• cümə, 29 Mart, 11:47
  • Baku Bakı 5°C

Hamı günahkar kimi Ermənistanı göstərir

05.06.20 18:17 1586
Hamı günahkar kimi Ermənistanı göstərir
Politoloqların fikrincə, Rusiya XİN sözçüsü Mariya Zaxarovanın açıqlaması Lavrovun açıqlamasının təkrarıdır

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı həmsədr ölkələr tərəfindən müəyyən təkliflər verilsə də, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində heç nəyə nail olunmayıb. Rusiya belə bir təşəbbüslə dəfələrlə çıxış edib. Elə son olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mərhələli həll planı ilə bağlı açıqlaması xeyli müzakirələrə səbəb oldu. Ermənistan birmənalı şəkildə belə bir razılaşmanın olmadığını deyərək, təkzib etdi. Bir sıra ekspertlər isə Lavrovun açıqlamasını Ermənistana təzyiq kimi qiymətləndirdi.
Bu günlərdə Rusiya XİN sözçüsü Mariya Zaxarova brifinq zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair fikirlər səsləndirib. O deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır. Daha sonra əlavə edib ki, Qarabağ probleminin həlli çox uzandı.
Sergey Lavrovdan sonra Mariya Zaxarovanın bu açıqlamasını Ermənistana növbəti təzyiq kimi qiymətləndirmək olarmı?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Rusiya XİN sözçüsünün bu açıqlaması Sergey Lavrovun açıqlamasının təkrarıdır: "Təəssüf ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək istəmir. Halbuki bunun üçün əlində kifayət qədər imkanlar var. 2016-cı ilin aprel ayında dörd günlük müharibə ərəfəsində Moskvanın təzyiqləri ilə üzləşdik və bizi inandırdılar ki, müharibəni dayandırsaq, Ermənistana mərhələli həll planını qəbul etdirəcəklər. Amma görürük ki, 2016-cı ildən 4 il keçib və bunu etmədilər. İndi də bəhanə edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çox uzanıb. Çox uzanıb ona görə ki, işğalçı dövlətə heç bir təsir yoxdur. Paşinyandan xoşları gəlməyə bilər, amma o və Ermənistan tamamilə Rusiyadan asılıdır. Ona görə də Kremlin istəyi olsa, məsələni sürətləndirə bilər. Bu, bir daha göstərir ki, münaqişənin həlli öz əlimizdədir. Özümüz hərəkət etməyənə kimi, nə ABŞ, nə Rusiya, nə də Fransa heç bir addım atmayacaq”.
E.Şahinoğlu qeyd etdi ki, Azərbaycan tərəfindən siyasi açıqlamalar verilib: "Dövlət başçısı da Tərtərə səfəri zamanı söylədi ki, gücümüzü artırırıq və son həmləyə hazırlaşırıq. Əslində bu da Rusiyaya mesajdır ki, siz və digər dövlətlər məsələni həll etmək istəmirsizsə, bizim yeganə yolumuz düşmənə təzyiqdir”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyişin olmaması Ermənistanın yeni hakimiyyətinin də köhnələrdəki kimi qeyri-konstruktiv mövqeyi ilə bağlıdır: "Təəssüflər olsun ki, münaqişənin nizamlanması ilə bağlı Ermənistan heç nə etmir. Eyni zamanda bu təkcə Ermənistanın "günahı” deyil, burada cavabdeh həm də həmsədr olan ölkələrdir ki, onlar da münaqişənin həll edilməsində arbitr rolunu oynaya bilərlər. Lakin onlar status-kvonun dəyişməsində maraqlı deyillər. Təəssüflər olsun ki, bu vəziyyət Cənubi Qafqaz bölgəsində sabitliyə çox böyük ziyan vurur. Rusiya da başa düşməlidir ki, əgər Cənubi Qafqazdakı bu proseslər digər fazalara keçərsə, bu, ilk növbədə Rusiyanın cənub sərhədlərinin təhlükəsizliyi üçün təhdid mənbəyi olacaq”.
Z.Məmmədov vurğuladı ki, Ermənistana təzyiq etmək lazımdır: "Əlbəttə ki, bu təzyiqi ATƏT-in Minsk qrupunun həmsədrləri, xüsusilə də Rusiya etməlidir. Çünki bu region bilavasitə Rusiyanın təsir imkanlarına və maraq dairəsinə daxildir. Amma Rusiya başa düşməlidir ki, təzyiqi tək Nikol Paşinyana yox, ümumiyyətlə Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, liderlərinə etməlidir. Bu təzyiq olmasa, Cənubi Qafqazda müharibə qaçılmaz bir ssenari, təbii hal olacaq. Çox təəssüflər olsun ki, on illiklərdir danışıqlar gedir və ortada heç bir irəliləyiş yoxdur. Belə olan təqdirdə, Azərbaycan niyə danışıqları davam etdirməlidir? Bu sualı həmsədr ölkələr həm Ermənistana, həm də özlərinə verməlidirlər”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər