• cümə, 29 Mart, 12:18
  • Baku Bakı 14°C

Gürcüstanda “sərhədləri açın” aksiyası

02.07.20 16:14 808
Gürcüstanda “sərhədləri açın” aksiyası
Etirazçılar tələb edirlər ki, hökumət xaricdə qalan vətəndaşlar üçün çarter reysləri təşkil etməlidir

Koronavirusla mübarizədə ciddi uğurlara imza atan Gürcüstanda qəribə durum yaranıb. Gürcü saytları xəbər verir ki, Tbilisidə əmək miqrantlarının ailə üzvləri aviareyslərin bərpası tələbi ilə aksiya keçirməyə hazırlaşır. Onların bu təşəbbüsünə qeyri-hökumət təşkilatları və müxalifət partiyaları da qoşulub. Aksiya və etirazlara səbəb hökumətin beynəlxalq aviadaşımaların iyulun 1-dən bərpasından imtina etməsi olub. Hakimiyyət son anda dünyadakı epidemioloji vəziyyəti öyrənərək fəaliyyət planını dəyişmək qərarına gəlib. Etiraz aksiyasına hazırlaşanlar bildirirlər ki, xaricdə çalışıb işləyən yaxınları pandemiya səbəbindən gəlirlərindən məhrum olublar. Artıq ilk belə aksiya da baş tutub. Gürcüstan-Türkiyə sərhədindəki "Sarpi” gömrük-keçid məntəqəsi yaxınlığında. Etirazçılar sərhədin açılmasını tələb ediblər. Aksiyada Türkiyədə mövsümi işlərdə çalışan Gürcüstan vətəndaşları iştirak ediblər. Gürcüstan hökuməti xarici ölkələrdə mövsümi işlərdə işləyən vətəndaşlara 300 lari məbləğində təzminat veriləcəyini bildirib. Aksiyaçılar bu məbləğin yetərli olmadığını bildiriblər. Avropada ilişib qalanlarla bağlı vəziyyət isə daha kritikdir. Onlar faktiki olaraq hər hansı bir vəsait və yaşam vasitələrindən məhrum olublar. Yaşadıqları evlərin kirayələrini verə bilmədiklərindən, mənzillərindən çıxarılırlar. Vətənə də dönə bilmirlər. Ümid iyulun 1-nə idi. Həmin tarixdən aviareyslərin bərpa olunacağı ilə bağlı baş nazir Georgi Qaxariya da məlumat vermişdi. Lakin görünür, vəziyyət buna imkan verməyəcək. Aksiyanın təşəbbüskarlarından biri, "Gənclik Avropa gələcəyi uğrunda” qeyri-hökumət təşkilatının rəhbəri Manana Andquladze bildirib ki, hökumət Gürcüstan vətəndaşları barədə düşünməli və onların geri dönməsi üçün çarter reysləri təşkil etməlidir. Gürcüstan hökuməti indiyə qədər Avropanın bir sıra şəhərlərinə bir neçə çarter reysi təşkil edib və ölkəyə bir neçə min qastarbayteri qaytara bilib. Hakimiyyət real olaraq iyulun 1-dən beynəlxalq aviaəlaqələrin bərpasına, iyulun 15-dən isə turizmə yaşıq işıq yandırmağa hazırlaşırdı. Bu da elə belə deyildi - Dünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, ölkə əminliklə koronavirus pandemiyas ilə bağlı vəziyyəti nəzarətdə saxlayır və dünyanın top-beşliyinə daxildir. Doğrudan da, başqa ölkələrə müqayisədə Gürcüstanda ideal vəziyyət hökm sürür. Lakin buna baxmayaraq, Gürcüstan aviadaşımaların və turizmin bərpasını avqustun 1-nə kimi təxirə salmaq qərarına gəlib. Baş nazir bildirib ki, ilk imkan düşən kimi sərhədlərin açılmasını həyata keçirəcəklər. Lakin bunu maksimal şəkildə ehtiyatlı həyata keçirəcəklər. Onun sözlərindən belə çıxır ki, müxalifət, sadəcə, məsələni şişirtməyə çalışır. O bildirib ki, Gürcüstanla Avropa İttifaqı ölkələri arasında çarter reysləri bu gün də həyata keçirilir. Təyyarələr hətta Berlinə, Vyana və Amsterdama kimi gedib çıxır. Baş nazir onu da deyib ki, dünyanın ən müxtəlif şəhərlərində olan gürcü əmək miqrantlarının geri qaytarılması üçün xüsusi reyslər təşkil etmək mümkün deyil. "Bir sıra kütləvi informasiya vasitələri vəziyyəti dramatikləşdirməyə çalışır, spekulyativ versiyalar irəli sürürlər ki, bəs nə səbəbdən mütəmadi reyslərin açılması təxirə salındı”, - deyə baş nazir bəyan edib. Əlavə edib ki, səbəb də birdir – dünyanın bir çox ölkələrində epidemioloji vəziyyət ciddi olaraq qalır: "Qeyd edim ki, Gürcüstandan Avropa İttifaqı ölkələrinə və geriyə uçuşlar qadağan edilməyib. Lakin Gürcüstan hökumətinin fəaliyyəti yalnız və yalnız insanların sağlamlığının nəzərə alınmasına yönəlib. Bizdə virusa yoluxma halları birrəqəmli hallarla, digər ölkələrdə isə yüzlərlə qeydə alınır. Biz bunu nəzərə almalı, bilməliyik – belə bir vəziyyətin qeydə alınması əhalinin mövcud durumu nəzərə alması, sərhədlərimizin bağlı qalması və effektiv nəzarətlə mümkün olub. Effektiv karantin tədbirləri özünü göstərib”. Öz növbəsində İqtisadiyyat naziri Natia Turnava söyləyib ki, Gürcüstan, hələlik eyni vaxtda müxtəlif ölkələrdən gələcək sərnişinləri qəbul etməyə hazır deyil. Onun sözlərinə görə, həm regionda, həm də dünyada epidemioloji vəziyyəti birmənalı qiymətləndirmək olmaz. Bir çox ölkələr beynəlxalq aviareysləri qəbul etməyə hazır deyil. Nazir onu da bildirib ki, hazırda çarter reyslər həyata keçirilir və artıq üç marşrut müəyyən olunub.
Bir məsələ də var ki, hökumətin aviadaşımaların təxirə salınması qərarı və sərhədləri açmaması tək xarici ölkələrdə ilişib qalan əmək miqrantlarının yaxınlarını deyil, turizmlə bağlı insanları da narahat edib və özündən çıxarıb. Bu kateqoriyadan olan insanlar isə əhalinin üçdə birini təşkil edir. Pandemiya bu sahəni tam şəkildə iflic edib və mehmanxana, restoran biznesi ilə məşğul olan insanlar, suvenir hazırlayanlar, çoxsaylı ekskursiya bürolarında çalışanlar bütün vasitələrdən məhrum olublar. Xarici qonaqların olmamasını şərabçılıqla məşğul olanlar da hiss etməyə başlayıblar. Bu səbəbdən də, insanların, hökumətin təxirəsalma qərarlarından təəssüflənmələrini başa düşmək olar. Bir ay da gözləmək isə onlara ciddi zərbə vuracaq. Lakin başqa yol da yoxdur. Bu fikirdə olanlar arasında Tbilisi infeksiya xəstəxanasının direktoru Tenqiz Çerçvadze də var. Onun sözlərinə görə, Gürcüstan COVİD-19 koronavirus pandemiyasından az sayda xəstə ilə qurtulan xoşbəxt ölkələr siyahısındadır. "Əgər bu vəziyyəti qoruyub saxlasaq, o zaman bütün dünyaya nümunə ola bilərik. Beynəlxalq turizm isə müəyyən anda vəziyyəti gərginləşdirə bilər. Biz hansısa xəstəlik sayının artmasını gözləmirik. Çünki faktiki olaraq, bizdə ölkə daxilində infeksiya yoxdur. Gürcüstan birinci sınağa dözdü - o zaman infeksiyanı saxlamaq gərək idi. Fövqəladə rejimin ləğvi və məhdudiyyətləri götürəndən sonra ikinci dalğaya da davam gətirdi. Bu zaman imkanlarımızın yalnız bir hissəsindən istifadə etdik”, - deyə Çerçvadze bildirib. Onun sözlərinə görə, sərhədləri açmaqla ölkə və onun kliniki sektoru, ilk növbədə xəstəlik sayının artmasına diqqət ayırmalıdır. Prinsip etibarilə Gürcüstan hazırdır, lakin bir qədər də dözmək gərəkdir. Gürcüstanda son məlumatlara görə, indiyədək COVID-19 virus infeksiyası aşkarlanan şəxslərin sayı 939-a çatıb. Onların 817-si müalicə olunaraq sağalıb, 15-i isə vəfat edib. Hazırda ölkə üzrə karantin zonalarında 3 080, tibbi nəzarətdə isə 242 nəfər saxlanılır.
Xatırladaq ki, Avropa İttifaqı iyulun 1-dən sərhədlərin 14 qeyri-ittifaq ölkəsi üçün açılmasını tövsiyə edib. Bunların arasında ABŞ və Rusiya, habelə Azərbaycan yoxdur. Keçmiş sovet respublikalarından yalnız Gürcüstanla sərhədin açılması tövsiyə olunub. Təsdiq edilmiş tövsiyə siyahısına Əlcəzair, Avstraliya, Gürcüstan, Kanada, Mərakeş, Yeni Zelandiya, Ruanda, Serbiya, Tailand, Tunis, Uruqvay, Monteneqro, Cənubi Koreya və Yaponiya daxildir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər