• şənbə, 20 Aprel, 11:19
  • Baku Bakı 14°C

Gürcüstanın müəmmalı gələcəyi

19.02.21 17:30 1148
Gürcüstanın müəmmalı gələcəyi
Ekspertlər iddia edirlər ki, ölkə çox həssas hadisələrin astanasındadır
Qonşumuz, strateji müttəfiqimiz hesab olunan Gürcüstanda siyasi sabitlik yenidən pozulub. Baş nazirGeorgi Qaxariyanın sensasion istefa qərarı tək ölkədə deyil, Gürcüstanda marağı olan dövlətlərin də diqqətinə səbəb olub. Bu da yaxın vaxtlarda Gürcüstanda nəinki hakimiyyət, hakim partiyanın da dəyişmək ehtimalını gücləndirib. Hər halda, eks-prezident Mixail Saakaşvili və onun "Vahid Milli Hərəkat” Partiyası buna ümidlidir. Onlar 2012-ci ildən yenidən hakimiyyətə dönməyə bu qədər yaxın olmayıblar. Qaxariya istefa qərarı ilə onlarda belə bir ümid yaradıb. Hələ oktyabrda parlament seçkisindən sonra ölkədə mümkün siyasi böhranın işartıları görünürdü. MilyarderBidzina İvanişvilinin təsis etdiyi siyasi partiya hakimiyyətini gücləndirdi. Müxalifət qrupları isə etiraz olaraq, hətta parlamentdəki yerlərini tutmaqdan belə imtina etdilər.

Siyasi qütbləşmə güclənə bilərmi?

Beləliklə, Georgi Qaxariyamüxalifətin "Vahid Milli Hərəkatı” Partiyasının sədriNika Melianın həbs olunması ilə bağlı məhkəmə qərarından sonra istefa verdi. Melia 2019-cu ilin yayında parlamentin qarşısında zorakı etirazların təşkilində suçlanır. Gürcüstanda səfərdə olan rusiyalı deputatın parlamentdə spikerin yerində əyləşməsi qəzəb doğurmuş, etirazlara səbəb olmuşdu. Sonradan hakim "Gürcü Arzusu” Partiyası müxalifətlə danışıqlar nəticəsində seçki sistemində islahatları razılaşdırdı. Oktyabrın 31-də yeni sistemlə keçirilən seçkilər nəticəsində yenə də "Gürcü Arzusu” 150 yerlik parlamentdə çoxluğu qazandı. Qaxariya istefasını açıqlayanda ölkədə siyasi qütbləşmə təhlükəsini vurğulayıb. "Gürcü Arzusu”ndan deputatNikoloz Samxaradzedeyib ki, Qaxariya istefa verməyib, həm də "Gürcü Arzusu”nu tərk edib. İstefadan sonra Daxili İşlər Nazirliyi Melianın həbsini təxirə saldığını bəyan etdi.
Ölkə demokratiya reytinqində geriləyib
Bir faktı da qeyd edək ki, Mixail Saakaşvili 2003-cü ildə xalq etirazı nəticəsində hakimiyyətə gələndən indiyədək Gürcüstan hələ də tam demokratik ölkə kimi oturuşa bilməyib. "Freedom House” təşkilatı bu yaxınlardabildirib ki,Gürcüstan son illər demokratiya reytinqində geriləyib və hazırda "keçid, yaxud hibrid rejim” kateqoriyasına düşüb. Sabitsizlik, Qərb tərəfdarlarının ölkəni Avropa İttifaqı və NATO-ya doğru aparması cəhdlərinə zərbə vurub. Amma yenə də Qərbdə bəziləri Gürcüstanı Rusiyanın orbitindən çıxmağa namizəd ölkə kimi görürlər. "Regionun başqa heç bir yerində bu qədər adam Rusiya prezidenti Vladimir Putinin nifrət etdiyi Qərb idarəçiliyini, qayda-qanunu, liberal düzəni arzulamır”,– müxalifətdən deputatSalome Samadaşvili2019-cu ildəyazırdı. İqtisad faktorlar da var: Gürcüstan bir sıra əsas ticarət yollarının üstündə yerləşir. Siyasi sabitsizlik isə kənardan bu ölkəyə investisiya həvəsini azaldıb. Gürcüstanlıların çoxu Putinin Kremlinə hiddətləyanaşırlar. 2018-ci ildə keçirilmişsorğuya görə, gürcüstanlıların 85 faizi Rusiyanı "siyasi təhdid” hesab edir. Hazırda ölkə ərazisinin beşdə biri Rusiyanın və onun dəstəklədiyi separatçı qrupların nəzarəti altındadır. Di gəl, Gürcüstan, şərabın, mineral suların, kənd təsərrüfatı məhsullarının ixracında Rusiyadan asılıdır. Moskva bəzən keyfiyyəti əsas gətirərək ixraca qadağa qoyur. İvanişvilinin Rusiyaya bağlılığı da gürcüstanlıları düşündürən suallardandır. Müxalifət mütəmadi deyir ki, onun biznes imperiyasının Rusiyaya bağlı kökləri bu adamı oradakı sənaye və kəşfiyyat maraqlarından asılı edir. Qaxariya özü də İvanişvili tərəfindən siyasətə cəlb olunanacan Moskvada biznesmen idi. İvanişvili isə Rusiyadan hansısa göstərişə qulluq etmədiyini deyir.

Ölkəni nə gözləyir?
Yeri gəlmişkən, müdafiə naziri İrakli Qaribaşvilinin baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb. Müvafiq qərar hakim "Gürcü Arzusu”nun iclasından sonra qəbul edilib. Xatırladaq ki, İ. Qaribaşvili 20 noyabr 2013-cü ildən 23 dekabr 2015-ci ilədək Gürcüstanın baş naziri olub. "Çox tezliklə qayda-qanunu bərpa edəcəyik, ölkədə konstitusion çərçivədə zəruri olanları həyata keçirəcəyik” - deyə baş nazirliyə namizəd bildirib. "İkinci dəfə ölkədə baş nazir olmaq böyük məsuliyyət, böyük şərəfdir. Bizim ölkə çoxsaylı problemlərlə üz-üzədir - pandemiya, işsizlik, iqtisadi çətinliklər, onların sürətli həlli gərəkdir”, - deyə əlavə edib. Gürcü ekspertləri bildirir ki, Bidzina İvanişvilinin ikinci dəfə peyda olma ənənəsi var. Əvvəl bunu özündə sınaqdan keçirdi, indi də Qaribaşvilidə həyata keçirir. Lakin bununla heç nə dəyişməyəcək. Müxalifət nümayəndələri isə Qaribaşvilinin altı ildən sonra yenidən baş nazirliyə dönməsinin qəbuledilməz olduğunu bildirirlər. "Biz onun baş nazirliyi dövrünü yaxşı xatırlayırıq, nə etdi o? Heç nə. Onlar yeni baş nazir haqqında yox, ölkəni birdəfəlik və həmişəlik dəyişmək üçün növbədənkənar seçkilər haqqında, inkişaf yoluna qayıtmaq haqqında düşünməlidirlər”, - deyə gürcü müxalifətçilərindən biri bildirib.
39 yaşlı Qaribaşvilinin Paris təhsili alması gürcüstanlılar, beynəlxalq ictimaiyyət üçün hansısa dərəcədə təminat kimi səslənə bilər. Amma Aİ-nin Gürcüstandakı səfiriKarl Hartzelxəbərdarlıq edib ki, Meliaya qarşı cinayət təqibi"Gürcüstan və demokratiyası üçün təhlükəli trayektoriyadır”. Vaşinqton da diplomatik suları durultmağa çalışıb, amma onu da qeyd edib ki, Gürcüstanın on illərlə davam edən problemlərinə sürətli çarə görünmür. "Meliaya qarşı hökmdən sonra yaranmış mövcud təhlükəli vəziyyət seçki sistemi və ədliyyə sistemində on illərlə davam edən problemlərdən qaynaqlanır. Vacib məsələlərin həlli dinc danışıqlardan keçir. Tərəfləri sakitliyə və zorakılıqdan çəkinməyə çağırırıq”,– ABŞ-ın Tbilisidəki səfirliyinin bəyanatında deyilir.
Saakaşvili müxalifətə "birləşin” deyir
Prosesləri ciddi şəkildə izləyən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin bəyanatlarının ardı-arası kəsilmir. O, Gürcüstan müxalifətinə müraciət edərək, müxalif qüvvələri birləşməyə çağırıb. Sabiq dövlət başçısı Qaxariyanın istefasını müxalifətin böyük qələbəsi adlandırıb. Gürcü xalqının iradəsinin yerinə yetirilməsi və növbədənkənar parlament seçkilərinin təyin olunması üçün müxalifət partiyalarını daha böyük konsolidasiyaya dəvət edib. Keçmiş dövlət başçısı qeyd edib ki, bu prosesə Gürcüstandakı diplomatik korpusun cəlb olunması vacibdir. "Dayanmaq vaxtı deyil, biz işimizi sona çatdıraq” - deyən Saakaşvilinin sözlərinə görə, Qaxariya İvanişvilinin qanlı güc nümayişində məsuliyyəti üzərinə götürməmək üçün istefaya gedib: "Bu, həqiqətən müxalifətin birliyinin, Nika Meliyanın və gürcü xalqının böyük qələbəsidir”. O, Gürcüstanda artıq məhkəmənin mövcud olmadığını bildirib: "Bidzina İvanişvili bütün dövlət institutlarını dağıdıb. İvanişvili bizim ölkəni, hər insanın vicdanını yox edib. Gürcüstanda məhkəmə korpusu mövcud deyil. Bu, böyük qohum klanıdır. Bizim Nika ilə fəaliyyət planımız qanunun və ədalətin keşiyində olmaqdır”.
"Gürcü Arzusu” parçalana bilərmi?
Gürcüstan parlamentinin sədri Arçil Talakvadze özünün "Twitter” hesabında bildirib ki, parlament yaxın günlərdə hökumətin yeni tərkibini təsdiqləyəcək. O qeyd edib ki, hakim partiya vətəndaşların mənfəəti naminə hökumət siyasətinin davamlılığını təmin edəcək. Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə əsasən, hakim partiya hökumətin istefasından sonrakı 9 gün ərzində parlamentdən yeni baş nazir namizədinə, 2 həftə ərzində isə hökumətin tərkibinə etimad səsi almalıdır. Dərhal da, hakim partiyada parçalanma yaşanacağı barədə xəbərlər dolaşmağa başlayıb. Parlamentin sədri Arçil Talakvadze bildirib ki, ölkədə vəziyyətin nəzarətdən çıxmasına iman verməyəcəklər: "Tam əmin etmək istəyirəm - siyasi komanda tamdır. Dövlət orqanları öz funksiyasını yerinə yetirir. Sözsüz ki, heç bir problemə, vəziyyətin gərginləməsinə yol vermərik. Parlament bunun təminatıdır”.
Gürcüstanı nə gözləyir?
Yeri gəlmişkən, Rusiya mediası iddia edir ki, boz kardinal Bidzina İvanişvili rejimi indiki durumda tələyə düşmüş durumdadır. Əsas iddia da budur ki, siyasi böhran ölkə ilə bağlı iki əfsanəni dağıtmış oldu – daxili siyasətdə xüsusi humanizm və Moskva ilə münasibətlərin normallaşmasında ciddi uğurların əldə olunmasını. Bu da gələcəkdə hakimiyyətdə qalmağı çox çətin edir. Gürcü ekspert Arçil Sixarulidzenin bununla bağlı fikirləri maraq doğurur. Onun qənaətincə, Qarabağ müharibəsi, daha dəqiq desək, onun nəticələri Tbilisini qəfil yaxalamış oldu. "Bir an hiss etdilər ki, Gürcüstan Cənubi Qafqazın şahmat lövhəsində az hiss olunur və regionun gələcəyi onun iştirakı olmadan həll olunacaq. Bəlli olur ki, tezliklə Çinin ən mühüm kommunikasiya layihələrindən biri olan "Bir dəhliz-bir yol” Gürcüstan ərazisindən deyil, Ermənistan və işğaldan azad edilən Qarabağ ərazisindən keçəcək. Rəsmi Bakı Yerevan-Moskva dəmir yolu xəttinin Azərbaycan ərazisindən keçib getməsinin mümkünlüyünü də ifadə edib. Lakin Tbilisini ən çox özündən çıxaran Rusiya XİN rəhbəri Sergey Lavrovun ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında Gürcüstanın problemlərinin dilə gətirilməməsi olub”, - deyə bildirib. Tbilisidə hesab edirdilər ki, Bayden administrasiyası dövründə, xüsusilə Rusiya istiqamətində problemlərini beynəlxalq arenada genişləndirmək imkanları əldə edəcəklər. Nikanor Meliya ətrafında yaşananlarla bağlı ekspert maraqlı fikir səsləndirir. Bir çoxları baş naziri rusiyapərəst siyasətçi kimi qələmə verir və onun uzaqlaşdırılmasını da məhz bununla izah edirlər. Lakin istefası ərəfəsində ABŞ Nümayəndələr Palatasına "Gürcüstana dəstək aktı”nı müdafiə etdiyinə görə təşəkkür edib. "Carnegie Moscow Center”in ekspertləri hesab edir ki, İvanişvili hakimiyyəti tələyə düşüb və bunu neçə ildir ki, özü-özünə hazırlayıb. Gürcü analitiki Petre Mamradzenin ifadə etdiyi kimi, Gürcüstanı çox maraqlı hadisələr gözləyir. Heç buna şübhə də etmirik.

Azər NURİYEV


banner

Oxşar Xəbərlər