AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Həkim:

Həkim: "COVİD-ə yoluxduqdan sonra əmələ gəlmiş anticisimlər bir müddət sonra qoruyuculuq qabiliyyətini itirir"

Cəmiyyət
07 May 2021, 15:15 361
"COVID-19 xəstəliyini keçirən insanlarda adətən bir arxayınlıq yaranır ki, bir daha bu xəstəliyə yoluxmayacaqlar. Amma təəssüflər olsun ki, bu, belə deyil. İnsanların ikinci dəfə koronavirusa yoluxma halları qeydə alınıb”.
 
APA-nın məlumatına görə, bunu Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsinin rəisi Rəna Qasımova deyib. O bildirib ki, COVID infeksiyasına yoluxmuş insanlarda xəstəlik zamanı yaranan anticisimlərin qoruyuculuq müddəti müvəqqətidir:"Birinci dəfə yoluxduqdan sonra əmələ gəlmiş bu anticisimlər bir müddət sonra neqativləşir, başqa sözlə, qoruyuculuq qabiliyyətini itirir və insan təkrar koronavirusa yoluxa bilir.
 
Peyvənd vurduran insanlar da arxayınlaşmamalı, tələb olunan gigiyenik qaydalara ciddi riayət etməlidirlər. Tibbi maska taxılmalı, əllər tez-tez yuyulmalı və yaxud spirtlə silinməli, ara məsafə saxlanmalıdır, insanların sıx olduğu kütləvi tədbirlərdə mümkün qədər iştirak etməmək zəruridir. İkinci dəfə yoluxan insanlar bu xəstəliyi daha ağır və ya daha yüngül formada keçirə bilərlər. Bu zaman onlar yenə də infeksiya mənbəyi kimi ətraflarında olan insanlar, xüsusilə də yaşlı və əvvəllər koronavirusa yoluxmamış insanlar üçün təhlükə yaradırlar”.
 
Onun sözlərinə görə, bu vaxta qədər COVID-19 xəstəliyinə qarşı mübarizədə ən etibarlı vasitə vaksinasiya hesab olunur:"Bununla bərabər, insanın güclü immun sistemi də orqanizmin koronavirusla mübarizəsində mühüm rol oynayır. Ona görə dəpeyvənd vurdurmaq və gigiyenik qaydalara ciddi riayət etməklə yanaşı, immuniteti möhkəmləndirmək üçün sağlam və aktiv həyat tərzi keçirmək, düzgün qidalanmaq lazımdır”.