• cümə, 19 Aprel, 03:32
  • Baku Bakı 18°C

“Güzəştli kredit” adı ilə bəxşiş - FOTOLAR

09.04.21 17:45 1310
“Güzəştli kredit” adı ilə bəxşiş - FOTOLAR
Və ya işğalçını silahlandıran Rusiya beynəlxalq hüquqa və ədalətə qarşı
1988-ci ildən Dağlıq Qarabağda baş qaldıran və erməni separatizmi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə nəticələndi. Bu müddət ərzində ermənilər əvvəlcə sovet Rusiyasından, ardınca da Rusiya Federasiyasından açıq dəstək alıblar. Bu dəstək siyasi, ideoloji, mənəvi, eyni zamanda hərbi xarakterli olub. Rusiyaya məxsus hərbi texnika, rus hərbçiləri birinci Qarabağ savaşında ermənilər tərəfdən Azərbaycana qarşı istifadə edilib. Bu, danılmaz faktdır. "Youtube”da Kəlbəcərin, Laçının işğalında rus hərbçilərinin ağır texnikalarla rayonlarımıza soxulmasını, ərazini zəbt edəndən sonra ermənilərə təhvil verməsini əks etdirən çoxsaylı videogörüntülər var. Həmin videokadrların birində rus polkovnikinin əməliyyatın gedişi barədə fikirləri də geniş yer alıb. Ən nəhayət, Xocalı soyqırımının törədilməsində Rusiyaya məxsus 366-cı alayın əsgər və zabitlərinin, ağır zirehli texnikasının iştirakına dair təkzibedilməz sübutlar da var ki, bunu rəsmi Moskva heç vaxt inkar edə bilməz. Üstəlik, rus KQB-sinin yetirmələri sayılan Xocalı cəlladları Robert Köçəryan, Serj Sarkisyan uzun illər Ermənistana rəhbərlik ediblər.


Dinc əhaliyə qarşı istifadə edilən raketlər

Rusiya forpost Ermənistana siyasi, iqtisadi və hərbi dəstəyini 1994-cü ildə imzalanan atəşkəs haqqında sazişdən sonra da davam etdirib. Halbuki, Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə məsul olan ATƏT-in Minsk qrupunun üzvü idi və həmsədr dövlət kimi neytrallığını qoruyub saxlamalı, münaqişə tərəfləri arasında yenidən savaşın başlamamağı, hər iki tərəfdən itkilərin olmamağı üçün əlindən gələni etməli idi. Lakin imperialist maraqların girovuna çevrilən Rusiya barışdırıcı deyil, qızışdırıcı və təhrikedici siyasəti ilə diqqət çəkdi. Ermənistanı silahlandırmağa davam etməklə işğalçı ölkəyə açıq dəstək verdi. İndiyə qədər ötən vaxt ərzində Rusiya Ermənistana həm öz qiymətinə silah-sursat satıb, həm də böyük həcmdə silah və hərbi texnikanı işğalçı ölkəyə təmənnasız ötürüb. Bu barədə mediada yer alan məlumatlara görə, 1995-1996-cı illərdə Rusiya Ermənistana, tərkibində "Skad” operativ-taktiki raketləri də daxil olmaqla 1 milyard dollar dəyərində silah və texnika ötürülməsini reallaşdırıb. General-mayor Lev Roxlinin 1997-ci il aprelin 2-də Dövlət Dumasının qapalı iclasında Rusiyanın Ermənistanı silahlandırmasına dair ifşa xarakterli çıxışı, bundan sonra həyata keçirilmiş araşdırma, istintaq və sair məsələlərlə bağlı internetdə kifayət qədər material var. Ermənistan İkinci Qarabağ Müharibəsində məhz bu raketlərdən dinc əhalimizə qarşı geniş istifadə edib. Cəbhə bölgəsindən, müharibə gedən ərazidən uzaqda olan Gəncə, Bərdə, Goranboy, Naftalan şəhərləri hədəfə alınıb, onlarla dinc sakin həyatını itirib.


Rusiya hərbi bazalarından Ermənistana daşınan silahlar

İnternet üzərindən apardığımız araşdırma bir daha sübut edir ki, Rusiyanın Ermənistanı müxtəlif vasitələrlə silahlandırması sistemli xarakter alıb. 2006-2007-ci illərdə Rusiyanın Gürcüstandakı Axalkalaki və Batumi hərbi bazalarından Ermənistana daşınan əmlakın önəmli qismi 102-ci bazaya deyil, bilavasitə Ermənistan ordusuna verilib. Ermənistan silahlı qüvvələrinə təmənnasız şəkildə verilmiş bu əmlakın dəqiq həcmi barədə hər hansı informasiya mövcud deyil. Rusiyanın yalnız 2005-2006-cı illərdə Gürcüstandakı bazasının inventarından çıxardığı 16 ədəd 2S3 "Akasiya” özüyeriyən artilleriya sistemini Ermənistana bağışlamasına dair məlumat da öz təsdiqini tapıb. Dünya Silah Ticarətinin Analizi Mərkəzinin (SAMTO) hesabatına görə, Ermənistan Rusiyadan 2013-cü ildə 50 ədəd tank əleyhinə raket kompleksi (qiyməti $5 milyon – böyük ehtimalla "Faqot” və "Kornet”), 35 ədəd ədəd T-72 tankı ($50 milyon), 110 ədəd BTR-80/82A ($30 milyon) "alıb”. Rusiya müəssisələrində Ermənistan ordusuna məxsus 50 ədəd BMP-2 piyada döyüş maşını modernizə edilib. Müxtəlif mənbələrdən mediaya sızan məlumatlara görə, təmənnasız olaraq, Rusiya 2012-ci ilin avqust ayında 102-ci bazanın anbarından Ermənistan ordusuna açıqlanmayan sayda BMP-2 və BMP-3 piyada döyüş maşınları, BTR-80 bazasında R-149 komanda-qərargah maşını, BTR-70 və BTR-80, 152 mm çaplı 2A65 "Msta-B”, 152 mm çaplı 2A36 "Giatsin-B”, 2S3M "Akasiya”, həmçinin 122, 240, 300 mm reaktiv mərmilər, 100, 122 və 152 mm çaplı artilleriya döyüş sursatları, tanklar üçün 125 mm çaplı mərmilər, bir divizion "Kub” zenit-raket kompleksi, S-300 ZRK-lər üçün 5B55K, 5B55R və 5B55U tipli idarə olunan raketlər, aviasiya üçün idarə olunmayan S-8 və S5 raketləri, idarə olunan X-25ML və R-60M raketləri bağışlayıb.


100 milyonluq "kredit”

Sonrakı illərdə də bu proses davam etdirilib. Moskva və Yerevan arasında 2015-ci ilin iyun ayının 26-da imzalanmış, Ermənistana dövlət ixrac kreditinin təqdim edilməsinə dair razılaşmaya görə, Kreml rəhbərliyi Ermənistana Rusiyada istehsal edilən silahların və hərbi texnikanın alınması üçün 200 milyon dollar məbləğində "kredit” təqdim edib. Ermənistan Rusiya ilə bu "kredit sazişi” çərçivəsində 18 müqavilə bağlayıb. 2016-cı ildə tərəflər arasında imzalanmış kredit sazişinə əsasən Rusiya Ermənistanı müxtəlif silahlar və 14 çeşiddə hərbi texnika ilə təmin edib. Kredit vəsaiti hesabına Rusiya Ermənistana 9K58 "Smerç” reaktiv yaylım atəş sistemləri və onlar üçün 300 mm çaplı 9M531 kumulyativ-qəlpəli elementli döyüş sursatı, T-72 tankının şassisi üzərində TOS-1A ("Solntsepyok”) ağır odsaçan sistemi, idarə olunmayan termobarik raketlər, idarə olunan 9M113M raketləri, V-429E markalı partladıcılar, 9P522 "İqla-S” daşınan ZRK buraxıcı qurğusu və 9M342 "İqla” zenit raketi, 1L222M "Avtobaza” radiotexniki kəşfiyyat sistemi, zirehli texnika üçün V-84 və UTD-20 mühərrikləri, tanklar üçün 1A-40-1 nişangah kompleksini satıb. 2017-ci ildə Rusiya Ermənistana müasir silah və hərbi texnikaların alınması üçün daha 100 milyon ABŞ dolları dövlət ixrac krediti verib. Bu yolla forpost Ermənistana əlavə silahlar bağışlanıb.


Beynəlxalq hüquqa və ədalətə qarşı

Ən maraqlı və diqqətçəkən məqamlardan biri Rusiyanın Ermənistanı "İsgəndər” raketləri ilə təmin etməsidir. Hansı ki, bu raketlər həmin vaxta qədər Rusiyadan heç bir ölkəyə ixrac olunmayıb. Ümumiyyətlə, bu raketlər yalnız Rusiya ordusunun silahlanması üçün nəzərdə tutulub. Lakin 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin sarsıdıcı zərbəsi ilə geri oturdulan, "Ohanyan xətti” kimi təqdim edilən gücləndirilmiş müdafiə xətti cəmi bir neçə saata darmadağın edilən düşmən, canlı qüvvə və hərbi texnika sarıdan xeyli itkilərə məruz qalıb. Bu hadisə Ermənistan daxilində böyük sarsıntı yaşadıb. Dərhal kömək üçün öz havadarlarının ətəyindən yapışan ermənilər növbəti silah hədiyyəsini qəbul ediblər. Ermənistan həmin il sentyabrın 21-də keçirdiyi hərbi paradda Rusiyadan aldığı bəzi yeni silahları, o cümlədən barəsində çoxdandır söz-söhbətlər gedən "İsgəndər-M” operativ-taktiki raketlərini nümayiş etdirib. İrəvan küçələrindən üzəri maskalanmış azı 3 belə raket kompleksi keçib. Rusiyanın silah ixracı ilə məşğul olan "Rosoboroneksport” dövlət korporasiyasının iki meneceri o zaman anonimlik şərti ilə xarici mediaya təsdiq edib ki, Ermənistana bir divizion "İsgəndər-M” raket kompleksləri verilib. Bir divizionda dörd "İsgəndər-M” raket kompleksi var və kompleksin hərəsi iki raket daşıyır. Hər iki mənbə iddia edib ki, raketlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində silah təchizatı razılaşması əsasında verilib. Təəssüf ki, rəsmi Moskva o zaman bu məsələlərə aydınlıq gətirə bilmədi. Rəsmi şəxslər danışmasa da, ayrı-ayrı adamların dili ilə bu raketlərin guya Ermənistandakı Rusiya hərbi bazasına məxsusluğu, heç bir halda Ermənistanın istifadəsinə verilməyəcəyi barədə fikirlər səsləndirildi. Əslində isə Kreml rəhbərliyi susmaqla ədalətin, beynəlxalq hüququn deyil, işğalçının, ədalətsizliyin yanında olduğunu növbəti dəfə nümayiş etdirdi.


Dərin narahatlıq və ciddi suallar doğuran faktlar

Rusiyanın Ermənistanı açıq-aşkar silahlandırması faktını biz 2020-ci ilin iyul hadisələrində də gördük. Xatırladaq ki, iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində işğalçı ölkə növbəti dəfə təxribat törədib, sərhədi keçərək oradakı mövqelərimizə soxulmağa çalışıb. İşğalçı dövlət bu hərbi hücumla üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək istəyib. Onların bu təxribatının qarşısı alınan zaman Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub. Ağır itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur olub. Geri çəkilərkən isə yaşayış məntəqələrimizi hədəfə alıb. Azərbaycan Silahlı Qüvvələri ilə açıq savaşda növbəti dəfə məğlub olan Ermənistan ordusunun harayına yenidən Rusiya çatıb. İyul ayının 17-dən avqust ayının əvvəllərinə qədər olan müddətdə Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınması intensiv xarakter alıb və ümumilikdə 400 min tondan çox yük daşınıb. Ötən il avqustun 12-də Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng edərək bu hadisənin Azərbaycan ictimaiyyətində dərin narahatlıq və ciddi suallar doğurduğunu şəxsən Rusiya Prezidentinin diqqətinə çatdırıb. Əfsus ki, ilana zəhər verən kərtənkələ - rəsmi Moskva o zaman da susub.


Fakt qarşısında aciz qalan "şimal ayısı”

Rusiyanın bütün bu davranışları fonunda Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Ordumuz ötən il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən Müharibəsində düşmənin belini qırıb, yüzlərlə hərbi texnikasını, minlərlə canlı qüvvəsini məhv edib, torpaqlarımızı işğalçılardan təmizləyib. Bununla da 30 illik Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, ərazi bütövlüyümüz təmin olunub. Azad olunmuş ərazilərin minalardan, partlamış və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı ortaya çıxan faktlar isə bizə bəlli olan bəzi gerçəklikləri yenidən gündəmə gətirib. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bəyan edib ki, Ermənistan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı "İsgəndər” raketlərindən istifadə edib. Belə ki, 2021-ci il martın 15-də bu qurumun əməkdaşları tərəfindən aparılmış təmizləmə əməliyyatı zamanı Şuşa şəhərində iki partlamış raketin qalıqları aşkar edilib. Raketin identifikasiya nömrəsi (9M723) yoxlanılan zamanı qalıqların "İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksinə aid olduğu üzə çıxıb. Bir qədər əvvəldə vurğuladığımız kimi, raketin bu modifikasiyası ixrac edilmək üçün nəzərdə tutulmayıb və yalnız Rusiya ordusunun təchizatında istifadə olunub. Şuşada məhz "İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksin raketinin qalıqlarının aşkar edilməsi sübut edib ki, Rusiyadan bu silah Ermənistana hansısa yollasa çatdırılıb. Bu xəbər həm Azərbaycan, həm də xarici KİV tərəfindən geniş işıqlandırılıb. Lakin indiyə qədər Rusiya tərəfinin yenə də dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib. Rusiyanın Xarici İşlər, Müdafiə nazirliklərinin, həmçinin digər əlaqədar strukturların şəxsində Şuşa şəhərinə "İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq gətirilməyib.

Rufik İSMAYILOV


banner

Oxşar Xəbərlər