Haqqı axtaran şair
2019-cu il
Azərbaycanda "Nəsimi ili” kimi qeyd edilir. Ölkə başçısının böyük Azərbaycan
şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq verdiyi sərəncam,
xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş
mütəfəkkir şairin zəngin irsinin tədqiqatına, təbliğatına və dünyada
tanıdılmasına diqqət yönəldib.
İdeya adamı
"Müzakirə”mizdə iştirak edən ədəbiyyat adamları
böyük şairin Azərbaycan poeziyasında, elmi-ədəbi fikir tarixində tutduğu
yerdən, insanların mənəvi-əxlaqi
kamilləşməsində rolundan danışıblar.
İdeya adamı
"Nəsimi intibah ədəbiyyatının görkəmli
nümayəndəsidir” deyən filologiya elmləri
doktoru, professor Bədirxan Əhmədli hesab edir ki, bu ilin "Nəsimi ili” elan olunması şairin
yaradıcılığını dünya səviyyəsinə çıxarmağımız üçün böyük imkanlar yaradır: "Bu
istiqamətdə müəyyən cəhdlər də var. Ancaq il yarıya çatsa da, Nəsimi haqqında
aparılan araşdırmalarda kəmiyyətdən keyfiyyətə keçid baş vermir. Sosrealizm
ədəbiyyatşünaslığında bunu bəlkə də başa düşmək olardı, qarşısında ideoloji
baryerlər var idi. Çağdaş ədəbiyyatşünaslığın qarşısında isə bu cür maneələr yoxdur...
Mən Nəsimişünas deyiləm, ancaq Nəsimi tədqiqatçılarından gözləntilərim var.
İmadəddin Nəsiminin faciəli həyatı sanki onun yaradıcılığını kölgədə qoyub;
tədqiqatçılar daha çox onun həyatının son anları, burada isə öldürülüb
dərisinin soyulması, yaxud dərisinin soyulub sonra öldürülməsi ətrafında
bitməyən araşdırmalar aparırlar. Əlbəttə, burada şairin ölümündən sonra
əfsanələşməsi və yaradıcılığının şəxsiyyətinin kölgəsində qalmasının nədən
olmasını da nəzərdən qaçırmaq olmaz. Ancaq bütün hallarda, Nəsimi
yaradıcılığının araşdırılmasında yeni mərhələnin zəruriliyini qeyd etmək olar”.
Ədəbiyyatşünas alim hesab edir ki, Nəsimi dünyada öz prinsipləri uğrunda
canından keçən mücadiləçi bir ideya adamı olmaqla yanaşı, zəngin bədii
yaradıcılığı ilə tanınmalıdır. Bel ki, onun ölməzliyi, ölümü ilə bərabər,
ictimai-fəlsəfi məzmunlu əsərlərindədir: "Nəsimi yaradıcılığı, hər şeydən
əvvəl, dünya ədəbiyyatı kontekstində təhlil edilməlidir. Nəsimi irsinin
mükəmməl elmi-tənqidi mətni bir neçə dildə yaradılmalı, təhrifə uğrayan
şeirləri bərpa edilməlidir. Nizami Gəncəvi kimi Nəsimini də dünyaya intibah
ədəbiyyatının görkəmli simalarından biri kimi təqdim etməyin zamanıdır. Onun
poeziyası özünü və dünyanı dəyişməyə qadir insan konsepsiyası ilə intibah
ədəbiyyatının bütün mahiyyətini özündə əks etdirir. Avropa intibah
mədəniyyətindən öncə Nəsimi insanın azad düşüncəsini hər cür buxovdan azad
etməyə və onun düşüncəsi qarşısındakı bütün bağları qırmağa çalışmışdır. Nəsimi
insanı, təbiətlə daim harmoniya təşkil edir. Kamil insan faktoru isə şairin insan
konsepsiyasının fəlsəfi özünəməxsusluğunu özündə ehtiva edir. İnsan qüdrətinin
və gözəlliyinin vəsfi Nəsimi şeirlərinin başlıca mövzusudur”. Filoloqun fikrincə, intibah mədəniyyətinin
başqa bir konsepti - humanizm ideyaları da Nəsimi əsərlərinin ana xəttini
təşkil edir. Nəsimi poeziyasının təkamül sistemi humanist konsepsiyasına və ideyalara
xidmət edir. Onun humanizmi Şekspir və Servantes humanizminin sələfi kimi
səslənir: "Şairin əsərlərində təzahür edən şəxsi və ideoloji mücadilə humanist
dəyərlər uğrundadır. O, daim bəşəriyyətə, insana üz tutur və xitab edir:
Kafilə nun əzəldə çün illətimizdir, ey bəşər,
Gövhəri-laməkan biziz, kim bilisər hüdudumuz”. B.Əhmədli
qeyd etdi ki, Nəsimi həm də intibah ədəbiyyatının başqa bir xüsusiyyəti poetik
cəhətdən bütöv və universal bədii nümunələr müəllifidir. Onun poeziyası
orijinal poetik sistemi, bədii təsvir və ifadə vasitələrinin zənginliyi ilə
intibah düşüncəsini tamamlayır: "İntibah düşüncəsinin başqa bir faktoru xalq
satirası, kinayəli, istehzalı dil Nəsimi poetikasını zənginləşdirən
faktorlardandır. Al ilə ala gözlərin aldadı aldı könlümü, Alını gör nə al еdər,
kimsə irişməz alinə”. Nəsimi poeziyası dil faktoru baxımından da zəngindir;
xalq danışıq dili ilə elmi poetik dil sintez şəklindədir. Poetik dil semantik
struktur, ritm, intonasiya, ahəng ilə yeni bir poetik sistemi əhatə edir. Onun
poeziyasının zənginliyi forma (qəzəl, qəsidə, tuyuğ və s.) müxtəlifliyi ilə
davam edir. Şairin müraciət etdiyi mövzular xalq həyatından alınmaqla, bütün
varlığı ilə xalq ruhunu təmsil edir, xalq düşüncə tərzini, təsəvvür və
inanclarını əks etdirir: "Hеç kimsə Nəsimi sözünü kəşf еdə bilməz, Bu, quş
dilidir, bunu Sülеyman bilir ancaq”.
Filoloq vurğuladı ki, Nəsimi şeirləri hürufizmin,
panteizmin poetik məcmusudur, bu poetik şifrələri, dövrünə, gələcəyə və insan
faktoruna yönəlik mesajları açmaq çağdaş ədəbiyyatşünaslığın əsas
vəzifələrindən biridir.
Təriqət
adamı
İmadəddin
Nəsimini Azərbaycan ədəbiyyatı tarixində bir hadisə, qeyri-adi ədəbiyyat adamı,
fenomen, böyük düşüncə sahibi, filosof adlandıran filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun fikrincə, o, hər şeydən əvvəl təriqət adamıdır. Belə ki,
böyük şairin təriqət sahibi kimi gördüyü işləri aydınlaşdırmaq, onun həyat və
yaradıcılığının mahiyyətinə varmaq üçün yaşadığı dövrün reallıqlarına varmaq
lazımdır: "Nəsiminin yaşadığı dövr orta əsr türk dövrüdür. Bu dövr bir sıra
özəl xüsusiyyətləri ilə seçilib. Orta əsr türk dövründə türk xalqlarının
yaşadıqları ərazilərə fikir versək, görərik ki, həmin ərazilərdə türkoloji
düşüncə inkişaf etməyə başlayıb. Türk xalqları yarandığı gündən müasir türk
dövrünə qədərki düşüncə, fəlsəfə, həyat, insanlara münasibətlə dinə münasibət
daha qabiliyyətli, düşüncəli ədiblər, fikir sahibləri tərəfindən ümumiləşdirilə
bilib: "Həmin fikir sahiblərindən biri də İmadəddin Nəsimi olub. Şair orta türk
dövründə fəlsəfi fikirlərin ədəbi-bədii zövqünü oxşayırdı, eyni zamanda,
insanları maarifləndirirdi. Həmin dövrdə sufilik və hürufilik nəzəriyyəsi ilə
yanaşı, türklərin yaşadıqları ərazilərdə təriqət sahiblərinin də fəaliyyətini
görmək olur. Məsələn, Orta Asiya ərazisində Xoca Əhməd Yasəvinin yasəvilik təriqəti
aparıcı rol oynayırdı. Bu təriqət insanların maariflənməyində, dini biliklərinin
artmasında böyük təsirə malik idi. Bu təriqətin mahiyyəti ondan ibarət idi ki,
insanlar Yaradanın varlığını qəbul edə, Tanrının dərgahına çata, özlərini İlahinin
qulu kimi qəbul edə bilsinlər. Həyatda nəyi edirlərsə, etdiklərinin Allah rizası
üçün həyata keçdiyini başa düşsünlər. Bunun üçün islamı dəyərləri güclü bilmək,
islamla bağlı bilgiləri düzgün dərk etmək lazım idi”. Filoloqun sözlərinə görə,
belə bir dövrdə Xoca Əhməd Yasəvi Orta Asiya ərazisində öz təriqəti ilə hansı
işi görürdüsə, İmadəddin Nəsimi də türk dünyası üçün həmin işləri görürdü: "Xoca
Əhməd Yasəvi öz fikirlərini doğma ana dilində şeir vasitəsilə böyük türk
dünyasına çatdırırdı. O, daha çox islamın mahiyyətini, məzmununu, ulu Tanrının
yeri, göyü yaratmasını, Məhəmməd Peyğəmbərin həyatı, tərcümeyi-halını, Əlinin,
Osmanın və digərlərinin tərcümeyi-halını oxuculara çatdırırdı. Əslində
Yasəvinin dini təriqətinin mahiyyəti insanlara və geniş mənada türk dünyasına İslamı
çatdırmaq, bu dinin mahiyyətini başa salmaq idi. Çünki türk dünyasının hamısı o
dövrdə ərəb dilini bilmirdi. Ona görə də İslamın tarixini, məzmununu,
mahiyyətini bəşəriyyətin tarixində və digər dinlər tarixində oynadığı rolu
doğma ana dilində başa salmaq lazım idi. Xoca Əhməd bunları başa salırdı.
Belə
bir mühitdə İmadəddin Nəsimi kimi böyük bir filosofun yetişməsi təbii qəbul
olunmalıdır. Çünki İmadəddin Nəsimi də özünəqədərki fikir və düşüncələri,
ədəbiyyatla, mənəviyyatla bağlı görüşləri ümumiləşdirib çatdırmalı idi. Bu ümumiləşdirmədə müəyyən bir təriqət sahibi
olmaqla, o təriqətin ideyalarını insanlara çatdırmalı idi və bu sufilik
təriqətinin özü də dörd yoldan keçirdi. Onlardan biri təriqət sahibi olmaq idi. Təriqətdən sonra
həqiqət, sonra mərifət sahibi olmaq gəlirdi. Sonuncu mərhələ isə kamillik
mərhələsi idi. Kamillik dərəcəsi artıq Allahın dərgahında olmaq, Tanrının qəbul
etdiyi bir varlığa çevrilmək idi ki, bunun üçün mərhələləri keçmək vacib
şərtlərdən idi. İmadəddin Nəsimi də bu mərhələləri keçirdi”. B.Xəlilovun
fikrincə, uzun müddət – sovetlər dönəmində İmadəddin Nəsiminin dini
fəlsəfəsinin mahiyyətini başa düşə bilmirdilər. Belə ki, İmadəddin Nəsiminin
sufilik və hürifilik təriqətinin mahiyyətində, Allahın dərgahına pənah
aparmağın mahiyyəti sovet ideologiyası tərəfindən düzgün anlaşılmayıb: "Onlar
İmadəddin Nəsimini ədəbiyyat aləmində geniş mənada elə təqdim ediblər ki, o,
özünü Allah simasında təqdim edib: "Mən Allaham” – deyib. Əslində bu, keçmiş sovet
ideologiyasının, xüsusilə mollaların yeritdiyi bir siyasətdir. Hansı ki, o
mollalar sovet ideologiyasının dəst-xəttinə xidmət edirdilər. Maarifsiz
mollalar İmadəddin Nəsiminin «Ənəl-həqq» kəlməsinin mahiyyətini düzgün başa
düşməyiblər. Əslində «ənəl-həqq» kəlməsi ilə Nəsimi «Mən haqqam, haqqı
axtaranam» demək istəyib. Onlar Nəsiminin fikirlərini düzgün çatdırmayıblar və
şairin haqqında təhrifli fikirləri geniş kütlələrə təbliğ ediblər”. Filoloq
hesab edir ki, İmadəddin Nəsimi əslində müasir dünyanın - haqq-ədalət istəyində
olan dünyanın maraq dairəsindədir. Belə ki, harada haqq-ədalət axtarışı varsa,
orada Nəsimi var. Harada insanlıq axtarışı varsa, orada Nəsimi var. Harada
kamillik axtarışı varsa, orada Nəsimi var: "Çünki Nəsimi yaradıcılığı –
haqq-ədalət axtarışı, kamillik axtarışından ibarət olub. Bu gün bəşəriyyətin
saydığım keyfiyyətlərə çox böyük ehtiyacı var. Bəşəriyyət öz tarazlığını, öz
ölçü tərəzisini bu istiqamətdə itirib. Açıq etiraf edək: bəşəriyyət kamillik,
insana diqqət və qayğı, haqq-ədalət axtarışı istiqamətində dəyərləri itirib.
Ona görə də, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin "Nəsimi ili”
elan olunması dünyaya bir mesajdır. Dünyanı haqq-ədalətə, insanlığa, kamilliyə
çağırmaqdır. Azərbaycan xalqının kamilliyə meyillilik istəyində olan,
insansevən xalq olduğunu yada salmaqdır. Təbii ki, bunu Nəsimi simasında yada
salır”.
Alim hesab edir ki, biz bu ili bir sıra görüləcək işlərin gündəmdə
olduğunu nəzərə çatdırmalıyıq: "Mənə elə gəlir ki, artıq orta və ali
məktəblərdə Nəsimi ilə bağlı tədbirlərin keçirilməsi bir daha onu təsdiq edir
ki, böyük filosofun yaradıcılığı ilə bağlı disklər çap olunmalı, şeirləri
şərhlərlə öz əksini tapmalıdır. Eyni zamanda, Nəsimi yaradıcılığının motivləri
əsasında cizgi filmləri çəkilməlidir. Çünki Nəsimi yaradıcılığı uşaqlara,
yeniyetmələrə, gənclərə çox çətin çatır. Ona görə ki, onun fəlsəfəsi nisbətən
uzaq bir tarixi dövrə gedib çıxır. O dövrün fəlsəfəsini başa salmaq üçün Nəsimi
yaradıcılığının motivləri əsasında çox sadə və aydın dildə cizgi filmləri
çəkilməlidir. Nəsiminin yaradıcılığının motivləri əsasında sadə hekayələr
yazılmalıdır. Necə ki, vaxtilə türklər Cəlaləddin Rumini türk dünyasına başa
salmaq üçün onun yaradıcılığının motivləri əsasında hekayələr yaratdılar. Biz
də Nəsiminin yaradıcılığının motivləri əsasında belə hekayələri yaratmaqla, bir
daha insanlığın, həqiqətə bağlılığın, insanpərvərliyin, kamilliyin nə olduğunu
dünyaya ilə bərabər, öz oxucularımıza,
xüsusən də gənclərə, uşaqlara çatdırmalıyıq. İmadəddin Nəsimi həm də bizim
müasirimizdir. O, bu gün bizimlədir. Biz onun yaradıcılığını oxumaqla
insanlaşırıq, humanistləşirik, dünyanı sevirik, insanları sevirik. Ona görə,
Nəsimi bizi düşündürür. Biz Nəsimi yaradıcılığını oxumaqla düşünürük.
Klassiklərimiz barədə, bu günümüz və gələcəyimiz barədə düşünürük. Nəsimi
yaradıcılığı bizi birləşdirir. Bu gün Azərbaycan dövlətçiliyi, azərbaycançılıq
ideologiyası ətrafında xalqımızın birləşməsi daha vacib və əhəmiyyətlidir.
Nəsimi yaradıcılığı isə sağlam bir ruh, sağlam bir ideya və ideologiya olmaqla,
bizi birləşdirir və millət olaraq bütövləşdirir».
Təranə
Məhərrəmova