• cümə, 29 Mart, 13:12
  • Baku Bakı 14°C

Hakimiyyətin küçə mübarizəsi metodları ilə qəsb edilməsi

10.12.18 19:54 558
Hakimiyyətin küçə mübarizəsi metodları ilə qəsb edilməsi
XX əsrin sonlarında Sovet İttifaqının süquta yetməsi ilə müstəqilliyini qazanan Ermənistan qonşu dövlətlərə qarşı əsassız iddialar irəli sürüb. İşğalçılığı, soyqırımı və deportasiya siyasəti ilə daim diqqət mərkəzinə gələn Ermənistanda bütün seçkilər qeyri-demokratik, ölkənin siyasi rəhbərliyinin zorakı üsulla dəyişdirilməsi ilə yadda qalıb. Misal üçün, sabiq prezident Levon Ter-Petrosyanı Azərbaycanın 20 faiz ərazisinin işğal edilməsində bilavasitə iştirakçı olan Robert Koçaryan devirib. 10 il hakimiyyəti zəbt edən R.Koçaryanı da Xocalı soyqırımının törədilməsində bilavasitə rolu olan Serj Sarkisyan "əvəz” edib. Bu "əvəzetmə” də erməni xalqına qurbansız, itkisiz başa gəlməyib. Dünyadakı kriminal ünsürlərlə bağlılığı olan S.Sarkisyan siyasi hakimiyyəti ələ keçirmək, prezident kürsüsündə möhkəmlənmək üçün bütün vasitələrə əl atıb. Ən nəhayət, cari ilin aprelində Ermənistanda küçə etirazları böyük vüsət alaraq inqilabi yolla hakimiyyətin dəyişdirilməsinə səbəb olub. Etirazçıların lideri Nikol Paşinyan S.Sarkisyanı tarixin arxivinə tullayıb, müvəqqəti baş nazir olub. Onun baş nazirliyi müddətində aydın olub ki, vaxtilə Ermənistanda siyasi hakimiyyəti zəbt edən R.Koçaryan, S.Sarkisyan və onların yaxın ətrafı sayılan, müxtəlif vəzifələri tutan şəxslər iqtidarda olduqları müddətdə rüşvət və korrupsiya əməllərinə yol verməklə erməni xalqının var-yoxunu talayıblar. Bu talana etiraz edənlər isə müxtəlif vaxtlarda ən qəddar üsullarla neytrallaşdırılıblar.
Müstəqillik qazandığı tarixdən indiyə qədər ötən vaxtda ilk dəfə dünən Ermənistanda normal parlament seçkilərinin keçiriləcəyi gözlənilirdi. Gözlənilirdi ona görə ki, küçədən siyasət meydanına atılan N.Paşinyan həm hakimiyyətə gəlməzdən öncə, həm də dünənə qədər etdiyi bütün çıxışlarında Ermənistanda şəffaf, ədalətli, obyektiv, demokratik seçkilər keçiriləcəyini vəd edirdi. Lakin dünən keçirilən növbədənkənar parlament seçkiləri N.Paşinyan və komandasının özündən əvvəlkilərdən heç nə ilə fərqlənmədiyini, hakimiyyəti ələ keçirmək üçün qanunsuzluqlara yol verdiyini, bununla da erməni xalqının ümidlərini növbəti dəfə qərq etdiyini üzə çıxardı. Bəlli oldu ki, erməni xalqı kimliyindən asılı olmayaraq hakimiyyətdə təmsil olunanlara inamını birdəfəlik itirib. Məhz buna görə də növbədənkənar parlament seçkilərinə etinasızlıq nümayiş etdiriblər. Belə ki, ümumilikdə bu seçkilərdə iştirak etmək üçün 9 partiya və 2 blok əvvəlcədən qeydiyyatdan keçmişdi. Seçkilərdə bütün ölkə üzrə 2,5 milyondan çox insanın səs verəcəyi proqnozlaşdırılırdı. N.Paşinyan hökuməti bu proqnozlara arxalanaraq, xaricdə yaşayan ermənilər üçün seçki məntəqələri açdırmamışdı. Qeyd olunurdu ki, xaricdə yaşayan Ermənistan vətəndaşları yalnız ölkəsinə qayıtmaqla səs verə bilərlər. Bütün bu "hazırlıqlardan” sonra Ermənistanda yerli vaxtla saat 08:00-da ölkə üzrə 2010 seçki məntəqəsi açıldı və saat 20:00-dək davam edən səsvermə başladı. Lakin gün ərzində çoxsaylı qanun pozuntularının qeydə alınması, inzibati orqanların seçki prosesinə müdaxiləsi, N.Paşinyanın dəstəklənməsi üçün seçicilərə təsir və təzyiqlərin göstərilməsi Ermənistan hakimiyyətinin bu seçkini də saxtalaşdırdığını üzə çıxardı. Günün sonunda Ermənistan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatdan isə aydın oldu ki, parlament seçkilərində seçici fəallığı cəmi 48,63 faiz təşkil edib. Yəni, erməni seçicilərin əksəriyyəti ümumdövlət seçkilərinə məhəl qoymayıb. Səsvermə hüququna malik 2 milyon 592 min 481 seçicidən yalnız 1 milyon 260 min 840 nəfər seçkidə iştirak edib. Onlar da zorla, kimlərinsə təsir və təzyiqi altında. Bu faktın özü də yuxarıda vurğuladığımız kimi erməni xalqının öz hakimiyyətinə, iqtidara olan inamsızlığın bariz göstəricisidir. Bütün bu rüsvayçılıqlar altında baş tutan seçkinin nəticəsi də "maraqlı” olub. Ermənistanın yeni parlamentində üstünlüyü baş nazir vəzifələrini icra edən N.Paşinyanın bloku, onun inqilabçı tərəfdarları qazanıb.N.Paşinyanın "Mənim addımım” bloku 70,43, "Çiçəklənən Ermənistan” 8,27, "İşıqlı Ermənistan” 6,37 faiz səs toplaya bilib. Qarabağ qulduru S.Sarkisyanın Respublika Partiyası 4,7, "Daşnaksutün” 3,89 faiz topladığına görə 5 faizlik baryeri aşa bilməyib. Beləliklə də hər iki təşkilat parlamentdən kənarda qalıb.
Qeyd edək ki, Ermənistanda təşkil edilən seçki şouları beynəlxalq qurumların, xüsusilə də Avropa təsisatlarının, seçkiləri müşahidə edən institutların ifşası baxımından da diqqət çəkir. Belə ki, AŞPA, ATƏT PA kimi qurumlarda təmsil olunan azərbaycanlı deputatların dəfələrlə məsələ qaldırmasına, Ermənistan müxalifətinin konkret faktlara söykənən ifşalarına baxmayaraq, həmin qurumlar R.Koçaryan, S.Sarkisyan hakimiyyətlərinin qeyri-legitim olduğunu qəbul etməyiblər. Hətta onların demokratik yolla hakimiyyətə gəldiklərini iddia ediblər. Halbuki, son seçkilərdə Sarkisyan rejimi tərəfdarları seçki baryerini belə, aşa bilməyiblər.
Bunu Ermənistan hakim dairələrinin, eləcə də bu rejimin təəssübünü çəkən beynəlxalq qurumların erməni xalqı tərəfindən ifşa olunması kimi də dəyərləndirmək olar. Hansı ki, Prezident İlham Əliyev hələ noyabrın 5-də Ağdama səfəri çərçivəsində Muğam Mərkəzinin açılışı zamanı ictimaiyyət qarşısında çıxış edib bütün bu baş verəcəklərə əvvəlcədən dəqiq qiymət vermişdi. Dövlətimizin başçısı Qarabağ torpağından beynəlxalq aləmə səslənərək, Ermənistanı idarə edən kriminal xunta rejiminin bütün dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməsinin vacibliyini vurğulamışdı. Qeyd etmişdi ki, Ermənistanı idarə edən insanlar kriminal xunta rejiminin başçılarıdır: "İndi bunu erməni xalqı deyir. Biz demişdik ki, onların generalları oğrudur, qəhrəmanları cinayətkardır, qorxaqdır, indi bunları erməni xalqı deyir. Yəni, biz dediyimizi indi erməni xalqı deyir və görür. Ermənistanda bu il baş vermiş dəyişikliklər onların işğalçılıq siyasətinin tam iflası deməkdir, bu, bir. İkincisi, bu hadisələr onu göstərir ki, bizim apardığımız siyasət öz nəticəsini verir. Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır, işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır və imkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpağına qayıtsınlar. Bunu nə qədər tez anlasalar, o qədər də onlar üçün yaxşı olar, bölgə üçün yaxşı olar”.
Sonda bir daha vurğulamaq istərdik ki, Ermənistanda baş verənlərə beynəlxalq qurumların, xüsusilə də Avropa təsisatlarının, seçkiləri müşahidə edən institutların göstərdiyi qeyri-obyektiv münasibət həmin qurumların ikili standartlarla, bir çox hallarda xristian təəssübkeşliyindən çıxış etməsinin, erməni lobbisindən çirkli maliyyə almasının, Sarkisyan rejiminin yürütdüyü "konyak diplomatiyası” vasitəsilə müşahidə missiyalarının, Qərb təsisatlarının ələ alınmasının nəticəsi kimi dəyərləndirmək olar. Görünür, eyni mexanizmlər hələ də qaldığından həmin qurumlar Ermənistanın yeni hakimiyyətinin də qulluğunda durur, N.Paşinyan komandasının hakimiyyəti küçə mübarizəsi metodları ilə qəsb etməsinə, legitim, xalqın real dəstəyini alan hakimiyyət qura bilməməsinə göz yumur, hətta bunu təşviq edirlər.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər