• cümə, 29 Mart, 18:41
  • Baku Bakı 14°C

Gürcüstanın müxalif telekanalı təhqirə görə üzr istədi

08.07.19 17:11 888
Gürcüstanın müxalif telekanalı təhqirə görə üzr istədi
Daxili işlər nazirinin istefası tələbi ilə Tbilisidə iki həftədən artıqdır ki, davam edən aksiyaların gedişində gərgin hadisələr yaşanır. Bu dəfə gərginlik "Rustavi-2” müxalifət telekanalı ətrafında yaranıb. Telekanalın aparıcısının Rusiya prezidentiVladimir Putinin ünvanına senzurasız sözlər işlətməsi onun yayımının dayandırılmasına səbəb olub. Telekanalın baş direktoruNika Qvaramiyadeyib ki, telekanalın və əməkdaşlarının təhlükəsizliyi təmin edilməyincə "Rustavi-2” efiri bərpa etməyəcək. İyulun 8-ə keçən gecə isə "Rustavi-2”nin binası qarşısına etirazçılar yığışıb. Özlərini Tbilisi sakinləri adlandıran etirazçılar müharibəni qızışdırmağa yönəlik ifadələri qəbuledilməz adlandırıblar. Onlar telekanal rəhbərinin və jurnalistin işdən çıxarılmasını tələb ediblər. Telekanal rəhbərliyi mitinqdə radikal çağırışların səsləndiyini bildirib.
Qeyd edək ki, iyulun 7-də P.S. müəllif proqramının aparıcısıGeorgi QabuniyaPutinə rusca müraciət edib, senzurasız sözlər işlədib.
Telekanalın baş direktoru Nika Qvaramiya efirdə söyüşün qəbuledilməz olduğunu bəyan edib. Ancaq o, eyni zamanda baş nazirin bəyanatını telekanalın işinə müdaxilə, senzura cəhdi adlandırıb. Yayımını dörd saata yaxın dayandıran kanalın əməkdaşları dünən yenidən efirə çıxıblar. N.Qvaramiyabildirib ki, yayımın dayandırılması barədə qərar təhlükəsizlik baxımından qəbul edilib.
Kanalın yaydığı bəyanatda bildirib ki, Qabuniyanın hərəkəti qəbuledilməzdir, aparıcının fikrini bölüşmürlər. Bəyanatda qeyd olunub ki, aparıcının hərəkəti "Rustavi 2”nin redaksiya siyasəti və kanalın yüksək standartlarına cavab vermir. Yayımçı G.Qabuniya ilə bağlı müvafiq qərarın qəbul olunacağını qeyd edib. Hazırda "Rustavi 2” kanalının ofisi yaxınlığında etiraz aksiyası davam edir. Aksiyada kanalın operatoru Levan Marqvelaşvili etiraz əlaməti olaraq işdən çıxdığını elan edib.
Baş verənlərdən yararlanmağa çalışan Gürcüstan rəsmiləri telekanala qarşı hücuma keçiblər. Gürcüstan prezidentiSalome Zurabişvili"qonşu ölkə başçısının ünvanına təhrikedici və təhqiramiz terminlər işlədilməsini” pisləyib: "Bu, nəyə xidmət edir – yeni müharibəyə təhrikə, yoxsa revanşa, bitməyən çevrilişə? İstənilən halda, bu hərəkətlər ölkəyə qarşı yönəlib”,- prezidentin mətbuat xidmətinin məlumatında deyilir.
Baş nazirMamuka Baxtadzedə tvitində atılan addımı pisləyib: "Rustavi-2-nin efirində gördüyümüz mənfur provokasiya aktı, ölkədə qarışıqlıq yaratmaq cəhdidir. Bu, qətiyyən yolverilməzidir”.
"Gürcüstanın müxalif "Rustavi 2” televiziya kanalında teleaparıcının Rusiya rəhbərliyinin ünvanına qeyri-etik ifadələr işlətməsi onsuz da mürəkkəb olan Gürcüstan-Rusiya münasibətlərinin daha da gərginləşməsinə yönəlib”. Bu barədə Gürcüstan XİN-in yaydığı bəyanatda qeyd olunub. "Biz "Rustavi 2” TV şirkətinin söz azadlığına heç bir aidiyyəti olmayan və sadəcə, Gürcüstan-Rusiya münasibətlərinin daha da mürəkkəbləşməsinə yönəldilmiş təxribat xarakterli ifadələrini qətiyyətlə pisləyirik”. XİN beynəlxalq ictimaiyyəti və media azadlığı məsələlərində çalışan bütün qurumları kanalın fəaliyyətini qiymətləndirməyə çağırıb.
Gürcüstan parlamentinin sədriArçil Talakvadzedə "Rustavi 2” kanalının efirində səsləndirilən ifadələri Gürcüstan dövləti və xalqına qarşı təxribat kimi qiymətləndirib.
Parlamentin birinci vitse-spikeri Tamar Çuqoşvili də telekanal əməkdaşının çıxışını ölkədə vəziyyəti gərginləşdirməyə yönələn təxribat adlandırıb.
Tbilisi meri və "Gürcü arzusu”nun baş katibi Kaxa Kaladze də baş verənləri təxribat adlandırıb. "Saxta vətənpərvərlik adı altında gizlənən bu təxribatı cavabsız qoymaq olmaz”, - deyə Tbilisinin meri bildirib. Əlavə edib ki, "bunun bir adı var - öz ölkənə düşmənçilik. Biz bir dəfə siyasi qüvvələrdən birinin ölkəni necə ağır bir duruma saldığının şahidi olmuşuq. İkinci hala yol vermək olmaz və verməyəcəyik də”.
Baş verənlərə eks-prezident Mixail Saakaşvili də sosial şəbəkə vasitəsilə reaksiya verib. "Həqiqət bizim tərəfimizdədir və bu həqiqəti də sivilizasiyalı formada çatdırmalıyıq”, - deyə bəyan edib.
Jurnalist Etikası Xartiyası da "Rustavi-2”də səslənən təhqirin tək telekenala deyil, bütövlükdə KİV-də etik normalara ciddi zərbə adlandırıb.
Yeri gəlmişkən, Gürcüstanda təyyarə biletini dəyişmək arzusunda olmayan 5 minə yaxın rusiyalı turist qalıb. Prezident Vladimir Putinin Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslərin qadağan olunması barədə fərmanı iyulun 8-dən qüvvəyə minib. Dünəndən hər iki ölkənin aviaşirkətləri qarşılıqlı şəkildə uçuşları dayandırıb. Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, Gürcüstanda olan 54 min rusiyalı turistdən təxminən 5 min nəfəri təyyarə biletini dəyişməyib. Onların tranzit yolla Rusiyaya qayıdacağı ehtimal olunur. Nazirlik, həmçinin aviaşirkətlərin uçuşların qadağan olunmasından çəkəcəyi ziyanın də təxmini məbləğini açıqlayıb. İlkin hesablamalara görə, Rusiya aviaşirkətləri Gürcüstana uçuşların qadağan olunmasından 3 milyard rubl ziyan çəkəcəklər. Təhlilçilərin fikrincə, Gürcüstan bu qadağadan dolayı ilə 250-300 milyon dollar itirə bilər. Çünki Gürcüstan rusiyalıların sevimli istirahət məkanıdır. 2018-ci ildə Gürcüstana 1,6 milyon rusiyalı turist gedib. 2008-ci ilin bir neçə günlük Rusiya-Gürcüstan müharibəsindən sonra rusiyalı tətilçilər demək olar yoxa çıxmışdılar, sonradan onların sayı sürətlə artmağa başladı. Gürcüstan Milli Turizm Agentliyinin məlumatına görə, ötən il hər bir rusiyalı turist Gürcüstanda ortalama 465 dollar xərcləyib. Ümumilikdə isə Gürcüstan iqtisadiyyatına 720 milyon dollardan çox fayda verib. Bu, Gürcüstanın turizm sektorunun illik gəlirinin 10 faizi deməkdir. Gürcüstana uçuşlar həyata keçirən Rusiyanın altı hava şirkəti isə birbaşa uçuşların ləğvindən dolayı biletlərin qaytarılmasından 48 milyon dollar itirə bilər. Qeyd edək ki, iki ölkə arasında uçuşları Rusiyanın 6, Gürcüstanın isə 2 aviaşirkəti həyata keçirirdi.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər