• cümə, 29 Mart, 13:32
  • Baku Bakı 14°C

Hava dəyişkənliyinin viruslu fəsadı

15.10.13 11:06 1845
Hava dəyişkənliyinin viruslu fəsadı
“Sentyabr-oktyabr aylarında Azərbaycanda havaların qəfildən dəyişməsi nəticəsində uşaqlar arasında soyuqdəymə xəstəlikləri və virus-infeksiyası yayılıb”. Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev bildirib. Belə ki, havaların soyuması, həmçinin məktəblərin və bağçaların işə başlaması nəticəsində soyuqdəymə xəstəlikləri, virus-infeksiya çoxalmağa başlayıb.
İnfeksion virusların yayılmasının əsasən mövsümlə bağlı olduğunu qeyd edən N.Quliyev “Kaspi”yə açıqlamasında bildirib ki, epidemiya halına keçməsə də, uşaqlar arasında xəstəliyin yayılmasının artımı bir neçə gün davam edib:
“Soyuqdəymə xəstəliklərinə virus xəstəlikləri də aid edilir. Bədənin soyuduğu və maddələr mübadiləsinin zəiflədiyi zaman bu, baş qaldıra bilir. Digər halda orqanizmin özü-özünü müdafiə qabiliyyəti daha güclü olur. Sentyabrın ortalarından oktyabrın əvvəlinədək havaların soyuması, uşaqların kollektivdə – məktəbdə, bağçalarda cəmləşməsi, onların bir-biri ilə sıx təmasda olması nəticəsində kim virusa yoluxmuşdusa, onlarda xəstəlik başlanır. Kollektivlərdə bir uşaq xəstələnən kimi digərlərini də asanlıqla bu virusa yoluxdurur. Keçən ay ərzində biz uşaqlar arasında soyuqdəymənin artması vəziyyətini müşahidə etdik. Amma onlar qrip virusları tərəfindən törədilməmişdi. Çünki adenoviruslar, rinoviruslar və s. kimi minlərlə virus var. Bunlardan bir qismi indi bir qədər azalıb».
Baş pediatrın sözlərinə görə, əslində, bu viruslara böyüklər də yoluxur, amma uşaqlar yoluxmaya daha həssasdırlar: «Uşaq toxuması zərifdir. Xüsusən də immun sistemi formalaşmayan uşaqlar daha az bakterial və virus mənşəli infeksiyalarla təmasda olurlar. Müəyyən infeksion agentlərə qarşı yaşadıqca onda immunitet yaranır. Amma körpə uşaqlarda bu immunitet formalaşmır. Onların toxumaları zərif olduğuna görə, iltihaba, yoluxmaya meylli olurlar. Virus infeksiyaları onların nəfəs yollarında, selikli qişalarında tez zamanda artıb çoxalır və iltihab törədir». Virus xəstəlikləri başdan-başa təhlükə olduğu üçün baş pediatr valideynləri ehtiyatlı olmağa çağırıb: «Viruslar çox təhlükəlidir. Amma onların özündən çox törətdiyi fəsadlar daha qorxuludur. Uşaq viruslara yoluxur, onda rinit başlanır, asqırır, burunətrafı iltihablaşır, maye axır, eyni zamanda, təsir əsəb sisteminə keçir və miningial əlamətlərə meydan açır. Nəticədə seroz meningit əlamətlər yaradır. Bəzən bu fonda ağır pnevmoniya xəstəliyi inkişaf edir. Ona görə də valideynlər bilməlidirlər ki, övladları kəskin restirator virus infeksiyasına yoluxubsa, xəstəliyin özü qorxulu olmasa da, törətdiyi fəsad çox qorxuludur. Əslində, virus infeksiyası orqanizmdə bir həftə ərzində baş verir. İltihab başlanır, sonra da geriyə qayıdır. Bəzən ağır fəsad törəyir. Valideynlər xəstələnən kimi övladlarını evdə saxlamalı, məktəbə buraxmamalı, sahə həkiminə və tibb mütəxəssisinə müraciət etməlidirlər». N.Quliyev qeyd edib ki, valideynlərin bir qisminin ev şəraitində uşaqlarına inyeksiya etmələri də təhlükəlidir: «Valideynlər bilməlidirlər ki, tibbi işçisi olmaq üçün illərlə oxumaq, xüsusi məktəblər keçmək lazımdır. Çünki bu sahədə o qədər xırda nüanslar var ki, həkim olmayanlar bunu bilmirlər. Texniki cəhətdən təkcə inyeksiya etməklə heç nə bitmir. Sonra elə ağır fəsad çıxır ki, valideyn çıxılmaz vəziyyətə düşür. Buna görə də vaxtında tədbir görülməlidir. Uşaqların geyimi, qidalanması mövsümə uyğun yerinə yetirilməlidir”. Baş pediatr mövsümü viruslara qarşı peyvəndin tələb olunmadığını da bildirib: «Amma elə peyvənd olunan xəstəliklər var ki, onları da viruslar törədir. Məsələn, qızılca, suçiçəyi, karotit və s. xəstəlikləri də viruslar yaradır və bunlara qarşı peyvənd olunmalıdır. Amma qrip, paraqrip, adinovirus, rinovirusa qarşı bir qayda olaraq peyvənd edilmir. “Çünki peyvənd immunitet törətmir. Müvəqqəti effekt verir və sonra da itir. Digər tərəfdən, viruslar o qədər sifətlərini dəyişirlər ki, onların birinə qarşı immunitet yaradanda gələn dəfə həmin virusda mutasiya baş verdiyini görürsən. İmmunitet yaratmaq mümkün olmadığına görə xəstəliyin müalicəsi prosesində tədbirlər görməyə məcbur oluruq”.
Baş pediatr infeksion virusların uşaq ölümünə səbəb olduğunu da istisna etmir: «Adinovirus, rinovirusa yoluxan uşaqlara normal nəzarət olunmasa və sistematik müalicə aparılmasa, ağır fəsadı meningit yarada və uşağın ölümünə səbəb ola bilər”. N.Quliyev infeksion virusların yayılması ilə bağlı telekanallarda maarifləndirici proqramların çoxalmasına ehtiyac olduğunu da qeyd edib: «Təəssüf ki, özəl televiziyaların çoxu kommersiya reklamlarına üstünlük verirlər. Ancaq özəlliyindən və dövlət kanalı olmaqdan asılı olmayaraq, uşaqlarla, vətənlə bağlı problemləri növbəyə qoymaq, pulla ölçmək olmaz. Bu cür verilişlər mütəmadi yayımlanmalıdır ki, insanlarda da maariflənsinlər və təhlükəni hiss etsinlər”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər