Hazırladığı ayaqqabıya ömürlük zəmanət verən sənətkar-Ölən sənətlər
Pinəçi Əbülfət Həsənov: "Xaricdə heç bir kimyəvi
materialdan istifadə olunmadan hazırlanan ayaqqabını, biz ötən əsrin ikinci
yarısında Bakıda istehsal edirdik”
Müasir dövr bizə
yeni sənətlər, modern peşələr bəxş edib. Gələcək nəsil də məhz bu sənətlərlə
maraqlanır, ardınca gedir. Bu səbəbdən ötən əsrin məşhur olan bir çox sənətləri
tarixin arxivinə gedir. Bu sənətlərdən biri də pinəçilikdir. Bu sənətin
"sonuncu mogikanı”, ömrünün 55 ilini pinəçiliyə həsr edən Əbülfət Həsənovla
söhbətləşirik. 8 yaşından atasının yanında sənəti öyrənməyə başlayıb. 63 yaşı
var. Lakin bu gün bu işi bacaran ən cavan sənətkardır. Sənətini, bildiklərini
miras qoya biləcəyi kimsə yoxdur. Ayaqqabı təmir edən çoxdur. O isə təmir
etmir, sıfırdan ayaqqabı yaradır.
- "3-cü sinifdə oxuyurdum, məktəbdən gəlirdim, hazırlaşırdım ki, uşaqlarla oynamağa gedim, atam çağırırdı ki, gəl mənə kömək et. Atama kömək edə-edə sənəti öyrəndim. 3 qardaşıq, onlar da pinəçidirlər. Lakin mənim əl işimi görə bilmirlər. Çünki onlardan böyüyəm və o dövrün sənətkarlarının yanında sənəti öyrənmişəm”.
- Əbülfət usta, biz heç bir kimyəvi materialdan
istifadə etmədən və sırf əl işi olan ayaqqabı brendini yarada bilərikmi?
- Bəli. Azərbaycanda
sənətin vətəni Bakı və Şəki olub. Bu gün xaricdə heç bir kimyəvi materialdan
istifadə olunmadan hazırlanan ayaqqabını, biz ötən əsrin ikinci yarısında Bakıda
istehsal edirdik. Atam sırf bu işlə məşğul idi. Bu gün İtaliyada bahalı butiklər
var ki, bir ayaqqabı üçün aylarla növbə gözləyirsən və qiyməti minlərlə
yevrodan başlayır. Axı bu texnologiya bizdə olub və biz bunu yaşada bilərdik.
Yadımdadır, Azərbaycanda orta sıravi işçinin maaşı 110-120 rubl olanda, biz o
ayaqqabıları 90-100
rubla hazırlayırdıq. Bizdə bu ənənə var idi və həqiqətən, insanımız da sifarişlə
hazırlanan ayaqqabının dəyərini bilirdi. Böyük növbələr olurdu, işi çatdıra
bilmirdik. Axı indi də ekoloji, təmiz ayaqqabılara tələbat var. Dövr dəyişir,
amma sağlamlıq anlayışı dəyişməyib. Təəssüf ki, bu sənəti öyrənən yoxdur. Öyrənən
olsa, mən öyrətməyə hazıram.
- Bəli, çox gəlirli
idi. İndi bu işi tək görürəm. Oğlumun biri maliyyəçi, digəri ürək-damar cərrahıdır.
Bizim ailədə bunun davamı gəlmədi. Düzü, peşəyə, sənətkarın zəhmətinə verilən
qiyməti görmədikdə, bu sahədən incidim. İstəmirdim ki, övladlarım mən çəkdiyim əziyyəti
çəksin. İndi oğlum çalışır ki, bu işi nəslimizdə davam etdirsin. Ən azından
hobbi olaraq özləri üçün ayaqqabı tikməyi öyrəniblər.
- Bu işi təzə
qurmağa başlayanda istifadə olunan alətləri tapa bilmirdim. Əl işi ilə
hazırlanan ayaqqabılar var ki, onları ancaq öz alətləri ilə təmir etmək olur.
Bakıda müəyyən yerlərdə axtardıq, tapa bilmədik. Məlum oldu ki, biz istədiyiniz
alətlər ölkəmizdə 20-30 il əvvəl dövriyyədən çıxıb. Hətta bu gün bu sahədə
inkişaf etmiş Türkiyədə də avadanlıqlar yox idi. Axtara-axtara Şəkidə bir nəfərin
evində tapdıq. Yaşlı insan idi, onları saxlamışdı. Dəyərindən artıq qiymətə
aldıq.
- Var. Hətta çoxdur.
Biz ancaq sifariş üzərindən işləyirik. Hər ayağın spesifik xüsusiyyətləri olur.
Ayaq ölçüləri fərqli olan müştərilər də müraciət edir, yalnız keyfiyyətli və
ekoloji ayaqqabı istəyənlər də... Müştəri gəlir, dərini, ayaqqabının içini,
altına vurulan materialı belə özü seçir. 3-4 gündən sonra "tester” ayaqqabı
hazırlayırıq. Geyinir, gəzir. Son ştrixləri də alırıq və istehsala keçirik. Səmimi
deyim ki, bütün müştərilər sırf əl üsulu istəmir, bəziləri sənaye üsulu edir.
Çünki qiymət fərqləri var, amma əl işini də istəyənlər az deyil. Müştərimiz var
ki, əldə hazırlanan ayaqqabının dəyərini bilir və qiymət neçəyə olsa da, onu
sifariş verir. Sırf əl işi olan ayaqqabıya ömürlük zəmanət verirəm. Amma qiymətlər
fərqli olur. Bəzi müştərilər də olur ki, sırf modeli bəyənir. Məsələn, hansısa
brendi göstərir və eynisindən istəyir, hansı üsulla hazırlanması ona maraqlı
deyil.
- Sadə,
əl işi olmayan ayaqqabılar 140-145 manat civarında olur. Qiymətlər müştərinin
seçimindən asılıdır. Ən zəif idxal etdiyimiz mal, türk malıdır. İtaliyadan gələn
avadanlıqda qiymət fərqli olur. Bəlkə də qiymət analoji türk ayaqqabısından
bahadır. Səbəb odur ki, sən ayaqqabının detallarını seçməkdə sərbəstsən. Ən əsası
odur ki, ayaqqabıdan nə vaxt narazı olsan, biz onu ya düzəldirik, ya da
yenisini tikirik. Baha görünə bilər, amma bunun arxasında ciddi zəhmət var.
Sırf əl işi 250-300 manata başa gəlir. Ondan sonra artıq materialın keyfiyyəti
dövriyyəyə girir. Məsələn ilan, timsah dərisindən hazırlanan ayaqqabılar, təbii
olaraq bahadır. Dərinin qiymətinə görə, ayaqqabının qiyməti də dəyişir.
- Bu, bazardır. Siz, Çin malı bura gəlməsin”
deyə bilməzsiniz. Bəli, Çin malı gələcək və alınacaq da. Pinəçilərə də ciddi
ziyan vurur. Amma bu, bazarın qanunudur. Hər malın özünün istehlakçısı var.
- Pinəçilər
oturub Çin malı ilə rəqabət aparmamalıdırlar. Bunu etmək istəyən də olacaq.
Ancaq özünü yetişdirib üzünü italyan brendlərinə çevirsin, onlarla rəqabət
aparsınlar. Məsələn, ayaqqabını 3
manata təmir etməyə bilərsən. O gedib 5 manat verib yenisini alacaq. Bəs
insanların 3-4 min avroya İtaliyadan aldığı ayaqqabını kim təmir edəcək? Tələbat
çoxdur, lakin usta azdır. Şəhərə baxın, hər 100 minlik maşın sürənin ayağında
1000 manatlıq ayaqqabı var. Onlar 5 manatlıq ayaqqabı geyinmir ki... Sənətkar
olsa, bu sahəyə də tələbat var.
- Bir nömrəli səbəbi
şüuraltı düşüncələrdir. Övladlarımız böyüyür, sənət seçimi edəndə onlara
qalstuk, kreslo aşılanır. Məsələn, uşaq böyüyəndə kim olacağını düşünmür.
Ağlına kabinet, kreslo gəlir. Çünki bizə bu aşılanır. İnsanımız işləmək, zəhmət
çəkmək istəmir. Sənətə meyilli deyillər. Bizdə hamı universitet oxuyur. Oxu...
Oxuyandan sonra neçə faizi seçdiyi peşədə uğur qazanır? Amma sənətkar ortaya dəyər
çıxarır, imza qoyur. Bu gün azca intellekti
olan adam ali təhsil dalınca qaçır. Ali təhsilə qarşı deyiləm, olsun. Bəs
sənətə kimlər gedir? Sənin övladlıq vəzifən universitetə girib təhsil almaqdır,
olmadısa, bacarmadınsa, sənətə gəlirsən. Əgər təhsildə uğur qazanmırsan, həyatda
yerini tapa bilmirsənsə, sənət öyrənməyə göndərirlər. Nəticədə az potensiallı,
intellekti zəif, bacarıqsız insanlar sənətdə olurlar. Sənətə belə münasibət
düzgün deyil. Bunun dünyagörüşü olmalıdır. Adam həyatında 3 kitab oxumayıb,
dünyagörüşü yoxdur, zövq formalaşmayıb, amma sənətkar olmaq istəyir. Niyə
italyan ortaya gözəl ayaqqabı çıxarır? Ona görə yox ki, əli yaxşı işləyir, ona
görə ki, dünyagörüşü və zövqü var. Bizdə
heç bir şeyi bacarmayanda, sənətə gəlirlər. Bu zaman da sənət inkişaf
etmir. Sonra da deyirik ki, baxın, italyan nə yaradır? İtaliyan ona görə
yaradır ki, o, əvvəl öz sənətinə hörmət edir. Sonra ortaya iş qoyur. İtaliyada
pinəçinin qolunda 4 min avroluq saat olur. Bizdə isə belə düşüncə formalaşıb
ki, pinəçi kasıb olmalıdır. Bu sahədə pul da var, gəlir də, sadəcə sənətkar, sənətə
meyil yoxdur. İnsanımız daha rahat pul qazanmaq istəyir. Hamı ofis işinə qaçsa,
ortada iqtisadi inkişaf olmayacaq. Türkiyədə 90-cı illərin əvvəllərində güclü
peşə məktəbləri açıldı və oradan dülgərlər, dərzilər, ayaqqabıçılar çıxdı. Peşəkar
yetişdirdirlər və Türkiyədə istehsalın əsasını qoydular. Bizim insanımız
düşünmür ki, mən bu gün pinəçi ola bilərəm, sabah bu sex, fabrik ola bilər. Nə
qədər texnologiya inkişaf edəcək, əl işinə həmişə hörmət olacaq, çünki bu,
maraqlıdır, ənənədir.
- Bəli, sənətə
elə baxılır. Sanki sənət aşağılanır. Sən kimsən ki, "sapojnik”sən... Düzdür,
heç kim dilə gətirib deyə bilməz, amma şüur altında o yatır. Bu, təkcə pinəçiyə
aid deyil. Maşın ustası, dərzi, dülgər - hamısı şüur altında aşağılanır. Məsələn,
binanı usta tikib deyəndə qəribə baxırlar, arxitektor deyəndə uca. Eynilə "dərzi”
deyirik aşağılanır, "modelyer” deyəndə yüksəlir. Çox adam özünə sığışdırmır ki,
niyə pinəçi işləyim? Pinəçilik 3 manata ayaqqabı təmir etmək deyil, ayaqqabı
yaratmaqdır. Ayaqqabıçılıq Azərbaycanda ənənəsi, kökü olmuş bir sahədir. Bunu
inkişaf etdirməliyik, istehsalçılar, sənətkarlar, bu sahənin iştirakçıları
arasında güclü kommunikasiya olmalıdır. Məsələn, Ayaqqabıçılar Assosiasiyası
yarana, bunun vasitəsilə təkliflər, problemlər müvafiq dövlət qurumlarına
çatdırıla bilər.
- Bu gün ali təhsili
olmayan birindən soruşsaq nə işləmək istəyirsiniz, ya sürücü, ya satıcı, ya da
mühafizə işini deyəcək. Sanki başqa sənətlər yoxdur. Mənim yanıma 2-3 il gəlib öyrənən adam bugünkü
bazarla ayda 1500-2000 manat qazana bilər. Amma səbir edib öyrənmək istəyən
yoxdur. Bir neçə aya bezib, qaçırlar.
- "Sənət ölməməlidir”
deyə bir qayda yoxdur. Tələb olmayan hər sahə ölümə məhkumdur. Məsələn 90-larda
Çin, Türkiyə istehsallı ayaqqabılar bazara gəldi və sənət öldü. Bu iş
ayaqqabıya ehtiyacdan qalxmayacaq. Kütləvi tələbi sexlər, fabriklər qarşılayır.
Bu sahədə də, təbii ki, yerli istehsalın inkişafı arzuolunandır. Ancaq bizim
gördüyümüz iş sənətə, əl işinə sevgidən qalxacaq. İncə, zadəgan zövqünün
formalaşması ilə inkişaf edəcək. İnsanlar bunun özünəməxsusluğunu hiss etməlidir.
Bir ruh olmalıdır. Hamı ucuz qiymətə nəsə tapa bilər. İnsanlar ona görə mənə
müraciət edir ki, burada spesifik, özünəməxsus ayaqqabı yaradırıq.
- Ayaqqabı, dəri
olsa yaxşıdır. Əgər dəri deyilsə, ayaq içində çox qalmamalıdır. Çünki
havasızlıq zərərlidir. Ayaqqabı rahat olmalıdır. Görünüşə görə yox, ayağın
formasına görə almaq lazımdır. Ayaqqabıya qarşı tələbi insan düzgün verməlidir.
Yəni sən ayaqqabıdan rahatlıq, yoxsa gözəllik istəyirsən? İkisinin üst-üstə
düşməsi üçün sənin ideal ayağın olmalıdır. İdeal deyilsə, sırf gözəllik istəsən,
əziyyət çəkə bilərsən.
Aygün ƏZİZ