Güzəşt bitdi, keyfiyyət yüksələcək? - ARAŞDIRMA
İcbari
tibbi sığorta haqqının ödənilməsində tətbiq olunan birillik güzəşt limiti başa
çatdı. Artım hesabına xəstəxanaların modernizasiyası, zərfə yeni xidmətlərin əlavə
olunması, keyfiyyətin yüksəldilməsi, xəstə məmnuniyyətinin təmin edilməsi nəzərdə
tutulub.
Ölkəmizdə
1 yanvar 2021-ci il tarixindən "Tibbi sığorta haqqında” Qanuna əsasən, icbari tibbi
sığorta haqları toplanılır. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən
və işçilərdən aylıq əməkhaqqının 8000 manata qədər olan hissəsindən ödənilən
sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq
edilmişdi. Belə ki, 2021-ci il ərzində əməkhaqqının 8000 manata qədər olan hissəsindən
bir, yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı
tutulurdu. Həmin müddət artıq bitib. 2022-ci ildən etibarən isə qeyri-dövlət və
qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərə tətbiq olunmuş güzəşt müddəti
bitdiyindən, aylıq əməkhaqqının 8000 manata qədər olan hissəsindən iki faiz
miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Yəni icbari sığorta üçün
etdiyimiz aylıq ödənişlərin məbləği artıb. Bəs aldığımız xidmətin keyfiyyəti
necə, artacaqmı?
Xidmətlər
zərfi
İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə əlaqələr
departamentindən bildirildi ki, İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil
olan tibbi xidmətlərin siyahısına 2021-ci ildə 2550 sayda tibbi xidmət daxil
idi: "Sığortaolunan tibbi göstərişi olan hallarda xidmətlər zərfindəki xidmətlərdən
ödənişsiz istifadə edə bilər. 2021-ci ilin yanvar-noyabr ayları ərzində ölkə
üzrə 3 781 748 şəxs tibb müəssisələrinə müraciət edib. 9 266 053 müraciət üzrə
20 489 085 tibbi xidmət göstərilib”.
Xidmətlərin
artırılmasının məqsədi
Agentliyin
məlumatına görə, xidmətlər zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin
sayı və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti quruma təqdim
olunub. Dəyişikliyə əsasən, 2800-dən çox tibbi xidmətin İcbari Tibbi Sığorta çərçivəsində
göstərilməsi nəzərdə tutulur: "Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin
etmək və xidmətlərin əlçatanlığını artırmaqdır. Xidmətlər zərfinə əlavə edilməsi
nəzərdə tutulan əməliyyatlar sırasına oftalmoloji, travmatoloji əməliyyatlar,
ürək-damar cərrahiyyəsinə əlavə olunan tibbi xidmətlər daxildir”.
İlk
vaxtlardakı güzəştlər
Deputat
Müşfiq Məmmədli deyir ki, icbari tibbi sığorta tətbiq edildiyi vaxt bir sıra çətinliklər
olduğu üçün əhaliyə güzəşt edilmişdi: "İlk vaxtlar qanunvericiliyə icbari tibbi
sığorta haqqının bir faiz olması haqqında müddəa əlavə olunmuşdu. Həm pandemiya
dövrü, həm də ilkin tətbiq zamanı bəzi problemlərin olması nəzərə alınırdı. Ona
görə də, bir il müddətinə iki faizli tutulmalar təxirə salınmışdı. Yanvarın 1-dən
bu prosesin qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi həyata keçiriləcək”.
M.Məmmədli
bildirir ki, əməkhaqqından tutulmalar İcbari Tibbi Sığorta sisteminin və
fondunun formalaşması üçün tutulur: "Fəaliyyət göstərən şəxsdən, həmçinin özəl
və ya dövlət sektorunda həmin şəxslə müqavilə bağlamış hüquqi şəxslərdən iki
faiz həcmində icbari tibbi sığorta haqqı tutulur. Bu tutulmalar xidmət haqqı şəklində
yox, İcbari Tibbi Sığorta sisteminin formalaşması üçün nəzərdə tutulub. Bunun nəticəsində
İcbari Tibbi Sığorta fondu formalaşdırılır”.
Artım
hesabına yüksələn keyfiyyət
M.Məmmədlinin
sözlərinə görə, icbari tibbi sığorta ilə bağlı formalaşan büdcə hesabına müəyyən
işlərin görülməsi nəzərdə tutulub: "Büdcə haqqında qanun qəbul olunduqda nəzərdə
tutulmuşdu ki, növbəti ildən icbari tibbi sığorta büdcəsi 1 milyard 700 milyon
manat həcmində olacaq. Bu vəsaitin formalaşması həm səhiyyəyə ayırmalar, həm
fonda yığılmalar və digər vəsaitlər hesabına nəzərdə tutulmuşdu. Bu artım
hesabına xəstəxanaların modernizasiyası, gələcəkdə zərfə yeni xidmətlərin əlavə
olunması, xidmət keyfiyyətinin yüksəldilməsi, xəstə məmnuniyyətinin təmin edilməsi
nəzərdə tutulub”.
"Vətəndaş
məmnuniyyətini yüksəldəcəyik”
M.Məmmədli
deyir ki, gələcək illərdə bu sistem daha da təkmilləşəcək və insanları məmnun
etməyən bütün səbəblər aradan qaldırılacaq: "Təbii ki, çatışmazlıqlar, əhalini
məmnun etməyən səbəblər də var. Ancaq unutmayaq ki, icbari tibbi sığorta yeni tətbiq
olunmuş prosesdir və 2020-ci ilin aprelindən artıq bütün ölkəni əhatə etməyə
başlayıb. Növbəti ildən həm tibb müəssisələrinin işçilərinin, həm İcbari Tibbi
Sığorta Agentliyinin, digər idarəedici strukturların birgə işləməsi hesabına vətəndaş
məmnuniyyətini mərhələlərlə yüksəldəcəyik”.
Zərif
Salmanlı