "Teatrşünaslıq" deyilən bir ixtisasın varlığından ilk dəfə xəbərdar olmuşduq. Biz səhnə ilə tanış olmağı gözlədiyimiz halda kurs rəhbərimiz Məryəm Əlizadə bizə yeni bir dünya ilə tanış etdi olduğunu göstərdi. O gün hamımız gözümüzü döyüb onun danışdıqlarına qulaq kəsilmişdik. Sözləri muncuq kimi bir-birinin ardınca elə düzüb danışırdı ki... Dediklərini həm anlayırdım, həm də ki, yox... Ona ilk dərsdə "Teatrı anladım, bəs, bu şünaslıq nədir?" sualını vermişdim. Məryəm Əlizadə bizə teatrşünaslığın ayrıca bir elm olduğunu izah etmişdi. O gün biz yeni dünyaya - teatrşünaslığa doğru ilk addımımızı atmışdıq...
Təhsil aldığımız universitetdə kimsəsizlərin yiyəsi idi Məryəm Əlizadə. Nəinki universitetdə, hətta ailədə də problemlərimiz olanda olanda onun yanına qaçar, dərdimizi onunla bölüşərdik. Zaman keçdikcə onu daha yaxından tanımağa başlayırdıq. Sən demə, Məryəm Əlizadə Azərbaycan teatr tarixində öz dəst-xətti olan, imzası ilə tanınan bir teatr mütəxissisi imiş. Adının qarşısında titul, vəzifə olsa da, bizim üçün o, zərif qəlbli dostumuz, sirdaşımız, sevimli müəllimiz Məryəm Əlizadə idi. Həmişə çevrəsindəki insanlara sevgi bəxş edir, üzündən heç zaman təbəssümü əskik olmurdu.
Deyirlər, insan özünü hansı yaşda hesab edirsə, elə o yaşdadır. O, hər zaman ömrünün bahar çağını yaşayır. Təbəssümünün arxasında isə gizlətdiyi o qədər dərd var idi ki...
Onunla birlikdə teatrlara getdiyimiz günlərin böyük bir hadisəyə çevrildiyini xatırlayıram. Baxdığımız tamaşalardan sonra "3 cümlə də olsa fikirlərinizi yazın, təəssüratlarınızı qeyd edin" deyə təkid edirdi. Yadımdadır, ilk dəfə bizi YUĞ Teatrında "Mən, Məhəmməd Füzuli" tamaşasına aparmışdı. Tamaşadan sonra evdə təəssürüatlarımızı yazmağımızı tapşırmışdı. O gün dərsə hazırlıqsız gəlmişdim. Gözləmədiyim halda, "Çoxdanışan qız, gəl görək, nə yazmısan?" deyə mənə müraciət etdi. Özümü itirmədim, yazmamışam da demədim, "mənim fikirlərim yazmaqla tükənməz" deyib vəziyyətdən çıxmağa çalışdım. Düşündüm ki, bir-iki cümlə ilə çulumu sudan çıxarıb, oturaram. Bütün dərs boyu lövhə önündə suallarını cavablandırdım. Dünən izlədiyim tamaşa haqqında fikirlərimi çatdırmağa çalışırdım. "Belə çıxır ki, tamaşanı səndən başqa heç kim anlamayıb" deyərək, o gün mənim gələcəkdə teatrşünas ola biləcəyimi demişdi. Əslində, inam qalibiyyətin yarısıdır, deyirlər. Həmin gün içimdə ilk dəfə "bəlkə..." deyə düşünmüşdüm. Bəlkə mən teatrdan nəsə yaza bilərəm... Sonra xatırladım ki, mənim ondan gizlətdiyim bir şey vardı. "Mən, Məhəmməd Füzuli" izlədiyim ilk tamaşa idi və həmin günün səhəri anam məni qorxduğum üçün çıldağa aparmışdı. Tamaşadan sonra çıldaqçı xalanın bədənimi necə yandırdığı gözümün önündə canlandı. Hər cümləmdə sonsuz səhv və yanan bədənimi təsəvvür etdim. Bir də ilk dəfə gözündə eynəyi olan "keçəl kişinin” (Vaqif İbrahimoğlu) tamaşa zamanı özünün zalda, ruhunun başqa aləmdə olduğu o psixoloji vəziyyəti xatırladıqda, psixikam pozulurdu.
İçimdəki o "bəlkə..." hər dəfə baş qaldıranda o "keçəl kişinin” baxışları, göydən asılan aktyor, aktyorun səhnədə gözümün içinə baxıb, üstümə gəlməsi və titrəyən bədənimi xatırlayırdım. İki il hər dərs Məryəm xanımın davamlı olaraq bizə yazılar yazdırması yazı vərdişimizi formalaşdırmışdı. Artıq hər birimiz nəinki düşündüklərimizi aydın yazır, cəmiyyət içində də sərbəst şəkildə fikirlərimizi bildirirdik. Sonadək mübarizə aparmağı öyrənmişdik. Artıq kiminsə rəyini dinləmir, müstəqil fikir bildirmək kimi bir dönəmə keçid edirdik. Bizdə bir özgüvən yartamışdı Məryəm xanım.
Üstündən iki il keçmişdi. Məryəm xanım otağa daxil olub, auditoriyaya bir sual ünvanladı: "Aranızda kim teatrşünas olmaq istəyir?". Sandım ki, kurs rəhbərimiz bizə belə bir sual ünvanlayırsa, hamının əli göydə olacaq. Biixtiyar əlimi qaldırdım. Və qrupun safı olaraq o gün təsadüfən qalxan əlim həyatımı dəyişdirmişdi.
Üçüncü kursda oxuyurduq. O qalxan əlin cəfasını çəkirdim. O gündən sonra Məryəm Əlizadə qalaq-qalaq kitablar aldırdı mənə. Cəfər Cəfərov, Yaşar Qarayev, İlham Rəhimli, İsrafil İsrafilov, Aydın Talıbzadə və s. Hər gün bu kitabları oxumaqdan yazılanları, demək olar ki, əzbər bilirdim.
Kursumuzla birlikdə tez-tez teatrlara gedir, elə YUĞ-un tamaşalarında da çox iştirak edirdik. Tamaşadan sonra müəlliməm məni müzakirələrə qatımağa məcbur edirdi. Artıq o "keçəl kişi”dən də qorxmu, tamaşadan sonra 2 saat davam edən müzakirəyə qatılır, səhəri gün qrupda müzakirəni davam etdirirdik.
Bu gün geriyə boylananda hər şeyin qismət olduğuna inanıram. Məryəm Əlizadə əlimin qələm tutmasında müstəsna xidmətləri olan insandır. Bəlkə də teatrşünas ola bilmədim, amma qələm tutmağı ondan öyrəndim... Heç vaxt heç nəyin gec olmadığını öyrəndim... Bacarıqsız olduğunu bildiyin halda, sənə bağlanan ümidin nə qədər dəyərli olduğunu öyrəndim... Hər şeyin sevgidən başladığını öyrəndim... Sən demə, teatrdan yazmaq üçün, ilk növbədə, onu sevmək lazım imiş. Müəlliminin hər zaman arxanda dayanması, "Sənə inanıram!" deməsi uğurun başlanğıcıdır. Çünki içində güvən hissi olan hər insan dağı belə dəlmək gücünə malikdir.
Təhsil aldığımız illər onun sənət dostu, görkəmli rejissor Vaqif İbrahimoğlunun ağır xəstəlikdən əziyyət çəkdiyi və dünyasını dəyişdiyi dönəmə təsadüf etmişdi. O dönəmdə "dağ kimi” Məryəm xanımın necə sarsıldığının, dostunun yolunda nələrdən keçdiyinin şahidinə çevrildik...
Müəllim-tələbə arasında yaranan münasibətimiz təhsil illərindən sonra da davam etdi. Mənə arzularımın ardınca getməyi öyrədən Ustadımın dediyi kimi etdim. Qorxularımın gözünə dik baxmağı öyrəndim. İllər keçsə də, teatr cameəsinin bir parçasına çevrilsəm də, ailə qurub, övlad-uşaq sahibi olsam da, yenə qarşılaşdığım ən çətin məqamda gedəcəyim bir ünvan var – Məryəm Əlizadə. Harada görürəmsə, uşaq kimi boynuna sarılmaq, "yaxşı ki..." demək keçir içimdən.
Üzümə yeni qapı açan, həyatımda böyük rolu olan insanın aprelin 14-də 70 yaşının tamam olduğunu deyirlər... Amma kim nə deyirsə desin, onun qəlbində həmişə bahardır.
Üzərindən sıfırlı illər keçsə də, mən qocalıram, Siz isə hər zaman təravətli, gənc və birinci dəfə necə görmüşəmsə, elə də qalmısınız.
Bu yazını yazarkən başqası haqqında yazmağın, əslində, çox asan olduğunu müəllimindən yazmağın isə cəsarət tələb etdiyinin fərqinə vardım.
Məryəm xanım! Bu gün tələbələrinizin sədası ən mötəbər kürsülərdən eşidilir. Teatrşünas dedikdə nümunə göstərilə biləcək gənclərin çoxu da Sizin tələbələrinizdir. Hər birində bir Məryəm Əlizadə dəsti-xətti özünü göstərir. Bunun özü isə, xəzinəyə bərabərdir. Bizim hər bir uğurumuzun altında sizin adınız dayanır, əziz müəlliməm Məryəm xanım.

Xəyalə Rəis
Teatrşünas

banner

Oxşar Xəbərlər