AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Həmsədrlər yenə də münaqişə tərəfləri ilə körpüləri saxlamağa çalışırlar

Həmsədrlər yenə də münaqişə tərəfləri ilə körpüləri saxlamağa çalışırlar

Siyasət
14 İyul 2020, 17:56 357
Politoloqların fikrincə, onlar öz fəaliyyətsizliklərilə işğalçı ölkəyə kömək edirlər

Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı uzun illərdir aparılan danışıqlar nəticə vermir. Elə bu səbəbdəndir ki, Prezident İlham Əliyev son açıqlamalarından birində Minsk qrupunun fəaliyyətini kəskin tənqid edib və Ermənistanın təxribatlarına konkret mövqe bildirməsi tələbini qoyub. Bu açıqlamadan bir neçə gün sonra Azərbaycan-Ermənistan sərhəddində Ermənistan tərəfi növbəti təxribat törədərək Tovuzun bir sıra kəndlərini iri çaplı silahlardan, mina atanlardan və artilleriya qurğularından atəşə tutub. Müdafiə Nazirliyinin yayadığı məlumatlara görə, düşmənin törətdiyi bütün təxribatlarının qarşısı alınıb və xeyli canlı qüvvəsi məhv edilib.
Maraqlıdır ki, bütün baş verənlər fonunda ATƏT-in Minsk qrupu yenə də Ermənistanın təxribatlarına göz yumdu. Belə ki, həmsdərlərin bəyanatında qeyd edilir ki, Ermənistan və Azərbaycanın Müdafiə nazirliklərinin və digər mənbələrin bildirdiyinə görə, 12-13 iyul tarixlərində Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminin ciddi şəkildə pozulması baş verib, nəticədə itki verilib. Məlumata görə, hər iki qüvvə tərəfindən müxtəlif kalibrli artilleriyalardan istifadə edilib.
Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ölən və yaralananların ailələrinə başsağlığı verib. Sənəddə deyilir ki, həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ermənistanın və Azərbaycanın rəsmi şəxsləri ilə birbaşa təmasda olublar: "Tərəflər bir-birilərini hərbi əməliyyatların başlanmasında günahlandırdılar. Minsk Qrupu həmsədrləri son atəşkəs pozuntularını pisləyir və tərəfləri hər hansı bir artımın qarşısını almaq üçün, o cümlədən aralarındakı birbaşa rabitə kanallarından istifadə etməklə bütün zəruri tədbirləri görməyə çağırırlar".
Həmçinin, Minsk Qrupunun həmsədrləri tərəfləri mümkün qədər tez danışıqlar aparmağa çağırır və şərait imkan verdikcə ATƏT müşahidəçilərinin bölgəyə qayıtmasının vacibliyini vurğulayırlar.
Göründüyü kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatlarını yenə də ütülü və reallığı əks etdirməyən şəkildə verdilər. Həmsədrlər niyə işğalçı ilə işğala məruz qalanı eyniləşdirir, konkret mövqe bildirmir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri belə bəyanatlar verməklə, münaqişə tərəfləri ilə körpüləri saxlayırlar: "Ona görə də Minsk qrupunun həmsədrlərindən nə isə gözləməyə dəyməz. Təbii ki, Azərbaycan haqlı tərəf olaraq həmsədrlərin vasitəçilik missiyasını tənqid edir. Lakin göründüyü kimi, onlar yenə də öz amplualarında qalır və bildikləri kimi davam edəcəklər. Hesab ediəm ki, belə olan halda hərbi gücümüzü işə salıb, ermənilərin başını əzməliyik. Diplomatik sahədə isə vəziyyət belədir ki, həmsədrlər pandemiya ilə bağlı bölgəyə gələ bilmirlər. Həm də ki, onların tərkibi hər iki ildən bir dəyişir. Onu da qeyd edim ki, indiki Minsk qrupunun həmsədrləri öz ölkələrinin Xarici İşlər Nazirliklərinin orta səviyyəli məmurlarıdır. Onların isə öz tərəfindən fikir bildirməsi mümkünsüzdür”.
R.Musabəyov ATƏT-in Minsk qrupundan imtina məsələsinə toxunaraq deyib ki, onlar regiona səfər edəndə narazlıq qabarıq şəkildə çatdırılmalıdır: "Ya da ki, xarici işlər nazirinin müavini səviyyəsində qəbul elə, yola sal. Əgər müharibə başlamaq lazım olacaqsa, bunu ermənilərin təxribatının ardınca etmirlər. Bunu düşünülmüş vaxtda və qaydada həyata keçirmək lazımdır”.
Politoloq Tofiq Abbasov bildirdi ki, ATƏT-in Minsk qrupu çox hiyləgərdir: "Onlar fəaliyyətsizlikləri ilə yalnız işğalçı ölkəyə kömək edirlər. İndi baxanda yalnız bunu görmək olur. Heç şübhə etmirəm ki, məxfi şəkildə xüsusi kanallarla Ermənistanla birgədirlər və onlara çox böyük dəstək göstərirlər. Haradasa, Azərbaycanın səylərini boşa çıxarmağa çalışırlar. Düzdür, artıq bu, mümkünsüzdür. Ancaq hər halda, bu itirilmiş vaxt ondan xəbər verir ki, bu institut özünün mövcudluğunu heç bir tərzdə doğrulda bilmir. Ona görə də, hesab edirəm ki, bizim yaxın zamanlarda əsas görəcəyimiz işlərdən biri Minsk qrupundan imtina etmək olacaq. Əgər Ermənistan ipə-sapa yatmayacaqsa, təkbətək danışıqlardan bir nəticə olmayacaqsa, yeganə yol qalır -müharibə. Onsuz da Ermənistan müharibə istəyir. Tovuz istiqamətində olan hadisələr, Naxçıvanda atəşkəsin pozulması onu göstərir ki, ermənilər müharibə istəyirlər. Onlar üçün müharibə bir neçə məqamdan vacibdir. Birincisi, fərsiz Paşinyan hökuməti istəyir ki, öz kəsirlərini müharibənin ayağına yazsın. Digər tərəfdən də çalışırlar ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da kölgə salsınlar. Eyni zamanda istəyirlər ki, bu təşkilatı meydana çəksinlər və Azərbaycana qarşı koalisiya yaratsınlar. Məqsədləri odur ki, KTMT-də məsələ qaldıraraq guya Azərbaycanın Ermənistana hücum etməyə çalışdığını göstərsinlər. Bu da alınmasa, onlar çalışacaqlar ki, Rusiyadan uzaqlaşsınlar və qərbyönümlü siyasət həyata keçirsinlər”.
T.Abbasov vurğuladı ki, Azərbaycan dövləti ona edilən təzyiqləri görür: "Bilirsiniz, həmsədr ölkələrin bizə təzyiq göstərib-göstərməyəcəyi artıq ikinci məsələdir. Çünki biz onsuz da həmin təzyiqlərin qarşısından qaçan deyilik. Əgər diplomatik təzyiqdən söhbət gedirsə, onun təsiri yoxdur. Biz əsasən çalışmalıyıq ki, öz həqiqətlərimizi dünyaya çatıdıraq və necə ki, bunu edirik”.
 
BƏXTİYAR