• cümə axşamı, 25 aprel, 10:33
  • Baku Bakı 14°C

Hədəfi milli azlıqlar olan layihə - FOTOLAR

08.01.22 11:00 2300
Hədəfi milli azlıqlar olan layihə - FOTOLAR
Şahid Muradlı: "Multikultural rəngarəngliyimizin fonunda Azərbaycan dilinin zənginliyini erkən yaşlardan mənimsəyən şagirdlər təhsilin növbəti pillələrində qazanılacaq biliklərin təməlini atmış olacaqlar”
"İbtidai sinif müəllimi olduğum üçün azyaşlılarda məktəbə, təhsilə, mütaliəyə həvəs yaratmağın məndən asılı olduğunu bilirəm”.

Bu sözlər bu gün milli azlıqlardan ibarət ibtidai siniflərdə Azərbaycan dili fənnini dərindən öyrətmək, onların səlis danışması, dilin incəliklərini bilməsi üçün çalışan gənc müəllim Şahid Muradlıya məxsusdur.Uşaqları çox sevir. Elə bu sevgisi də onu müəllimliyə gətirib. Seçdiyi ixtisasın maddi qazancından çox, ona verəcəyi mənəvi zənginliyini düşünür və müəllim adı ilə qürur duyur. Deyir ki, uşaqlara, onları öyrətməyə və ən əsası, onlarla birgə öyrənməyə həvəsim olduğu üçün müəllimliyi seçdim.Müsahibimiz həm də Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsinin iştirakçısıdır. O, bu müsabiqədə "Milli azlıqlardan ibarət ibtidai siniflərdə Azərbaycan dili fənninin mənimsənilməsində həvəsləndirici oxu və yazı müsabiqəsi” layihəsi ilə iştirak edib və qalib olub.

"Şagirdlər bu prosesdən fərqli formada keçir”
Həmsöhbətimiz 6 ildir ki, İsmayıllı rayonunda müəllim kimi fəaliyyət göstərir. Multikultural zənginliyi ilə seçilən bölgəmizdə çalışan gənc müəllim deyir ki, ibtidai sinif müəllimi olaraq müşahidə etdiyi məqam milli azlıqların yaşadığı bölgələrdə erkən yaşlarda məktəbə qədəm qoyan şagirdlərin Azərbaycan dili fənninin mənimsənilməsi prosesində digər həmyaşıdlarından fərqli mərhələ keçməsidir: "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədinə əsaslanaraq hazırlanan "Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan dili üzrə təhsil proqramı (kurikulumu)”ında fonetik, leksik, qrammatik səviyyədə dil xüsusiyyətləri mövcuddur. Proqramda, həmçinin yazılı və şifahi nitq, dinləyib-anlama bacarıqları, Azərbaycan dilinə ana dili və dövlət dili kimi hörmət, sevginin daha da artırılması, ana dilinin şüurlu olaraq dərk edilməsi kimi məsələlər öz əksini tapıb. Azərbaycan dilinin zəruri ünsiyyət vasitəsi olması ilə bərabər dövlətçiliyimizin əsaslarından biri kimi təhsilalanlara dolğun formada mənimsədilməsi mühüm əhəmiyyət kəsb edir. Bu fənni öyrənərkən, şagirdlər danışma, dinləmə, ədəbi dil normalarına uyğun oxu və yazı bacarıqlarını inkişaf etdirirlər. Milli azlıq nümayəndələrindən ibarət şagirdlər isə bu prosesdən təbii olaraq fərqli formada keçir”.

"Şagirdlərin özlərini yaradıcı və bədii şəkildə ifadə etməsində...”
Gənc müəllim bildirir ki, milli azlıqların yaşadığı bölgələrdə erkən yaşlarda məktəbə qədəm qoyan şagirdlərin Azərbaycan dili fənninin mənimsənilməsi prosesində digər həmyaşıdlarından fərqli mərhələ keçməsi onu şagird və müəllimləri əlavə motivasiya edəcək layihəni reallaşdırmağa sövq edib: "Belə ki, ailədə ana dilində danışan azyaşlının ibtidai sinif mərhələsində Azərbaycan dili fənnini mənimsəmə prosesi xüsusi diqqət edilməli məqamlardan biridir. Təhsilin bütün pillələri üzrə müəyyən edilən məzmun xətlərinin (dinləyib-anlama və danışma, oxu, yazı və dil qaydaları) ibtidai sinifdə doğru aşılanması növbəti illərdə şagirdlərin Azərbaycan dili fənni və təbii olaraq, digər fənlər üzrə qazanacağı uğurların təməlini təşkil edəcək. Həmçinin şagirdlərin özlərini yaradıcı və bədii şəkildə ifadə etməsində bu amil mühüm rol oynayır”.

Layihənin hədəfi
Həmsöhbətimizin sözlərinə görə, layihənin məqsədi milli azlıq nümayəndələrinin təhsil aldığı ibtidai siniflərdə Azərbaycan dili fənninin tədrisi zamanı oxu və yazı bacarıqlarının inkişafı üçün stimullaşdırıcı mühit formalaşdırmaq, dilimizin zənginliyi fonunda şagirdlərin erkən yaşlarda özünüifadə bacarıqlarını inkişaf etdirməkdir: "İsmayıllı rayonu ərazisində 7 fərqli azsaylı xalqın nümayəndəsi yaşayır ki, bu müsabiqə növbəti mərhələdə həmin məktəblərdə çalışan müəllim və şagirdlərin də fəal iştirakına və Azərbaycan dili fənninin mənimsənilməsi zamanı onların daha çox motivasiya edilməsinə gətirib çıxaracaq”.

Multikultural rəngarəngliyimizin fonunda...
Gənc müəllim bildirir ki, oxu vərdişi fərdin idrakı, emosional, psixomotor bacarıqları olmaqla yanaşı, insanların anadangəlmə deyil, təhsilalma prosesində əldə etdikləri sosial bir ehtiyacdır: "Həmçinin fərdin dünyagörüşünə, bilik səviyyəsinə, ünsiyyətinə, idraki bacarıqlarına birbaşa təsir edən aktiv bir fəaliyyətdir. Bu baxımdan, oxuduğunu anlamaq və oxu savadlılığı beynəlxalq səviyyədə əhəmiyyətli hesab edilən və yoxlanılan bacarıqlardandır. Bu layihənin sonunda milli azlıqların yaşadıqları kənd, qəsəbə məktəblərində erkən yaşlarda Azərbaycan dili fənni üzrə əsas və alt-standartların mənimsənilməsi zamanı müəllim və şagirdlərdə əlavə motivasiya yaranacaq. Layihənin icrası zamanı iştirakçılar arasında yaranacaq sağlam rəqabət mühiti, uğur qazanan şagird və onların müəllimlərinin rəğbətləndirilməsi növbəti dəfə daha geniş formada iştirak və motivasiyanı təmin edəcək. Şagirdlərin Azərbaycan dili fənni üzrə təşkil edilən oxu və yazı müsabiqəsində iştirakı, onlarda mütaliə marağını, yaradıcılıq bacarıqlarını daha da artıracaq. Multikultural rəngarəngliyimizin fonunda Azərbaycan dilinin zənginliyini erkən yaşlardan mənimsəyən şagirdlər təhsilin növbəti pillələrində qazanılacaq biliklərin təməlini atmış olacaqlar”.

Ən böyük məqsəd
Müsahibimizin məqsədi Azərbaycanı elm və mədəniyyət sahəsində daha da inkişaf etdirəcək gənclər yetişdirməkdir: "İxtisasım ibtidai sinif müəllimliyi olduğu üçün təhsildə ilk addımlarını atan azyaşlılarda məktəbə, təhsilə, mütaliəyə həvəs yaratmağın məndən asılı olduğunu bilirəm. Öz milli, mənəvi dəyərlərinə sadiq, xalqını, vətənini sevən, yeniliklərə açıq olan gənclər yetişdirmək ən böyük məqsədimdir”.

Məlumat üçün bildirək ki, layihə müddətində milli azlıq nümayəndələrinin kompakt halda yaşadığı İstisu, Qalacıq, Sumağallı, Qurbanəfəndi, İvanovka, Hacıhətəmli kənd məktəblərinin şagirdləri ilə müsabiqələr həyata keçirilib. Yanvarın 6-da layihə çərçivəsində təşkil olunmuş müsabiqənin qalib şagirdləri və onların müəllimləri təltifnamə və sertifikatlarla təltif olunublar.

Aygün

banner

Oxşar Xəbərlər