Hər bölgənin öz xəstəliyi - ARAŞDIRMA
Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Ağdaş rayonlarında,
Xaçmaz rayonunun isə yalnız Nərəcan kəndində bu xəstəliyə təsadüf edilir. Bunun
da səbəbi odur ki, keçən əsrin əvvəllərində...
Adətən hər hansı xəstəliklə bağlı həkimə müraciət
etdikdə onun ilk sualı "hansı bölgədənsən?” olur. Xəstəliklərimizlə yaşadığımız
bölgəyə uyğunlaşır, birlikdə inkişaf edirik. Bəzi hallarda xəstəliyin bizi məhkum
etdiyi bölgədə yaşamağa məcbur oluruq. Ümumiyyətlə, bölgələrin spesifik xəstəlikləri
hansılardır? Hansı bölgə xəstəliyi ilə məşhurdur?
Talassemiyanın ərazisi...
Bakı Dövlət Universitetinin Genetika kafedrasının
müəllimi Könül Hacıyevadeyir ki, Azərbaycanda ən çox yayılan xəstəlik talassemiyadır: "Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Göycay, Şamaxı, Ağdaş, Ucar, Saatlı, Sabirabad, Salyanda
beta-talassemiyanın geninin heteroziqot daşıyıcılığı praktiki sağlam olan
insanlarda daha çoxdur”.
Əhalinin təxminən 8 faizi...
Genetikin sözlərinə görə, Azərbaycan talassemiyanın
yayılmasına görə dünyada 4-5-ci yerləri tutur: "Ölkədə əhalinin təxminən 8
faizi talassemiya xəstəliyinin heteroziqot daşıyıcısıdır. Həmin insanlar
praktiki sağlamdırlar. Praktiki sağlam olan iki heteroziqot şəxs ailə qurarsa,
belə ailədə talassemiyalı xəstə uşağın doğulması riski hər növbəti hamiləlik
üçün 25 faizə bərabər olacaq”.
Bölgələrdə elə kəndlər var ki...
Həkim deyir ki, Azərbaycanda qohum nikahlarının
çoxluğu talassemiyanı inkişaf etdirən ən böyük faktordur: "Xəstəlik nəsildən nəslə
ötürülüb. Söhbət yaxın qohumdan getmir. Bu, uzaq qohum da ola bilər. Artıq
daşıyıcıdırlarsa, növbəti nəsildə üzə çıxa bilir. Bölgələrdə elə kəndlər var
ki, əsrlərdir onlar kənar kəndlərdən olan şəxslərlə ailə qurmurlar”.
Qobunun dəri xəstəliyi, Buzovnanın hemofiliyası...
Lənkəran-Astarada yaşayan əhali arasında anemiyaya
gətirib çıxaran Q6FD fermentinin çatmazlığı yüksək tezlikdə (9-36,2%) təsadüf
edilir. Abşeron rayonunun Qobu kəndində Elers-Danlos adlı birləşdirici
toxumanın xəstəliyi yüksək sıxlıqda təsadüf edilir. Belə xəstələrdə dəri həddindən
artıq elastik olur. Həmin kənddə bu irsi xəstəliyin 80-dən yuxarı daşıyıcısı
var. Abşeron rayonunun Buzovna qəsəbəsinin əhalisində hemofiliya, irsi qan xəstəliyi
yüksək sıxlıqda təsadüf edilir. Quba, Qusar, Füzuli rayonlarında insanlarda dəmir
çatışmazlığı çox olur ki, bu da qan azlığına gətirib çıxarır.
Yalnız bizdə rast gəlinən xəstəlik
Mütəxəssisin sözlərinə görə, keçmiş SSRİ
respublikaları arasında yalnız bizim respublikada rast gəlinən xəstəlik var: "Azərbaycanda
hemoqlobin xəstəliyi olan anormal hemoqlobinləri qeyd etmək olar. Anormal
hemoqlobinlərdən ən çox təsadüf ediləni oraqvari anemiyadır. Respublikada, əsasən
Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Ağdaş rayonlarında, Xaçmaz rayonunun isə
yalnız Nərəcan kəndində bu xəstəliyə təsadüf edilir. Bunun da səbəbi odur ki,
keçən əsrin əvvəllərində Qəbələ rayonunun Mıxlıqovaq kəndinin sakinləri - bir
neçə ailə Nərəcan kəndinə köçmüş və oraqvari anemiyanın genini özlərilə gətirmişlər.
Oraqvari anemiyanın klinikası böyük talassemiyanın klinikasına çox bənzəyir. Keçmiş
SSRİ respublikaları arasında yalnız bizim respublikada rast gəlinir”.
Daun sindromunun ərazisi
Ən çox rast gəlinən xromosom xəstəliyi isə Daun
sindromudur. Hazırda hər 800-1000
doğuşdan birində Daun sindromu aşkarlanır. Bütün ağıl kəmliyi olan
uşaqlar arasında Daun sindromu 10-12 faiz təşkil edir. Bu xəstəliyə qız və
oğlanlar eyni cür tutulur. Bu problem, daha çox Biləsuvar və Qax rayonlarında
geniş yayılıb.
Şəkərli diabet və astma...
Ən geniş yayılan multifaktorial xəstəliklərə gəlincə,
həkim deyir ki, bu sırada şəkərli diabet və astma problemlərini demək olar.
Onların genetik meyillilik və ətraf mühit amilinin təsiri altında yarandığı müəyyən
olunub. Bu xəstəliklər Azərbaycanın bir çox rayon və şəhərlərində geniş yayılıb.
Xəstəni incitmədən kor edən xəstəlik...
Oftalmoloq Fidan Abdullayeva deyir ki, göz xəstəliyi keratakonus Naxçıvan bölgəsində
yayılıb: "Naxçıvanda keratakonus xəstələri digər şəhərlərə nisbətən çoxdur.
Havası tozlu, günəşli, quru olan şəhərlərdə keratakonus daha çox yayılır. Özəlliyi
odur ki, heç bir ağrı vermədən görməni get-gedə azaldır. Korluğa doğru gedir və
ən yaxşı halda donor köçürülməlidir”.
Xərçəng hansı bölgəmizdə tüğyan edir?
Statistikaya görə, xərçəng xəstələri Bakıda
yaşayır. Bunun da əsas səbəbi paytaxtda əhalinin sıxlığı və ekoloji durumun pis
olmasıdır. Xərçəngin yayılmasında mühüm amil radiasiyadır. Bu xəstəliyin ən çox
yayıldığı ikinci ərazi Azərbaycanın cənub bölgəsidir. Burada çox yayılmasının səbəbi
isə əhalinin məşğuliyyətidir. Çünki bu bölgənin əhalisi daha çox tərəvəzçiliklə
məşğuldur və ilin bütün fəsilləri gübrənin, kimyəvi maddələrin içindədirlər.
Səbəb...
Xəstəliklərin yayılma səbəblərinə gəldikdə isə mütəxəssis
deyir ki, iqlim faktoru, əhalinin əsas məşğuliyyəti önəm daşıyır. Bir çox
hallarda təbiət, daimi hava şəraiti, hətta təbii fəlakətlərin də rolu olur.
Aygün ƏZİZ