• cümə, 19 Aprel, 20:50
  • Baku Bakı 24°C

Gürcüstandan şərab idxalı niyə artır?

24.06.20 19:32 2544
Gürcüstandan şərab idxalı niyə artır?
Ekspertlər deyir ki, yerli üzüm sortlarından hazırlanan şəraba maraq artırılmalıdır

Azərbaycan bu il Gürcüstandan 41 ton şərab alıb. Bu ilin yanvar-may ayları ərzində Gürcüstanın Azərbaycana şərab ixracı illik müqayisədə 14,1 ton və ya 52,4% artıb. Bu barədəAPA-ya Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) bildirilib. Hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun dəyəri isə illik müqayisədə 65,8%və ya 65,6 min ABŞ dolları artaraq 165,2 min dollara çatıb. Qeyd edək ki, ötən ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycana 99,6 min dollar dəyərində 26,9 ton şərab ixrac edib.
Şərabçılıq Azərbaycanda inkişaf etmiş və qədim tarixi olan sahələrdən biridir. Bəs görəsən özümüzdə ola-ola, niyə qonşu ölkədən məhsul idxal edirik? Bunun səbəbi keyfiyyət, yoxsa qiymət problemidir? Bu sahədə hansı işlərin görülməsinə ehtiyac var?

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiriMövlud Hüseynovqeyd etdi ki, yanvar-may ayları ərzində Azərbaycanın Gürcüstandan idxal etdiyi şərab həcmi elə də böyük rəqəm deyil: "Gürcüstanın ümumi şərab ixracına nəzər salsaq görərik ki, ümumi göstəricidə Azərbaycanın payı 0,1 faizdir. Qiymət məsələsinə gəldikdə isə, bizim şərabımızın qiyməti gürcü şərabları ilə təqribən eynidir. Hətta daxili bazarda milli brendlərimizin qiyməti gürcü şərabları ilə müqayisədə daha ucuzdur. Keyfiyyət baxımından da biz gürcülərdən heç də geri qalmırıq. Azərbaycan qədim şərabçılıq ənənələri olan ölkələrdən biridir. Amma təəssüf ki, bu sahədə müəyyən problemlər hələ də qalmaqdadır. Belə ki, Azərbaycanda üzümçülük və şərabçılıq sahəsində bir sıra işlərin görülməsinə ehtiyac var. Biz də dünya bazarına öz milli brendlərimizlə çıxmalıyıq. Azərbaycanın öz daxili bazarında yerli məhsullar daha çox təklif edilməlidir. Qeyd edim ki, bunun üçün ilk növbədə şərab istehsalında əsasən yerli üzüm sortlarından salınan bağlardan əldə olunan məhsullardan istifadə olunmalıdır. Bizdə üzüm bağlarının böyük bir hissəsində xaricdən gətirilən sortlar əkilir. Amma özümüzün qədim və qiymətli üzüm sortlarımız var. Ona görə də yerli üzüm sortlarının istehsalına diqqət edilməlidir. Bu sahəyə dövlət xüsusi diqqət ayırmalıdır. Məsələn, müqayisə üçün deyə bilərəm ki, haqqında danışdığımız qonşu Gürcüstanda yerli texniki üzüm sortlarından salınan bağlara dövlət tərəfindən daha çox subsidiya ayrılır. Yaxşı olar ki, bu məsələlərə bizdə də diqqət edilsin. Yerli üzüm sortlarından hazırlanan şəraba maraq artırılmalıdır”.
Ekspert bildirdi ki, 2019-cu ildə ölkəmizdə ümumi üzüm istehsalı 201,8 min ton təşkil edib: "2018-ci ildə isə bu rəqəm 167,6 min ton olub. Yerli brendlərimiz əsasən Rusiyaya, Çinə ixrac edilib. Əslində bu çox aşağı bir göstəricidir. Çünki ölkəmizin potensialı kifayət qədər böyükdür. İqlim və torpaq şəraiti bu göstəricini bir neçə dəfə artırmağa imkan verir. Bizim Gürcüstandan daha çox şərab ixrac edə biləcək potensialımız var. Bunun üçün isə ölkəmizdə şərabçılıq sahəsində olan milli normativlərin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı işlər həyata keçirilməlidir. Bu çox vacib məsələdir. Şərab və onun keyfiyyəti beynəlxalq standartlara uyğun olmalıdır. Bu halda məhsullarımız Avropa bazarında rəqabətqabiliyyətli məhsula çevriləcək”.
İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, bütün bunlar daxili bazarın xüsusiyyətləri ilə bağlı olan bir məsələdir: "Azərbaycanın hazırda ixrac etdiyi qeyri-neft məhsulları içərisində şərab məhsulları özünəməxsus yer tutur. Milli brendlərimiz xarici bazarlarda kifayət qədər rəqabətqabiliyyətli məhsul kimi tanınır. Xüsusən Avropa bazarlarında, Yaxın Şərq bazarında Azərbaycan şərabı öz keyfiyyətinə görə seçilir. Bu sahədə mövcud imkanlar da genişləndirilməkdədir. Azərbaycanın ixrac imkanları getdikcə genişlənir. Gürcüstandan ölkəmizə şərab idxalı məsələsinə gəlincə isə, bu tamamilə təbii haldır. Daxili bazarın tələbələrindən və bir sıra iqtisadi tələblərdən irəli gələn məsələdir. Alıcı marağını burada xüsusi qeyd etmək istərdim. Ona görə də Gürcüstana məxsus şərab məhsullarının ölkəmizə idxalı heç də Azərbaycan məhsullarının rəqabətqabiliyyətli olmadığı demək deyil. Şərabçılıq Azərbaycanda qədim tarixi ənənələri olan bir sahədir. Bu sahənin inkişafına hal-hazırda dövlət böyük dəstək göstərir. Üzümçülük sahəsinin inkişafı ilə bağlı qəbul edilən ayrıca dövlət proqramı var. Sözügedən sahəyə investisiya qoyuluşunun həcmini artırmaq, bu sahədə sahibkarlıq fəaliyyətini daha da genişləndirmək üçün şərait yaradılmalıdır. Müvafiq mexanizm əsasında həyata keçirilən tədbirlər planı bu sahənin inkişafına daha da təkan verəcək. Təəssüf ki, bu sahədə bəzi neqativ hallar da mövcuddur. Bu da istehsal olunan məhsulların uçotu ilə bağlıdır. Dövlət başçısı da bu məsələləri ayrı-ayrı müşavirələrdə bir neçə dəfə qeyd edib. Şərabçılıq əslində ən gəlirli sahələrdən biridir. Ölkəyə xarici valyutanın cəlbi baxımından şərabçılıq əvəzsiz rol oynayır. Əgər bu sahənin inkişafı istiqamətində görülən işlər sürətlənərsə, daha böyük nailiyyətlərə imza ata bilərik”.

Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər