• çərşənbə, 24 Aprel, 04:37
  • Baku Bakı 14°C

Hamı bura “Azərbaycan” deyir - FOTOLAR

29.03.23 12:22 1782
Hamı bura “Azərbaycan” deyir - FOTOLAR

Avstriyadakı Azərbaycan Evinin qapısı həm burada yaşayan soydaşlarımızın, həm də yerli sakinlərin üzünə açıqdır

“Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan evləri ölkəmizin bir parçasıdır. Bu məkanlar qürbətdə yaşayan azərbaycanlıların görüş yeridir. Onlar burada təmənnasız olaraq tədbirlər keçirə, dərnəklər təşkil edə, filmlərə baxa bilirlər”. Avstriyada yaradılan Azərbaycan Evinin iki il əvvəl açılış mərasimində səslənən bu fikirlər bu gün özünü doğruldur.

Azərbaycan Evi icma üzvlərinin bir araya gəlməsi, öz fəaliyyətlərinin koordinasiyalı şəkildə vahid mərkəzdən təşkili üçün məkan rolunu oynayır.

Novruz bayramı tətilində Zalsburq şəhərində səfərdə olarkən Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizovun dəvəti ilə Azərbaycan Evində qonaq olduq. Şəhərdə yaşayan azərbaycanlılar, türklər və yerli sakinlərin qatıldığı bayram tədbirində özümüzü demək olar ki, doğma vətəndə hiss etdik. Azərbaycanlı qadınların bişirdikləri plov, digər ləzzətli təamlar, bayram şirniyyatları, bəzədikləri Novruz xonçaları, səslənən milli musiqilər bizə də, özlərinə də Vətəndən uzaqda olma hissini unutdurdu.

Diaspor Komitəsinin dəstəyi

Azərbaycan Evinin rəhbəri Fərid Əzizov təşkilatın fəaliyyəti haqqında məlumat verərək dedi ki, 2017-ci ildə Avstriya Azərbaycanlılar Cəmiyyəti yaranıb: “Burada azərbaycanlılar çox idi, amma onların bir təşkilat halında birləşməsi mümkün deyildi. Bu təşkilatı yaratmaqla burada yaşayan soydaşlarımız arasında birlik yaratmaq istədik. Hələ o zaman Azərbaycan Evi yaratmaq haqqında düşünmürdük. Azərbaycanlıların burada yerləşən məscidində yığışırdıq. Yer kirayələyir, tarixi günlərimizi qeyd edir, Xocalı soyqırımı, 20 Yanvar faciəsi və s. tarixi günlərimizlə bağlı aksiyalar keçirirdik”. F.Əzizov bildirdi ki, Diaspora üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun xarici ölkələrdə “Azərbaycan Evləri” yaratmaq təşəbbüsünü dəstəkləyib və Zalsburqda belə bir qurumun yaradılması üçün müraciət ediblər. Komitə “Azərbaycan Evi üçün yer tapın” deyə müraciətə müsbət cavab verib: “Komitənin dəstəyi bizə motivasiya oldu. Düzdür, ona qədər də biz fəaliyyətimizi davam etdirirdik, amma daha sistemli və kompakt işləmək üçün dövlətin dəstəyi lazım idi. Azərbaycanlılardan əlavə, bizim cəmiyyətimizə xaricilər də üzvdür. Onlar bütün tədbirlərimizdə iştirak edirlər. Əsas məqsədimiz öz tariximizi, mədəniyyətimizi əcnəbilərə tanıtmaq, azərbaycanlıları bir dam altına yığmaqdır”.

Soydaşlarımızın üz tutduğu məkan

Zalsburqdakı Azərbaycan Evi 2020-ci ildə fəaliyyətə başlayıb: “Artıq  azərbaycanlılar bilirdilər ki, belə bir yer var, istədikləri sözləri, fikirləri bu mərkəzə söyləyə bilərlər. Mərkəzin açılışı pandemiya dövrünə təsadüf etdi. İndi bu mərkəzi hamı tanıyır. Taksiyə oturub ünvanı deyən kimi “Azərbaycan?” deyə soruşurlar. Hamı bura “Azərbaycan” deyir”.

2021-ci ildə Azərbaycan Evinin rəsmi açılışı baş tutub. Mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və əməkdaşları, Azərbaycanın Zalsburqdakı fəxri konsulluğunun əməkdaşları, şəhər bələdiyyəsindən nümayəndələr, Azərbaycandan gələn qonaqlar, Avstriyada yaşayan soydaşlarımız iştirak ediblər: “Hazırda Zalsburqda 500-ə yaxın azərbaycanlı yaşayır. İndi onların üz tutmağa, sözlərini deməyə, problemlərinin həlli üçün müraciət etməyə bir ocaqları var. Azərbaycan Evinin qapısı hər gün açıqdır. Telefonu 7/24 saat işləyir. Həftə sonları şəhərdə hər yer bağlı olur. Hətta mağazalar da işləmir. Burada yaşayan azərbaycanlılar Azərbaycan Evində yığışır, fikirlərini bölüşürlər”. F.Əzizov bildirdi ki, həftə sonları bu məkanda “Azərbaycan məktəbi” də fəaliyyət göstərir. Uşaqlara Azərbaycan dili, ədəbiyyatı və tarixi tədris olunur. Həmçinin milli rəqslərimiz öyrədilir: “Yaxın günlərdə azərbaycanlı qadın rəssamımız rəsm dərslərinin keçirilməsi təklifini etdi. Artıq uşaqlarımıza rəsm dərsləri də keçiləcək. Burada həmçinin nişan, xınayaxdı mərasimləri keçirilir. Kino günlərimiz olur. Milli mətbəx günləri keçiririk. Bəzən müştərək tədbirlər olur. Avstriyalı rəssamların sərgiləri də keçirilir. Kitabxanamızdan gələn qonaqlar da istifadə edirlər. Məqsədimiz uşaqlarımızın adət- ənənəmizdən uzaq düşməməsi, dilimizi yadırğamamasıdır. Bizim üçün əsas odur ki, yerli sakinlər bu evin qapısını tanıyırlar. Azərbaycan Evi milli mədəniyyətimizin dünyaya qapısıdır”.

F.Əzizovun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq hazırda diaspor təşkilatları arasında birlik  var. Belə ki, Avstriyada rəsmən fəaliyyət göstərən “Azəri-DER” Kültür və İş Adamları Dərnəyi və “Akademik Birlik” adlı təşkilatların əlaqələri sıxdır: “26 fevralda Vyanada böyük mitinq keçirildi. 3 təşkilat birlikdə iştirak etdi. Bu fəaliyyətdə “mən etdim” iddiası yoxdur. Məqsədimiz Azərbaycan adına çıxış etməkdir və buna nail oluruq”. 

“Qoy səyahət üçün Azərbaycanı seçsinlər”

F.Əziziov rəhbərlik etdiyi qurumun gələcək planları haqqında danışaraq qeyd etdi ki, Zalsburq Universitetində Azərbaycan kafedrasının açılması da planlaşdırılır: “Bu şəhərdə potensiallı, vətənpərvər gənclərimiz, istedadlı müəllimlərimiz yaşayır. Onlar həmin kafedranın işinə cəlb oluna bilərlər”. Diaspora rəhbəri bildirdi ki, Azərbaycan Evi 44 günlük Vətən müharibəsi, şəhidlərimiz və Qarabağın dirçəlişindən bəhs edən 3 hissəli kitabın Avstriyanın rəsmi dilinə- alman dilinə tərcüməsini həyata keçirir. Kitab Zalsburqdakı məktəblərə, kitabxanalara paylanacaq və Azərbaycan Evinə gələn xarici qonaqlara hədiyyə olunacaq. Oktyabr ayında Azərbaycan və Avstriya incəsənət ustalarının “Mozarteum” konsert zalında birgə konsertinin keçirilməsi də planlaşdırılır”.

Azərbaycan Evinin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan vermək və Azərbaycanı tanıtmaq məqsədilə turizm əlaqələrinin inkişafı haqqında da planları var. Belə ki, yerli turizm şirkətləri təmsilçilərinin Azərbaycana səfəri planlaşdırılır: “Məqsəd yerli sakinlərdə ölkəmizin turizminə maraq oyatmaqdır. Çünki bu xalqlar səyahət etməyi sevirlər. Qoy gəzmək, pul xərcləmək, tanımaq və tanıtmaq üçün elə Azərbaycanı seçsinlər”. 

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər