“Heç vaxt müəllimin uşağı döyməyinin əleyhinə olmamışam” - Mənim nəvəm
Deyirlər, xoşbəxt o insandır ki, hər
səhərevdən işə, axşamisəişdənevə tələsir. İşləri hər
zaman çox olub. Amma bir vaxtlar işdən evə - ailəsi, övladlarının yanına
tələsən deputat, yazıçı Aqil Abbas, indi daha çox nəvələrini görmək üçün
addımlarını yeyinlədir.
"Mənim nəvəm” rubrikamızın qonağı Əməkdar jurnalist
Aqil Abbasdır. Tanınmış yazıçı, publisist İradə Tuncayla ailəli olan müsahibimiz
iki oğul (Tuncay və Toğrul) atası və 4 qız babasıdır. Evində qonaq olduğumuz
Aqil Abbas övladları ilə bağlı danışarkən deyir ki, hər zaman qız övladının
həsrətini çəkib. O qədər xiffət edib ki, Tanrı ona mükafat olaraq 4 qız nəvəsi
göndərib.
- Aqil müəllim, övladlarınızı
tərbiyə edərkən hansı üsuldan istifadə etmisiniz? Dədə-baba üsulu ilə, yoxsa
sizin öz metodlarınız olub?
- Mənim heç bir üsulum olmayıb. Öz valideynlərimdən
necə görmüşəmsə, övladlarımı da o cür tərbiyə etmişəm. Ancaq bəzi səhvlərim də olub.
Övladlarımı bir az ərköyün böyütmüşəm. Oğlanlarımın istəklərinə qarşı
çıxmamışam.
- Valideyn olmaq daha
məsuliyyətlidir, yoxsa baba olmaq?
- Baba olmaq o qədər də çətin missiya deyil. Ancaq atanın
missiyası çox məsuliyyətlidir. Baba olmağa nə var ki? Nəvələrinlə gəzirsən, onlara
bir az zaman ayırırsan, bir az da qayğı göstərirsən, vəssalam. Ancaq övladın təhsili,
problemləri, onların necə böyüməsi - bütün bunlara valideyn cavabdehdir.
- "Övladdan da şirindir nəvə” - deyirlər. Bəs
sizin üçün nəvə daha şirindir, yoxsa övlad?
- Mən onların heç birinə fərq qoymuram. Övladla
nəvəni, yəni balanın balasını fərqləndirmək düz deyil. Hər ikisi mənimdir,
canımın bir parçasıdır. Mən necə onları seçə bilərəm?
- Bir baba
olaraq nəvələrinizə zaman ayıra bilirsinizmi?
- Əlbəttə. Mənim öz missiyam var. Tez-tez nəvələrimi
şəhərə aparıram, onlarla asudə zaman keçirirəm. Məni görəndə qucağıma qaçırlar,
"gedək kuku alaq” deyirlər. Gündə ən azı 1-2 saat onlara zaman ayırıram.
Onlarla keçən hər bir anım mənim üçün dəyərlidir.
- İki oğul atası
olaraq qız övladının həsrətini çəkmisinizmi?
- Hər zaman arzu etmişəm ki, kaş, bir qızım olaydı.
Düzdür, Allahın işinə qarışmaq olmaz, amma indi valideynlərə qızlar oğlanlardan
daha çox can yandırır. Bunu həyat yoldaşım İradə xanımda daha yaxşı görürəm. O,
valideynlərindən ötrü canını verər. İstərdim elə bir qız övladım olsun. Amma
qismət deyilmiş.
- Dualarınız qəbul
olunub ki, 4 qız nəvəniz dünyaya gəlib.
- Əlbəttə, onlar Allahın şirin payıdır.
- İki ali savadlı oğul
böyütmüsünüz. Onların təhsilində sizin payınız nə qədərdir?
- Onların şəxsiyyət kimi formalaşmasında İradə ilə mənim
də rolum olub. Ancaq övladlarım babalarından da çox şey öyrəniblər. Biz uşaqların
babası Məmməd Arazla bir yerdə yaşamışıq. Babaları onların tərbiyəsi ilə çox məşğul
olub. Övladlarım yetkinlik yaşlarında məni az görüblər.
- Səbəb nə olub?
- Çünki həmin ərəfələr mən Ağdamda, Füzulidə,
Tərtərdə döyüş bölgələrində idim. Cəbhə bölgəsində döyüşən əsgərlərimizə
silah-sursat, ərzaq daşıyırdım. Həmin ərəfələrdə onların da formalaşmağının əsl
zamanı idi. Uşaqların yanına gələndə də ancaq bir-iki gün qalıb yenidən cəbhə
bölgəsinə gedirdim. Səngərdə əsgərlərlə birlikdə olduğuma görə övladlarıma zaman
ayıra bilmirdim. O zaman oğlanlarımın tərbiyəsi ilə Məmməd Araz və İradə xanım məşğul
olurdu. 1994-cü ildə atəşkəs elan olunduqdan sonra geri qayıtdım və onların təlim-tərbiyəsi
ilə məşğul oldum. Onların bütün dərsləri ilə anası maraqlanıb.
- Hansı oğlunuzun xasiyyəti
sizə daha çox oxşayır?
- Tuncay babası kimi çox sakitdir. Elə də çox adamayovuşan
deyil, həddindən artıq sərtdir. Onda hərbçi xarakteri var. Tuncayla bir saat söhbət
etsək, işindən bir cümlə belə nəsə danışmaz. Buna görə də mən ondan işi ilə
bağlı heç nə soruşmuram. Ancaq Toğrul deyib-gülən və zarafatcıldır.
- Həyat yoldaşınız
İradə xanım ləqəb olaraq Tuncayın adını götürüb. Bu, Toğrulun qısqanclığına səbəb
olmayıbmı?
- İradə xanım Tuncayın adından ləqəb olaraq
istifadə etdikdə, o, xaricdə idi. Ankarada Polis Akademiyasında əsgər həyatı yaşayırdı.
Qürbətdə olmağı bir ana olaraq ona təsir etmişdi. Toğrul niyə qısqansın ki? Qardaş
qardaşı qısqanarmı?
- Vətənə, torpağa,
el-obaya çox bağlı olduğunuzu bilirik. Bəs o Ağdam həsrətini, nisgilini övladlarınızda
formalaşdıra bildinizmi?
- Övladlarım Ağdamın pis günlərində orda olublar. Nə
vaxt cəbhə bölgəsinə gedirdimsə, Tuncayı da aparırdım. Deyirdim get dərslərini oxu,
inad edib mənimlə gəlirdi. Mən hər zaman onu əsgərlərin yanına, səngərə aparırdım.
Bir gün Ağcabədidə çörək yeyirdik. Baxdım ki, Tuncay yanımızda yoxdur. Maşına tərəf getdim və
gördüm ki, heç maşın da yoxdur. Tuncaya uşaq yaşından maşın sürməyi öyrətmişdim
deyə, bildim ki, maşınla harasa gedib. O zaman mobil telefon da yox idi. Polisə
müraciət etdik, bildirdilər ki, sizin maşınınız Ağdam istiqamətinə getdi. Həmin
dəqiqə bildim ki, oğlum cəbhə bölgəsinə gedib. Tuncay gedib mağazadan əsgərlərə
lazım olan ləvazimatları alıb, hər zaman getdiyimiz posta aparıbmış. O zaman Tuncay
hələ 8-ci sinifdə oxuyurdu.
Tətil günlərində hər kəs istirahətə gedəndə, mən yoldaşımla
övladımı götürüb Ağdama gedirdim.
- Deyirlər, ilk
övlad və ilk nəvə hər zaman istəkli olur. Bəs siz necə, ilk nəvənizi daha çoxmu
istəyirsiniz?
- Nəvələrimin hamısını sevirəm. Heç birinin arasında
fərq qoymuram. Olmaz axı mən sizə deyim ki, kimisə daha artıq sevirəm.
- Amma hər babanın
da könlünə yaxın olan bir nəvəsi var...
- Təbii ki, ilk nəvəmi də çox istəyirəm. Eyni zamanda,
əkiz nəvələrim də mənim üçün istəkli və dəyərlidir. Əkizlərin biri gimnastik
hərəkətlər edir, çox aktiv və hiperaktiv uşaqdır, qıvraqdır. Onu atası elə
yetişdirib. Düzdür, mən hərdən atasına etiraz etsəm də, o nəvəmin qıvraqlığı,
cəldliyi məni sevindirir. O nəvəmi də çox istəyirəm.
- Nəvələrinizin gələcəyini
necə görmək istəyərsiniz? Hansı peşənin sahibi olaraq görməyi arzu edirsiniz?
- Taleyi Allah yazır. Gərək sənin də ağlın olsun ki,
istiqamətini müəyyənləşdirəsən. Mən çox istəyərəm ki, nəvələrim həkim olsun. Həkimlikdən
və müəllimlikdən müqəddəs sənət yoxdur. Biri insanı fiziki cəhətdən sağaldır, digəri
isə əqli cəhətdən. Həkim təcili yardımdır, müəllim isə hospital. Nəvələrim oxuyurlar,
dil öyrənirlər, dərslərinə önəm verirlər. Dil bilgisi də çox önəmlidir. Mən rus
dilində yaxşı danışa bilmirəm, ancaq oğlanlarım da, nəvələrim də rus dilini çox
yaxşı bilirlər. Birdən oğlanlarımla şəhərdə rus dilində danışanda, xahiş edirlər
ki, mən rus dilində danışmayım.
O ki qaldı sualınıza, adətən biz uşaqları məcbur edirik
ki, məhz valideynlərin istədiyi sənətin dalınca getsinlər. Oğlum hüquq
fakültəsini oxudu, ancaq həmin sənəti ürəkdən istəmirdi, çünki həddən artıq ürəyiyumşaq
idi. Deyirdi ki, mən insanları həbs edə bilmərəm. O insanın anasının, bacısının
gözü qarşısında necə cəza verə bilərəm? Başlayırdı həmin insanın faciəsini içində
yaşamağa. Gərəkdir ki, insanın peşəsi ilə xarakteri yaxın olsun. O, sistemdən ayrıldı.
Fövqəladə Hallar Nazirliyində işlədi. Seçimini özü etdi, ona heç bir müdaxilə
etmədim.
- Sizi mülayim, səmimi
insan kimi tanıyırıq.
- Heç zaman kimin üçünsə kin saxlamamış, heç kimə nifrət
etməmişəm. Kim mənə qarşı düşmənçilik edibsə, onu hər zaman Allaha tapşırmışam.
- Bu xüsusiyyətinizə
görə heç peşmançılıq hissi keçirirsinizmi?
- Mənim atam da belə idi. 45 ildə nə onun üzünün güldüyünü,
nə də bir toyda oynadığını görmüşəm. Evimizə şərab buraxmırdı. Şərab içənlərə nifrət
edirdi. Amma həddən artıq da ürəyiyumşaq idi. Bizim qonşuda iki-üç kasıb ailə var
idi. Evə gələndə birinci onların payını verib, sonra evə gəlirdi. Təsərrüfat rəhbəri
işləyirdi. Hamını dolandırmağa çalışırdı. Deyilənə görə, babam da elə olub. Düzdür,
mən babamı görməmişəm. Nənəm bəy qızı olub. Paşa bəyin qızı idi. Çox varlı-dövlətli
olublar. 1967-ci ildə dünyasını dəyişib. Nökəri və qulluqçusu var idi. Məhərrəmlikdə
40 gün ehsan verirdi. Mən ədəbiyyata onun hesabına gəlmişəm. O qədər hədislər, bayatılar,
rəvayətlər bilirdi ki... Babam Kərbəladan kitablar gətirmişdi. Kəndin mollasına
verirdi ki, oxusun, kəndin camaatı qulaq assın. Bütün kənd nənəmə "bibi” deyirdi,
biz də atamın anasına "bibi” deyirdik. Hətta bibim rəhmətə gedəndə nəyi vardısa,
atam onun qulluqçusu və nökəri arasında böldü. Dedi ki, bu insanlar ömür boyu anam
üçün işləyib. Baxmayaraq ki bibimin nəvələri, oğlu var idi, ancaq atam onun var-dövlətini
onun qayğısına qalan nökər və qulluqçu arasında böldü.
- Bəs sizin özünüz
necə övlad olmusunuz?
- Mən bir dəfə də olsun nə anamın, nə də atamın sözündən
çıxmamışam. 31 yaşıma qədər içki içməmişəm. Atam içkiyə giley edirdi, ancaq siqaretə
heç bir söz demirdi. Deyirdi ki, içki elə bir şeydir ki, onu içəndən sonra ağıl
başdan çıxır, insan gedir küçədə yatır, kiməsə zərər verir. Ancaq siqaret çəkəndə
özündən başqa kiməsə zərər vermirsən. Mən də siqareti 35 yaşımda çəkmişəm. Ağdam
hadisələri başlayan ərəfədə. Atam siqaret çəkdiyimi öyrənəndə, dedi ki, çəkirsənsə,
"Mallbro” çək, onun ziyanı azdır. Atam mənə deyərdi ki, dənizə getmə, qadağa
qoymuşdu. 65 yaşım var, hələ də dənizə getmirəm. Bu gün də dənizi sevmirəm.
Atam "oğluma nəsihətlər” adlı kitab yazmışdı. Ancaq
o kitab Ağdamda yandı. Nəsihətlərinin içərisində bir sözü həmişə mənə təsir edirdi.
Deyirdi ki, pis övlad altıncı barmaq kimidir, kəsərsən ağrıdar, kəsməzsən, səni
eybəcər göstərər. Çalışırdım ki, o altıncı barmaq olmayım.
Biz uşaq olanda anam bizi döyürdü. Ancaq atam heç vaxt
bizi döyməyib. Attestat alanda həvəslə onu gətirib atama göstərdim, attestatıma
baxdı və məni təbrik etmədi. Çünki orda bir dördüm var idi.
- Övladlarınızı
tərbiyə edərkən onlara şiddət tətbiq etmisinizmi?
- Övlad döyməyi sevmirəm, döymək tərbiyə üsulu
deyil. Yaponlar uşaqlarda özgüvən yaratmaq üçün onları hər zaman tərifləyirlər.
Əgər uşaq nəyisə sındırırsa, deyirlər ki, sənin kimi bunu heç kəs sındıra bilməzdi.
Deyirlər ki, olmazları, təlim-tərbiyəni onsuz da uşaq məktəbdə öyrənəcək. Uşağı
hər şeydən əvvəl şəxsiyyət olaraq yetişdirmək lazımdır. Şiddətə qarşı olsam da,
müəllimin uşağı döyməyinə razıyam. Müəllim uşağı niyə vurur? Yəqin ki, uşaq dərs
zamanı dəcəllik edib, dərsə mane olub, nəsə nalayiq hərəkət edib ki, müəllim də
ona bir şapalaq çəkib. Müəllim uşağı sevdiyindən vurur. O da bir insandır. Necə
olur, atası döyə bilər, dərsini oxumayıb, nadinclik edir, müəllim onu döyə bilməz?
Türklər deyir ki, müəllimin vurduğu yerdən gül bitər. Müəllimin uşaq döyməyinin
heç vaxt əleyhinə olmamışam.
Xəyalə Rəis