“Hamıya göstərdik ki, biz də bacarırıq” - Örnək
O,
özünü belə təqdim edir: gözəllik eksperti, menecer, SMM, nişanlı və fiziki
məhdudiyyətli sadə bir qız. Amma "sadə bir qız” təqdimatının arxasında güclü,
motivasiya dolu, həyatsevər, zövqlü, işgüzar, fiziki məhdudiyyətli insanlara
örnək bir qız dayanır. Biz də bu dəfə onunla söhbətləşdik. Rubrikamızın qonağı
Ülkər Şərifovadır.
"Ətrafımda zəif insan ola bilməz”
Ağdaşda
anadan olub. Orta məktəbi bitirdikdən sonra özəl kollecdə kompyuter
operatorluğu üzrə təhsil alıb. 9 il kosmetika şirkətlərindən birində gözəllik
eksperti və menecer kimi işləyib. Son 3 ildir sosial şəbəkələrin idarə edilməsi
üzrə işləyir. "Arabaçı TV” səhifəsinin idarəçilərindən biridir. Bir müddət isə
arabalı əlillərin məşğul ola biləcəyi Boccia idman növü ilə məşğul olub. Hətta
ölkə çempionatında 3-cü yerə qədər irəliləyib. Hər zaman həyatsevərliyi ilə
həmyaşıdlarından seçilən Ülkər deyir ki, fiziki məhdudiyyəti onun üçün heç vaxt
dərd olmayıb: "Hər zaman ən kiçik problemlərdə üsyan edən, yenilən insanlardan
qaçmışam. Fikrimcə, onlar zəif insanlardır və mənim ətrafımda zəif insan, əsla
ola bilməz. Çünki mən güclüyəm”.
"Əgər çətinlik yaşamışamsa...”
Həmsöhbətimizin
xəstəliyi 9 yaşından sonra başlayıb. Əvvəllər normal yerisə də, sonradan bu qabiliyyətini
itirib: "Məhdudiyyətim anadangəlmə deyil, "kalsi” sindromu xəstəsiyəm. Bu xəstəlik
təxminən 9 yaşımdan başlayıb. Amma ilk sindromlar özünü 1 yaşından göstərib. Özümü
çox şanslı hiss edirəm. Çünki mənə dəstək olan çox yaxşı ailəm var. Xüsusilə də
anam. İstər təhsil almağımda, istərsə də cəmiyyətdə aktiv iştirak etməyimdə
anamın rolu çoxdur. Mən məhdudiyyətlərimə görə, heç vaxt özümə qapanmamışam. Əgər
bir çətinlik yaşamışamsa, düşünmüşəm ki, arxasında mütləq daha böyük uğur, nailiyyət
məni gözləyir. Bu gün cəmiyyətdə özünə qapanan əlillər var. Bunun ən başlıca səbəbi
ailələridir. Ailələr fiziki məhdudiyyətli insanları cəmiyyətdən gizlətdikcə, bu,
istər-istəməz özünə qapanmaya səbəb olur”.
"İnsan özü ilə mübarizə aparmalıdır”
Ülkər
deyir ki, fiziki məhdudiyyətli insanların özünə qapanmasının ikinci səbəbi
cəmiyyətdir: "Bir yerə çıxanda, adi bir toya gedəndə, bizə yönələn elə baxışlar
olur ki, ikinci dəfə bir də toyda iştirak etmək istəmirik. Amma bu mənə aid deyil.
Mən bundan tam uzaq insanam. Çünki artıq insanların baxışına əhəmiyyət vermirəm.
Bu münasibətlərə qarşı özümdə güc toplamışam. Amma elə tanışlarımız var ki, sırf
cəmiyyətin ona baxış tərzinə görə həftələrlə, aylarla evdən çıxmırlar. Nə kafe,
nə restoran, nə bir çay evi - heç birini tanımırlar. Adi bir mağazaya belə
getmirlər. Buna görə də insan ən başlıcası özü ilə mübarizə aparmalıdır. Fiziki
məhdudiyyət həyatın sonu deyil. Sənin digər insanlardan fərqin məhdudiyyətin
deyil. Sadəcə, başqalarından fərqli olaraq həyata daha möhkəm sarılmaq lazımdır.
Bu o demək deyil ki, çətin yaşayırıqsa, nəyisə özümüzə rəva görməyək. İnsan cəmiyyətdə
özünü qəbul etsə, cəmiyyət də onu qəbul edəcək”.
"Cəmiyyətə sözüm çoxdur”
Fiziki
məhdudiyyətləri olan insanların evə qapanması Ülkəri narahat edir. Onun
sözlərinə görə, insan mübarizə aparmaqla həyatda hər şeyə nail ola bilər: "Cəmiyyətin
onları qəbul etməsi üçün mübarizə aparsınlar. Lazım gələndə toya da getsinlər, mağazaya
da. Mütləq təhsil alsınlar və aktiv olsunlar. Fiziki məhdudiyyətli insan özünü cəmiyyətə
qəbul etdirmək istəyirsə, mütləq aktiv olmalıdır. Cəmiyyətə isə, sözüm çoxdur. Yəqin
ki, zamanla insanlar bizi də normal qəbul edəcəklər. Biz nə qədər aktiv iştirak
etsək, cəmiyyətə özümüzü göstərsək, məncə, onlara da hər şey adi görünəcək. Nə qədər
ki biz özümüzə qapanırıq, cəmiyyət bizi qəbul etməyəcək”.
"Ey, yazıq ifadə ilə baxan insan!”
Ülkər
deyir ki, arabada olan insana baxıb, qulaq çəkən insanlara açıq etiraz etmək və
onlarla söhbət etmək lazımdır: "Biri sizə qulaq çəkirsə, mümkünsə, həmin insana
yaxınlaşın və onlarla söhbət edin. Bəlkə də bizim həyatda qazandıqlarımız
qulağını çəkən insanların qazandıqlarından daha çoxdur. "Ey, yazıq ifadə ilə
baxan insan! Bəlkə də uğurum, savadım, təhsilim səndən də çoxdur” - deyə
bilməlisən. Məncə, söhbət etsək, artıq söhbət etdiyimiz insanlar da başqalarına
bunu danışacaq və insanlar da qulaq çəkməyin düzgün olmadığını anlayacaqlar. Ən
yaxşısı, o insanın gözlərinin içinə baxıb söhbət etməkdir”.
"Bizim qəlbimiz gözəldir”
Ülkər
deyir ki, həyatda nə əldə edibsə, sosial şəbəkələrin hesabına edib: "Ağdaş qapalı
rayondur. Deyərdim ki, məhdudiyyətli insan üçün heç bir şərait yoxdur. İnternet
üzərindən sosial şəbəkələrin idarə edilməsi təlimində iştirak etmişəm. Orda ən aktiv
tələbələrdən biri də mən idim. İnternet üzərindən təxminən 2015-ci ildə İlham müəllimlə
tanış olmuşam. O məni Ramanıda Əlillərin Peşə Məktəbinə dəvət etdi. Orda peşə kurslarına
yiyələndim və beləcə, "Arabaçı TV”də fəaliyyətim başladı. 3 ildir "Arabaçı.TV”nin
adminlərindən biriyəm. Azərbaycanda ən aktiv, fiziki məhdudiyyətli insanların səhifəsidir.
Kosmetika şirkəti ilə də Facebook üzərindən əlaqə yaratdım. Özümün şəxsi komandamı
qurdum. Komandam sırf fiziki məhdudiyyətli insanlardan ibarətdir və mənim qurduğum
komanda sırf iş üçün deyildi, sadəcə, özümüzü cəmiyyətə göstərdik ki, biz də bacarırıq.
Gözəllik deyəndə, hər kəs xarici görünüş düşünməməlidir. Bizim qəlbimiz gözəldir.
Mənim qurduğum komandada fiziki məhdudiyyətli insanlar vardı – qısa boylu, ayaqları,
əlləri işləməyən... İlk baxışdan onlara gözəl deyə bilməzdiniz. Amma gəl ki, gördükləri
işlər, həyata tərzləri və işlərinə sevgi ilə sarılmaları görünüşcə gözəl
insanların işlərindən daha üstün idi”.
"Yolumuzu kəsən bu maşını əzin”
Ülkər
nişanlıdır. Bu yaxınlarda toyu olacaq. Onunla nişanlısının tanışlıq
hekayəsindən də danışdıq: "2016-cı ildə Boccia yarışlarına qatılmaq üçün Peşə
Reabilitasiya Mərkəzinə getmişdim. Təxminən 1 həftə idi ki, orada idik. Ağır
məşqlərdən sonra rəfiqəmlə həyətdə arabayla gəzirdik. Yanımızdan qara maşın
keçdi və önümüzdə saxladı. Rəfiqələrimə nisbətən daha bacarıqlı və sözümü deyən
olduğum üçün maşının yolumuzu kəsməsinə əhəmiyyət vermədən dar yoldan keçməyə
çalışdım. Qızlara da "yolumuzu kəsən bu maşını əzin” deyib keçdim. Sən demə, gələcək
nişanlım həmin an ordaymış və elə ürəyini onda oğurladım. O gündən sonra məni
izləyib və facebook-da tapıb. Amma həmin vaxt sevgiyə ayıracaq vaxtım yox idi.
2017-ci ildə yenidən kursa getdim və orada yenidən görüşdük. O mənə dünyanın ən
böyük sevgisini verdi. İnanıram ki, bizim çox xoşbəxt ailəmiz olacaq”.
Aygün
ƏZİZ