AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hamı Paşnyana qarşı

Hamı Paşnyana qarşı

Təfsilat
01 May 2021, 10:00 788
Koçaryanın ardınca, Levon Ter-Petrosyan də onu hədəfə alıb

Ermənistanda seçkiqabağı vəziyyət getdikcə daha dramatik hal alır. Anlaşılmazlıq və namizədlər arasında qarşılıqlı ittihamlar günbəgün fərqli hal alır. Seçki prosesində və bütövlükdə ölkdə əsas söz sahibi olan Rusiya Ermənistanda görünməmiş formada səlahiyyətə malikdir. Həm reytinqini qaldırmağa, həm də təsir vasitələrini artırmağa müvəffəq olub. Bir neçə il bundan əvvəl ölkədə Rusiya bayrağını yandıran, bir rus məktəbinin belə mövcud olmasına qarşı çıxan ermənilər isə özlərini sanki belə bir şey olmamış kimi aparır. Kreml seçki prosesini dirijor çubuğu ilə idarə edir, kimin nə danışmasını, hətta hansı bəyanatlar verməsini müəyyən edir. Rusiya seçki prosesində durğunluğu aradan qaldırmaq üçün namizədlər arasında gərginlik şousu, seçki prosesi fonu yaratmağa çalışır. Gah əlaltısı Robert Koçaryanı, sonra da Serj Sarkisyanı Nikola qarı sərt bəyanatlar verməyə məcbur edir. Lakin keçmiş Qarabağ klanına nifrət erməni cəmiyyətində o həddədir ki, insanlar onları görmək belə istəmir. Kreml də bunu bilməmiş deyil. Beləliklə, seçki kampaniyasının favoriti hesab edilən Nikola qarşı Robert Koçaryan, Serj Sarkisyanın ittihamları ara-sıra səslənir. Lakin belə bir surumda başqa bir eks- prezident Levon Ter-Petrosyan da aktivləşib. Bəllidir ki, heç vaxt Rusiya adamı olmayan Petrosyanı hakimiyyətdən devirən elə Rusiya olub. Bu səbəbdən də, Petrosyanın aktivləşməsinə səbəb kimi Qərbdən aldığı dəstəyi göstərmək olar. Qərb də Nikola qarşı çıxır və onun qalib olmasına qarşıdır. Sorğulara əsasən, ölkədə Paşinyanın dəstəyi yüksək olaraq qalır və o, müəyyən bir siyasi qüvvəni qoruyur. Baş nazir vəzifəsinə Nikol Paşinyanı namizəd olaraq göstərəcək "Vətəndaş müqaviləsi” partiyası böyük ehtimalla, iyunun 20-də baş tutacaq növbədənkənar parlament seçkilərində qalib gələcək. Bəzi erməni ekspertləri isə besab edir ki, proses gedişində hər şey baş verə bilər.

"Koçaryan və Paşinyan çox həssas namizədlərdir”

Məsələn, erməni politoloq, "Erməni Konstruktiv” partiyasının rəhbəri Andrias Qukasyan bu qənaətdədir ki, qarşıdakı seçkilərdə həm Robert Koçaryan, həm də Nikol Paşinyan çox həssas namizədlərdir və ciddi alternativ halında onlar seçkilərin ikinci mərhələsində mütləq məğlub olacaqlar. Onun qənaətincə, Koçaryanın fikri anlaşılandır. "Bu, yalnız seçkiqabağı təbliğatla əlaqədardır, o, tərəfdarlarını təşviq etməlidir, ancaq siyasi reallıq var və bu reallıq odur ki, həm Nikol Paşinyan, həm də Robert Koçaryan yüksək mənfi reytinqə sahibdirlər”, - deyə Qukasyan qeyd edib. O bildirib ki, ikinci mərhələdə onlar rəqabət qabiliyyətli deyillər, qarşıdakı parlament seçkiləri bir mərhələdə keçirilə bilməz. "Əlbəttə, pozuntular və saxtakarlıqlar olmasa, bunlar iki mərhələdə olacaqlar. Bu gün heç bir siyasi qüvvvə seçicilərin səslərinin yarısından artığını səfərbər edə bilməz. Bunu sorğular göstərir. Beləliklə, hazırkı vəziyyətə əsasən söyləmək olar ki, seçkilərin ikinci mərhələsi qaçılmazdır”, - deyə Qukasyan əlavə edib. Ermənistanın "İrs” partiyasının sədri, erməni ictimai-siyasi xadim Narine Dilbaryanın sözlərinə görə, həm Koçaryan, həm də Paşinyan hər şeyi erməni siyasi sahəsində mərkəzlərin onlar olması və onların siyasətinin fəaliyyət göstərməsi kimi vəziyyətin alınması istiqamətində aparmağa çalışır. "Əslində əminəm ki, hər bir Ermənistan seçicisi bunun yalan olduğunu başa düşür. Biz bu iki qütbün fəaliyyətini görmüşük və seçicilər öz addımlarını məhz bu qütblərə qarşı sahib olduqları münasibətlə əlaqələndirəcəklər”, - deyə o bildirib. Öz növbəsində Ermənistanın "Demokratik vətən” partiyasının sədri Petros Makeyanın sözlərinə görə, Robert Koçaryan və Nikol Paşinyanın xəyalı seçkilərin ikiqütblü olmasıdır və hər şeyi bunun üçün edirlər: "Meğri və Sünik hadisələri də bunun sübutudur”. Əlavə edib ki, Koçaryan bir neçə gün öncə öz tərəfdarları ilə görüşüb və bir neçə diqqətəlayiq açıqlama verib. Seçkilərin ikiqütblü olacağını proqnozlaşdırıb. Bu səbəbdən də onun açıqlamalarında ciddi təhlükə görür. "Ümumiyyətlə, Koçaryanın siyasi fəaliyyəti Ermənistan üçün dövlət olaraq təhlükəlidir, çünki düşünürəm ki, Koçaryan Ermənistanın maraqlarını təqdim etmir”, - deyə o qeyd edib. Koçaryan tərəfindən mümkün inkişaflara, fəaliyyətlərə gəlincə, Makeyan deyib ki, bunlar iğtişaşlar, silkələnmələr formasında ola bilər, manipulyasiyaların yayılması davam edəcək, qanunsuz aksiyalar olacaq.

Paşinyan Petrosyana qarşı

Yeri gəlmişkən, son vaxtlar görünməmiş formada Ermənistanın ilk və sabiq prezidenti Levon Ter-Petrosyan da Nikol Paşinyanı hədəfə alıb. Halbuki, Paşinyan onu mənəvi müəllimi, lideri və hətta hakimiyyətə gəlişində müstəsna rol oynamış şəxs sayır. Fəqət, hazırda Ter-Petrosyanla Paşinyan arasında çox ciddi ixtilaflar var. Son günlərdəsə bu ixtilaflar əsl didişməyə çevrilib. Levon Ter-Petrosyanın sədr olduğu Erməni Milli Konqresinin (EMK) funksioneri, sabiq prezidentin müavini Levon Zurabyan baş nazir Nikol Paşinyanı yalançılıqda suçlayıb. Nikol Paşinyan Ermənistan parlamentində çıxış edərkən demişdi ki, 2018-ci ilin iyul ayında baş tutmuş görüşdə Levon Ter-Petrosyan Qarabağ münaqişəsinin nizamlanmasından bəhs edərkən "O torpaqları artıq qaytarmalısan" söyləmişdi. "Təəssüflə deməliyəm ki, Paşinyan ləyaqətsiz yalançıdır, çünki belə açıqlama olmayıb. Nikol Paşinyan çox əminliklə danışır. Ağ yalandır, çünki Ter-Petrosyan o sözləri deməyib. Paşinyana səslənirəm: buyur, sübutun varsa, nümayiş etdir, dediklərini sübut et. Ermənistanın baş nazirinin belə yalan danışmaq bacarığı ölkənin milli təhlükəsizliyi üçün əsl təhdiddir. Onun davranışı da baş nazir postuna həqarətdir", - L.Zurabyan söyləyib.

Levon Ter-Petrosyan isə deyib ki, bu məqam nəzərə alınmasa, adi çəkilən partiyalar qanunsuz seçkinin keçirilməsinə görə məsuliyyət daşıyacaqlar. Levon Ter-Petrosyan deyib ki, xalqın ruh yüksəkliyi şəraitində keçirilmiş və Paşinyanı hakimiyyətə gətirmiş 9 dekabr 2018-ci il seçkisi də qanunsuz olub. Robert Koçaryan və Serj Sarkisyanın prezidentlikləri dövründə müxalifət sıralarında yaxın müttəfiq olmuş Paşinyan və Ter-Petrosyanın arası ötən həftə Nikolun parlamentdə etdiyi son nitqdən sonra dəyib. Həmin çıxışında Paşinyan iddia etmişdi ki, Ter-Petrosyan 2018-ci ildə onunla görüşəndə ərazilərin Azərbaycana qaytarılmasını məsləhət görüb. Levon Ter-Petrosyanın ofisi bu iddianı rədd edib və baş naziri "yalançı” adlandırıb. "Azatutyun” xəbər verir ki, Sünikdə baş nazirin səfəri zamanı zorakı etirazlarla bağlı 27 nəfər barəsində "xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq” maddələri ilə cinayət işləri açılıb. Həftəsonu Sünik vilayətində baş vermiş hadisələr Ermənistan cəmiyyətində geniş müzakirə olunur. Hüquq müdafiəçisi Vardan Arutyunyan deyib ki, ölkədə hələ indiyədək belə vəziyyət, iqtidar və müxalifət arasında bu qədər zorakılıq və qarşıdurma olmayıb: "Həm iqtidar, həm də belə demək mümkündürsə, müxalifət bu gün qarşı-qarşıyadırlar və bu, bizim üçün təhqiramizdir. Mən müxalifət tərəfindən əvvəllər belə bir münasibətin olmasını xatırlamıram. Əgər bir jurnalist məndən soruşsa ki, Ermənistanda son 20-25 ildə müxlifət tərəfindən zorakılıq olduğunu xatırlayırammı, yadıma gəlməz. Amma hakimiyyət tərəfindən 1 mart 2008-ci ildən bəri çoxsaylı zorakılıq hallarını sadalaya bilərəm. 2004 və 2003-cü illəri xatırlaya bilərəm”.

Ter-Petrosyan Rusiyanı da hədəfə alır?

Bəlli olduğu kimi, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan müharibədən sonrakı vəziyyətə və Qarabağ ətrafındakı proseslərə dair növbəti münasibətini açıqlayıb və Ermənistanın Qarabağ məsələsinin həllinin ATƏT mandatı çərçivəsində olduğuna dair mövqeyini tənqid edib. Ter-Petrosyan bu açıqlamaları tənqid edir, məsələnin həll açarının Rusiyanın əlində olduğunu, həll yolunun ATƏT-in Minsk qrupu çərçivəsində nəzərdən keçirilməsinin isə növbəti fəlakətə səbəb olacağını söyləyir. Bu çərçivədə Ter-Petrosyan əvvəlki illərdəki çıxışlarından bəzi məqamları sitat gətirməklə həll yolunun açarının Rusiyanın əlində olduğuna toxunur, çünki Rusiya üçün Qafqaz həyati əhəmiyyət daşıyan maraq zonasıdır və Rusiya bu zonanı digər qüvvələrin ixtiyarına buraxmayacağına diqqət çəkir. Ermənistanın "1in.am” nəşri yazır ki, Petrosyan rasional bir siqnaldan bəhs edərək tamamilə rasional bir qiymətləndirmə edir: "Ter-Petrosyanın mövqeyi Ermənistana qarşı müharibəyə görə Rusiyanın məsuliyyət daşıdığını bəyan etməsi deməkdirmi? Çünki birinci prezidentin dediyi kimi Qarabağ məsələsinin həlli açarı Rusiyanın əlindədirsə, deməli, müharibənin açarı da onun əlindədir. Yoxsa regional siyasətdə böyük bir rola sahib olan Rusiyanın təhlükəsizlik açarlarını əlində tək tutmaq üçün artıq potensialı yoxdur? Əgər belədirsə, bu hal erməni tərəfini təhlükəsizlik alternativləri və tarazlıq mexanizmləri haqqında daha çox düşünməyə vadar etməlidir. Buna görə də, Ter-Petrosyan, Ermənistanın ATƏT məsələsinə yanaşmasını tənqid edərkən, əslində sətiraltı kifayət qədər şəffaf bir işarə ilə Rusiyanı tənqid edir”.

O da qeyd edilir ki, Qarabağ məsələsinin rus-türk formatında qalmaması üçün birinci prezidentin ifadəsi, əslində, Ermənistanın Qarabağ ətrafında mövcud vəziyyətdə Minsk qrupunun həmsədrlik formatını gücləndirməyə yönəlmiş siyasətini realda davam etdirməsini təklif edir. "Yoxsa birinci prezidentin ifadəsi və ya məsələyə münasibətinin dərin bir pərdəarxası yoxdur, daha sadə bir reallıq, yəni Rusiyaya sədaqətin seçkiqabağı təzahürü ilə izah olunur ki, bundan sonra alınan siqnallar da Erməni Milli Konqresinin növbədənkənar seçkilərə qatılma qərarının əsasını təşkil edə bilər. Üstəlik, Ter-Petrosyanın məsələyə bu münasibəti Ermənistanın keçmiş prezidentlərinin martın 25-də baş tutan görüşündən sonra səsləndirməsi maraq kəsb edir”, - deyə nəşr qeyd edib.
Beləliklə, bütün bunlardan bu nəticəyə gəlmık olar ki, Ermənistanı qarşıda heç də xoş günlər gözləmir. Qondarma soyqırımın ABŞ prezidenti tərəfindən tanınmasına göstərdikləri sevinc hələ də, bu xalqın necə bir rəzil durumda olduğunu bir daha sübut etmiş oldu. Və görünən odur ki, bu ölkənin liderləri, öndə gedənləri erməni xalqını gələcəyə baxması, qonşularla dost və mehriban münasibətlər qurması əvəzinə, yenə öz əlində alətə çevirir.

Azər NURİYEV