Gürcüstanın dövlət və hökumət rəsmiləri Laqodexidə azərbaycanlılarla görüşüblər

Gürcüstanın dövlət və hökumət rəsmiləri Laqodexidə azərbaycanlılarla görüşüblər

Cəmiyyət
20 Oktyabr 2019, 12:36 125
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət nazirinin müavini Lia Qiqauri və hökumət nümayəndələri oktyabrın 19-da Lagodexi bələdiyyəsinin azərbaycanlılar yaşayan kəndlərində olub, əhalinin problemləri ilə maraqlanıblar.
 
AZƏRTAC xəbər verir ki, nazir müavini Laqodexinin Qabal, Uzuntala və Qaracalar kəndlərində olub. Görüşlərdə sakinləri narahat edən məsələlər barədə danışılıb. Tədbirdə iştirak edən qanunverici orqanın, mərkəzi və yerli hökumətin nümayəndələri sakinlərə hazırlanan və həyata keçirilən sosial layihələr barədə məlumat verib, onların suallarını cavablandırıblar.
 
Kəndlərdə uşaq bağçası və məktəblər, idman kompleksləri, mədəniyyət evləri ilə bağlı problemlərin həlli ilə bağlı yeni layihələrin hazırlandığı bildirilib.
Görüşlərdə Kaxeti bölgəsindəki dövlət nümayəndəsi İrakli Kadagişvili, dövlət nazirliyinin müşaviri Ayaz Məmmədov, yerli özünüidarəetmə orqanlarının nümayəndələri də iştirak ediblər.