• şənbə, 20 Aprel, 17:17
  • Baku Bakı 23°C

“Güzgüyə baxanda özümdən səksənirdim” - Fotolar

31.10.18 09:00 870
“Güzgüyə baxanda özümdən səksənirdim” - Fotolar
"Musiqi ritmdir, musiqi zövqdür, musiqi keyfiyyətdir”. Bunu bizə "Eurovision-2011” mahnı müsabiqəsinin azərbaycanlı qalibi Eldar Qasımov deyir. "Kaspi”nin suallarını cavablandıran ifaçı yaradıcılığındakı ən son yenilikləri bizimlə bölüşdü. Qeyd etdi ki, beynəlxalq mahnı müsabiqəsindəki tərəfdaşı Nigar Camalla həyata baxışları fərqli olsa da, dost münasibətləri indi də davam edir.

- Eldar bəy, yeni mövsümə yeniliklərlə geri döndünüz. Sizin sosial şəbəkədəki hesabınızdan yay tətilini köhnə dostlarınızla uzaq bir adada keçirdiyinizi izlədik. Hətta bu paylaşımlarınızdan sonra sizi zadəgan adlandıranlar da tapıldı.
- Yayı dostlarla gözəl keçirdik. İstirahət etməyə on gün qalmış planlaşdırdıq ki, imkan daxilində həyatda bir dəfə də olsa Yunanıstanın Mykonos adasında olaq. Ora turistik bir bölgədir. Həmin ərazilər çox abadlaşdırılıb və mükəmməl görüntüsü var. Bütün ada ağ-göy və tünd qırmızı rənglərə boyanmışdı. Yunanıstanın məşhur dar küçələri məhz orada yerləşir. Həqiqətən də çox maraqlı bir yerdir. O adanı çox böyük zövqlə gəzdik.

- Bu istirahətdə tərəfdaşınız Nigar Camal sizi tək qoymadı. Bu paylaşımlar sizin ayrılmadığınızı, hələ də dost münasibətində olduğunuzu sübut etdi.
- Əlbəttə ki, biz Nigarla hələ də dostuq. Kim deyir ki, biz onunla danışmırıq və bir-birimizə qarşı kinimiz var, bu səhvdir. Bizim aramızda heç bir mübahisə olmayıb. Ola bilər ki, Nigarla fərqli düşüncə sahibləriyik. Həyata baxışımız, düşüncələrimiz üst-üstə düşmür. Nigarla musiqi zövqlərimiz də fərqlidir. Ancaq bu o demək deyil ki, bir-birimizi danışdırmırıq, küsülüyük. Sənət baxımından ayrı-ayrı yollarla gedirik. Həyat fəlsəfəmizin dostluğumuza aidiyyəti yoxdur. Aramızdan heç bir soyuq külək əsməyib.
- Nigar Camalla yenidən işbirliyiniz olacaqmı?
- Bu barədə düşünürük. Hesab edirik ki, bizə uğur gətirən "Running Scared” mahnısından daha möhtəşəm bir mahnı olmalıdır ki, tamaşaçılar bu mahnını yenidən sevsin. Kiçik addımlarla nəsə etməyə çalışırıq. Həmin mahnıdan sonra yeni bir mahnı oxumaq hər ikimizdən məsuliyyət tələb edir. Çünki biz yenidən birlikdə mahnı ifa etsək, bütün Avropa mediasının diqqəti bizdə olacaq. Ola bilsin ki, nə zamansa yeni bir mahnı oxuyaq. Əslində, yarışmadan sonra Nigarın albomunda yer alan bir-iki mahnını studiyada yazdırdıq ki, duet kimi ifa edək.

- Çox zaman deyirlər ki, "Eurovision” mahnı müsabiqəsində iştirak edən ifaçılarımız müsabiqədən sonra qeybə çəkilirlər. Bəs siz bu haqda nə düşünürsünüz?
- Mən də bu cür fikirləri eşidirəm. Davamlı olaraq medianı izləyirəm. Azərbaycanda çalışan müğənnilərin ifa tərzi "Eurovision” müsabiqəsinə və Avropa musiqisinə ziddir. Orada Avropasayağı, xarici mahnılara daha çox üstünlük verirlər. Çünki bu daha keyfiyyətli alınır. Biz bu mahnılarla özümüzü tanıda bilərik. Burda hələ ki dəb halını almayıb. Peşəkar Avropa mahnısının ifaçıları azdır. Bizdə müasir Qərb musiqisi üstün deyil. Mən tam olaraq deyə bilmirəm ki, bu, yaxşıdır, bu, pisdir. İnsanlar kimi zövqlər də müxtəlifdir və bizim məmləkətdə insanlar daha çox etnik və milli musiqilərə üstünlük verirlər. Ancaq çox şadam ki, izləyicilərim və dinləyicilərim var. Onlar mənim musiqimi dinləyirlər.

- Avropaya ayaq açdıqdan sonra məşhurlaşmaq şəraiti və imkan əldə etdiniz. İndi hansı ölkənin sənətçiləri ilə birlikdə çalışırsınız?
- Bilirsiniz ki, mən daha çox İsveçdə və Ukraynada çalışıram. İndi isə qazaxıstanlı partnyorlarımız məni Asiya musiqi bazarına çıxarırlar və bundan sonra onlarla da işləyəcəyik. Orda sistem başqadır. Prodüser, musiqiçilərlə studiyaya gedib, 10-15 mahnı yazdırırsan, sonra onu musiqi nəşriyyatlarına göndərirsən. Həmin nəşriyyatlar da mahnını alıb qısa zamanda məşhurlaşdırırlar. Və sən ondan gəlir əldə edirsən. Həm sən, həm də musiqi prodüserləri qazanır. Eyni zamanda, səninlə bərabər bəstəkarlar və söz yazarları da buradan qonorar əldə edir. Əvvəlcədən heç kim pul almır. Çünki bu, sonu görünməyən bir işdir. Burda bazar başqa cürdür.

- Avropaya gedəndə sizi tanıyırlarmı?
- Deyilənə görə tanıyırlar. Orda insanlar bir az komplekssizdir. Ancaq buna baxmayaraq, gözləmirlər ki, hansısa bir tanınmış insan onlara yaxınlaşsın. Onlar çalışırlar ki, bir az məsafə saxlasınlar. Məsafə deyilən bir şey var, bəlkə mən istəmirəm ki, mənə yaxınlaşsınlar və söhbət etsinlər. Ancaq hərdən yaxınlaşıb fikirlərini bildirirlər.

- Çətin ki, sizi bu imiclə tanısınlar...
- Bəli, bu imic mənim çoxdankı istəyim idi.

- Saçlarınızı bəyaz rəngə boyamaq yəqin ki, cəsarət tələb edir.
- Əslində bu mənim arzum idi. Bir ilin arzusu idi ki, saçımın rəngini dəyişim. Bu mənim çox xoşuma gəldi. Özümü başqa cür hiss edirəm. Saçlarımı boyadıqdan sonra ilk iki gün güzgüyə baxanda özümdən səksənirdim. Deyirdim, görəsən bu kimdir? Ancaq indi alışmışam və bu rəngi çox bəyənirəm.

- Sizi bu saç rənginə görə qınayanlar olubmu?
- Siz mənə baxın. Görün heç bu mənim vecimədir? Mən həmişə öz istədiyimi seçmişəm. Müsahibəmizi oxuyanlara demək istəyirəm ki, həyat insana bir dəfə verilir. Bizə 60 ömür verilməyib. Əlbəttə ki, çərçivələri olan, etnik qaydalara riayət edən həyatda yaşayırıq. Bizi xoşbəxt edən və heç kimə maneçilik törətməyən əməlləri etməliyik, çünki bu, bizi xoşbəxt edir. Bizi nə xoşbəxt edirsə, onu da etməliyik və həyatın bizə verdiyi fürsətdən faydalanmalıyıq. Bizə verilən bu həyatı zövqlə yaşamaq lazımdır.

- Adətən keçmişdə bir kişi saçına xına qoyanda, onu qınayırdılar.
- Desinlər. Eşitmişəm ki, bizim kişilər də saçlarını boyayıb.

- Ancaq ağ rəngə boyayana rastlaşmamışıq.
- (Gülürük) Ola bilər. Kimsə saçlarını rəngləyir və heç kimə demir ki, rəngləyib. Deyir ki, öz saçımdır. Mən heç kimin yanında bu kompleksi yaşamıram. Açıq-aydın deyirəm ki, saçlarıma rəng qoymuşam.

- Azərbaycanda ifaçılar gəlirini toylardan əldə edir. Bir Avropa ifaçısı olaraq sizin gəliriniz hardandır?
- Mən toylara gedirəm, ancaq diskoteka və parti olan hissələrə.
- Bu gün sosial şəbəkələri və "Youtube” portalını bayağı mahnılar bürüyüb. Avropa musiqisinin ifaçısı kimi, sizin o mahnılara münasibətiniz necədir?
- Biz hazırda peşəkar musiqi sahəsində bir az axsayırıq. Çünki qarşımıza bənzərsiz və səviyyəli mahnılar çox nadir hallarda çıxır. İstedadlı və peşəkar musiqi zövqü yüksək olan insanlar da çox azdır. Biz hamımız bunun üzərində işləyirik. Yəqin ki, bu mahnılar kiminsə xoşuna gəlir. Heç nə durduğu yerdə reytinq gətirmir. Bu kiməsə lazımdır ki, dinləyir. İnsanlar bu mahnını dinləməsə, onlar da bu qədər məşhur olmazlar. Tələbat olduqca, bu kimi mahnıların sayı daha da artır. Düşünürəm ki, belə hallarda yüksək səviyyəli musiqiyə, mədəniyyətə cavabdeh olan insanlar öz mahnılarını, keyfiyyətli işlərini təqdim etməlidirlər və bu işdə siz medianın da böyük rolu var. Bir mahnını davamlı olaraq çox dinlədikdə, istər-istəməz hitə çevrilir. Zövqün tərbiyəsi məhz medianın əlindən keçir. Sosial şəbəkələrdə paylaşılır və məşhur olur.
- İndi məşhurlaşmaq daha asan və tez başa gəlir. Bəlkə də onun üçün gənclər bu üsula əl atırlar.
- Razıyam və bütün bunların səbəbkarı sosial şəbəkələrdir. Ancaq qeyd edim ki, tez məşhurlaşan o insanlar tez də unudulurlar. Musiqi təhsili, zövqü olan və bu sahədə özünü inkişaf etdirən musiqiçilər unudulmur və o ifaçılar heç vaxt bir-iki günlük olmur. 10 ildən sonra belə onlar xatırlanır. Çünki onun arxasında istək, iş, əmək dayanır.
- Avropa şou aləmini görən bir ifaçı kimi, Azərbaycan şou aləmini necə qiymətləndirirsiniz?
- Əslində bu çox fərqli masştablardır. Deyə bilmərəm ki, hansı şou aləmi daha yaxşıdır. İnsanların yanaşmasından asılıdır. Avropadakı sənətçilərin şouya, səhnəyə yanaşması tam fərqlidir və bu da məni qane edir. Avropa şou aləmində çalışmaq mənim üçün daha rahatdır. Ancaq hansının yaxşı, hansının pis olduğunu deyə bilmərəm.

- Hazırda yeni mahnı varmı?
- Sonuncu mahnım mart ayında çıxdı. Həmin mahnı xarici bazarlar üçün hesablanıb. Mən İsveçdə bu ayda bir mahnı yazdırdım. Yəqin bu yaxınlarda çıxacaq. Yeni bir mahnı var, onu Azərbaycan dilində oxuyacağam. Bu mahnının ingilis versiyasını da ifa etməyi düşünürəm. Avropadan mənə deyirlər ki, əgər bu mahnı ingiliscə olsa, daha uğurlu olar, onlar mahnını sata bilərlər. Sizə eksklüziv olaraq mahnının adını deyəcəyəm. Mahnı "Məsafələr” adlanır. Çox həzin və maraqlı bir mahnıdır.

- Maraqlıdır. Kiminlə aranızda məsafə saxlayırsınız?
- Ümumiyyətlə, insanların arasında olan məsafələr haqqındadır. Hansı nöqteyi-nəzərdən oxuduğuma, siz mahnını dinlədikdən sonra qərar verə bilərsiniz.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər