Hər anı özəl yaşamağa çalışan cütlük - Ailə

Hər anı özəl yaşamağa çalışan cütlük - Ailə

Gənclik qəzeti
28 İyun 2019, 11:09 5381
Şəmsi Bayramzadə: "Səbinə düşüncə tərzi, görünüşü, xasiyyəti ilə tam arzuladığım biri idi”
 
Səbinə Bayramzadə: "Tanıdıqdan sonra axtardığım şəxsin yüzdə-yüz o olduğunu düşündüm”
 
Budəfəki, cütlüyümüzün xüsusi tanışlıq hekayəsi yoxdur. Söhbətimiz zamanı aydın olur ki, onların hekayəsi tanışlıqlarından sonra başlayır. Uzaq qohum olduqları üçün müxtəlif məclislərdə bir-birlərini görüblər, amma həmin görüşlər zamanı günün birində ailə quracaq şəxslər olduqlarını xəyal belə etməyiblər. Sıxlaşan ailəvi görüşlər yavaş-yavaş bir sevgi hekayəsinin başlaması üçün qığılcım rolunu oynayıb. "Ailə” rubrikamızın qonaqları "Azərsun Holdinq”in trade marketinq departamentinin müdiri Şəmsi Bayramzadə və həyat yoldaşı, alman dili müəllimi Səbinə Bayramzadədir. 
 
"Ola bilərmi”, "bəlkə alınar” düşüncəsi ilə yox
 
Şəmsi bəy rasional insan olduğunu, emosiyaları ilə deyil, məntiqlə qərar verməyi sevdiyini bildirir. Amma bu məsələ də bir az da emosiyalarının, duyğularının səsinə qulaq verib: "Səbinə ilə məclislərdə görüşürdük. Az-çox bir-birimizi tanıyırdıq. Düşünün ki, özünüzə bir geyim almaq istəyirsiniz və beyninizdə konkret olaraq nə istədiyinizi bilirsiniz. Yüz mağazaya da girsəniz, istədiyinizi tapana qədər axtarırsınız. Zaman keçdikcə dərinləşən ünsiyyətimiz, qarşı tərəfin ötürdüyü pozitiv duyğu, mənə, əslində, axtardığım xanımın Səbinə olduğunu göstərdi. Səbinə düşüncə tərzi, görünüşü, xasiyyəti ilə tam arzuladığım biri idi. Yəni bütün nüanslar üst-üstə düşürdü. Düşündüm ki, hər şey bu qədər uyğun gəlmişkən, fürsəti əldən vermək olmaz (gülür). Amma bir məsələ də var ki, "ola bilərmi”, "bəlkə alınar” düşüncəsi ilə yox, konkret olaraq "axtardığım budur” deyib münasibətə başlamaq lazımdır”.
 

 
Axtardığım şəxsin yüzdə-yüz o olduğunu düşündüm
 
Səbinə xanım deyir ki, tanışlıqlarının ilk mərhələsindən sevgi olmayıb, Şəmsi bəy zamanla özünü sevdirməyi bacarıb: "Düzü, ilk baxışdan sevgi, vurulma olmayıb. Sadəcə Şəmsi davranışları, mənə olan münasibəti, diqqətcilliyi ilə özünü sevdirdi. Bir də çox güman ki, hər bir xanımın beynində canlandırdığı həyat yoldaşı portreti olur. Təbii ki, mənim də beynimdə bir model var idi. Şəmsi ilə tanışlığımızda düşüncələrim əlli-əlliyə idisə, zamanla tanıdıqdan sonra axtardığım şəxsin yüzdə-yüz o olduğunu düşündüm”. 
 
Qarşındakının səmimiyyətini anlaya bilmə bacarığı
 
Maraqlıdır, bir insanla evlilik qərarı almaq üçün onu nə qədər müddətə və necə tanımaq olar? 

Səbinə:Məncə, bu, tərəflərdən asılı olaraq dəyişir. Bəzi insanlar bir ilə, bəzisi isə bir aya belə tanıya bilir. Yəni burada müddətin önəmi yoxdur, qarşı tərəfin xasiyyətinə, düşüncələrinə bələd oldunsa, evlənə bilərsən. Bu insanla bir ömür yaşaya biləcəyini özlüyündə müəyyənləşdirdinsə, problem yoxdur. Bizdə tanışlıq müddəti altı ay oldu. Necə tanımağa gəlincə, ünsiyyətdə olmaq lazımdır. Görüş və söhbət zamanı qarşı tərəfin hərəkətlərini, sənə olan münasibətini analiz edərək tanıya bilərsən. 
 
Şəmsi:Müddət olaraq mənim üçün konkret zaman kəsiyi yoxdur. Düşünürəm ki, birini tanımaq üçün bəlli metodlar olmalıdır. Elə ünsiyyət yaranar, münasibət qurular ki, onu 1 günə də tanıya bilərsən və ya əksinə, 2 il danışıb tanımaya bilərsən. İnsan ilk olaraq necə birini axtardığını müəyyən etməlidir. Ünsiyyət zamanı üst-üstə düşən nüanslar önəmlidir. Nə isə uyğun gəlməyəndə belə, dayanıb, düşünmək lazımdır, güzəştə getmək olar, ya yox. Maksimum 2-ci və 3-cü görüş qərar vermək üçün kifayət edir. Nə istədiyini konkret bilən biri üçün zamanı uzatmağın mənası yoxdur. Bəziləri düşünə bilər ki, ilk görüşlərdə kimisə tanımaq mümkün deyil, qarşı tərəf özünü olduğundan fərqli göstərər. Bu məqamda isə məncə, hər bir insanda qarşısındakının səmimiyyətini anlaya bilmə bacarığı olmalıdır.
 

 
Hər anımıza xüsusi olaraq yanaşmalı, onu yaddaqalan, fərqli etməliyik
 
"Hisslərini ilk kim etiraf etdi” sualını verən kimi Şəmsi "təbii ki, mən” deyib sözə başladı: "Yadımdadır, Səbinənin portret şəklini çəkdirib, "səni sevirəm” sözünü şerlə demişdim. Çünki düşünürəm ki, hər anımıza xüsusi olaraq yanaşmalı, onu yaddaqalan, fərqli etməliyik”. 
 
Səbinə:Bir müddət idi ki, münasibətimiz davam edirdi, amma Şəmsi hələ də "səni sevirəm” sözünü deməmişdi. Düşünürdüm ki, niyə heç nə demir. Amma belə bir jest gözlənilməz oldu və məni çox sevindirdi.

Şəmsi:Mənlik deyil, rəssam şəkli gecikdirirdi deyə, heç nə demirdim (gülür).
 

 
11 dəqiqəlik evlilik təklifi videosu
 
Cütlüyümüzün münasibətinin "səni sevirəm”dən sonrakı mərhələsi evlilik təklifidir. Şəmsi bu anın da yaddaqalan və özəl olması üçün unudulmaz bir evlilik təklifi planı qurub. 

Səbinə:Bəli, "səni sevirəm” cümləsindən sonra artıq münasibətimiz daha da irəlilədi və ailələr də məsələdən xəbərdar oldular. Şəmsi müasir biridir və hər anın özəl olmasını istədiyi üçün evlilik təklifi də qeyri-adi oldu. Həmin təklifin hər bir anı videoya çəkilib. Hətta, indi belə "yutubda Səbinə, Şəmsi wedding” yazsanız, 11 dəqiqəlik evlilik təklifi videomuzu izləyə bilərsiniz. Açığı, bir çoxları mənim bu sürprizdən xəbərdar olduğumu düşünürdülər, amma elə deyildi. Şəmsi qəti şəkildə heç nə hiss etdirməmişdi. 
 

 
60 nəfərlik komanda, 2 ay hazırlıq
 
Şəmsi:Təklifi etmək üçün ciddi plan qurmuşdum. Səbinə həmin günü adi görüşlərimizdən olduğunu düşünürdü. Onu da qeyd edim ki, bu sürprizə 60 nəfərlik komanda ilə 2 ay hazırlaşmışdıq. Təklifi Fəvvarələr meydanında etməyi düşünürdüm. Plakatlar yazılıb, plan qurulub, hər şey hazırdır. Amma son anda polis icazə vermədi. Dedi burada plakat açmaq, yığışmaq olmaz. Ona görə, dərhal məkanı dəyişdik. Komanda məkanı dəyişərkən Səbinə ilə maşında şəhəri fırlanırdıq. Bəhanə etdim ki, guya kimdənsə sənəd götürməliyəm, onu axtarıram. Nəhayət, bir yerdə oturduq və uzun müddətdir ki, hazırlaşdığımız sürprizi etdim. Səbinə də çox sağ olsun ki, təklifimi qəbul etdi, o boyda hazırlıq boşuna getmədi (gülür).  
 
1, sonra 101 qızılgül

Şəmsi deyir ki, sevən insanlar bir-birinə diqqət göstərməli, hər anlarını özəl etməlidirlər: "Bu işi ona görə etdim ki, digər sevən şəxslərə də örnək olsun.  Yəni onlar da bu tip sürprizlər etməyə cəsarətlənsinlər. Bəlkə də bu, böyük bir komanda ilə belə professional şəkildə hazırlanıb, bütün detalların nəzərə alındığı ilk evlilik təklifi idi. Əslində, istəyimizə nail olmuşduq. Bizdən sonra həmin komandaya sürpriz üçün müraciət edən çox oldu. Xüsusilə də eynilə bizim ssenaridən istəyiblər. Demirəm ki, sırf bu tərzdə bir təklif planı qursunlar. Sadəcə, bəylərimiz çalışmalıdırlar ki, dəyər verdikləri xanımla yaşadıqları anları özəl edə bilsinlər. Hətta, adi bir gül elə təqdim edə bilər ki, həmin an xanım üçün unudulmaz olar. Mən şəxsən tanış olduğumuz vaxt tək bir dənə qızılgül verdim. Daha sonra heç gül almadım, ən sonda 101 qızılgüldən ibarət buket verdim”.
 

 
Özü gəlib soruşur ki, nə olmuşdu, biz niyə küsmüşdük?
 
Maraqlıdır, cütlüyümüz evlilikdən sonra bir-birlərində hansısa müsbət və ya mənfi xasiyyətlər kəşf ediblər? 
Səbinə: Bəzən deyirlər ki, kişiləri evliliyə qədər tanımaq olmur, evlilikdən sonra əsl üzlərini  göstərirlər (gülür). Amma Şəmsi elə deyil. Tanışlıq müddətimizdə necə idisə, nişanlı olduğumuz zamanda və indi də eynidir. Açığı, bu məsələdə bəxtimin gətirdiyini düşünürəm. Onu da qeyd edim ki, ikimiz də dəyişilməyə açıq insanlarıq. Yəni hansısa bir hərəkətim, xasiyyətimdə yanlışlıq olan zaman Şəmsi bunu bildirəndə, aqressiv qarşılayıb "yox, mən beləyəm, dəyişə bilmərəm” demirəm. Etiraf edim ki, Şəmsi həyatıma girəndən məni müsbət mənada dəyişib. Şəmsi birdən tez coşur, amma tez də sakitləşir. Yəni təsadüfən hansısa məsələdə sözümüz üst-üstə düşməyəndə küsürük, Şəmsi onu tez undur. Özü gəlib soruşur ki, nə olmuşdu, biz niyə küsmüşdük? Qətiyyən kinli deyilik, ona görə, nə isə söz-söhbət olsa belə, tez barışırıq.
 
Bir-birimizi sevirik deyə bizə bu zarafatlar xoş gəlir
 
Şəmsi: Hər kəsin müsbət və mənfi xüsusiyyəti var. Səbinənin isə açığı, elə də ciddi mənfi xüsusiyyəti yoxdur, amma bir şeyi beyninə qoydusa, onu həmin fikirdən daşındırmaq üçün əməllicə əziyyət çəkmək lazımdır (gülür). Müsbət cəhətinə gəlincə isə şəxsən xanımda önəm verdiyim nüanslardan biri də yumor anlayışının olmasıdır. Məncə, Səbinənin çox gözəl zarafat tutma qabiliyyəti var. Bilmirəm, bəlkə də bir-birimizi sevirik deyə, bizə bu zarafatlar xoş gəlir (gülür). İkinci müsbət tərəfi isə problem baş verən zaman çıxış yolu tapmağa meyillidir. Yəni problem yarananda "bu niyə belə oldu” yox, "bunu necə həll edə bilərik” deyir. 
 
Son qərarı bir həyatı bölüşən iki nəfər verməlidir
 
Müsahiblərimizlə ailələrin boşanma səbəblərində də danışdıq. Həmsöhbətlərim düşünürlər ki, ailəni daim kənar müdaxilələrdən qorumaq lazımdır. 
Səbinə: Məncə, boşanmaların bir çoxu kənar müdaxilələr ucbatından olur. İstər xanım, istər bəy tərəfdən kənar müdaxilə olmamalıdır. Ailədə nə baş verirsə, ailə içində qalmalıdır. Düzdür, böyüklərin fikirlərinə hörmətlə yanaşmaq lazımdır, amma son qərarı bir həyatı bölüşən iki nəfər verməlidir.
 
Şəmsi: Səbinə ilə razıyam. Əslində, kənar müdaxilə dediyimiz, ailədə baş vermiş hansısa problemin həllinin kənarda axtarılmasıdır. Məncə, ailələrdə baş verən münaqişələrin həlli yolu mütləq şəkildə daxildədir, onu kənarda axtarmaq düzgün deyil.
 
 
 
Şəmsi vaxtını balanslı şəkildə bölür
 
Evliliyin sosial həyatı bitirdiyini düşünənlər var. Maraqlıdır, siz necə düşünürsünüz, evlilikdən sonra sosial həyat hansı səviyyədə davam etməlidir?
 
Səbinə: Bizdə elə düşüncə olmayıb, nə mən, nə də Şəmsi bir-birimizə elə qadağalar qoymamışıq. Mən Şəmsini tanıyanda sosial həyatının hansı səviyyədə olduğundan xəbərdar idim. Yəni bilirdim ki, saat 6-da işdən çıxıb evə gəlməsi söhbəti olmayacaq. İstəsəm də, Şəmsdə bunu dəyişə bilmərəm. Onun işinə, həyat tərzinə hörmətlə yanaşıram. Bir də ki, ailə qurduqdan sonra qarşı tərəfin həyat tərzini dəyişmək, ondan bunu tələb etmək düzgün deyil. Bayaq qurulan ailələrdəki problemlərdən danışdıq. Məncə, elə əsas problemlərdən biri də odur ki, evləndikdən sonra qadın kişinin, kişi isə xanımın həyat tərzini dəyişmək istəyir. Biz həmişə bir-birimizin həyat tərzinə hörmətlə yanaşmışıq. Şəmsi vaxtını balanslı şəkildə bölür. Həm dostlarına, həm də ailəsinə vaxt ayırır. Dostları ilə keçirdiyi vaxt daha çox olsaydı, bəlkə onda o zaman problem yaranardı (gülür). 
 
Şəmsi: Məncə, qarşı tərəfin sosial həyatını məhdudlaşdırmaq düzgün deyil. Əksinə, həmişə demişəm ki, evdə oturma, çıx dostlarınla görüş, əylən. Nişanlı olan vaxtı 2 dəfə evdə oturub, onda da dalaşmışıq (gülür). Bu mövzuda bir-birimizə çox tolerant yanaşırıq.
 

 
Nümunəvi valideyn
 
Həmsöhbətlərimiz bir-birilərini valideyn olaraq da yüksək qiymətləndirirlər. Səbinə deyir ki, Şəmsi yaxşı insan olduğu kimi həm də yaxşı atadır: "Mən özümü həqiqətən şanslı sayıram ki, indi də, gələcəkdə də Şəmsi fikirləri, hərəkətləri ilə övladlarımıza nümunə olacaq atadır. Uşaqlarla vaxt keçirməsi, onlara qayğı göstərməsi çox xoşuma gəlir”. 
 
Şəmsi isə deyir ki, Səbinə də eynilə nümunəvi anadır: "Səbinədə ən sevdiyim xüsusiyyət sevgisini göstərə bilməsidir. Bəzən başqa valideynlərin uşaqlara dedikləri "əlin qırılsın”, "başın batsın” ifadələrini eşidirəm. Bu, Səbinədə yoxdur. Həmişə pozitiv enerji ötürür və öz üzərində işləyir, özünü inkişaf etdirməyə çalışır. Digər analıq duyğuları isə öz yerində. Məncə, bütün bunlar onun nümunəvi ana olmasının əsas göstəricisidir”. 
 
Günel Azadə