Gözəl kostyum
Bir
vaxtlar balaca bir oğlan vardı bu dünyada, anası ona gözəl bir kostyum
tikmişdi. Kostyum yaşıl və qızılı rəngdəydi, o qədər gözəl, incə idi ki, mən
onu təsəvvür etməkdə çox acizəm. Kostyumun döş cibində narıncı rəngli gözəl dəsmal
da qoyulmuşdu. Təptəzə düymələr ulduz kimi par-par yanırdı. Oğlan kostyumuyla fəxr
edirdi, ilk dəfə onu geyinəndə neçə saat bədənnüma qabağında dayanıb özünə
tamaşa etmişdi. Güzgüdə özünə elə heyran olmuşdu ki, az qala dəli olsun.
Oğlan hər
yerə kosyumunu geyinib getmək, onu hamıya göstərmək istəyirdi. O bu vaxtacan
getdiyi bütün yerləri xəyalına gətirirdi. Düşünürdü ki, parıldayan kostyumunu
geyinib o yerlərə getsə, görəsən, adamlar ona necə baxar, yaxud o özünü necə
hiss edər. O çox istəyirdi ki, kostyumunu geyinib otun üstüylə, çəmənlikdə
ora-bura qaçsın. Oğlan bir şey istəyirdi! Kostyumunu geyinmək! Amma anası ona
bircə bunu deyirdi: "Yox, olmaz!”
Anası
ona deyirdi ki, kostyumunu səliqəli saxlamalıdır, çünki onun bir daha belə
kostyumu olmayacaqdı. Anası deyirdi ki, o kostyumu yalnız və yalnız müəyyən mərasimlərdə
geyinə bilər. "Bu, sənin toy kostyumundur” - anası ona belə deyirdi, sonra da
salfetkayla kostyumun düymələrini silirdi ki, parlaqlığı itməsin. Oğlan belə
şeylərə nifrət edirdi. Ancaq əlindən nə gəlirdi ki? Nəhayət, oğlan anasıyla
razılaşdı. O tez-tez kostyumunu götürüb onun qırış yerlərini hamarlayır, sonra
yenidən yerinə qoyurdu. Adama elə gəlirdi ki, oğlan daha kostyumu unudub, onu
geyinmək haqda fikirləşmir. Yox, belə deyildi, oğlan bütün günü kostyumu nə
zaman geyinəcəyini fikirləşir, hansısa mərasim olacağı günü səbirsizliklə gözləyirdi.
O fikirləşirdi ki, görəsən, o nə vaxt bu kostyumu geyinib ürəyi istədiyi kimi çəmənikdə
qaçacaq, kostyumun çirklənməsini, bulaşmasını vecinə almadan hər yerə gedə biləcək.
Bir gün gecə
o yatanda yenə də kostyumunu yuxuda gördü. Gördü ki, kostyumun düymələrindən
birinin işıltısı azalıb. Oğlan hətta yuxuda belə buna çox məyus oldu. Yuxuda o
bu solmuş düyməni salfetkaya çoxlu-çoxlu sürtdü, amma faydası olmadı. Oğlan
yuxudan ayıldı, fikirləşdi ki, görəsən o kostyumunu geyinib bir mərasimə gedəndə
adamlar kostyumun işıltısı itmiş bu bu düyməsini görsələr o özünü necə hiss edər?
Həmin yuxudan sonra o kostyumunu geyinib anasıyla bir mərasimə gedəndə kostyumunun
bütün düymələrini yoxladı, bilmək istəyirdi ki, düymələr həmişəki kimi
işıldayır, yoxsa yox.
Oğlan
kostyumu çox nadır hallarda geyərdi, birbaşa kilsəyə gedib ordan da evə
qayıdardı. Anası da yanında. Əgər hava buludlu olsaydı anası ona kostyumu
geyinməyə icazə verməzdi. Çox isti havada da ona icazə verməzdi kostyumu geyinməyə.
Anası istəmirdi ki, kostyum rəngini itirsin. Adətən, belə marasimlərdən sonra
oğlan kostyumunun düymələrini çoxlu-çoxlu sürtür, onu səliqəli şəkildə öz yerinə
qoyardı.
Oğlan
anasının dediklərinə riayət edirdi. Amma bir aylı gecədə oğlan anasının qadağalarını
tamam unutdu. Bir aylı gecədə o yuxudan ayıldı, pəncərəsinə düşən ay işığını gördü.
Oğlana elə gəldi ki, həmin gecə ay işığı həmişəki kimi deyil, elə gecə də fərqli
gecədir. Bir müddət oğlan yatağından durmayıb fikirləşdi, anasının ona qoyduğu
qadağaları yadına saldı. Birdən o qalxıb çarpayısında oturdu. Ürəyi tir-tir əsirdi,
başdan ayağa titrəyirdi. Çünki o qərarını vermişdi. O artıq çox yaxşı bilirdi
ki, az sonra o kostyumunu geyinəcək. Nə baş verəcəyini ağlına gətirmək istəmirdi.
O çox qorxurdu, çox, lap çox qorxurdu, amma bununla belə sevinirdi, çox
sevinirdi.
Oğlan
çarpayıdan düşüb pəncərəyə yaxınlaşdı, ay işığına boyanmış bağa baxdı. Nə edəcəyini
yadına salanda yenə də titrədi. Bağdan cırcıramaların səsi gəlirdi. Oğlan yavaşca
yataq otağından çıxdı. Yatanları oyadacağından qorxurdu. Qaranlıqda kostyumunu
qoyduğu dolaba yaxınlaşdı, paltarların arasından kostyumunu tapıb götürdü. Düymələrin
üstündəki salfetkaları kənara atdı. Kostyumun düymələri par-par yanırdı - anası
ona ilk dəfə göstərdiyi kimi. İndi oğlana elə gəlirdi ki, anasının bu kostyumu
tikdiyi vaxtdan neçə illər keçib. Kostyumun bircə düyməsi də işıltısını itirməmişdi.
Kostyumu geyinəndə sevincdən ağladı, amma için-için. Qorxdu ki, səsini eşidərlər.
Kostyumunu geyinib yenidən pəncərənin qabağına getdi. Bir neçə dəqiq sakitcə
durdu. Kostyumu ay işığında par-par yanrdı. Düymələri ulduz kimi işıldayırdı.
Sonra oğlan ayağını pəncərəaltına qoyub ehtiyatla bağa düşdü. Bağdakı cığırla
gedəndə o bacardığı qədər səs salmamağa çalışırdı. Ayağını yerə yavaşca basırdı
ki, yarpaqlar xışıldamasın.
Uzaqdan
görünən kilsəyə baxdı. O gündüz olduğu kimi ağappaq idi.
Amma bağ
fərqli idi. Gündüz göründüyü kimi deyildi. Ay işığı çəpərlərin üstünə düşmüşdü,
hətta hörümçək torları da aydın görünürdü. Ağ, tünd qırmızı güllər ay işığında
bərq vururdu. Bağın dərinliyindən bülbüllərin səsi eşidilirdi.
Oğlana
elə gəlirdi ki, qaranlıq deyil, sadəcə, dünya sirli bir kölgəyə bürünüb, yarpaqların
üstündəki şeh damcıları da ləl-cəvahiratdır. Göy üzü ulduzlarla doluydu.
Balaca
oğlan sevndiyindən nə qışqırdı, nə də mahnı oxudu. O bir an heyranlıqla ətrafa
boylanıb sakitcə dayandı. Sonra isə qəribə səs çıxarıb qışqırdı, qollarını
qaldırb qaçmağa başladı. O elə qaçırdı ki, sanki bütün bu gözəlliyi qucaqlamaq
istəyirdi.
O
bağdakı cığırla qaçmırdı, əksnə, tərəvəz əkilmiş ləklərin üstüylə qaçırdı.
Ayağı şehli otlarda islana-islana qaçırdı. Əməköməcinin ağ gülləri ayağına dəyə-dəyə
qaçırdı. Bəzi yerlərdə otlar dizinə çatırdı.
Qarşısına
kol çıxanda kolu yana eləyib içindən keçdi. Onun gözəl kostyumu kola ilişdi,
ancaq o buna əhəmiyyət vermədi.
O heç nəyi
vecinə almırdı, bilirdi ki, o həmişə bu günü arzulayıb
"Nə
yaxşı ki, kostyumumu geyindin. Şadam ki, geyindim” – oğlan öz-özünə deyirdi.
Kolluğu
keçəndən sonra gölməçə gördü. Gündüzlər burda ördəklər üzərdi. Amma gecə, ay
işığında bu gölməçə gümüş kimi bərq vururdu. Qurbağalar qur-qur quruldayırdı.
Oğlan fikirləşmədən gölməçəyə girdi, su dizinə çatırdı. Hərdən əyilib əlini
suya salırdı. O gölməçəni keçib sahilə çıxdı. Kostyumu su çiçəklərinə
bulaşmışdı. Üstündən gümüş rəngli su damcılayırdı. Gölməçənin sahilində soyüd
altında dayanıb dincini alandan sonra yola çıxdı. Yol tozluydu, amma oğlana görə
yol ağ duman idi. O tozu vecinə almırdı. Yolda gedəndə başı üstə bir kəpənək də
uçurdu. "Balaca kəpənək. Əziz kəpənək! Bu gün dünyanın ən gözəl gecəsdir! Əziz
kəpənək, necə bilirsən mənim kostyumum dünyada ən gözəl kostyumdur, elə deyil?
Sənin qanadlarındakı naxış kimi gözəldir, elə deyil?”
Kəpənək
oğlanın başı üstə fırlandı, fırlandı, nəhayət, ona daha da yaxın gəldi və onun
məxmər qanadları oğlanın dodaqlarına toxundu.
Səhər
açılanda balaca oğlanın cəsədini tapdılar yolda. Yıxılanda başı daşa dəymiş,
boynu qırılmışdı. Gözəl kostyumu qana bulaşmış, ləkə-ləkəydi. Gölməçədən keçərkən
islanan kostyumu toza bulaşmışdı. Amma oğlanın üzünə baxanda bilmək olardı ki, o
ölərkən özünü necə xoşbəxt hiss edirmiş.
İngiliscədən tərcümə etdi:
Sevil Gültən