Havaya aldananlar
Mütəxəssislər
deyirlər ki, payız günlərində geyim seçərkən evə qayıtma saatını nəzərə almalı,
gün ərzində havanın tez-tez dəyişməsinə uyğun hərəkət etməliyik
"Nazik
geyinirik, - soyuq olur, qalın geyinirik, - isti”. Bu cümləni yaydan payıza
keçid dövründə çoxlarımız işlədirik. Çünki bu günlərdə geyim cəhətdən çoxumuz
çaşqınlıq yaşayırıq. Səhər evdən çıxanda havanın günəşli olduğunu görüb nazik
geyinənlər, günortadan sonra temperaturun kəskin düşməsini nəzərə almırlar. Və
yaxud səhər soyuq hava müşahidə edib qalın geyinirsən, günortaüstü temperatur
elə yüksəlir ki, qalın geyindiyinə
peşman olursan. Ona görə də, bu günlərdə
şəhərdə həm yay, həm də payız geyimində olan adamlar görə bilirik. Kim düzgün
seçim edir, yaxud bu günlərin doğru geyim forması necə olmalıdır?
Müəyyən məqamları
nəzərə almalıyıq
Virus
infeksiyalarının ən aktiv olduğu dövr məhz elə bu günlər sayılır. Üstəlik,
bütün dünyanı cənginə alan COVİD-19 pandemiyası var. Belə dövrdə düzgün geyim
seçilməməsi virus infeksiyalarına yoluxmağımızda nə dərəcədə rola malik ola bilər?
Modelyer Anara Zakirli deyir ki, yaydan payıza keçid günlərində artıq
payız geyimləri aktuallıq kəsb etməlidir: "Payızın gəlişi havanın
temperaturunda hiss olunur. Ona görə, geyim cəhətdən də havanın temperaturunu nəzərə
almalıyıq. Bu günlər üçün altdan daha nazik, üstdən isə qalın olmayan
materialda geyimlər uyğun sayılır. Üstdən qalın dediyimiz pencək, nazik gödəkcə
və s. ola bilər. Geyim seçimi edərkən müəyyən məqamları nəzərə almalıyıq. O cəhətdən
ki, iş yerində havanın necə olması, işə gedib-gələndə açıq havada nə qədər vaxt
keçirmək, hansı saatlarda evə qayıtmaq və s. məsələlərə də baxılaraq seçim edilə
bilər”.
Ətraf mühitdəki dəyişikliklər təsirsiz ötüşmür
Həkim-terapevt
Məlahət Abbasova
deyir ki, payıza doğru getdikcə yaydakı qədər soyuq qidalar, içkilər qəbul etmədiyimiz
kimi geyim məsələsində də diqqətli olmalıyıq: "İnsanıq və ətraf mühitdəki dəyişikliklər
bizə təsirsiz ötüşmür. Bədənin özünün temperaturu var. Havanın temperaturu
orqanizmimizə təsir edən önəmli faktorlardandır. Soyuq havanın orqanizmə mənfi
təsiri çox olur. Təsir etməsin deyə, bədənimizi qorumaq üçün diqqətli
olmalıyıq. Yaydakı qədər soyuq nəsə qəbul etməməli, isti havalardakı qədər
nazik geyinməməliyik. Adi qripin də baş qaldırdığı vaxtdır. Xroniki xəstəlikləri
olanlar diqqətli davranmalıdırlar”.
Səhər
çıxıb günorta gələn adam...
M.Abbasova
bildirdi ki, geyimlərimizi havanın səhər və axşam temperaturunu nəzərə alaraq
seçməliyik: "Çox adam səhər evdən çıxır, axşam qayıdır. Səhər sərin olur,
günorta isti, axşam da sərin olur. Bir qisim insan düşünür ki, günorta
saatlarında hava isti olur, ona əsasən daha nazik geyinir. Ancaq evə qayıdan
vaxtı gec ola bilər. Ona görə, havanın gün ərzində gedən dəyişikliyinə uyğun hərəkət
etmək lazımdır. Nəzərə almalıyıq ki, axşam işdən qayıdırıq. Əgər gec - yəni
havanın daha sərin olduğu dövrdə qayıtmağı planlaşdırırsınızsa, üstdən geyinmək
üçün də bir geyim götürmək lazımdır. Səhər çıxıb günorta gələn adam bir az daha
rahat geyinə bilər. Çünki axşamın sərin, soyuq vaxtına qalmayacaq. Üstdən geyinmək
üçün də nə isə götürməyə ehtiyacı yoxdur”.
Elə geyimlər
seçilməlidir ki...
Həkimin
sözlərinə görə, bu günlər üçün çox qalın geyimlər seçmək də məsləhət deyil:
"Geyim seçimi hər kəsin orqanizminə görə dəyişə bilir. Elə adam var ki, daha sərin
geyimlərdə rahat olur, eləsi də var ki, bir az isti geyimlərə üstünlük verir.
Kimin özünü necə rahat hiss etməsinə bağlıdır. Ancaq isti geyim deyəndə burda
elə geyimlər seçilməlidir ki, bədənin tərləməsinə gətirib çıxaracaq dərəcədə
qalın olmasın. "Axşam soyuq olacaq” deyib, evdən çıxanda çox qalın geyinmək də
düzgün yanaşma sayılmır. Çünki gün ərzində hava isti olacaq və o, davamlı
olaraq tərləyəcək. Geyimin qalınlığı bədəni tərlətməyəcək səviyyədə olmalıdır.
Evdən qalın geyinib çıxmaq yox, özünüzlə nə isə götürmək daha məsləhətlidir”.
Qışın
soyuğunda nə edəcəklər?
Həkim qeyd
etdi ki, qalın geyinib gün ərzində davamlı tərləyən şəxslərin xəstələnmə
ehtimalı daha çox olur: "Gün ərzində davamlı olaraq bir neçə dəfə tərləmə
orqanizmə mənfi təsir edir, mövsümün gətirdiyi virus infeksiyalarına qarşı həssaslıq
yaranır. Üstəlik, payız gəlməmiş çox qalın geyimə keçdikdə havalar bir az
soyuyanda o adamların bədənləri soyuğa qarşı daha həssas olacaq. İndi qalın
geyinirlərsə, qışın soyuğunda nə edəcəklər? Ümumiyyətlə, bədəni çox qalın
geyimlərə öyrətmək yaxşı deyil. İnsanı tərlətməyəcək və bədəninə soyuq
olmayacaq dərəcədə qalınlıqda bir geyim seçməlidir”.
Aygün
Asimqızı