• cümə, 19 Aprel, 05:36
  • Baku Bakı 18°C

Gözləyənlərin çox, qaliblərin az olduğu gecə

23.02.19 09:00 858
Gözləyənlərin çox, qaliblərin az olduğu gecə
Filmsevərlərin hər il maraqla gözlədiyi "Oskar” film mükafatının yekun nəticələri sabah bəlli olacaq. Belə ki, 24 fevral gecə saatlarında artıq 91-ci dəfə keçirilən "Oskar” film mükafatının qalibləri dünya film tarixində öz yerini tutacaq. Bu ilki "Oskar” da söz-söhbətli, qalmaqallı, gündəm yaradacaq hadisələri ilə dünya film sektorunun maraq dairəsindədir. Hər il qırmızı xalıdan keçərək geyimləri ilə dünya mediasının diqqətini cəlb edən məşhurlar bu il də həmin gecəyə xüsusi olaraq hazırlaşıblar.
Hollivudda "Dolbi” teatrında baş tutacaq 91-ci mükafatlandırma gecəsi ilə bağlı bəzi söz-söhbətlər gəzir. Ənənəvi olaraq tədbir dünyaya ABC kanalından yayımlanacaq. Qeyd edək ki, 30 il bundan öncə olduğu kimi, bu il də müsabiqə aparıcısız keçiriləcək.
Gəzən söz-söhbətlərə görə, Kevin Hart sabahkı gecəyə aparıcı olaraq təyin edilibmiş. Amma K.Hart aparıcı kimi adı açıqlanandan 48 saat sonra twitterdə paylaşım edib. Bu da tamaşaçılar tərəfindən qınanılıb. Məhz bu səbəbdən Kevin aparıcılıqdan imtina edib. Bununla bağlı dünya mətbuatında bəzi xəbərlər dolaşır. Söylənilənlərə görə, aparıcısız keçirilən gecədə musiqili performansların təşkili gözlənilir. O cümlədən gecədə məşhur Avengers komandasının səhnədə ola biləcəyi söylənilir. Hətta musiqi ilə bağlı nominasiyaların qaliblərinin canlı ifalarının olacağı da deyilir.
Mükafatlandırılma gecəsinə bir ay qalmış kino aləmində "ən yaxşılar”ın siyahısı hazırlanaraq dünya mediasında dərc olunmuşdu. Namizədlər ekspertlər tərəfindən müzakirələrə səbəb olub. Hətta dünyaca məşhur ifaçı Ledi Qaqanın baş rol oynadığı "A star is Born” (Bir ulduz doğulur) filmi də bu siyahıya daxil olub.
Ssenarist, rejissor Valeh Əhmədov filmlərin bir çoxunu izləyib və təhlil edib. Nominasiyalar üzrə öz proqnozlarını bildirib. Deyir ki, qalib olacağı gözlənilən "Roma” filmi kifayət qədər peşəkar deyil. Ssenarist qaradərililərin vaxtilə başlarına gətirilən zülmlərdən, irqçilikdən, eynicinslilərin təbliğatından danışan "Roma” filminin bu nominasiyada "Oskar” alması üçün heç bir səbəb olmadığını vurğulayır. "Bredli Kuperin "A star is Born” filmini təhlil edən müsahibimiz onu belə qiymətləndirir: "Filmdə şöhrətdən bezib içkiyə qurşanan Bredli Kuper adlı müğənnidən bəhs olunur. O, bir gecə transların barında içki içməyə qərar verir. Və orada adi bir qız müğənninin səsindən xoşu gəlir. Nəticədə, bu qızın ulduzu parlayır. Oğlan onu məşhur edir və onun şöhrəti oğlanı ötüb keçir. Qeyd edim ki, filmdə Ledi Qaqanın "Shallow” mahnısına görə "Oskar” almaq ehtimalı daha yüksəkdir. Film hind kinosu olan "Aşiqu”-nun süjeti ilə eynidir. Oğlan içki içir, qızı məşhur edir, qızın şöhrəti onu keçir. Oğlana yaxın bir adam qıza deyir ki, solo oxumağa başla və s. İkinci tərəfdən isə, ən yaxşı film "Oskar”ı qazanmış "Artist” filmidir. Orda da eyni hadisələr baş verir. Belə ki, mövzu aktyor və aktrisalardan gedir. İlk dəfə idi ki, irqçilikdən bəhs edən filmin üç nominasiyada yarışdığının şahidi olurdum. Hansı ki, bir neçə il bundan öncə film sektorunun qaradərili nümayəndələri bu müsabiqədə olmadıqlarından şikayət edirdilər. Hər il bu nominasiyada demək olar ki, bir film iştirak edirdi”.
Ssenarist "Bohemian Rhapsody” (Bohem rapsodiyası) filiminin də məşhur bir müğənninin həyatından bəhs edən, aktyor oyunlarının möhtəşəm olduğu, duyğusal mövzuların işləndiyi bir film olduğunu deyir: "Burada iradə sayəsində məşhurlaşdıqdan sonra qudurğanlığın çılpaq təsviri göstərilib. Filmin sonunda ardıcıl olan mahnılar əslində bir konserti xatırladır, amma çox da sıxıcı deyil. Filmdə bir yerdə Merkuri xəstəliyini açıqlayarkən deyir ki, "heç də yazığınız gəlməsin, istəyirəm ki, insanlar məni xəstə kimi yox, sənətçi kimi xatırlamasını”. Filmdə məhz bunun qabardılması onun keyfiyyətinə xidmət edir. Filmdə Merkurinin ölümü göstərilmir, cümlələrlə verilir və film onun məşhur mahnıları ilə bitir”.
Favoritlərdən olan "Vice” (Köməkçi) filminə gəlincə isə, V.Əhmədov deyir ki, filmin rejissor və ssenaristi Adam Makkey bu filmdə böyük yeniliklərə imza atıb: "Ümumiyyətlə, bu ilki filmlər rejissor-montaj anlaşması ilə yadda qalır. Hər filmdə yeni qurğular görünür. Bu filmdə, açığı, klassik avtobioqrafiya ssenarisi gözləyirdim. Lakin Makkey doğrudan da filmdə oyun çıxarıb. Filmin əvvəli sənədli filmi xatırlatsa da, bir az dolaşıqdır. Filmdə fləşbaklar, fləşforvardlar olsa da, sonradan hər şey yerinə oturur. Vaxtilə efirdən eşitdiyimiz bir çox siyasətçiləri indi filmdə görürük. Dik Çeyni siyasətdən gedir, biznesə girişir, ailəsiylə vaxt keçirir, balıq tutmağa başlayır. Bu hekayə dillə danışılır və titrlər getməyə başlayır. Həqiqətən aldanmadım. Güldüm və alqışladım. "Qəhrəmanın həyatının yeni hissəsi başlayır” demişdim ki, titrlər dayandı və telefon zəngi, siyasətin ikinci dönəmi başladı. Özü də Corc Buşla. Rejissor detalları möhtəşəm idi. Çeyninin balıqçı tipajı axıra kimi qorunur. Corc Buşla dialoqunda çox mükəmməl idi. Burda da ailə dəyərləri, ailəsinə sədaqətli olan kişi xarakteri, "hər güclü kişinin arxasında bir güclü qadın dayanır” mövzusu işlənib. Restoran səhnəsində siyasətin menyularla deyilməsi də gözəl idi. Ümumiyyətlə aktyor oyunları möhtəşəm idi. Sem Rokvelin cizgilərindən istifadə edərək az işlənməsi, Corc Buşa bənzədilməsi də yaxşı detal idi. "Bir dəfə Amerikada” filmində Robert de Nironun hər yaşı öz xırdalığı ilə verməsindən sonra ilk dəfə idi ki, belə möhtəşəm aktyor oyunu görürdüm. Kristian Beyl bunun öhdəsindən gözəl gəlmişdi. O, "Ən yaxşı aktyor” nominasiyasında "Oskarı”a layiqdir. Qrimini edən qrimyor da həmçinin. Filmin sonunda Barak Obamanın gəlişiylə onların işinin bitməsinə işarə olsa da, film bu il göstərilir və ölkənin başında Respublikaçılar dayanır - Donald Tramp. Və Dik Çeyni kameraya baxıb monoloq deyir. Qınanıldığı məsələlərdə haqlı olduğunu bildirir. Bu isə rejissorun mövqeyi kimi gəlir və qələbənin onların olduğunu deyir. Bir sözlə, "Vice” filmi nəinki avtobioqrafiya filmlərində, həm də müasir sinemada yeni cığırdı”.
Müsahibimiz nominasiyalar üzrə ən çox adı çəkilən "Roma” filmindən də danışdı: "Hesab edirəm ki, "Ən yaxşı film” nominasiyasına bu film layiq görülməlidir. Ya da bu filmdən azca geridə qalan "Vice” filmi”.
"Yaşıl kitab” filminə toxunan ssenarist, filmin posterinin artıq qalibiyyətin onda olduğunu dediyini söylədi: "60-cı illər. Sürücü ağdərili, müdir qaradərili. Burada "1+1” filminin də strukturunu gördüm. Sadəcə, orda qaradərili küçə uşağı, ağdərili isə onun müdiridir. Burda isə ağdərili qaradərilinin işçisi idi. Orda qaradərili küçə dili ilə danışandır, ağdərili elitar, burda isə əksinə. Əsas xarakterimizin qaradərililərə qarşı nifrəti var. Xanımının isə yox. Xanım evlərinə gələn qaradərili ustalara su verir. Onlar getdikdən sonra isə qəhrəmanımız stəkanları zibil vedrəsinə atır. Uzun çək-çevirdən, işsizlikdən sonra bu ağdərili kişi qaradərili klassik musiqi ifaçısının sürücüsü olur, onu konsert turlarına aparmaq məcburiyyətində qalır. Yolboyu isə xarakterlərin bir-birilərinə qarşı dəyişməsi, əslində birində olan xasiyyətin digərində olmaması açıq görünür. Bir çox filmlərdə olduğu kimi, caz və klassik musiqinin təbliği də bu filmdə yer alıb”.
Qeyd edək ki, haqqında danışdığımız və danışmadığımız bütün filmləri kinoteatrlardan izləyə bilərsiniz. Sabah "Oskar” mükafatını başı üzərinə qaldırıb, ürək sözlərini deməyə namizəd olanların isə siyahısını təqdim edirik:
"Ən yaxşı film” nominasiyası üzrə: "Black Panther” (Qara Pantera), "Black Klansman” (Qara klançı), "Bohemian Rhapsody” (Bohem rapsodiyası), "The Favourite” (Sevimli), "Green Book” (Yaşıl Kitab), "Roma”, "A star is Born” (Ulduz doğulub), "Vice” (Köməkçi) filmləri namizəddir.
"Ən yaxşı rejissor” nominasiyası üzrə: "Roma” filminə görə Alfonso Kuaron, "Vice” filminə görə Adam Makkey, "Sevimli” filminə görə Yorqos Lenthimos, "Black Klansman” filminə görə Spayk Li, "Soyuq müharibə” filminə görə Pavel Pavlikovski.
"Ən yaxşı aktyor” nominasiyası üzrə: Rami Malek, Kristian Beyl, Viqqo Mortensen, Bredley Kuper, Villem Dafo.
"Ən yaxşı aktrisa” nominasiyası üzrə: Qlen Koluz, Leydi Qaqa, Olivya Kolman, Yalitza Aparisio, Melissa Makkarti.
"Ən yaxşı orijinal ssenari” nominasiyası üzrə: "Green Book” fiminə görə Brian Hayes Kurrie, Farrelli və Nik Vallelonqa, "The Favourite” filminə görə Deborah Davis və Toni Mak Namara, "Roma” filminə görə Alfonso Kuaron, "Vice” filminə görə Adam Makkey, "First Reformed” filminə görə Paul Sçreder.
"Ən yaxşı animasiyalaşdırılmış xarakter” nominasiyası üzrə: "İncredibles 2” (İnanılmaz-2), "Ralph Breaks the Internet” (Ralf İnterneti sındırır), "Spider-Man: Into the Spider-Verse” (Hörümçək adam), "Isle of Dogs”(İtlər adası),"Mirai” (Mirai) filmləri.
"Ən yaxşı sənədli film” nominasiyası üzrə: "Free Solo” (Azad Solo), "Minding the Gap” (Boşluğu nəzərə alarkən), "Of Fathers and Sons” (Atalar və oğullar) filmləri.
"Xarici dildə ən yaxşı film” nominasiyası üzrə: "Roma” (Roma) – Meksika, "Cold War” (Soyuq müharibə) - Polşa, "Shoplifters” (Oğrular) - Yaponiya, "Capernaum” (Kapernaum) - Livan, " Never Look Away” (Heç vaxt gözlərini qaçırma) – Almaniya.
"Ən yaxşı orijinal mahnılar”ın siyahısına "Shallow” (Dayaz), "All the Stars” (Bütün ulduzlar), "I’ll Fight” (Mən vuruşacam) "The Place Where Lost Things Go” (İtən əşyaların getdiyi yer) "When a Cowboy Trades his Spurs for Wings” (Kovboy mahmızlarının qanadını satanda) daxildir.
"Ən yaxşı görüntü effektləri” nominasiyası üzrə: "First Man”, "Avengers: Infinity War” "Solo: A Star Wars Story”, "Ready Player One”, "Christopher Robin” filmləri.
"Ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyası üzrə: "Animal Behaviour” (Heyvan davranışı), "Bao”, "Late Afternoon” (Günortadan keçmiş), "One Small Step” (Bir kiçik addım)
"Weekends” (Həftəsonları).
"Ən yaxşı qısametrajlı sənədli film” nominasiyası üzrə: "Black Sheep” (Qara qoyun), "End Game” (Oyunu bitirmək), "Lifeboat” (Həyat gəmisi), "A Night at the Garden” (Gecə bağda), "Period. End of Sentence” (Dövr. Cümlənin sonu) filmləri.
"Ən yaxşıqısametrajlı canlıhərəkətfilmləri” nominasiyası üzrə: "Detainment” (Həbs), "Fauve” (Fauv), "Marguerite” (Marguerit), "Mother” (Ana), "Skin” (Dəri).
Son olaraq qeyd edim ki, hər il öncədən verilən proqnozlardan xeylisi yanlış çıxır, final gecəsi hər kəs sürprizlərlə qarşılaşır. Beləliklə, sabah filmsevərləri çoxsaylı sürprizlər gözləyir.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər