Havamızı zəhərləyən avtomobillər
"Son 3
ildə Azərbaycanda, istehsal olunduğu ölkədə istismar müddəti başa çatmış və
ekoloji tələblərə cavab vermədiyi üçün istifadəsi qadağan edilmiş nəqliyyat
vasitələrinin sayı 2,5-3 dəfə artıb”. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib.
Belə
nəqliyyat vasitələrinin 40 faizinin müəyyən müddətdən sonra tullantıya
çevrildiyini deyən nazirlik rəsmisi qeyd edib ki, hesablamalara görə,
1991-92-ci illərdə Azərbaycanda atmosferə atılan tullantıların 85-90 faizi
stasionar mənbələrin, yəni sənaye müəssisələrinin, az hissəsi isə nəqliyyat vasitələrinin
payına düşürdü. Bu gün isə bunun əksi olaraq, ölkədə atmosferə atılan zərərli
qazların çox hissəsi - 75 faizə qədəri nəqliyyat vasitələrinin payına düşür: "Sənaye
müəssisələrinin daha mütərəqqi texnologiyalar əsasında yenidən qurulması
nəticəsində ətraf mühitə daha az tullantı buraxılır. Buna görə də, indi əsas
problem avtomobillərin formalaşdırdığı zəhərli qazlardır. Nəqliyyat
vasitələrinin ətraf mühitə böyük həcmdə zərərli qaz ayırmasının səbəbləri də
müxtəlifdir”.
Həmin
səbəbləri açıqlayan M.Qənbərov qeyd edib ki, Azərbaycanda əhalinin maddi rifah
səviyyəsi yüksəldikcə, avtomobil alan şəxslərin sayı da artır. Onun sözlərinə
görə, bu gün Azərbaycana idxal edilən nəqliyyat vasitələrinin 80 faizdən çoxu
işlənmiş, ekoloji tələblərə uyğun gəlmədiyindən, istifadə olunduğu ölkələrdə
istismarına qadağa qoyulan maşınlardır.
Həmin
avtomobillərin ətraf mühiti çirkləndirdiyini deyən ETSN rəsmisi əlavə edib ki,
inkişaf etmiş ölkələrdə ekoloji tələblərə uyğun olmayan maşınların istifadəsi
məsələsinə ciddi diqqət yetirilir, maşınların ekoloji tələblərə uyğun olması
tələbi qoyulur, onlar ətraf mühit üçün problem yaratdıqda, istismardan
çıxarılır.
M.Qənbərov
bildirib ki, köhnəlmiş nəqliyyat vasitələri yalnız ekoloji fəsadlar
yaratmırlar, onlar həm də qəza hallarının baş verməsinə səbəb olurlar: "Buna
görə, əhali problemin mahiyyətini dərk etməlidir. Onlar belə avtomobillərin
hansı fəsadlara yol açdığını başa düşməlidirlər. Hər bir insan özü dərk
etməlidir ki, belə nəqliyyat vasitələrini istifadə etməmək daha yaxşıdır. Çünki
bu maşınlar sağlamlıq üçün birbaşa təhlükədir, çox yanacaq sərf edir, texniki
xidməti baha başa gəlir. Digər tərəfdən, bu avtomobillər tez-tez qəza halları
yaradır, indi hiss etmədiyimiz təhlükələrin yaranmasına səbəb olur. Sonda
bunların utilizasiyası da bir problemdir”.
Nazirlik
rəsmisi bildirib ki, dünya təcrübəsində köhnə avtomobillərin istifadəsinin
qarşısının alınması üçün kompleks tədbirlər görülür.
O, həmin
təcrübəyə əsaslanaraq, təklif edir ki, bunun üçün ilk növbədə ekoloji baxımdan
istismara yararsız avtomobillərin Azərbaycana idxalını məhdudlaşdırmaq və
qadağa qoymaq olar:"Xarici
ölkələrdə belə maşınların şəhərin mərkəzinə daxil olmasına məhdudiyyət və ya
qadağa qoyulur, belə nəqliyyat vasitələrinin alınması, texniki baxışı zamanı müəyyən
vaxt və qiymət həddi qoyulur. Məsələn, təzə maşınlar 5 ildən bir, köhnə
maşınlar hər il texniki baxışdan keçirilir. Digər tərəfdən, təzə avtomobilin
rüsumu daha ucuz, köhnə maşınınkı yüksək olur. Ona görə də, bu gün Azərbaycan
reallıqları nəzərə alınmaqla müəyyən qərarlar qəbul edilməli, problemlərin
həlli istiqamətindən müzakirələr keçirilməlidir. İnsanlar maşın aldıqda
iqtisadi amillərlə yanaşı, nəqliyyat vasitəsinin ekoloji göstəricilərini də
nəzərə almalıdırlar”.
Bəs
görəsən bu tip avtomobillərin dövriyyədən çıxarılması mümkünüdürmü? Bu problemi
necə həll etmək olar?
Avtomobillər üzrə ekspert Eldəniz Cəfərov da son
illərdə Azərbaycanda ekoloji cəhətdən zərərli avtomobillərin sayının xeyli artığını
təsdiqləyir: "Bu avtomobillər insan sağlamlığı üçün ciddi təhlükədir. Amma bu o
demək deyil ki, hər gün ölkəyə küllü miqdarda yararsız avtomobil daxil olur.
Bildiyiniz kimi, qərara əsasən 2005-ci ildən aşağı tarixdə istehsal olunan
avtomobillər Azərbaycana buraxılmır. Bu qərarın qəbul edilməsində əsas məqsəd
ölkənin avtomobil parkını yeniləmək idi.
Yəni köhnə və yararsız avtomobillərin axınının qarşısını almaq əsas
niyyət idi. Bəzi işbazlar Gürcüstan bazarlarında satılan yararsız avtomobilləri
gətirib burada satışı ilə məşğul olurdular. 10 il əvvəl küllü miqdarda yararsız
və ekoloji zərərli avtomobillərin ölkəyə axını oldu. Bu avtomobillər əsasən
Avropa və ABŞ-dan Gürcüstan bazarlarına, oradan da bizə gətirilirdi. Sözügedən
qərar çıxdıqdan sonra bu məsələ bir qədər səngidi. Bir neçə il ərzində yarasız
avtomobillərin ölkəyə daxil olmasında ciddi azalma müşahidə olunur. Amma
əhalinin yeni avtomobil almaq qabiliyyəti xeyli aşağıdır. Bildiyiniz kimi,
gömrük rüsumlarının yüksək olması və aksiz vergisinin artırılmasından sonra
yeni avtomobillərin qiyməti bahalaşdı. Devalvasiyadan sonra vətəndaşlar yeni
avtomobil almaqda çətinlik çəkirlər. Ona görə də, hal-hazırda daxili bazarda
olan köhnə avtomobillərin alış-verişi aparılır. İstehsal tarixi 2005-ci ildən
aşağı olmasa da, ekoloji cəhətdən zərərli avtomobillər yenə idxal olunur.
Avropa ölkələrində bu avtomobilləri heç kim sürmür. Yəni onların istismar
müddəti başa çatıb. Orada bu avtomobillərin istismarı qadağan edilib. Onlar öz
avtomobillərini 1000-2000 avro qiymətinə təhvil verirlər. Həmin avtomobilləri
alaraq gətirib burada satırlar. Halbuki bu avtomobillərin böyük əksəriyyətinin
istismar müddəti başa çatıb. Bunun qarşısını almaq üçün bir neçə il əvvəl
Azərbaycan avtomobil parkının yenilənməsi barədə qərar çıxdı. Təəssüf ki, hələ
bu barədə irəliləyiş yoxdur. Yeni avtomobillərin idxal olunması üçün gömrük
rüsumlarının və aksiz vergisinin aşağı salınması lazımdır. Həmçinin, banklar
kredit faizlərini aşağı salmalıdır. Bildiyiniz kimi, hal-hazırda banklar
avto-kreditləşməyə ilkin olaraq avtomobilin 40 faizini tələb edirlər. Yəni əgər
30 min dollar civarında avtomobil almaq istəyirsinizsə, ilkin ödəniş olaraq 10
min dollardan çox ödəniş etməlisiniz. Növbəti illər üçün 15 faiz tələb olunur.
Əslində bu, çox yüksək rəqəmdir. Buna görə də avto-kreditləşmənin ilkin ödənişi
aşağı salınmalıdır. Həmçinin, illik ödəniş 9-10 faiz civarında olarsa, hər kəs
yeni avtomobil alar. Vətəndaşlar yeni
avtomobil ala bilmədiyinə gör,ə köhnə və ekoloji zərərli avtomobilləri alıb
istismar etməyə məcbur olurlar”.
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyir
ki, istismar müddəti başa çatan avtomobillər hər kəsin şəxsi mülkiyyətinə
çevrilib: "Bu barədə hər hansı inzibati qayda tətbiq etmək mümkün deyil. Çünki
bu, çox çətin və mürəkkəb bir məsələdir. İnsanın şəxsi mülkiyyətini əlindən
almaq olmaz. Əhali bu avtomobilləri
təhvil verib, yeni avtomobil almaq iqtidarında deyillər. Bu tip avtomobillər
əsasən regionlarda daha çox istifadə olunur. Məsələnin həlli üçün müəyyən
güzəştli kreditlər verilə bilər. Köhnə avtomobillərə müəyyən məbləğ ödəməklə,
vətəndaşlardan alıb həmin şəxslərə yeni avtomobil almaq şansı yaradıla bilər.
Əslində bu problem hansısa qaydada öz həllini tapa bilər. Onsuz da maddi durumu
normal olan insanlar yeni avtomobil alır. Yəni avtomobili vətəndaşın əlindən almaq
məsələnin həlli deyil. Vətəndaşa demək olmaz ki, sənin avtomobilinin istismar
müddəti başa çatıb, artıq öz maşınını sürə bilməzsən. Bunun üçün müxtəlif həll
yolları təklif olunmalıdır”.
Şəbnəm Mehdizadə