AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hansı qanunlara ehtiyacımız var? ARAŞDIRMA

Hansı qanunlara ehtiyacımız var? ARAŞDIRMA

Siyasət
07 Yanvar 2013, 11:07 1921
Azərbaycanda bəzi sahələr var ki, qanunsuz idarə olunur. Yəni həmin sahədə prosesləri tənzimləyəcək qanun ya qəbul olunmayıb, ya da sovetdən qalma qanun mövcuddur. İqtisadiyyatın, elmin-texnikanın inkişaf etdiyi bir dövrdə ölkə qanunvericiliyinin də daim yenilənməyə, mütərəqqiləşməyə ehtiyacı var. Bəs Azərbaycana hansı qanunlar lazımdır?
Ölkəmiz müstəqillik qazandığı 20 ildən çox müddətdə qanunvericiliyin, müstəqilliyin hüquqi bazasının formalaşdırılması istiqamətində xeyli iş görüb. Bu, həm köhnə sovet sistemindən qalma qanunların birinci mərhələdə təkmilləşdirilməsi, həm də planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid istiqamətində zəruri olan islahatların hüquqi bazasının yaradılması yönündə qanunvericilik işləridir ki, bunlar çox vacib idi. Amma nəzərə alsaq ki, ölkəmiz bu 20 ildən artıq dövrdə inkişafın bir neçə mərhələsini keçib, onda hər dövrün özünəməxsus qanunvericilik modeli olub. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyir ki, bu istiqamətdə birinci dövr – planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid dövrü üçün olan qanunvericilik sənədləri üstünlük təşkil edib: “Biz müstəqilliyimizin 10 ildən çoxunu o transformasiya işlərinin aradan qaldırılmasına sərf etmişik. Bu da təqribən 2004-2005-ci ilədək olan dövrü əhatə edib. Sonra isə inkişaf mərhələsi başlayıb. Biz qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addımlar atan zaman birinci mərhələdə olan qanunların yeni dövrün ruhuna, tələblərinə uyğun surətdə təkmilləşdirilməsi işinə də geniş yer vermişik. Amma bununla paralel surətdə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olması yönündə 40-dan artıq qanunvericilik sənədinin qəbul edilməsi, mövcud qanunlara əlavə və dəyişikliklərin edilməsi, Nazirlər Kabinetinin yeni qərarlarının qəbul edilməsi kimi də işlər durur qarşıda”.

Ə.Məsimlinin sözlərinə görə, ikinci blok işlər bilavasitə Azərbaycanın Avropa Qonşuluq siyasətində iştirakı ilə bağlıdır ki, ölkə qanunvericilik sənədlərinin Avropa Birliyinin qanunvericilik sənədləri modelinə uyğunlaşdırılması istiqamətində addımların atılmasıdır. Artıq bu istiqamətdə də işlər görülür, AB ekspertləri ilə müzakirələr aparılır”.

Əli Məsimli: “Rəqabət Məcəlləsi təcili qəbul olunmalıdır”

Konkret hansı yeni qanunların qəbul olunması məsələsinə gəlincə, Ə.Məsimli bildirdi ki, Azərbaycan üçün çox zəruri olan bir məcəllənin – Rəqabət Məcəlləsinin qəbulu ön planda olmalıdır: “Azərbaycanda haqsız rəqabətin aradan qaldırılması, keyfiyyətsiz, zərərli məhsulların ölkəyə gətirilməsinin qarşısının alınması, neftdən kənar sahələrin bir hissəsi zəifləsə də, bir hissəsinin yüksək rəqabət qabiliyyətinə malik olaraq dünya bazarına çıxmasına yol açmış olacaq”. Millət vəkili, həmçinin, təhsillə bağlı yeni qanunvericilik sənədlərinə ehtiyacın olduğu qənaətindədir. Onun sözlərinə görə, “Təhsil haqqında” model qanun qəbul olunsa da, “Ali təhsil haqqında” qanunun qəbulu da vacibdir: “Eyni zamanda bizim hazırlayıb təqdim etdiyimiz “Təhsil kreditləri haqqında” qanunun qəbulunu da zəruri hesab edirəm. Üçüncü blok kimi elmi-texniki tərəqqi ilə bağlı qanunvericilik sənədlərinə yenidən baxılması və yeni qanunların qəbul edilməsi vacib məsələdir. Çünki 2008-ci ilin qlobal maliyyə böhranından sonda bütün ölkələr elə bir vəziyyətdədir ki, sanki ölümə məhkum keçid mərhələsindədir. Kim qabaqcıl elm-texnologiyanın nailiyyətlərini iqtisadiyyatda daha geniş tətbiq edəcəksə, bu dövrdən çıxacaq. Ona görə də hesab edirəm ki, “Elmi-siyasət haqqında” qanunun qəbulunun sürətləndirilməsinə ehtiyac var. Eyni zamanda, bir sıra qanunvericilik sənədlərinin təkmilləşdirilməsi, məsələn, vergi yükünün azaldılması, verginin stimullaşdırılması istiqamətində Vergi Məcəlləsinə dəyişikliklərin edilməsinə ehtiyac var”.

Vahid Əhmədov: “Bizə “Təhsil kreditləri haqqında” qanun lazımdır”

Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, müstəqillik illərində qanunlar iqtisadiyyatın normal fəaliyyət göstərməsi üçün qanunlar qəbul edilib: “Sonradan da ehtiyac olduqca Konstitusiya və digər qanunlar dəyişilib. Amma bu o demək deyil ki, qanunlar yenilənə bilməz. Ötən müddət ərzində qanunlarda çox dəyişikliklər olub. İstər inzibati, istər iqtisadi, istərsə də digər sahələri əhatə edən qanunlar. Düşünürəm ki, qanunlar mütəmadi olaraq qəbul olunmalı, dəyişdirilməli, dünyada gedən iqtisadi-siyasi proseslərə uyğunlaşdırılmalıdır”. V.Əhmədov qeyd etdi ki, ötən il “Təhsil haqqında” qanun qəbul parlamentdə qəbul olundu: “Amma hələ ali təhsil, orta təhsil, elm haqqında qanunlar qəbul olunmayıb. Çox yaxşı olardı ki, bu qanunlar qəbul olunsun. “Təhsil kreditləri haqqında” qanunun qəbulu da vacibdir. Bilirsiniz ki, həmkarım Əli Məsimli ilə birlikdə bu qanun layihəsini hazırlayıb təqdim etmişik. Məqsədimiz ondan ibarətdir ki, təhsil almaq istəyənlərə problem yaranmasın, vəsait çatışmazlığı ucbatından kimsə təhsilsiz qalmasın. Ümumilikdə isə parlamentdə mütəmadi olaraq qanunlar qəbul edilir, mövcud qanunlar dəyişdirilir, yenilənir”.

Çingiz Qənizadə: “Soydaşlarımız haqqında” qanunun qəbulu vacibdir

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə qanunverici orqanın yeni qanunların qəbulu, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ciddi işlər gördüyünü qeyd etdi. Onun sözlərinə görə, parlamentin müvafiq komissiyaları mütəmadi işləyirlər: “Həmçinin Prezident Administrasiyasının müvafiq şöbələri lazım olan qanunları hazırlayıb təqdim edirlər. Biz də Milli Məclisin iclaslarında bu istiqamətdə öz fikirlərimizi səsləndiririk. Çünki qanunların tətbiqi zamanı boşluqlar meydana çıxır və müvafiq icra hakimiyyəti orqanları, qurumlar onlar haqqında parlamentə müraciət edir. Belə zərurət yarandıqda biz lazım olan əlavə və dəyişiklikləri edirik”.

Ç.Qənizadə “Soydaşlar haqqında” qanunun qəbulunu vacib sayır. Onun fikrincə, xarici ölkə vətəndaşı olan azərbaycanlıların Azərbaycanda müvəqqəti yaşama müddəti heç olmasa 2-3 il nəzərdə tutulmalıdır: “Gürcüstan azərbaycanlılarının Azərbaycanda üzləşdiyi qeydiyyat müddəti problemindən sonra bu layihənin qəbul olunmasına böyük ehtiyac yaranıb. Misal üçün, Gürcüstanda yaşayan azərbaycanlıların bir aydan artıq qalmasına görə 401 manat cərimə ödəməsi düzgün deyil. Odur ki, bu qanun layihəsinin qəbulu ilk növbədə Gürcüstan azərbaycanlılarına, həmçinin Azərbaycanda anadan olub, sonradan digər ölkənin vətəndaşlığını almış, hazırda öz vətəni ilə sıx əlaqəsi olan soydaşlarımıza böyük yardım edəcək, əlaqələrin itməməsinə səbəb olacaq”.

Deputatın sözlərinə görə, Milli Məclisdə “Miqrasiya xidməti haqqında” qanuna düzəlişlər edilən zaman xaricdə yaşayan azərbaycanlılar nəzərdən qaçıb, onlar əcnəbilərlə eyniləşdirilib: “Bu isə hər ay Azərbaycana gəlib-gedən soydaşlarımız üçün müəyyən problemlər yaratmağa başladı. Xüsusilə Gürcüstan azərbaycanlılarına diqqət və qayğını artırmalıyıq. Layihənin əcnəbilərə yaratdığı problemlərin onlara şamil olunmasına yol vermək olmaz”. Millət vəkili deyir ki, hər hansı bir qanunun qəbulu xaricdə yaşayan azərbaycanlıları dövlətə yaxınlaşdırmaq cəhdlərini məhdudlaşdırmamalıdır: “Son 10-15 ildə Rusiyada vətəndaşlıq almış həmvətənlərimiz Azərbaycana gəlib-gedəndə çətinliklə üzləşirlər. Onlara 6 ay müvəqqəti yaşamaq hüququ verilir. Qoyulan müddət bitdikdən sonra yenidən lazımi sənədlər toplanır. Layihəyə bununla bağlı bənd əlavə etmək olar ki, Azərbaycanda anadan olmuş, ancaq xarici ölkənin vətəndaşlığını almış soydaşımız öz ölkəsinə gələndə 6 ay qoyulan müvəqqəti yaşama müddəti 2-3 il olsun”.

Musa Quliyev: “Xeyriyyəçilik fəaliyyəti qanunla tənzimlənməlidir”

Parlamentin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə bağlı qanun qəbulunu vacib sayır: “Bununla bağlı araşdırmalar aparıram və yəqin ki, növbəti sessiyalarda bizim komitənin gündəminə belə bir məsələnin salınmasını təklif edəcəyəm. Hazırda bununla bağlı ölkədə qanunvericiliyin olmaması narahatedici məsələdir. Cəmiyyətin üzvlərinin daim bir-birinə ehtiyacı var və təkcə bütün köməkləri dövlətdən gözləmək və bütün problemləri dövlətin üzərinə qoymaq da cəmiyyətin davranış etikasına və inkişaf qanunauyğunluqlarına aid deyil. Ona görə də hətta orta əsrlərdən başlayaraq, cəmiyyətdə bir xeyriyyəçilik ənənəsi formalaşıb, hətta müxtəlif dinlərin, sahibkarlığın, zadəganlığın xeyriyyəçilik ənənəsi var. Düşünürəm ki bizim cəmiyyətdə də bunu tətbiq etmək lazımdır”.

Samir Əliyev: “İstehlak kreditləri haqqında” qanun qəbul olunmalıdır

İqtisadi Təşəbbüslərə yardım İctimai Birliyinin eksperti Samir Əliyev hesab edir ki, mövcud bank qanunvericiliyi ölkədə kredit təşkilatlarının fəaliyyətini tənzimləsə də bir sıra dəyişikliklərin edilməsi vacibdir: “İlk növbədə “Banklar haqqında” qanuna dəyişiklik bank sisteminin fəaliyyətini daha da effektiv edə bilər. Belə ki, mövcud qanunvericilik ölkədə islam maliyyə sistemi üzrə ixtisaslaşmış bankların fəaliyyətini mümkünsüz edir. Banklar ancaq məhdud şəkildə islam bankçılığına məxsus xidmətləri göstərə bilirlər. Artıq yerli bankların bir neçəsində müvafiq departamentlər yaradılaraq fəaliyyət göstərir. İslam prinsipləri ilə fəaliyyət göstərən bankların olmaması ölkənin dini kəsiminin bank xidmətlərindən və məhsullarından yararlanmasına imkan vermir. Nəticədə heç də az olmayan müştəri kontingenti maliyyə sistemindən kənarda qalır. Bu baxımdan “Banklar haqqında” qanuna müvafiq dəyişikliklər edilməli və ona islam maliyyə sisteminin əsasları daxil edilməlidir”.

Ekspertin fikrincə, “Tikinti əmanət bankları haqqında” qanunun qəbulu da bank sisteminin inkişafına, eyni zamanda əhalinin mənzil təminatının yaxşılaşdırılmasına töhfə verə bilər. S.Əliyevin sözlərinə görə, belə bir qanun layihəsi hazırlansa da, onun qəbulu nədənsə uzanır: “Yaşayış-tikinti əmanəti üzrə ipoteka kreditləşməsi proqramları ilkin ödəniş üçün kifayət qədər yığımı olmayan, ancaq ev almaq istəyən şəxslər üçün nəzərdə tutulub. Bu sistem ikinci dünya müharibəsindən sonra Almaniyada tətbiq edilib və özünü doğruldub. Tikinti-əmanət banklarının yaradılması ipoteka kreditləşməsinin bir formasıdır. Dünya ipoteka kreditləşməsinin 50%-i bu modelin payına düşür. Belə kreditlər üzrə faiz dərəcələri adətən digər kreditlər üzrə faizlərdən əhəmiyyətli dərəcədə aşağı olur. Hazırda Slovakiya (1992), Çexiya (1993), Macarıstan (1997), Çin (2004), Rumıniya (2004) və Qazaxıstan (2004) kimi ölkələrdə tikinti-əmanət bankları haqqında qanun qəbul edilib və tikinti-əmanət sistemi xeyli inkişaf edib”.

Bu sahədə digər problem banklardan kredit alan müştərilərin hüquqlarının qorunması sahəsindəki boşluqdur. Bir sıra banklar kreditə ehtiyacı olan şəxslərə düzgün olmayan və ya natamam məlumatlar verir. Nəticədə bank məhsullarının istehlakçısı olan müştərilərin hüquqları pozulur. S.Əliyev deyir ki, belə hallar müxtəlif ölkələrdə müvafiq qanunvericiliklə tənzimlənir: “Bu qanun bir qayda olaraq “İstehlak kreditləri haqqında” qanun adlanır. Bütün dünyada istehlak kreditləri əhalinin bütün təbəqəsinin gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib. Bu ölkələrdə istehlak kreditləşməsi proseduru zaman-zaman təkmilləşdirilib. Biznes kreditlərindən fərqli olaraq istehlak kreditləri gəlir əldə etmək üçün yox, insanların istehlak mallarına olan tələbatını ödəmək məqsədi daşıyır. Bu baxımdan istehlak kreditləri götürən müştərilərin hüquqları ayrıca qanunla qorunur. Azərbaycanda mövcud bank qanunvericiliyi kredit təşkilatlarının fəaliyyətlərini tənzimləyir.

İnkişaf etmiş ölkələrdə istehlak krediti məsələləri ayrıca qanunvericiliklə tənzimlənir. Azərbaycanda da belə bir qanunun qəbuluna ehtiyac var”.

Həbibə ABDULLA